«Molla Nəsrəddin»çilərin ədəbiyyata dəxli
Güntay Gəncalp: «Mirzə Cəlilin
bütün əsərləri kültür tənqidi üzərinə
qurulub»
Rüfət Əhmədzadə:
«Molla Nəsrədin» ədəbi-satirik məktəb idi»
Aydın Xan: «Mollanəsrəddinçi
lağlağılıq füyuzatçı fəlsəfəliyi
əzib ortadan çıxartdı»
«Molla Nəsrəddin»
ədəbiyyat deyil, publisistikadır. «Molla Nəsrəddin»də
tarix yoxdur. Bu jurnal elə bil ki, impulsdur. «Ölülər»i
götürək, bu, tarix deyil, reaksiyadır. Ona görə də
ona reaksiya kimi qiymət vermək lazımdır. Ancaq «Füyuzat»ı
oxuyursan, görürsən ki, Əli bəy Hüseynzadənin
bütün yazdıqlarında lap qədimlə gələcək
arasında əlaqə var. Düşünürsən ki, bu,
nəsə ədəbi bir haldır. Burada sistem, kompleks var. Bəzən
onun içi dolu olmur, müəyyən impulsivlik olur, ancaq
görürsən ki, bunun kökü çox dərindədir.
Sənə yeni ideya verə bilir, Cəlil Məmmədquluzadədən
fərqli olaraq Əli bəy Hüseynzadədə çoxlu
birləşdirici məqamlar var. Cəlil Məmmədquluzadə
impulsiv olduğuna görə həmişə
ayırıcıdır. Əli bəy Hüseynzadədə
isə daha çox geniş ideallar var. Köklü, əsaslı
fəlsəfəsi, romantikası var, mühit verəndir. Bir
çox məsələlər var ki, onları
qaldırmayıb, amma o məsələlərə işarələr
var. Əli bəy Hüseynzadə millətin mövcud
olmağının konsepsiyasını verib. Hətta dünya
elmindən, mədəniyyətindən, ədəbiyyatından
yazanda da görürsən ki, onu öz mühitinə gətirir,
dünya ilə sənin arandakı əlaqələrin sxemini
yaradır. Tam təmkinlə, inqilabsız. Hətta
inqilabçı gənclər, yazıçılar da
«Füyuzat»a gəldi, ancaq hamısı geri çəkildi. Bu
adam axıra qədər məktəbini qorudu. Ancaq Cəlil Məmmədquluzadədə,
«Molla Nəsrəddin» məktəbində impulsivlik çox
idi. Bu, mübahisəli fikirdir, ancaq mən belə
düşünürəm».
Bu fikri
Kulis.az-ın suallarını cavablandırarkən Milli Məclisin
Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov
bildirib. Yəni, doğrudanmı, Mirzə Cəlil və
ümumiyyətlə, «Molla Nəsrəddinçi»lərin
yazdıqları ədəbiyyat deyil? Bu sualla
ziyalılarımıza müraciət etdik.
Güneyli
yazar Güntay Gəncalp hesab edir ki, Əli bəy Hüseynzadə
haqqında yazanlar hər zaman onun dahi, idealist olduğunu qeyd
edirlər: «Ancaq bir cümlə onun yazdıqlarından örnək
gətirməzlər ki, bu fikri söyləmişdir.
Çünkü Hüseynzadəni oxuyanlar anlamırlar ki, o,
nə yazmış. Burdakı fikirlərin Ə.Hüseynzadə
ilə heç bir əlaqəsi yoxdur. Öz düşüncələrini
Hüseyzadəyə aid edir. Əminəm ki, Əli bəy
Hüseynzadəni tam anlamayıblar. Anlaşılmayan şeylər
haqqında ancaq belə sənədsiz danışmaq olar. Bir tək
örnək cümlə Hüseynzadədən gətirmək
fikri təsdiqləmir. Molla Nəsrəddin dərgisinin
missiyası başqa idi. Dərgi aydınlanma və
aydınlatma hərəkatı başlamışdı. Bu
aydınlanma hərəkatını da xalqın alt qatından
üzüyuxarı başlatmışdı. Hüseynzadənin
nə o zaman oxucusu var idi, nə də indi və heç zaman
da olmayacaq. Olanlar da heç vaxt onun yazılarından stat gətirərək
danışmayacaqlar. Öz xəyallarını Hüseynzadəni
anlatmaq üçün kullanacaqlar, Nizami Cəfərov da bu
yolu seçib. «Molla Nəsrəddin» dərgisinin amacı
toplumda bir qopuş sağlamaq idi. Çünki bu qopuş
olmasaydı irəliyə doğru hərəkət
olmazdı. Aydınlanma hərəkəti Qərbdə də
bu şəkildə olub. Onun üçün öncə bu
toplumun gözləri önünə bir güzgü tutdular və
onun necə iyrənc bir kültürün
bataqlığında çabalayıb durduğunu göstərdilər.
Bunlar göstərilməsə idi, o qaranlıq kültürdən
də qopuş ortaya çıxmazdı. Aydın üfüqlərə
baxa bilmək üçün durduğun yer bataqlıq olmamalıdır.
Bataqlığın ifşası aydın gələcəyə
doğru yol açmaqdır. Gələcək gələcəksə,
hara gəlməli idi? Bataqlıqa gələcəkmi gələr?
Gəlsə zatən o da o bataqlıqda batar. Mirzə Cəlilin
əsərlərinin tarix olduğunu söyləyənmi var?
Onun bütün əsərləri kültür tənqidi
üzərinə qurulubdur. Mövcud kültürü tənqid
etmədən dəyişiklik olmaz. Dəyişim
düşüncəsini, dəyişim
kültürünü tariximizə Molla Nəsrəddin dərgisi
gətirmişdir».
«Milli
Düşüncə institutu»nun rəhbəri Taryel
Faziloğlunun fikrincə, hər iki şəxsiyyətin
dövrünün hadisələrinə özünəməxsus
yanaşma tərzi olub: «Mirzə Cəlil dövrünün
daha çox sosial və təhsil problemlərindən yola
çıxaraq nələrisə dəyişmək, yeni bir
dönəm yaratmaq üçün mübarizə
aparırdı. Onda milli məsələ öndə deyildi.
Onda əsasən öncəlikli məsələlər
cahillik, xurafat və sosial bərabərsizlik idi. Əli bəy
daha çox ideoloji məsələlər, milli məfkurə
və müstəqil cəmiyyət problemləri ilə məşğul
idi. Əli bəy bu mənada bütün
yaradıcılığı boyunca bu problemləri həmişə
öndə qoymuşdur. Bu fərqlər bu şəxsiyyətləri
fərqli mövqelərdən xarakterizə etməyi şərtləndirir.
Amma hər ikisinin ortaq cəhətləri də var. Hər
ikisi xalqını, millətini düşünür, onun
üçün nələrsə etməyə
çalışırdı. Hər ikisi öz xalqını,
millətini əzilən yox, güclü bir millət, xalq kimi
görmək istəyirdi. Buna görə də onların
yaradıcılığını ədəbi bir mövqedən
xarakterizə etmək sadəcə onların fəaliyyətlərinin
cüzi bir hissəsini xarakterizə etmək deməkdir.
Qaldı ki, ədəbi məsələdə bu iki şəxsiyyətə
yanaşmaya hər ikisinin ədəbi
yaradıcılığı, məncə, çox dəyərli
əsərlərlə zəngindir».
Yazar
Rüfət Əhmədzadə hesab edir ki, Nizami Cəfərovun
«impulsivlik» anlayışını istifadə etmə tərzi
özlüyündə maraqlıdır: «Amma burada filoloji bir təhlilin
olduğunu demək çətindir. Əli bəy Hüseynzadə
ədəbi yox, ideoloji məktəbin əsasını qoydu.
«Molla Nəsrədin» isə ədəbi-satirik məktəb
idi. Mirzə Cəlil oyanışın
başlanğıcıdır. Əlibəy Hüseynzadə
bu oyanışın təşkilatlanma, hərəkat mərhələsidir.
Bir alimin bu iki şəxsi müqayisə etməsi mənə
absurd göründü. Düşünürəm ki,
«Füyuzat» daha çox publisistik-informasiya-ideologiya xarakterdə
idisə, «Mola-Nəsrədin» daha çox ədəbiyyatla
bağlı idi və insanların hərəkata doğru həvəsləndirilməsində
katalizator rolu oynayırdı. Bir sözlə, müqayisə
yersizdir».
Yazar Azad
Qaradərəli düşünür ki, dahiləri bu cür
qarşılaşdırmaq absurddur: «Onlar öz zamanlarında,
bəlkə elə bizim zaman üçün də nəhəng,
ölçüyəgəlməz işlər görüblər.
Əli bəy Hüseynzadə ictimai-siyasi aspektdə, Mirzə
Cəlil isə xəlqi və dil aspektində nadir işlər
görmüşlər. Hətta onlar dərgilərində
bir-birilərini kəskin tənqid etsələr də, sonda
türkoloji qurultayda görüşəndə bir-biriləri
haqda xoş sözlər demişdilər. Onlar
ayrı-ayrılıqda hərəsi bir bütöv, birləşəndə
isə daha kamil bir bütövlük yaradırlar».
Yazıçı-kulturoloq
Aydın Xanın fikrincə, Nizami Cəfərov XX-XXI əsr
Azərbaycan kretiv-intellektual şəxsiyyətlərindən
biridir və onun mədəniyyətimiz, ədəbiyyatımız,
humanitar-estetik, ədəbi-fəlsəfi, elmi-kulturoloji
düşüncə tariximiz barədə irəli sürdüyü
mülahizələr, filoloji tezislər, elmi konsepsiyalar, bir sözlə,
alim mövqeyinin bəzi tərəfləri mübahisəli
olsa da, dəqiqdir, analitik təfəkkürün məhsuludur:
«Ötən əsrin əvvəllərində ədəbiyyat
və mətbuatımızda baş verən çox mürəkkəb
proseslərin üç istiqaməti vardı:
milli-bütöv Azərbaycan, Qərb və Rusiya, Şərq-İran,
Türkiyə və ərəb mənşəli.
Sözsüz ki, Nizami müəllim bütün bunları
çox gözəl bildiyindən dəqiq mühakimə
yürüdür: «Molla Nəsrəddin» ədəbi məktəbi
yeni intellektualizmin məhsulu olduğundan publisistik, içdən
gələn yanğıyla yoğrulmuş sosial-ictimai mədəniyyət
hadisəsi idi, «Füyuzat» hərəkatı isə
oturuşmuş, Şərqə söykənən, amma Qərbin
maraqlı tərəfini özündə ehtiva edən ciddi
kulturoloji mahiyyət daşıyan, Türk Dünyası
konsepsiyasını, Bütöv Azərbaycan idealını
romantikləşdirən dalğa… Ədəbiyyat isə hər
zaman romantik bədii düşüncənin məhsuludur. Fəqət
o dövrdə millətin potensialı, elmi-intellektual səviyyəsi
aşağı olduğundan mollanəsrəddinçi
lağlağılıq füyuzatçı fəlsəfəliyi
əzib ortadan çıxartdı və onun
dağıntıları arasında hələ də tarixi
eradan əvvəllərə gedib çıxan Qədim Azərbaycan
sivilizasiyası əzilməkdədir: sübut — bugünkü
elmi-ədəbi-kulturoloji durumumuzun bərbadlığı…»
Müstəqil
ekspert Elnur Eltürk hesab edir ki, hər iki şəxsiyyət
cəmiyyətə yenilik gətirən insanlar olublar: «Birini
digərinə qarşı qoymaq prinsipini qəbul etmirəm.
Mirzə Cəlil Əli bəyi Füyuzatın ağır
dilinə görə təndiq edirdi. Burada təbii ki, ideoloji
baxış məsələsi var idi. Molla Nəsrəddin
ideoloji yazılardan daha çox təndiqi, publisistik
yazılara üstünlük verirdi, Füyuzat isə ideoloji
yazılara. Ona görə, «Molla Nəsrəddin» daha çox
oxunur və sevilirdi. Mirzə Cəlil xalq dili ilə millətin
oyanışına çalışırdı. Cəmiyyətimizdə
demokratik və azad ideyaların yaranmasında Molla Nəsrəddinçilərin
böyük rolu var idi. Bu danılmaz faktdır. İndi
hansısa fikirlər söyləmək asan ola bilər, məsələlərə
o zamanki prizmadan baxmaq lazımdır».
Yazar-publisist
Hafiz Mirzə düşünür ki, Nizami bəy bu fikirləri
deyərkən məsələyə tamam başqa kontekstdən
yanaşıb: «Yəni məsələnin siyasi rənglərini
qabardıb. Siyasi rəngləri qabartdıqda Azərbaycanın
bir çox klassik yazarları ədəbiyyata deyil,
publisistikaya xidmət etmiş sayılacaq və
yazılarının ədəbi yükü hiss olunmayacaq.
Amma məsələyə kompleks yanaşdıqda məlum olur
ki, ədəbi nümunələrin əksəriyyəti həm
də öz dövrünün ictimai-siyasi tablosunun çəkilməsinə
xidmət edib. Bu o deməkdir ki, biz onları ədəbi
nümunə kimi qəbul etməyək? Mirzə Cəlilin
«Poçt qutusu»nu, Sabirin «Əkinçi» və ya «Oxutmuram, əl
çəkin» şeirini necə ədəbiyyat hesab etməyə
bilərsən? Hər halda publisistika olardısa
günümüzə qədər dillər əzbəri
olmazdı».
Oktay.
Xalq Cəbhəsi.-2012.-
19 iyul.- S. 15.