Rza Təhmasibin «Unuda bilmədiklərim» xatiratı…

 

 «Həyatda nə qədər çətinliyin olsa da, heç vaxt obyektivliyi və prinsipiallığı unutma»

 

Azərbaycan teatrının, kino sənətinin, ümumiyyətlə, mədəniyyətinin inkişafında Rza Təhmasibin mühüm xidmətləri var. Rza Təhmasibin 86 illik ömründə sənətin inkişafı naminə gördüyü işlər hələ bundan sonra daha ciddi şəkildə araşdırılacaq. S.Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymur bildirir ki, sənətkarın irsinin araşdırılmasında qızı Tamillla Təhmasibin ayrıca xidmətləri var. Fondda zəngin sənədlər saxlanılır. Bu sənədlər yeni-yeni araşdırıcılarını gözləyir.

Rza Təhmasib Azərbaycan teatr və kino sənətinin tanınmış nümayəndəsi sayılır. Naxçıvanda doğulan sənətkarın uşaqlıqdan teatra meyli olub. 16 yaşında Tbilisidə «Müsəlman Artistləri İttifaqı»nın teatr truppasında fəaliyyətə başlayan gənc Təhmasib 1920-ci ilədək Tbilisi, İrəvan, Naxçıvan teatrlarında aktyorluq və rejissorluq edib. 1920-ci ildən onun yaradıcılığı Azərbaycan Dövlət Dram Teatrı ilə bağlı olub. 1922-1924-cü illərdə bu teatrda bədii rəhbər, 1937-1938-ci və 1953-1959-cu illərdə isə direktor kimi fəaliyyət göstərib. Aktyor kimi yaratdığı İsgəndər («Ölülər»), İblis və Arif («İblis»), Şeyx Sənan («Şeyx Sənan»), Qacar («Ağa Məhəmməd Şah Qacar»), Süleyman («Həyat»), Koşkin («Lyubov Yarovaya»), Strijin («Eskadranın məhvi»), Karl Moor («Qaçaqlar») kimi rolları ona populyarlıq gətirib. Rza Təhmasib dəfələrlə Cəfər Cabbarlının əsərlərini səhnələşdirib, müxtəlif rolları (Aydın, Elxan, Balaş, Hacı Əhməd, İmamyar, general-qubernator) ifa edib. Rejissor kimi ilk müstəqil işi Cəlil Məmmədquluzadənin «Ölülər» əsəri olub. «Şeyx Sənan» (1931), «Sevil» (1934), «Özgə uşağı» (1936), «Madrid» (1938), «Vəfa» (1943), «Hacı Qara» (1958) kimi tamaşalar Rza Təhmasibin rejissor olraq fəaliyyətini təsdiq edir. Rza Təhmasibin kino fəaliyyəti də zəngin olub. O, 1937-ci ildə Ümumittifaq Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirmişdi. 1941-ci ildə «Səbuhi» filmini çəkməyə başlayır, film 1943-cü ildə tamamlanır. Onun «Arşın mal alan» kinokomediyası milli kinomuzun sorağını dünyaya tanıtdı: Leyla Bədirbəyli, Rəşid Behbudov, Lütfəli Abdullayev, Münəvvər Kələntərli, İsmayıl Əfəndiyev, Mirzəağa Əliyev və başqa tanınmış imzalar filmdə çəkiliblər.

Sənətkarın qızı, mərhum teatrşünas Tamella Təhmasib araşdırmasında atası haqqında söz deməyin necə məsuliyyətli olduğunu belə ifadə edir: «Atamın şəxsi arxivi onun sənəkarlığı haqqında daha dolğun, ciddi söz deməyim üçün mənə çox kömək etdi. Ancaq bununla belə sualların çoxunu indi cavabsız qoymağa məcburam. Mən niyə sağlığında çox şeyi özündən öyrənə biləcəyim təqdirdə bu haqda düşünmədim? Bu «niyə»lər, «nə üçün»lər məni üzdü. Suallara özünün cavab verəcəyinə bəslədiyim ümidlər nahaq imiş. Nə biləydim ki, tale ona zərbəni zərbə üstündən vuracaq. Həyatını qəm, kədər, sonra da ağır, sağalmaz xəstəliklə amansız mübarizə günləri, ayları, illəri bürüyəcək. Nikbin ruhuna, möhkəm iradəsinə, sonsuz həyat eşqinə bəzən ümidsizlik kölgəsi düşürdü. Belə hallarda o, mənim bütün təkidlərimə: «Yaza bilmirəm, oğul, başa düş»- deyə cavab verirdi. Adətən atam mənə «oğul» deyə müraciət edərdi. İstər-istəməz mən ona tabe olurdum. Az sonra təkid edirdim. Etiraz etmir, söz də vermirdi. Yalnız vəfatından sonra arxivini araşdırarkən bir vaxtlar yazmağa, lakin «Unuda bilmədiklərim» adı ilə davam etdirdiyi, təəssüf ki, bitirmədiyi xatirələrinə rast gəldim».

Rza Təhmasib haqqındakı kitabda T.Təhmasib natamam xatirələrdə teatr tarixinə aid maraqlı fikirlər, məlumatların az olmadığını bildirir. Dramaturqlar, görkəmli şəxsiyyətlər, aktyor və rejissor həmkarları, əsərlər və tamaşalar haqqında qeydləri onun sənətkar təbiətini öyrənməyə imkan verir: «Mən bu imkandan mümkün qədər faydalanmağa çalışdım, atamın vəsiyyətinə sadiq qalmışam. O, həmişə deyərdi ki, həyatda nə qədər çətinliyin olsa da, heç vaxt obyektivliyi və prinsipiallığı unutma».

Maarif Teymur Rza Təhmasibin şəxsi arxivində olan sənədlərin bir hissəsinin bugünümüzə gəlib çıxmamasının səbəbini belə izah edir: «Təəssüf ki, Rza müəllimin şəxsi arxivindəki sənədlərin bir hissəsi dövrünün ictimai-siyasi qaranlıqlarını «işıqlandırmaq» üçün yandırılıb. 1937-ci illərin repressiya qorxusu ondan da yan keçməyib».

Rza Təhmasibin özü bu faktı xatiratında belə təsdiq edir: «…Ay Allah, belə qansızlıq olar? Mənə deyir ki, əşşi, nə şişirdirsiniz bu Cavidi? Pantürkist olduğunu ki, dana bilməyəcəksiniz? Elə bildim ki, ürəyimə ox batırdılar. Dedim ki, vicdanınız var? Onun yox kəfənini didişdirməkdən yorulmadınız? Bəsdir, əl çəkin Caviddən! Çürütdünüz, yenə ürəyiniz soyumadı Tamella xanım heyfsilənir ki, atası tarixi sənədlərin bir hissəsini yandırıb. O, isə həmin məqamda atasının niyə belə etdiyini soruşduğunu və cavabını yazır. Rza Təhmasib cavab verir ki, o illərin tələbi belə idi: «Sibirə getməmək üçün sənədləri yandırdım ki, təki sizi qoruyum». 86 il ömür sürmüş Rza Təhmasibin daim həyatın bütün çətinliklərinə mətanətlə sinə gərməsi, demək olar ki, heç vaxt taleyindən şikayətlənməməsi, daim taledən üstün yaşamaq cəhdi, ədalətsizliyə və haqsızlığa qarşı vuruşmaq inadı xarakterinin möhkəmliyindən irəli gəlirdi: «1894-cü ildə Rza Təhmasib anadan olanda Naxçıvanın tacir və dindar mühitində yaşayan, fəaliyyət göstərən ziyalı dəstəsinin böyük məhrumiyyətlər hesabına yaydığı ziya çətinliklə də olsa elin, yurdun qaranlıq həyatına işıq sala bilirdi.

Təhmasibbəyovlar nəslinin ağsaqqalı, dövlətli tacir Hacı Ələkbər kişi Naxçıvanda alicənablığına görə hörmət sahibi idi. Rza Təhmasib həmişə babasını böyük bir sayğı və hörmətlə yad edərmiş. Sənətkarın ömrü naz-nemətlə, qayğısızlıqla keçməyib. O, anasını çox erkən itirir. Onun ömründə nənəsinin və Durna bibisinin əhəmiyyətli rol oynadığını daim xatırlayırmış». O, xatiratında uşaqlıq dövrünü belə təsvir edir: «Mən ana görməmişəm. Durna bibim mənə əsil ana olub, nazımı çox çəkib. Nənəmi də daim xatırlayıram». Onun elmə, təhsilə marağı hələ uşaqlıqdan çox güclü olub. 1909-cu ildə şəhər məktəbini bitirir, təhsilini davam etdirmək istəyir, atası Abbasqulu kişi onun istəyinə qarşı çıxır. Atası onu tacir görmək istəyirdi. Gənc Rza isə ədəbiyyatçı olmaq, kitab dükanı açmaq arzusu ilə əlinə düşən pulu kitaba sərf edirdi. 1909-cu ildə məşhur aktyor Hüseyn Ərəblinski Naxçıvanda qatrolda olur. Həmin andan gənc Rzanın həyatında əhəmiyyətli bir dönüş yaranır. O, bu zamandan başlayaraq taleyini bütünlüklə teatr aləminə həsr etməyi qərara alır. Gənc Rza artıq inadla Naxçıvanın həvəskar aktyorlarının məşqlərində iştirak edir. O, aktyorluq fəaliyyətinin başlanğıcını 1907-ci ildən hesab edirdi. 1909-cu ildə Rza Təhmasibin böyük şair Hüseyn Cavidlə görüşü onun ömründə, yaradıcılığında sonralar silinməsi qətiyyən qeyri-mümkün olan izlər qoyur. Hüseyn Cavid gənc Rzaya Şərq ədəbiyyatını sevdirə bilir. Bu dövrdə gənc Rzaya analığının ögey münasibəti, evdə yaranmış əsəbi şərait onu bu mühitdən qopmağa məcbur edir. 1910-cu ildə Tiflisdə yaranmış Azərbaycan artistlərinin həvəskar dərnəyi olan «Auditoriya»nın üzvü olur. Və bu dövrdən başlayaraq Rza Təhmasibin aktyorluq aqibətinə sahib olması ciddi inadı nəticəsində gerçəkləşir. Digər tərəfdən də 1914-15-ci illərə qədər Rzanın ailəsi, sevimli babası, nənəsi, xüsusən də atası onun aktyorluğa olan sevgisindən əl çəkməsi üçün çox cəhdlər edirlər o, inadından əl çəkmir. Rza Təhmasibin bu dövrdən sonra həyatındakı gərginliklər daha da artmağa başlayır. O, 1917-ci ilin qışında Haxçıvana gedir. Rusiyada baş vermiş burjua inqilabının təsiri ilə Naxçıvanda təsis edilmiş izdihamlı mitinqdə hətta odlu nitq də söyləyir. Tamella xanım yazır ki, 1917-ci ilin yazında və yayında Naxçıvanda baş verən dəhşətli hadisələr – Andronikin ordusu ilə toqquşmalar, ermənilərin Nehrəmdə, Şahtaxtlı və başqa kəndlərdə törətdiyi qırğınlar Rzanı sarsıdır. O, şəhərin müdafiəsində fəal iştirak edir, ermənilərə qarşı döyüşür. 1918-ci ilin payızında Rza Təhmasib çətinliklə Bakıya gəlir. Bu dövrdə də onun həyatında maraqlı hadisələr baş verir. Aktyorluq qabiliyyətinin daha da aşkarlanması dövrü olan bu illərdə Rza Təhmasib püxtələşir…

1921-ci ilin yazının Rza Təhmasibin həyatında yeni başlanğıcın olduğunu yazan Tamella xanım bunu aktyorun Hüseyn Cavid sənətilə səhnədə ilk görüşü məqamından hesab edir. Rza Təhmasin aktyor və rejissor bioqrafiyasında bunun xüsusi yer tutması təsadüfi deyildi. 1921-ci il aprelin 8-də Abbas Mirzə Şərifzadənin rejissorluğu ilə hazırlanmış «İblis» tamaşasında Rza Təhmasib Abbas Mirzədən sonra baş rolda İblis rolunda səhnəyə çıxır. O, bu barədə xatiratında yazır: «Tamaşada ilk çıxışım gülüş doğursa da, danışmağa başladığım ilk dəqiqələrdən mən salonu tamamilə özümə tabe edə bildim». Bu dövrdən başlayaraq Rza Təhmasibin ömründə aktyorluq sənəti ilə bağlı çoxsaylı uğurları sıralanmağa başlanır.

Tanınmış kinoşünas Ayaz Salayev bu qənaətdədir ki, Azərbaycan kinematoqrafiyasının simasını müəyyənləşdirən bu filmin dünyəvi şöhrəti bizə imkan verir deyək ki, Rza Təhmasib bir rejissor kimi zəmanəsini qabaqlayıb.

Rza Təhmasibin Mircəfər Bağırovla olan görüşü barədə Tamella xanım bunları xatırlayır: «Bir dəfə günorta qapının zəngi aramsız vuruldu. Saat 2-yə işləyirdi. Atam pörtmüş halda içəriyə girdi, anama müraciətlə: «Tez ol, kostyumumu ver, saat 2-yə iclasa çağırıblar». Atam çay belə içmədən getdi. Evə qayıdanda o, çox yorğun və fikirli görünürdü. Axşam ailəmizin, evimizin dostu Adil Əfəndiyev adəti üzrə yenə də bizə gəlmişdi. Maraqlı idi ki, atamın dalğınlığının səbəbini soruşmur, sükutu da pozmağa tələsmirdi. Nəhayət, atam danışmağa başladı: «İclasa çağırmışdılar, mənə gec xəbər vermişdilər. Çatanda gördüm ki, əyləşiblər. Qapını açıb içəri girəndə «Roza Tazmazyan sənsən deyə üzünü mənə tutdu. Hamı güldü, mən çox pərt oldum. Əvvəl heç nə başa düşmədim, yəni məni tanımır. Sonra əlindəki teleqramı görəndə aydın oldu ki; eh, nə isə… Doğrusu, mənə çox toxundu, bilmədim nə edim. Hətta özümü bir az itirmişdim. Sonra özümü toplayıb: «Yoldaş Bağırov, yəqin teleqramı vuran ermənidir Sifəti ciddiləşdi. Ortaya elə sakitlik çökdü ki, milçək uçsaydı, eşidilərdi. İclas qurtaranda bildim ki, teleqram Bolqarıstandan kinostudiyaya gəlib».

Bunlar Rza Təhmasibin həyatından müxtəlif məqamlardır. Kitabda Tamella xanım onun ömrünün son günlərini belə xatırlayır: «1979-cu ilin yayında onu yeni bir zərbə gözləyirdi. Sol ayağının üç barmağı kəsilməli idi. Cərrahiyyə əməliyyatı otağının bağlı qapısı arxasından onun güclə eşidilən iniltiləri məni bayılmaq dərəcəsinə gətirirdi… Sonra yatağa düşdü, bir daha qalxmadı. 1980-ci il fevralın 13-də qəlbi həmişəlik dayand

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012.- 6 iyun.- S.14.