KQB-nin izlədiyi adam
Salman Mümtazın hədəfə
alınmasının əsas səbəbi həm də onun
türkçü olması idi
Elə
ziyalılarımız var ki, bütün ömürlərini
şam kimi xalqın yolunda əridirlər. Əslində,
ziyalı sözünün mənası da nur, işıq deməkdir.
Onlar hər zaman xalqın «görən gözü»,
«düşünən beyni» olublar. Görkəmli ədəbiyyatşünas-alim
Salman Mümtaz kimi. Salman Mümtaz 1884-cü ildə Azərbaycanın
gözəl guşələrindən birində, Şəki
torpağında dünyaya gəlib. İki yaşında olarkən
anası Zəhra xanımla birlikdə Türkmənistana,
Aşqabada köçür və Azərbaycanda Xalq
Cümhuriyyəti qurulana qədər orada yaşayır. Hələ
lap uşaqlıqdan evin bütün dolanışıq
yükü balaca Salmanın üzərinə
düşür. Qardaşları ilə birlikdə
dayılarına ticarət işlərində kömək etməyə
başlayır.
İlk
təhsilini mollaxanada alan Salman uşaqlıqdan çox zəkalı
idi, qabiliyyəti, xüsusi istedadı ilə seçilirdi. Bəlkə
buna görə də ərəb, fars, rus, urdu, özbək,
qırğız dillərini öyrənmişdi. Salmanın ədəbiyyata
çox böyük marağı vardı.
Təsadüfi
deyil ki, hələ gənc ikən «Molla Nəsrəddin» jurnalında
«Xortdanbəy», «Sərçəqulubəy» və sair imzalarla
müxtəlif şeirləri çap olunurdu. Klassiklərimiz
haqqında yazdığı analitik məqalələri hələ
o zaman diqqəti çəkirdi.
1918-ci
ildə Ənvər və Nuru paşaların Azərbaycana gəlişinə
şeir həsr edir. Bununla da Salman Mümtaz sonradan ona vurulacaq
«panturkizm»in damğasının qurbanı olacaqdı. Baxmayaraq
ki, sonradan, sovet dövründə Azərnəşrdə,
Elmlər Akademiyasının tarix, dil və ədəbiyyat
institutunun elmi işçisi vəzifələrində
çalışırdı, amma bir neçə dil bildiyinə
görə hələ ki ona toxunmurdular.
Bu, 1937-ci ilə qədər
davam etdi. Repressiyanın
dəhşətli küləyi
bir çox ziyalılarımız kimi,
onun da başı
üstündə əsməyə
başlayır; onu «burjua-millətçi», «pantürkist»
kimi əvvəlcə
tutduğu vəzifədən
uzaqlaşdırır və
ev dustağı
edirlər. Amma işdən çıxarılmağına
baxmayaraq, Salman bəy nadir əlyazmaları,
kitabları toplayıb
araşdırmaqda davam
edirdi. Heç şübhəsiz ki, bu onun
Azərbaycan ədəbiyyatında
ən böyük xidmətlərindən biri
idi. Buna bütün ömrünü
sərf etmişdi görkəmli yazıçı.
O, əldə etdiyi əlyazmaları «Kitabxaneyi-Mümtaziyyə»
adlı kitabxanasında
yerləşdirdi.
Amma əsl dəhşət hələ
qabaqda idi. «Erməni barmağı» hər yerdə özünü göstərirdi.
Faktlara əsasən deyə bilərik ki, o dövrdə Azərbaycanın 51 rayonundan
31-nin Xalq Daxili İşlər Komissarlığı
rayon şöbələrinin rəisi erməni idi. Elə buna görə
də təkcə
1937-ci ildə «xalq düşməni» adı ilə 29 min ziyalımız
güllələndi. O cümlədən Hüseyn
Cavid, Mikayıl Müşfiq, Yusif Vəzir Çəmənzəminli,
Əli Nəzmi, Əhməd Cavad və başqaları. Eləcə də Salman Mümtaz.
Onu
1937-ci il oktyabrın 8-də gecə
saatlarında yaşadığı
Buynakski, 25 (indiki Şeyx Şamil küçəsi) ünvanında
siyasi dustaq kimi həbs edərək barəsində
ölüm hökmü
çıxarırlar. Hökm
1941-ci il dekabrın 21-də həyata
keçirilir. Baxmayaraq
ki, 1956-cı il noyabrın 16-da ölümündən sonra
bəraət qazandı,
haqqında olan ittihamnamə ləğv olundu, amma o və onun kimi
ziyalılarımıza vurulan
mənəvi zərbənin
yarası tarix durduqca heç vaxt sağalmayacaqdır.
Öncə onu deyim ki,
XX yüzillikdə ədəbiyyatımızın
tarixini yarpaq-yarpaq toplayıb bizə çatdıranlardan biri də məhz Salman Mümtaz olub. Bəli, o dövrün qlobal
faciəsi olan repressiya ondan da yan keçmədi.
1937-ci il repressiyanın zirvəsi oldu. Quruluşlar dəyişdikcə məmurlar ədəbi sözü sıxışdırır,
ziyalıları incidirdilər.
Sosializm quruluşunun mahiyyəti elə idi ki,
birinci növbədə,
zəkalı, yaradıcı
insanları (buna «beyin axını» deyirlər) hədəfə
alırdılar, onları
başqa yerə getməyə qoymurdular.
KQB onları izləyirdi.
Salman Mümtaz 1920-25-ci ilə qədər 200-ə qədər
klassikimizi təxminən
25-35 səhifə həcmində
araşdırıb bizə
təqdim etmişdi.
1919-cu ildə Cəfər Cabbarlı «Yaşıl yarpaqlar» adlı qurum yaratmışdı. Buraya Cabbarlıdan
başqa, Mirzə Bala Məmmədzadə, Hüseyn Cavid, Əhməd Cavad da daxil idi.
Bunların ardı ilə
gedənləri birinci
izləməyə başladılar.
Sovet məmurları hələ
birinci onillikdən Salman Mümtazı izləyirdilər. Onu bir qədər irəli buraxdılar, 37-ci ilə qədər. Onun istedadını,
zəkasını, necə
vətənpərvər olduğunu
öyrəndilər. Həmçinin qədim Azərbaycanın
söz yadigarlarını
Salman Mümtazın necə topladığı
da əlbəttə ki, onlara məlum
idi. Bir sözlə, düşünən
beyinləri məhv edirdilər. Bildiyiniz kimi,
bu, sovet hakimiyyətinin ən pis cəhəti idi. Düşünən beyinlər indi
axıb gedir. O vaxt isə onları
məhv edirdilər. Birinci növbədə, Almas İldırım, Maqsud Şeyxzadə, Əkrəm Cəfəri,
az sonra
isə Hüseyn Cavid, Salman Mümtazı
hədəfə aldılar.
Salman Mümtaz zəkaların zirvəsində dururdu.
Sözsüz ki, onları
aradan götürmək
lazım idi. Götürdülər də.
Salman Mümtazın
topladığı əlyazmalarının
taleyi necə oldu görəsən? Ürəkağrısı
ilə deyə bilərik ki, onun bir yük
maşını həcmində
əsərlərini yandırdılar.
Bunu Məhəmməd Kəngərli
də təsdiq etmişdi. Zülmlə topladığı arxivini məhv etdilər. Açıq etiraf edək
ki, sonradan bizim içimizdə «sapı özümüzdən
olan baltalar» yerdə qalanlarını da iz qalmasın
deyə, oğurladılar,
ya da məhv
etdilər.
Məqsəd isə guya quruluşa
əl çalmaq, yaltaqlıq, yarınmaq və xalqı vətənpərvərlikdən uzaqlaşdırmaq idi. Cəfər
Rəmzi 21 il
iki ay məhbəsdə
yatdı, amma əqidəsindən dönmədi;
o taylı-bu taylı Azərbaycanımızın istedadları
haqqında dissertasiya yazdı, şeirlər qoşdu, Bakının bağrından doğmuş
bu insanları bir yerə, bir kitaba topladı.
Və təbii ki, Cəfər Rəmzidən
bəhrələnmiş Hüseyn
Cavid, Salman Mümtaz həbsdən qorxmurdular. 1999-cu ildə YUNESKO-nun xətti ilə Ankarada, İstanbulda olanda milli kitabxana və arxivlərdə Salman Mümtazın adının hörmətlə
çəkildiyini gördük.
Onu da deyim
ki, Türk dünyasında Salman Mümtazı və Almas İldırımı
çox gözəl tanıyırlar. Elaziğ,
Trakya universitetlərində
Salman Mümtaz deyən kimi, dərhal «Aaa… O toplayıcı?» – deyə soruşurlar.
Salman Mümtazın
sonradan yolunu davam etdirənlər oldu. Onun yolunun yolçusu
olan 20 yaşlı azərbaycanlı gənc Almas İldırım «A dağlar» şeirini hələ 1927-ci ildə
«Həyat» dərgisində
nəşr etdirmişdi.
Burada onun Salman Mümtazdan qidalandığı hiss olunurdu.
Salman Mümtazın hədəfə
alınmasının əsas
səbəbi həm də onun türkçü
olması idi. Şübhəsiz. O, türk dillərini
də çox gözəl bilirdi. Türk dünyası onun üçün müqəddəs
idi. Bunu da o vaxt KQB bilirdi. 1926-cı ildə Salman Mümtaz Birinci Türkoloji qurultayda hamını heyran qoyan gözəl mənbələrlə çıxış
etdi. Hətta oraya müsafir
sifəti ilə gəlmiş Əli bəy Hüseynzadə də Salman Mümtazın böyüklüyünə
pərəstiş etdi.
Salman Mümtaz belə bir şəxsiyyət olub.
Onun haqqında
böyük tənqidçi
Əziz Şərif çox yüksək fikirdə olub. «Salman Mümtaz böyük adamdır.
Toplayıcı idi. Mən çox
şeyi ondan öyrəndim. Bizim başımıza
gələn fəlakətləri
də Salman Mümtaz qabaqcadan demişdi». Bir mvrvqlı faktı da qeyd edək
ki, M.F.Axundovun «Puşkinin ölümünə
Şərq poeması»na avtoqrafı da Salman Mümtaz
yazmışdı. Həmin yazını
sonradan Əziz Şərif tapmışdı.
Mircəfər Bağırov «Puşkinin
ölümünə Şərq
poeması» tapılandan
sonra Salman Mümtaza qarşı yaxşı münasibətdə
idi. 35-ci ilə qədər sular duru idi.
Salman Mümtaza toxunulmasın deyə, ona müraciət etmişdilər.
Amma sonra elə olub ki, hadisələr
qarışıb. Görünür, burda da kimlərinsə
əli vardı.
M.C.Bağırovun həmin müraciətlərə
necə cavab verməsi məlum deyil.
Salman Mümtazın
iki övladı olub. Nuxun adlı bir nəvəsi var.
Salman Mümtaz
162 saylı şəxsi
fondda əbədiləşdi. Şair, ədəbiyyatşünas,
publisist, klassik əsərlərin toplanmasında
rolu olan bir şəxsiyyət nəhayət ki, qiymətini aldı. Bəs görəsən, Salman Mümtazın 162 saylı şəxsi fondunda oxucuya az məlum
olan nələr var? «Qantəmir
tükün tökülməsi
haqqında» məqaləsi,
Şəkixanov haqqında
xüsusi qeydləri, M.Ə.Sabirin ilk «Taziyanə»si,
«Həqiqət» qəzetində
«Təbib və ya xəstə» adlı yazısı, Azərbaycan Dövlət Nəşriyyatı ilə
müqaviləsi, şeirləri,
məktubları, qəbzləri
bu gün onun şəxsi fondundadır. Onların
bir hissəsi isə Füzuli adına Əlyazmaları
İnstitutunda saxlanılır.
Hər halda, onun ruhu
indi rahatdır… Biz hamımız bu
dünyadan köçüb
gedəcəyik. Amma Salman
Mümtazın adı
bu binanın adı ilə əbədi olaraq yaşayacaq. Onun adının
buraya verilməsi şöhrət xatirinə
deyil, adının nəsildən-nəslə keçməsi
üçündür.
Oktay
Xalq Cəbhəsi.- 2012.- 8 iyin.-
S.13.