Azərbaycanın
qədim sikkələri
Əli Rəcəbli:
«İki min ildir sikkələr milli dövlətçiliyimizi
müşayiət edir və çoxsaylı örnəkləri
ilə onu təsdiqləyir»
Sikkə tariximiz qədimdir. AMEA Milli Azərbaycan
Tarixi Muzeyinin «Numizmatika və epiqrafika» elmi-fond şöbəsinin
müdiri, tanınmış numizmat alim, professor Əli Rəcəbli
hesab edir ki, Azərbaycan dövlətçiliyinin kökləri
uzaq keçmişə gedib çıxır. Bu köklər
e.ə. XI-VI yüzillərdə tarixi Azərbaycan ərazisində
ilk dövlət qurumları — Manna dövləti, skif
çarlıqları və Midiya imperiyası ilə
bağlı olub, e.ə. IV yüzildə sikkə hüququna
malik müstəqil dövlətlərin — Atropatena və
Albaniya dövlətlərinin yaranması ilə yeni mərhələyə
daxil olur: «Azərbaycanın zəngin numizmatik irsi son vaxtlara qədər
ciddi elmi tədqiqatlardan kənarda qalmışdı. Yüz
il bundan öncə ölkədə nə bir diqqətəlayiq
sikkə kolleksiyası, nə də bu sahədə bilim
adamı — numizmat vardı. İlk Azərbaycan Respublikası —
Azərbaycan Cumhuriyyəti tərəfindən yenicə təsis
olunmuş Bakı Darülfununda (indiki Bakı Dövlət
Universiteti) dərs demək üçün dəvət olunan
xarici ölkə alimləri sırasında Tiflisdən
Bakıya köçərək, universitetdə numizmatika və
arxeologiya fənlərindən dərs deməklə
yanaşı Muzekskursla (indiki Milli Azərbaycan Tarixi Muzeyi) əməkdaşlıq
edən məşhur kolleksiyaçı-numizmat Yevgeniy Paxomov
muzeydə və universitetdə ilk sikkə
kolleksiyalarını yaratdı və sonrakı elmi-pedaqoji fəaliyyəti
ərzində Azərbaycanda numizmatika elminin əsasını
qoydu. Hazırda 100 mindən çox sikkəyə malik bu
kolleksiya Azərbaycanın zəngin numizmatik irsinin qeydə
alındığı, toplanılıb
saxlanıldığı, tədqiq, təbliğ və nəşr
edildiyi respublikanın vahid numizmatik tədqiqatlar mərkəzinə
çevrilmiş və MDB məkanında ən böyük
sikkə fondlarından biri sayılmaqdadır. Akademik
İ.Meşşaninovun «yeraltı muzeylər ölkəsi»
adlandırdığı Azərbaycan ərazisində
aşkar olunan sikkə dəfinələri hesabına fond ildən-ilə
zənginləşir. Numizmatika elminin çağdaş
uğurları da məhz bu dəfinələrlə
bağlıdır. Onların kompleks tədqiqi və topoqrafik
özəlliklərinin araşdırılması bu elmin başlıca
mənbəəşünaslıq bazasını təşkil
edir».
İstənilən
sikkə dəfinəsi çox dəyərli,
bəzi hallarda əvəzsiz tarixi qaynaq, unikal maddi mədəniyyət
abidəsidir: «Sikkə dəfinəsi torpağa basdırıldığı dönəmdə
ölkənin pul təsərrüfatında
və sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri, daxili və xarici ticarətin
səviyyəsini və arealını, siyasi
durumunu əks etdirən «numizmatik
foto»dur. Sikkə
dəfinəsi, ölkənin bütün
yeraltı sərvətləri kimi xalqa məxsusdur, xalqın tarixi
naminə qorunub saxlanılmalıdır.
Sikkə, təbii
ki, ilk öncə bütün əmtəələrin universal dəyər ölçüsü
— pulun xüsusi metal növü olub, əmtəə-pul mübadiləsi üçün buraxılan və pulun bütün
funksiyalarını icra edən iqtisadi faktordur. Sikkə eyni zamanda
çox dəyərli siyasi-ideoloji
faktordur. Çap sözünün olmadığı dönəmlərdə
böyük tirajlarda
zərb olunan sikkə tez
bir zamanda
yayılır, insanların şüuruna
təsir edir, dövlətin sosial-iqtisadi, siyasi-hərbi, mədəni siyasətinin
«missioneri» — carçısı rolunu oynayırdı. Sikkənin meydana çıxdığı ilk zamanlardan sikkə zərbi
hüququ — ali hakimiyyətə
məxsus olub, hakimiyyət təmsilçiləri
— bazilevs, çar, imperator, şah, kral və s. adından icra olunur. Sikkə
suveren dövlətin müstəsna
imtiyazı, ən önəmli dövlətçilik rəmzlərindən
biridir. İki min ildən artıq zaman kəsiyində
Azərbaycan sikkəsi milli dövlətçiliyimizi
müşayiət edir və
çoxsaylı örnəkləri ilə onu
təsdiqləyir. Təkcə onu demək
kifayətdir ki, Azərbaycan və Aran xoronimləri haqqında ilkin
bilgilərimiz antik Azərbaycan — klassik Atropatena və Albaniya haqqında bilgi verən
yunan və Roma müəlliflərindən
xeyli öncə burada
zərb olunan sikkələrdən
qaynaqlanır. Belə ki, bəzi
mülahizələrə görə hələ
Makedoniyalı İsgəndər (e.ə. 336 — 323) tərəfindən
işğal olunmuş
Gündoğan vilayətlərinin
satrapı təyin edilmiş Andraqor Atropatena adının
baş hərflərindən ATP (ATRopatena) ibarət monoqram Atropatenadan keçən Böyük
İpək yolunun üzərində tranzit-ticarət mərkəzi rolunu oynayan Ekbatan (indiki Həmədan)
şəhərində qızıl və gümüş
sikkələr kəsdirmiş, bir qədər
sonra isə əslən Atropatilər nəslindən
olan Parfiya
çarı III Artabanın həmin monoqram
ilə kəsilmiş gümüş
draxmaları Azərbaycan və Quzey Qafqazda geniş yayılmışdı. Hər iki
xoronimin adlarına ənənəvi olaraq, Sasani sikkə zərbində
(IV-VII yüzillər), Ərəb Xilafəti dönəmində
(VIII-XII yüzillər), Azərbaycan feodal
dövlətlərinin — Sacilərin (899-957), Salarilərin
(941-1065), Elxanilərin (1256-1357), Ağqoyunluların (1468-1503)
və başqalarının sikkələri üzərində
rast gəlirik. Minillik
Şirvan dövlətinin (VI-1544) sikkələri
isə ardıcıl olaraq «şirvanşah» titulunun
daşıyıcılarıdır».
Araşdırmaçının
fikrincə, bu gün tarixi araşdırmalarda numizmatik
faktlardan sərf-nəzər etmək qeyri-mümkündür: «Tarix
elminin «qidalandığı» arxeoloji, etnoqrafik və s. maddi mədəniyyət
abidələri sırasında numizmatik faktlar dəqiqliyi və informasiya
dolğunluğu ilə seçilir.
Yetər ki, sözügedən Şirvanşahlar dövlətinin siyasi və iqtisadi həyatının
xronoloji və geneoloji
problemlərinin onun sikkələri əsasında
araşdırıldığını qeyd
edək».
Azərbaycan
ərazisində rast gəlinən ilk sikkələr Makedoniyalı İskəndərin
adından kəsilən gümüş draxma və tetradraxmalardır: «İsgəndərin
ölümündən sonra
yaranmış ellinist dünyası ilə
qarşılıqlı əlaqələri sayəsində zəngin
təbii sərvətlərə və çox
önəmli geosiyasi mövqeyə malik
olan antik Azərbaycan xarici ölkələrin maraq
çərçivəsində olduğu
üçün bura
həmin ölkələrin sikkə axını
başlayır. Azərbaycan tədricən monetar
pul dövriyyəsi sferasına daxil olur. Son
yüzillərdə Azərbaycanda tapılan 10-dan çox irili-xırdalı antik
sikkə dəfinəsi bunu təsdiq edir. Bu dəfinələrin tərkibi əsasən iri pul vahidləri — gümüş tetradraxmalardan
ibarət olub, böyük
ticarət-maliyyə əməliyyatlarında ödəniş
vasitəsi qismində dünya pulu rolunu oynayırdı.
Yenicə vüsət tapmaqda olan lokal əmtəə-pul
münasibətləri isə xırda ticarət və alış-veriş
üçün daha
münasib dövriyyə vasitələri
zərurətini ortaya qoyurdu.
Alban bazarı tezliklə, e.ə III yüzilin II yarısından başlayaraq, İsgəndərin gümüş draxmalarına təqlidən, onlara oxşar öz gümüş sikkə
kəsimini icra etməklə bu zərurəti aradan
qaldırdı. Beləliklə, tarixi Azərbaycan
ərazisində milli dövlətçiliymizin
ən bariz atributu olan sikkə zərbinin əsası qoyuldu. Alban sikkəsi
prototipə mənsub keyfiyyətləri — vəzn, əyar və
tipoloji özəllikləri özündə
əks etdirir, ancaq
yazısız zərb edilirdi. Yazı,
ümumiyyətlə, bu tip
sikkələr üçüb xarakterik deyil. Albaniya çarlığında sikkə kəsimi
haqda bilgilərimiz son
zamanlara qədər məşhur yunan coğrafiyaşünası, antik Azərbaycan haqqında ən məlumatlı
tarixçi Strabonun
(e.ə. 64 — b.e. 23) albanların sikkə
ilə tanış olmadıqları haqda
fikrindən irəli getmirdi. XX yüzilin ortalarında
Şamaxı bölgəsinin Xınıslı kəndi
yaxınlığında və Qəbələ bölgəsinin
Çuxur-Qələbə kəndində tapılmış antik sikkələrdən ibarət dəfinələrdə
xeyli miqdarda bu sikkələrə rast
gəlinməsi yunan müəllifini təkzib
etdi və göstərdi ki, albanlar Strabondan
çox-çox öncə nəinki sikkə
ilə tanış idilər, hətta sikkə də kəsir
və pullu ticarətlə məşğul
olurdular. Alban təqlidi-bənzətmə sikkələr daxili ehtiyacı ödəmək məqsədilə
kəsilir və bütün ellinist periferiyasında olduğu
kimi anonim, adsız
buraxılırdı. 200 ildən çox
bir müddət ərzində Albaniya pul dövriyyəsinin
tərkib hissələrindən biri kimi işlədilən Alban
gümüş sikkəsi e.ə. I
yüzildən etibarən güclənən Parfiya
gümüş draxmalarının Albaniyaya axını nəticəsində öz yerini sonunculara verdi. Alban bənzətmə
sikkələrinə daha çox
Quzey Azərbaycanda, bu
sikkələrin zərb olunduğu
Albaniyanın paytaxtı Kabalaka (Qəbələ)
şəhərinə yaxın ərazilərdə — Yaloylutəpə
arxeoloji qazıntılarında (Quba, Xaçmaz
zonasında), daha sonra
adları yuxarıda qeyd olunan
Xınıslı və Çuxur-Qəbələ antik sikkə dəfinələri
tərkibində, ən nəhayət, təkcə bu sikkələrdən ibarət Nüydi kəndi (Ağsu
bölgəsi) yaxınlığında və 2005-ci ildə Lənkəran
bölgəsində aşkar olunmuş dəfinələr şəklində
rast gəlinib. Göründüyü kimi, Alban sikkələrinin
dövriyyə arealı Arazdan Baş Qafqaz dağları
silsiləsinə, Xəzərdən Qanıx (Alazan)
çayına qədər uzanan Albaniya torpaqlarını əhatə edir və Albaniya dövlətinin
tarixi coğrafiyasının müəyyənləşdirilməsində
dəqiq və təkzibedilməz qaynaq rolunu oynayır. Hərbi-iqtisadi və siyasi baxımdan daha
qüdrətli dövlət qurumu
sayılan Atropatena hakimləri — ilk Atropatilərin sikkə zərbi
haqqındakı bilgilərinə malik olmasaq da, e.ə. II- I yüzillərdə zaman-zaman
Ərsakilər Parfiyasının və Roma
imperatorluğunun nüfuz
dairəsində olan Midiya
Atropatenasının çarı, Atropatilər sülaləsinin
son nümayəndələrindən olan Dariyin bizə gəlib
çatan gümüş
draxmaları Atropaten dövlətçiliyinin
rəmzi kimi xüsusi
önəm daşıyır».
Uğur.
Xalq Cəbhəsi.-2012.-
27 iyul.- S. 14.