«Qızımın
aktrisa olmasını istəmirəm»
Məlahət Abbasova: «Xarici
aktyorlar da Azərbaycanda yaşasaydılar, əmin olun ki, onlar
da fəxri ad istəyəcəkdilər»
Türkiyədə yaşayan azərbaycanlı
aktrisa, «Mahmud və Məryəm» filmində Qəmərbanu
obrazında çıxış edən Məlahət
Abbasovanın APA-ya müsahibəsi
-
Oğlu bir xristian qızına vurulan ananı — Qəmərbanu
rolunu canlandıran aktrisamız bu obrazda özünü necə
hiss edir?
-
Doğrusu, Qəmərbanu rolu çox dramatik və psixoloji
bir roldur. Çünki Qəmərbanu həm xanın həyat
yoldaşı, həm də şahzadənin anasıdır. Bu
qadın bir iqtidar qadınıdır, həm də bir
anadır. Burada həm hakimiyyətə gəlmək istəyən
qadın, həm də oğlunu sevən ana var. Fəxrəddin
bəylə bir səhnəmiz var — Mahmud Məryəmin
arxasından çıxıb gedir. Bu hal Qəmərbanunu
narahat edir və o Ziyad xana «niyə biz onu dayandıra bilmirik, nədən
onu bilmədiyimiz yerlərə göndəririk?» deyə sual
edir. Burada artıq hakimiyyətin qarşısında deyil,
oğlunun qarşısında gücsüz olan bir ana var. Azərbaycanlı
qadın obrazını oynamaq çox böyük məsuliyyətdir.
Fəxrəddin bəyin enerjisini, onun gözlərinin dərinliyindəki
hissləri duydum. Bu səhnədən sonra biz rejissorun
üzündə təbəssüm oyada bildik və onun
gözündəki parıltını gördük.
- Siz
həyatda bir oğul və qız anasısınız. Filmdə
oğlunuz öz seçimini xristian qızı üzərində
edir. Həyatda belə bir halla qarşılaşsanız
hansı addımı atardınız? Sizin fikrinizcə, sevgidə
din, dil hansısa rol oynayırmı?
- Mənim
üçün oğlumun xoşbəxtliyi əsasdır.
Din, dil, irq o qədər də mühüm deyil. Oğlum
harada və kiminlə xoşbəxtdirsə, orada da
yaşamalıdır. Mən sadəcə, analıq vəzifəmi
yerinə yetirərəm. Məryəm bir xristian
qızıdır və ailəsi razı olmur ki, başqa dindən
olan biri ilə ailə qursun. Bir çox belə ailələrlə
rastlaşdım və doğrusu, bu cür hallar məni bir ana
olaraq çox qorxudur.
-
Filmdə Qəmərbanu oğlunun seçimindən dolayı
çox narahat olur. Yəni Siz heç narazı
olmazsınız?
-
Narazı olmaram, amma ana olaraq əlbəttə ki, oğlumun
öz dinimizdən olan, hətta azərbaycanlı bir qızla
evlənməsini istəyərəm. «TRT Avaz» kanalında mənim
aparıcılıq etdiyim «Aşkın pusulası» adlı bir
proqram var. Çox ciddi proqramdır və türklərin
başqa ölkə vətəndaşları ilə evliliklərini
çəkirik. Sizə bir şey deyim ki, hər şey
heç də göründüyü kimi olmur. Çəkdiklərimiz
arasında Amerikadan, Kanadadan olan ailələr var və
gördüklərimdən belə qənaətə gəldim
ki, hər kəs öz dinindən olanla ailə qursa, hər
şey daha yaxşı olar. Bu müddətdə xaricdə
qeyri-dindən olan və xoşbəxt olmayan çoxsaylı
ailələr olduğunun şahidi oldum.
-
İki qardaş ölkəni birləşdirən «Mahmud və
Məryəm» layihəsinin gerçəkləşməsində
Sizin çox böyük əməyiniz var. Bu filmlə
bağlı bir çox çətinliklərin ortaya
çıxdığı məlumdur, hətta çəkilişlər
də gecikirdi. Bu hal Sizi qorxutmadı ki?
-
Qorxutmadı, çünki Sevda ilə birgə bu layihənin
reallaşması üçün çox sağlam
dayanmışdıq. Qarşımıza çox çətinliklər
çıxırdı, bəzən Sevda ağlayırdı.
Hətta elə zamanlar olurdu ki, Sevda «mən bu şəkildə
davam edə bilmərəm» deyirdi. Ona hər zaman təsəlli
verirdim, «biz davam edəcəyik, dayanmayacağıq» söyləyirdim.
Mən ən çətin anlarımda belə məğlub
olmağı sevən bir insan deyiləm, mübarizə
aparıb sona kimi gedirəm, çünki bu, çox
böyük bir layihədir. Bu filmin gözəl
alınacağını hiss edirəm. Azərbaycan bu filmlə
qürur duyacaq.
-
Ötən müsahibələrinizdən birində Azərbaycanda
fəxri ad almaq istəyinizi dilə gətirmişdiniz.
İndi necə, yenə bu barədə
düşünürsünüz, yoxsa yalnız irəli deyib,
iş haqqında fikirləşirsiniz?
-
Daha çox iş barədə düşünürəm. Əslində,
mən son illərə qədər fəxri ad barəsində
düşünməmişəm. Amma bu dəfə mənə
o qədər sual verdilər ki, özüm kompleksə
düşdüm. Çoxları deyir ki, bu qədər iş
görürsən, niyə ad vermirlər?
-
Sizcə, əsil sənətkar üçün fəxri
adın önəmi varmı?
- Əsil
sənətkar üçün ad önəmli deyil. Türkiyədə
adlara çox da əhəmiyyət vermirlər. Amma Azərbaycanda
fəxri adlara əhəmiyyət verilir. Soruşanda ki, «Məlahət
xanım, sizin adınız var?» Deyirəm yox, o zaman təəccüb
edirlər. Türkiyədə iki böyük mukafat
almışam. Hər iki mükafatı «Min bir gecə»
serialında oynadığım azərbaycanlı qadın
roluna görə aldım. Azərbaycan əsərlərini
Türkiyə teatırına qazandırdım. Türk
dövləti Azərbaycanla bağlı gördüyüm
işlərə görə mənə «Türk
dünyası kültür və sənət» mükafatı
verdi. Mənim üçün mükafat əsas deyil, əsas
işimi ən yaxşı şəkildə görmək istəyirəm.
Xarici aktyorlar da Azərbaycanda yaşasaydılar, əmin olun
ki, onlar da fəxri ad istəyəcəkdilər. Hər
ölkənin öz qanunu var.
-
Yeni yaradılan Azərbaycan Respublikası
Kinematoqrafçılar İttifaqına üzv olmaq istəmirsiniz?
- Dəvət
etsələr olaram. Mən Şəfiqə xanımı
çox sevirəm. O məni hara dəvət etsə, gedərəm.
-
Sizi Türkiyədə Bələdiyyə Teatrında
yazıçı Elçinin üç əsərini səhnələşdirmisiniz.
Elçinin əsərlərində Sizi cəlb edən nədir?
- Mən
tamaşaları bir neçə nəfərə oxutdururam və
xahiş edirəm, öz fikirlərini söyləsinlər. O
qədər gözəl fikirlər eşidirəm ki, bu da həmin
əsərləri səhnəyə qoymaq zərurəti
yaradır. Elçinin əsərləri bəşəri əsərlərdir.
Bu əsərlər tək Azərbaycana aid deyil. Yalnız Azərbaycana
aid bir əsər qoysan, o tutmaya da bilər, çünki bu
teatrda bütün əsərlər bəşəri əsərlərdir.
«Qatil» əsəri də bu silsilə əsərlərdən
biridir. Bu əsərdəki qadının həyatı
bütün dünyada olduğu kimidir. O səbəbdən də
Elçinin əsərlərinə marağım sonsuzdur.
-
Sizin üçün Azərbaycanda, yoxsa Türkiyədə
işləmək daha xoşdur?
- Mən aktrisayam, hara dəvət etsələr, ora gedirəm. Amma Azərbaycanda işləmək
daha xoşdur. Azərbaycanda çox məsuliyyət hiss edirəm.
Maddi qazanc baxımından sözsüz, Türkiyə
çox yaxşıdır.
Orda demək olar ki, istədiyim nöqtədəyəm, ora
yetərincə xidmət
etmişəm. Azərbaycanda isə bu, yetərincə
deyil. Ona görə də
burada məsuliyyət
daha çoxdur. İyirmi ildən sonra ilk dəfə Mirzə Fətəli Axundzadənin
«Sübhün səfiri»
əsərində rol
almışam. «Mahmud və Məryəm» filmi isə ikinci filmim olacaq.
Azərbaycanda daha çox
mənəvi, Türkiyədə
isə maddi doyum var. «Azərbaycanfilm» kinostudiyasının direktoru
Müşfiq Hətəmova
və «Salnamə» kinostudiyasının rəhbərliyinə
bu layihənin gerçəkləşməsi üçün göstərdikləri
köməyə görə
təşəkkür edirik.
- Baş məsləhətçisi
olduğunuz «Yaxşı
Cazibə» serialının
son bölümü ilə
sizə arxadan zərbə vurulduğunu hesab etmirsiniz?
- Bəzən düşünürəm
ki, serialdı, buna çox əhəmiyyət verməmək
lazımdır. Amma bəzi
şeylər var ki, bizim çox
həssas nöqtəmizdir
və onlara toxunmaq olmaz. Mən də çox şeylər söylədim, Azərbaycanı
incidən çox şeylər var. Arxamdan belə bir iş
görmələri mənə
çox təsir etdi. Bu serial yumoristik
bir serial idi. Azərbaycan xalqı bunu izləyirsə, bu xalqı küsdürməmək
lazım idi. Amma bu, Azərbaycan xalqına qarşı olan bir addım
deyildi, tamamilə Cazibəyə qarşı
atılan bir addım idi. Onlar öz yaratdıqları obrazı özləri bir anda yuxarı
qaldırıb yerə
vurdular. Türk xalqı çox mənfi reaksiya verdi və
bizim etirazlarımıza
ehtiyac qalmadı.
- Serialın Bakıda çəkilən seriyasında
da Azərbaycan qızlarına atmacalar oldu…
- Bunu milliləşdirmək
lazım deyil. Özlərini görün nə
hala salırlar. Simgə obrazı varsa, bu o, demək deyil ki, bütün
türk qadınları
elədir. O zaman
gərək türk qadınları da hamılıqla ayağa qalxaydılar. Sadəcə, bizdə çox
dərinliyə gedirlər,
təfərrüata varırlar.
Cazibə əsəri böyük
sənət əsəri
deyil, yüngül bir serial-tamaşa idi. Ciddi əsərdə Azərbaycanın mənafeyinə
zidd olan bir şey olsa,
o zaman dərinliyə
getmək olar. Amma bu cür yüngül
tamaşa ilə yox. Bu serialı
ciddi qəbul eləmək lazım deyil.
- Qızınız Sudə
artıq bir neçə serialda rol alıb. Bildiyimizə görə, yeni bir təklif də var. Qızınızın
Sizə rəqib olacağından, ümumiyyətlə,
bu sənətdə olmasından narahat deyilsiniz?
- Qızım bu sənətə çox tez başladı. Mən onun yaşında başlamamışam. Çoxsaylı uşaq aktyorlarla işləmişəm. Sudədə çox böyük həvəs, istedad var. Sudə çox dramatik rol oynamağı
bacaran bir qızdır. İstədiyi vaxt ağlamağı və bütün bu obrazları çox təbii oynamağı bacarır.
Sudənin bu həvəsi məni bir az da qorxudur, çünki
aktrisa olmasını istəmirəm…
Xalq Cəbhəsi.- 2012.- 31 iyul.- S.15.