Azərbaycanda xəbər
saytları
Ziyafət Rəhmanzadə: «Ən
güclü proqramlaşdırılan sayt belə haker
hücumundan sığortalanmayıb»
Azərbaycanda hər il yeni saytlar fəaliyyətə
başlayır. Onların yaradıcı tərəfi ilə
hansısa şirkət və ya media qurumu məşğul olursa,
saytın ərsəyə gəlməsində
proqramçıların əməyi var. Onları oxucu
tanımır. Amma saytın texniki baxımdan keyfiyyəti
proqramçının peşəkarlığından və
işindən asılıdır. Odur ki, bu dəfə adətən
«kadrarxası» qalan proqramçılardan yazmaq istədik. Həmsöhbətimiz
gənc yaşlarından bu sahəylə məşğul olan
peşəkar proqramçı, «Deniz Design Studio» şirkətinin
rəhbəri Ziyafət Rəhmanzadədir.
- Neçənci ildən bu sahəylə
məşğulsunuz?
- 2005-ci ildən
bu sahəylə məşğul olmağa başladım. Sakit
iş olduğu üçün məni qane edir. Öz həvəsimlə proqramlaşdırmanı
öyrənməyə başladım. Sonra
gördüm ki, bu bəs etmir və təkmilləşmək
lazımdır. Proqramçılığa
dair kurs keçdim və bu sahədə tam fəaliyyətə
başladım.
- Yaxşı proqramçı olmaq
üçün nə lazımdır?
- Yaxşı bir proqramçı olmaq
üçün mütləq təhsil almaq lazımdır. Bu ixtisas üzrə xaricdə təhsil almaq daha
gözəl olar. Azərbaycanda da
yaxşı proqramçılar çoxdur. Sadəcə onların əksəriyyəti xaricdə
təhsil alanlardır. Proqramçılıq
iki hissəyə bölünür. Biri
kompyuter proqramlaşdırmasıdır, digəri isə
saytların hazırlanmasında istifadə olunan
vebproqramlaşdırmadır. Kömpyuterə
proqram yazmaq üçün yetərincə təkmilləşmiş
proqramçılar var. Lakin vebproqramlaşdırma üzrə
daha da təkmilləşməyə ehtiyac var.
- İndiyədək neçə
sayt hazırlayıbsiniz?
- Təxminən 70 sayt yadımda qalıb.
- Görünüşü və
dizaynı nəzərə almasaq, saytlar texniki baxımdan
hansı cəhətlərilə bir-birindən fərqlənirlər?
- Saytlar standartlar və paramertlərlə
yığılır. Hamı tərəfindən
qəbul edilən beynəlxalq standartlar var. Keyfiyyətli sayt həmin
standartlara cavab verməlidir.
- Məsələn, hansı standartlar?
- İldən-ilə standartlar da təkmilləşərək
dəyişir. Köhnə ilə
yeni proqramlar eyni deyil. Bu, dizayndan deyil,
saytın hazırlanmasında istifadə edilən
proqramlaşma ilə bağlıdır. Sayın
dizaynına gəlincə, əlbəttə hər kəs onun
saytının görünüş baxımdan da zövqü
oxşayan, diqqəti cəlb edən olmasını istəyir.
Azərbaycanda hazırda ən çox
hazırlanan xəbər saytlarıdır. Yaxşı olar ki, saytlar dizayn baxımından
bir-birindən fərqlənsinlər. Amma
bizdə buna çox önəm verilmir. Məsələn,
bizə müraciət edən müştəri hansısa
sayta bənzər sayt hazırlamağımızı istəyir.
Ona görə də əksər xəbər
saytları quruluş və dizayn baxımdan bir-birinə bənzəyir.
Biz müştəriyə başa sala bilmirik ki,
hər yeni sayt özünəməxsusluğu ilə
seçilməli, başqa bir saytı eynilə təkrar etməməlidir.
Çünki hər ideyaya və saytın məqsədinə,
fəaliyyətinə əsaslanan dizayn tərtib etmək daha
yaxşı olardı. Əksər
sifarişçi bununla razılaşmır və israrla
hansısa saytın bənzərinin hazırlanmasını tələb
edir. Bu isə bəzən problemlər
yaradır.
- Hansı problemləri yaradır?
- O biri saytın sahibi etiraz edir ki, niyə
filan sayt mənim saytıma bənzəyir və s. Məsələn,
baxaq xəbər saytlarına. Əksəriyyəti
bir-birinə oxşayır. Bəzi bənzərlik
isə qaçılmazdır. Məsələn,
sorğu hər saytda ola bilər. Onun yığılma qaydası eynidir, eyni
standartdır. Dövlət saytları isə
özünəməxsusluğu ilə seçilir. Ən çox bir-birinə oxşamayan saytlar şirkətlərə
məxsus olanlardır. Bu cür saytlar
şirkətinin loqotipinə, rənginə
uyğunlaşdırılır.
- Özünüzün dizaynla
bağlı müştəriyə təklifiniz olur?
- Bəli. Müştəri əvvəl
deyir ki, qarışmıram, sizə həvalə edirəm,
özünüz bildiyiniz kimi hazırlayın. Amma sonradan dizaynerlə razılaşmır. Ancaq öz istədiyi kimi, hansısa bəyəndiyi
saytın dizaynını tələb edir. Bizim
təkliflərimizlə adətən nadir hallarda
razılaşırlar.
- Haker hücumundan sığortalanmaq və
ya daha az zərərlə müdafiə
olunmaq olur?
- Haker hücumundan heç bir sayt qoruna
bilməz. Çünki insan
yaratdığını insan da dağıda bilər. Heç bir sayt haker hücumundan sığortalanmayıb.
Sadəcə olaraq hansısa sayta haker hücumu
olmayıbsa, deməli, kimsəsə onu sıradan
çıxarmaq lazım gəlməyib. Elə saytlar var
ki, proqramlaşmadan bir az başı
çıxan adam onu dağıda bilər. Elə
sayt da var ki, yalnız güclü hakerlər onu dağıda
və ya ciddi xətər yetirə bilərlər.
- Bu saytın nəyindən
asılıdır?
- Sırf saytın
proqramlaşdırılmasından və serverindən
asılıdır. Onları dağıtmaq daha
çətin olur. Vebserver tələblərə
və standartlara cavab verməlidir. Onun tərkibində
olan proqramlar yeni versiyalarda olmalıdır.
- Haker hücumunun ilk əlamətlərini
müəyyən etmək və daha tez zamanda
qarşısını almaq olur?
- Bunu serverə nəzarət edən adam yalnız İP-nin daxil olmasıyla hiss edə
bilər. Amma bunu da dəqiqliklə təyin etmək
olmur. Çətin məsələdir.
Haker daxil olub bazanı silir və anidən sayt
dağılır.
- Haker hücumu sistemə virus
ötürülməsilə bağlıdır?
- Haker hücumu iki cürdür. Saytlarıdakı hansısa proqramları açanda
virus kompyuterimizə, oradan isə serverə daxil olur və ya
hakerlər viruslar göndərirlər. Bunlar
yüngül müdaxilələrdir. Asanlıqla
təmizləmək olur. Biri də var
saytı tam dağıdır. Saytdakı
bütün məlumatlar bazada toplanılır. Haker bazaya daxil olaraq oradakı məlumatları silir
və saytın fəaliyyəti dayanır. Əsas məsələ serverə daxil olmaqdır.
- Saytın bazasını yenidən
olduğu kimi bərpa etmək olur?
- Mütləq. Bütün
yaxşı serverlərdə «back up» funksiyası var. Yəni
kompyuterin bütün fayllarını, bazasını
yaddaşında saxlayır. Müəyyən
hücumlar və ya nasazlıq olanda bu funksiya vasitəsilə
həmin saytı yenidən bərpa edirlər. Serverin də bərpası mümkündür.
Bu yaxınlarda bizim bəzi dövlət
saytlarına hücum oldu. Onların
hamısını həmin qayda ilə bərpa etdilər.
Cəmi 5-10 dəqiqəyə silinən
informasiyanı yenidən qaytarmaq olur.
- Məlum oldu ki, Azərbaycanın dövlət
saytlarına İrandan hücum edilmişdi. Bir
müddət sonra 20 Yanvar faciəsi ərəfəsində də
İran saytlarına hücum oldu və hakerlər saytların
ana səhifəsində «20 Yanvarı unutmadıq»
yazısını yerləşdirdilər. Sizcə, bu cür hücumlar siyasi məqsəd də
daşıyırmı?
- Əlbəttə, güclü hücumlara
məruz qalan adətən dövlət saytları olur. Bunların hamısı da siyasi xarakter
daşıyır. Bizim də güclü hakerlərimiz
var. Qeyri-dövlət saytlarını dağıtmağa cəhd
halları çox az halda baş verir.
- Bu cür virtual «müharibə»ni ciddi qəbul etmək olar?
- Ümumiyyətlə, internetdə fəaliyyəti,
saytların işləməsini qeyri-ciddi qəbul etmək
olmaz. Bunlar ciddi və əhəmiyyətli
işlərdir. Məsələn, elə
götürək İqtisadi İnkişaf Nazirliyinin rəsmi
saytını. Baxanda da görürsünüz ki, sayt
üzərində çox ciddi iş aparılır. Bu inkişafı digər dövlət saytlarına
da aid etmək olar. Zəngin sistemlər
yığıblar, informasiya əhatəlidir. Bir sıra xidmətləri elektron yolla həyata
keçirirlər. Halbuki vaxt var idi insanlar
həmin məsələ üçün saatlarla növbələrdə
gözləməli olurdular. İndi isə
bır sıra əməliyyatları heç evindən
bayıra çıxamadan internet vasitəsilə və asan
bir şəkildə həyata keçirmək
mümkündür. Sayta yazılan hər
bir məktuba cavab verir və həmin şəxslə əlaqə
saxlayırlar. Bunlar hamısı sistemli fəaliyyətin
nəticəsidir. Bu onu göstərir ki, veb üzərindən
ciddi iş qurulub. Odur ki, veb fəaliyyəti
ciddi qəbul edirəm. Hansısa bir
saytın dağıdılması bu qədər zəhmətin
hədər getməsidir.
- Virus əleyhinə proqramlar var.
Onların ən keyfiyyətlisini necə müəyyən etmək
olar?
- Ümumiyyətlə, bütün virus əleyhinə
proqramlar yenilənir, yeni versiyaları hazırlanır. Bu o deməkdir
ki, heç bir antivirus mükəmməl deyil və hər
birinin zamanla daha da təkmilləşməyə ehtiyacı
var. Odur ki, heç kəs əminliklə deyə bilməz ki,
mənim kompyuterimdə antivirus olduğu üçün ora
heç bir virus düşə bilməz. Məsələn,
elə bir yeni virus hazırlayarlar ki, onun
qarşısını alan proqram olmaz. Bu baxımdan heç bir antivirusu mükəmməl
adlandıra bilmərəm. Amma nisbətən
daha keyfiyyətli proqramlar var.
- Qonşu Rusiya və Türkiyənin
saytlarını necə dəyərləndirərdiniz?
- Türkiyənin xəbər
saytlarının dizaynı daha rənagəngdir. Onlar rənglərdən istifadəyə çox
üstünlük verirlər. Amma bizim
ölkədə Rusiya saytlarının dizaynına daha
çox müraciət edirlər. Sifarişçilər
daha çox onların saytlarını nümunə kimi
göstərirlər. Lakin son illər
Türkiyənin də xəbər saytlarına və
dizaynına maraq artır. Rusiya
saytlarının proqramlaşması daha «yüngül» olur.
Türklərdə isə saytın ana səhifəsinə
o qədər yeni bölmələr əlavə edirlər ki,
sayt ağır sistemli olur və ağır da
çalışır. Amma rus saytları
adətən daha sadə dizaynlıdır.
Dizayn işində rənglərdən
doğru istifadə edilməlidir. Bu
saytın fəaliyyət istiqamətilə də
bağlıdır. Məsələn, əyləncə
saytlarında işıqlı və yağlı rənglərdən
istifadə edilir. Bəzən xəbər
saytlarını reklamlarla o qədər yükləyirlər
ki, saytın öz dizaynına xələl gəlir. Yaxşı olar ki, saytların ana səhifəsinə
reklam yerləşdirəndə bu məsələyə də
önəm versinlər.
- Bir xəbər saytını nə qədər
müddətə hazırlayırsınız?
- Təxminən 25-30 günə
hazırlayıram. Bir həftəyə sayt
yığıram deyənlər də var. Amma bir həftədən
sonra nəinki saytı, heç həmin adamın
özünü də tapa bilmirsiniz. İnsanları
aldadan proqramçılar son zamanlar çoxalıb. Odur ki, sifarişçi ilə
proqramçının işlədiyi şirkət arasında
müqavilə bağlanmalıdır. Orada
ödənişin məbləği və saytın təhvil
verilmə tarixi göstərilir. Mən
müştərilərimlə müqavilələr
imzalayıram. Təssüf ki, bəzi
sifarişçilər müqavilə şərtlərinə
əməl etmirlər. Məsələn,
ödəniş məbləği və tarixi qeyd
olunmasına baxmayaraq, ödənişi gecikdirirlər.
- Bu zaman hüquqi yollara əl
atırsınız?
- Məhkəməyə verə bilərəm.
Amma bunu etmirəm. Daha asan
yolu var. Həmin saytın fəaliyyətini ödəniş
olana qədər dondururam. Məcbur
qalıb ödəyirlər.
- Hədiyyə
hazırladığınız saytlar var?
- Bəli. Məsələn,
şairlərə təmənnasız hazırlayıram.
Xüsusən də gənclərə.
Çünki onların gəlirlərinin az
olduğunu bilirəm. İstedadlı gənclərə
hər sahədə dəstək olmaq lazımdır.
Real CƏFƏRLİ
Yazı
KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyələşdirdiyi «İnformasiya və kommunikasiya
texnologiyalarının inkişaf etdirilməsi» layihəsi
çərçivəsində təqdim olunur.
Xalq Cəbhəsi.- 2012.- 28 iyul.-
S.10.