Həyatdan nakam
gedən Mikayıl Müşfiq
Cəmi 30 il
yaşayan şairin 10 kitabı çap olunmuşdu…
Azərbaycanın tanınmış
şairi Mikayıl Müşviqin anadan olmasından 104 il
ötür. O, 1908-ci ildə Bakıda ziyalı ailəsində
dünyaya göz açmışdı. Əslən
Xızı rayonundandır. İbtidai təhsilini inqilabdan əvvəl
rus-tatar məktəbində almışdı. Azərbaycanda
Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darülmüəllimində
və 12 saylı dərəcəli məktəbdə
oxumuş, Azərbaycan Dövlət Darülfünunun dil və
ədəbiyyat fakültəsini bitirmişdi. Əmək fəaliyyətinə
pedaqoq kimi başlamışdı. Bakının orta məktəblərində
7 il müəllimlik etmişdi. Son iş yeri 18 saylı
Bakı şəhər orta məktəbi olmuşdu (bu məktəb
indi onun adını daşıyır). Poetik
yaradıcılığa 1926-cı ildə «Gənc
işçi» qəzetində çap etdirdiyi «Bir gün»
şeirilə başlayıb. Bundan sonra dövri mətbuatda
müntəzəm çıxış edib.
Mikayıl Müşviq bədii tərcümə
ilə də ciddi məşğul olub. 6 il evli olub: 1931-1937-ci
illərdə Dilbər Axundzadə ilə ailə həyatı
sürüb. 1968-ci ildə Bakıda Dilbər Axundzadənin
«Müşfiqli günlərim» adlı xatirələr
kitabı nəşr olunub. Kitab çap olunan kimi oxucular
arasında böyük maraqla qarşılanmışdı.
Kitabın son genişləndirilmiş nəşri isə
2005-ci ildə «Gənclik» nəşriyyatında işıq
üzü görüb.
Mikayıl Müşviq 1938-ci il
yanvarın 6-da güllələnib. Xatirəsini əbədiləşdirmək
üçün Bakıda büstü qoyulub, məktəbə,
küçəyə və meydana adı verilib. Onun «Yenə
o bağ olaydı», «Oxu, tar» və başqa şeirləri
populyardır. Öldürülənə kimi Mikayıl
Müşviqin 10 kitabı çap olunmuşdu.
Tərcümələri bunlardır:
Yeqişe Çarens. Şeirlər. Bakı: Azərnəşr,
1934; Taras Şevçenko. Kobzar. Bakı: Azərnəşr,
1934; A.S.Puşkin. Qaraçılar. Bakı: Azərnəşr,
1930; Marşak. Huşsuza bax, huşsuza; A.S.Puşkin.
Qaraçılar. Bakı: Azərnəşr, 1937 və s.
Şirin xanım Kərimbəyli
Şadiman Müşviq haqqında fikirlərini belə
bölüşür: «Bəxtinə 29 il ömür
düşən Müşfiq anadan şair doğulmuşdu.
Bunu onun məhəbbət dolu şeirlərinin
axıcılığı da bizlərə diqtə edir. Cəsədləri
Xəzərin qorxulu fırtınalarına yem olan faciə qəhrəmanlarından
biri də yəqin ki, Müşfiqdir… Həyatının
baharında cismi yox edilib, ruhu incidilən Müşfiq!.. Nə
idi bu istedadlı şairimizin günahı?!. Hətta ona qəbiri
də çox gördülər… Bu nurun
işığından gözləri qamaşanlar öz
alayarımçıq bacarıqlarından qorxdular, qorxdular ki,
Müşfiq sağ olsa, onlar Müşfiqin yanında çox
solğun, üzgün, cılız, aciz görünəcəklər.
Elə ona görə də şeirləri ilə
könülləri ovsunlayan, ürəkləri riqqətə
gətirən şairi susdurdular. Onlar təkcə
Müşfiqin özünə yox, həyat
işığı görməmiş neçə-neçə
şeirlərinin də qətlinə fərman verdilər.
Onlar ədəbiyyatımızı, kitab rəfini bəzəyəcək
Müşfiqin doğulmamış əsərlərinə həsrət
qoydular. Onlar ən nəhayət, mənəviyyatımıza
zərbə vurdular – Mikayıl Müşfiq, Hüseyn Cavid, Əhməd
Cavad kimi şairləri məhv etməklə… Bu gün
pula-vara hərislər, beşgünlük ailə həyatı
quranlar, doğulan uşaqların həyatını faciə
dolu ömürlə qol-boyun edənlər Mikayıl
Müşfiq şeirlərindən bəhrələnsəydilər,
sevginin ucalığını, həyatın şirin
olduğu qədər də acı olduğunu dərk edərdilər.
Çünki Müşfiqin şeirlərində yüksək
həyat eşqi, sevginin yenilməzliyi, möhtəşəmliyi
insan ürəyində məhrəmanə hisslər bəsləyir.
Onu nəinki öz sevdiyinə kəc baxmağa, əksinə,
adamı bu ilahi hissə sadiq qalmağa səsləyir. Cismən
onu məhv etdilər, həyatının çiçəkləndiyi
vaxda onu sevməyə, sevilməyə həsrət qoydular. Onu
gülüzlü yarından ayırdılar, ona «vətən
xaini», «xalq düşməni» damğası vurdular. Onun
şair ruhunun qarşısında tələ qurdular, bir səd
kimi durdular. Fəqət mənən onu həyatdan apara bilmədilər».
1937-ci ildə isə xalqın ürəyini
parçaladılar. Bu dəfə zərbə daha çox ədəbiyyat
adamlarına dəydi. İmperiya əlindən gələn
etdi ki, xalqın ruhunu tamamilə sarsıtsın. Ədəbiyyat
mahiyyətcə əbədiliyi ifadə edir. Ümumən sənət
görünənin arxasındakı görünməzlikdən
soraq verir. Zaman-zaman məşhur sənət əsərləri
məhz zamanı aşdığına, əbədiliyi bu və
ya digər səviyyədə təsdiq etdiyinə görə
mövcud olub, bu gün də yaşayır. 30-cu illərdən
başlayaraq Moskva ədəbiyyat adamları arasında
özünə carçılar axtarmağa başladı. Bu
ideyaya tabe olmayanların məhvi planını məharətlə
hazırladı və həyata keçirdi. 1937-ci il
yaradıcı adamların ürəyində və
ağlında elə dəhşətli xof yaratdı ki, bu
gün də həmin xof ürəklərdən
çıxmayıb. Hə qədər acı səslənsə
də, bu, gerçəklikdir. 37-ci il repressiyaları zamanı
biri-birlərini satanlar, xəyanətlər selində
insanların halsızlığı, imperiyanın mütləq
hakimliyi bütün aydınlığı ilə
göründü, bilindi. Mikayıl Müşviqlərin Məmməd
Rahimlər tərəfindən basqılara məruz qalması,
müxtəlif adlarla çağırılması, bunun
ictimaiyyətə hay-küylə təqdim edilməsi
onların həbsi üçün imkan yaratmış oldu. Ədəbiyyat
adamlarının 1937-c ilin oktyabrında başlanan kütləvi
həbsləri dəhşətli xofun yeni, daha qanlı mərhələsi
oldu.
Yazıçılar
İttifaqının 60-a yaxın üzvünün 27 nəfəri
represiyaya məruz qaldı. Sovet imperiyası daha da
azmanlaşdıqca məhvini yaradırdı, ancaq
anlayırdı ki, yerində saymaq daha pis ölümdür.
Bütün imperiyaların axırı yoxdur, ancaq imperiyalar
çökərkən balaca sayılan, yüzillər boyunca
qanı sorulan xalqların üstünə yıxılanda vəziyyət
daha da acınacaqlı olur. Sovet dövründə, xüsusən
də 30-cu illər repressiyası zamanı
yazıçıların müstəqilliyinə hər mənada
qadağalar qoyulması onların
yaradıcılıqlarına, hər şeydən əvvəl
isə psixikalarına olduqca mənfi təsir edib. Sovet
dövründə yazıçının nəzarət
altında saxlanması şübhəsiz, onun idraki-bədii
keyfiyyətlərini istədiyi kimi, azad şəkildə ifadə
etməsinə ciddi əngəl törədirdi. Repressiya
dövründə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin
görkəmli simaları məhv edildi. Mikayıl
Müşviqin məşhur şeirlərindən bir neçə
bənd təqdim edirik.
Yenə o bağ olaydı, yenə
yığışaraq siz,
O bağa köçəydiniz
Biz də muradımızca
fələkdən kam alaydıq
Sizə qonşu olaydıq
Arzuya bax,
sevgilim,
tellərindən incəmi?
Söylə ürəyincəmi?
***
Dolaşma sıldırım
sal qayalıqda,
Daşlar ayağını
əzər, maralım!
Gəl səni
bəsləyim gözümün
üstdə,
Etmə aşiqindən
həzər, maralım!…
***
Deyirsən yanında
qalacağam mən,
Çox gözəl fikirdir,
qal, sənə qurban.
Nə zaman
istəsən əziz
canımı
Qumral gözlərinlə al, sənə qurban.
***
Oxu, sevdiciyim,
öz həvəsinlə!
İlham qanadlanır sənin
səsinlə.
Nəğməndə oynasın sellərin səsi,
Dan yerindən əsən yellərin səsi!
***
Oxu, tar, oxu, tar!
Səsindən ən lətif şeirlər dinləyim.
Oxu, tar, bir qadar!
Nəğməni su kimi alışan
ruhuma çiləyim,
Oxu, tar!
Səni kim unudar?
Ey geniş
kütlənin, şirini,
şərbəti-
Alovlu sənəti!…
***
Ah, mən gündən-günə bu
gözəlləşən
İşıqlı dünyadan necə
əl çəkim?
Bu yerlə çarpışan, göylə
əlləşən
Dostdan, aşinadan necə
əl çəkim?
Həyat dedikləri
bu keşməkeşdən,
Qəlbimdə, qanımda yanan atəşdən,
Gecədən, gündüzdən, aydan, günəşdən,
Bu əngin fəzadan necə əl çəkim?
Uğur
Xalq Cəbhəsi.-
2012.- 5 iyun.- S.14.