«Babur
hər şey haqqında obyektiv
və dəqiq yazıb»
Ramiz
Əskər: «Babur bütün qanı, canı, dili və
xarakteri ilə türkdür»
Qəzetimizin ötən saylarında məşhur türk hökmdarı və dövlət xadimi, ümumtürk ədəbiyyatının görkəmli nümayəndəsi Qazi Zəhirəddin Məhəmməd Baburun (1482-1530) həyatı və yaradıcılığı haqqında bilgi vermişdik. Bu dəfə isə onun «Baburnamə» əsəri haqında danışacağıq. «Baburnamə» əsəri memuar janrında yazılmış ilk əsərdir. «Baburnamə»ni cığatayca, türkcə və rusca nəşrlərindən Azərbaycan türkcəsinə çevirən, ön sözün, qeydlərin və izahların müəllifi Ramiz Əskər bildirir: «Baburun yaradıcılığında «Baburnamə» (digər adları: «Vəqaye» və «Baburun xatirələri») əsəri mühüm yer tutur. «Baburnamə» 1494-1529-cu illər arasında Orta Asiyada, Əfqanıstanda və Hindistanda baş verən bütün hadisələri, müəllifin öz həyatını, o dövrün bütün siyasi xadimlərini, elm və ədəbiyyat nümayəndələrini əhatə edir. Kitabda o regionun flora və faunası, coğrafiyası, etnoqrafik özəllikləri barədə geniş məlumat var. Əsərin ondan artıq əlyazma nüsxəsi mövcuddur. «Baburnamə» hələ müəllifin sağlığında əks-səda doğurub. Təkcə Əkbər şahın sarayında üç dəfə farscaya tərcümə edilib. Ən yaxşı tərcümə Əbdürrəhim xana məxsusdur (1586). O, Baburun yaxın silahdaşı, məşhur türkmən sərkərdəsi, çağatay, türkmən, eləcə də bizim ədəbiyyatın klassiki Bayram xanın oğludur. Baharlı boyuna mənsub olan Bayram xan əvvəlcə bir müddət Şah İsmayıl Xətayinin yanında qulluq edib. «Baburnamə»nin şöhrəti qısa müddət ərzində Avropaya da yayılıb, Vitsen onun haqqında holland dilində (1705), C.Leyden və V.Erksin ingilis dilində (1826), Pave de Kurteyl fransız dilində (1871) yazılar yazıb, bəzi hissələrini tərcümə ediblər. Əsər ilk dəfə 1857-ci ildə məşhur rus türkoloqu N.İ.İlminski tərəfindən Kazanda çapdan buraxılıb. A.N.Samoyloviç isə 1917-ci ildə Sankt-Peterburqda «İmperator Baburun şeirləri» adlı kitabı rus dilində nəşr etdirib. «Baburnamə»nin ilk tam tərcüməsi tanınmış ingilis alimi Annet Susanna Beveric tərəfindən 1905-ci ildə həyata keçirilib. O, əsərin Heydərabad nüsxəsinin faksimilesini çap edib, tərcüməsini verib, on səhifəlik ön söz yazıb, kitabın axırına şəxs, qəbilə, tayfa, boy adları və coğrafi adlar göstəricisi əlavə edib. Annet xanım Baburun xatirələrini Gibbonun və Nyutonun memuarları ilə müqayisə edib. Daha sonra böyük özbək alimi Əbdürrauf Fitrət 1928-ci ildə «Baburnamə»dən bəzi fraqmentləri çap etdirib. Əsər professor Rəşid Rəhməti Arat tərəfindən türk dilinə (1940), Bevericin ingiliscə tərcüməsinin əsasında Mixail Salye tərəfindən rus dilinə çevrilib, 1943-cü ildə Daşkənddə, 1958-ci ildə isə Moskvada çapdan buraxılıb. «Baburnamə» ümumən 4 dəfə ingilis (1826, 1905, 1921, 1922), üç dəfə fransız (1879, 1980, 1985), bir dəfə alman (1878), bir dəfə ispan (2005) dilinə çevrilib». Baburun irsinin öyrənilməsinə özbək alimləri də mühüm töhfələr veriblər. «Baburnamə» 1948-ci ildə Daşkənddə iki cild halında nəşr edilib, 1959-cu ildə isə Baburun seçilmiş əsərləri işıq üzü görüb, 1956-66-cı illərdə üçcildliyi çap olunub. Tanınmış baburşünas Parsa Şəmsiyev 1960-cı ildə bir neçə nüsxə əsasında «Baburnamə»nin elmi-tənqidi mətnini hazırlayıb. 1982-ci ildə M.Salyenin rusca tərcüməsi yenidən oxuculara təqdim edilib. 1980 və 1985-ci illərdə «Baburnamə» YUNESKO xətti ilə S.Əzimcanovanın (Özbəkistan), Əbdülhey Həbibi (Əfqanıstan) və Mühibül Həsənin (Hindistan) redaktorluğu, tanınmış fransız türkoloqu Lui Bazenin ön sözü ilə fransız dilində iki dəfə nəşr olunub. 1994-cü ildə yapon şərqşünası İ.Mano əsərin elmi-tənqidi mətnini çap etdirib».
Baburun macəralarla dolu əfsanəvi həyatı yazıçıları da yaxından maraqlandırıb: «Fransız yazıçıları F.Qrenard (Paris, 1930) və F.A.Stil (Paris, 1940), ABŞ yazıçısı V.Qaksoni (Nyu-York, 1980) Babur haqqında romanlar yazıblar. Təbii ki, bu əsərlərin əsasında «Baburnamə»dəki faktlar dayanıb. Məşhur ədib Munilalə isə Baburun həyatından bəhs edən 6 roman qələmə alıb. Bu əsərlər arasında ən populyarı amerikalı yazıçı Harold Lambın 1961-ci ildə Nyu-Yorkda çapdan çıxan «Babur the Tiger. First of the Great Mogols» kitabıdır. Həmin kitab müxtəlif ölkələrdə dəfələrlə nəşr edilib, 2000-ci ildə Moskvada rus dilində «Babur-tiqr. Velikiy zavoevatel Vostoka» adı ilə çap olunub.
Özbək ədibləri də Babura bir sıra əsərlər həsr ediblər. Aybək, B.Baykabulov və Xurşid Dövran qələmə aldıqları poemalarında, Pirimqul Qədirov «Ulduzlu səma» romanında, Xeyrəddin Sultanov isə «Baburinamə» povestində Baburun ölməz surətini canlandırıblar».
«Baburnamə» üç hissədən ibarətdir. «Fərqanə» adlanan birinci hissədə Baburun taxta çıxdığı 10 iyun 1494-cü ildən 14 iyun 1504-cü ilə qədər baş verən hadisələr əksini tapır. Bu 10 il ərzində Babur taleyin bir sıra ağır sınaqlarına məruz qalıb, ata mülkünü dəfələrlə itirib və qazanıb, axırda yenə itirərək çarəsizlik içində Xorasana gedərək vətənini tərk edib: «»Baburnamə»nin ikinci hissəsi «Kabil» adlanır. 14 iyun 1504-cü ildən 12 dekabr 1520-ci ilə qədərki 15 il yarımlıq dövrü əhatə edən bu hissədə böyük dövlət xadimi və sərkərdə saysız-hesabsız vuruşlarda iştirak edib, nəhayət, öz səltənətini qura bilib. Maraqlıdır ki, Babur 1494-cü ildən 1510-ci ilə qədər o dövrdə Mərkəzi Asiyada və ətraf coğrafiyada ən müqtədir hökmdar olan Şeybani xanla mütəmadi olaraq çarpışıb. Şeybani xan onu addım-addım izləyib, hətta Kabilə qədər gəlib. 1510-cu ildə Şeybani xanın Şah İsmayıl tərəfindən öldürülməsi ilə Babur Kabili əlində saxlamaqla əski torpaqları uğrunda mübarizə aparıb. Bundan da bir şey çıxmayınca Hindistana yönəlib. «Baburnamə»nin «Hindistan» adlanan hissəsi 8 oktyabr 1526-cı ildən 1529-cu ilin 5 sentyabrınadək olan dövrün hadisələrini əhatə edir. Əslində Baburun Hindistan macərası hələ 1519-cu ildə başlayıb. O, həmin vaxtdan sonra Hindistana beş dəfə yürüş etmiş, Pəncabı (1519/20), Qəndaharı (1522), Lahoru (1523), Dehlini və Aqranı (1526) ələ keçirib, Əfqanıstanı, Bəlucistanı və şimali Hindistanı öz hökmranlığı altına alaraq Böyük Moğollar imperiyasının təməlini qoyub. Əsərin «Hindistan» qismində Baburun yerli hökmdarlardan İbrahim Ludi ilə Panipat savaşı, hind raçputların başçısı Rana Sanka ilə Kanva savaşı, əfqan tayfaları və benqallarla savaşı öz əksini tapıb. Baburun xatirələri beş yerdə qırılır. Xorasana getmək üzrə vətənini tərk etdiyi ilin, yəni 908-ci ilin (1503-04) hadisələri başa çatmadan kəsilir, 909-cu ilin (1504-05) hadisələri isə bütünlüklə yoxdur. Xatirələr ikinci dəfə 914-cü ilin əvvəllərində kəsilir, 10 il 7 aylıq fasilədən sonra 925-ci ildə təkrar başlayır. Yəni kitabda 1508-ci ilin mayından 1519-cu ilin 3 yanvarınadək olan dövrün hadisələri yoxdur. Baburun xatirələrinin 926-cı ilin əvvəllərindən (12 dekabr 1520-ci ildən) 932-ci ilə (18 oktyabr 1525-ci ilə) qədər olan hissəsi də yoxdur.
Xatirələrdə 1528-ci ilin 2 aprelindən 15 sentyabrınadək beş ay yarımı əhatə edən və açıqlanmayan bir kəsinti də var.
Baburun xatirələri 3 sentyabr 1529-cu ildə sonuncu dəfə kəsilir. Ondan sonra yaşadığı on beş ay yarım boyunca ya bir şey yazmayıb, ya da yazdıqları itib. Babur 25 dekabr 1530-cu ildə vəfat edib».
Baburun bu xatirələri necə və nə zaman yazdığı haqqında dəqiq məlumat yoxdur: «Dəqiq bilinən bir şey varsa, o da həmin dövrdə saray tarixçisi, münşi və ya xronistin olmadığıdır. Elə isə Babur bütün hadisələri özü qeydə alıb, xüsusi gündəlik tutub. Lakin əsərdə bunu təsdiq edən ciddi bir işarə yoxdur. Bütün hallarda ehtimal etmək olar ki, Babur müntəzəm və ya ara-sıra gündəlik tutub, bu materiallar əsasında xatirələrini Hindistanda yazıb bitirib. Xatirələrin son dövrünü əhatə edən illərdə Babur hadisələri günbəgün təsvir edir, hətta səhər, günorta, axşam, gecə baş verən hadisələri də müfəssəl nəql edir. Bəzi məqamlarda bu və ya digər hadisə və ya şəxs haqqında təhkiyəni kəsən müəllif bu barədə sonra məlumat verəcəyini bildirir. «Baburnamə»də faktiki materail, bir-birinə qarışan hadisələr, alışmadığımız adlar hədsiz dərəcədə çoxdur, lakin buna baxmayaraq əsər sonsuz maraqla, bir macəra ədəbiyyatı nümunəsi kimi zövqlə oxunur. Baburun dilinin sadəliyi, obrazlılığı, müşahidələrinin zərifliyi, qeyri-adiliyi, dəbdəbədən uzaq təhkiyə tərzi, səmimiyyəti insanı heyran edir. Babur hər şey haqqında obyektiv və dəqiq yazıb. Babur hətta öz şəxsi qüsurlarını göstərməkdən, özünə tənqidi yanaşmaqdan, bəzən də istehza etməkdən çəkinməyib. «Baburnamə»də yüzə yaxın şeir parçası var. Bunların bir qismi şairin öz əsərləri, bir qismi başqa şairlərin, əsasən də Sədi Şirazinin şeirləridir. Babur çağatay ədəbiyyatında poeziyada Əlişir Nəvaidən sonra ikinci zirvə, nəsr sahəsində isə birincidir. Babur bütün qanı, canı, dili və xarakteri ilə türkdür, həmişə də bununla fəxr edib. Türklüklə və Baburla fəxr etmə növbəsi indi bizdədir. Gənc nəslə türk ulularını tanıtmadan, onun tarixi yaddaşını təzələmədən keçmişlə bugün, bugünlə gələcək arasında sağlam körpü qurmaq mümkün deyil. Müasir dövrdə, qloballaşan dünyamızda buna böyük ehtiyac var».
Uğur
Xalq Cəbhəsi.- 2012.- 28 iyul.- S.14.