«Pəncərə
qabağında yatmış uşaq»
Maneləri dəf etmək, çətinliklərlə
əlbəyaxa olmaq Qorxmaz Əfəndiyevin
canında-qanında vardı
Rəssam
Qorxmaz Əfəndiyev Qafqaz müsəlmanları Müftisnin nəvəsi
Soltan Məcid Əfəndiyevin ailəsində
doğulmuşdu. O, Kazan Universitetini bitirmiş cərrah,
pediatr olsa da inqilab dalğalarında Azərbaycan SSR Ali
Sovetinin sədrliyinə qədər gəlib
çatmışdı. Üç uşaq atası Soltan Məcid
öz körpələrini hədsiz dərəcədə
sevirdi. Hətta onları öz əliylə gül suyu əlavə
edilmiş məhlulla çimizdirərdi. Balalarını
naz-nemət içində böyüdərdi. Təhsillərinə
olmazın əmək sərfi edərdi. Yeganə oğlu fitri
istedada malik Qorxmazın isə kiçik vaxtlarından,
yaşından çox əqli cəhətdən inkişaf
etməsindən təlaş da keçirirdi. Çünki bir
həkim kimi bilirdi ki, bu cür erkən inkişaf adətən
həddi-büluğ dövründə durğunluqla əvəz
olunur. Bəlkə belə də olacaqdı. Lakin okean
mütaliəsi olan, intellektual cəhətdən artıq 9
yaşında formalaşmış Qorxmaz Əfəndiyev
bacıları ilə bərabər bir gecənin içində
evsiz -eşiksiz, ata-anasız qaldı. Keçən əsrin
37-ci ilində Soltan Məcid siyasi müttəhim kimi həbs
olundu. Bütün əmlakı müsadirə edildi.
Özünü də güllələdilər. İlk
qadın həkimlərdən olan yoldaşını,
Qorxmazın anasını isə on ildən çox uzaq Sibirə
sürgünə yolladılar. Balaca Qorxmaz zibilliyə
atılmış nadir kitabxanasını belə xilas edə
bilmədi. Uşaqlıqdan ona göz vuran Nargin
adasındakı mayakın sirrinə artıq agah olmuşdu. Bu
ada Stalin dövründə repressiyaya uğrayanların
saxlandığı, çoxlarının son mənzilə
yollandığı yer idi.
Gül
suyunda çimizdirilən uşaqlar həyatın bütün
acıları ilə üzbəüz qaldılar. Soltan Məcidin
oğlunun inkişafdan qalacağından ehtiyatlanması əbəs
imiş. Sonsuz məşəqqətlər, yetimçilik, tənhalıq,
psixoloji-maddi təzyiqlər uşaqların iradəsini dəmir
kimi möhkəmləndirdi. Onsuz da ruhani nəslindən olan
uşaqlar bütün madiyyatdan məhrum olmaqla yalnız qəlblərini
inkişaf etdirməli, zənginləşdirməli oldular.
«Pəncərə
qabağında yatmış uşaq» tablosu rəssamın
yaxınlaşan fəlakəti hiss etdiyi dövrün
timsalıdır. Qayğısız uşaq yuxusunu pəncərə
arxasından süzülən tor kimi məchulluq
bürümüşdü. Bataqlıqtək adamı çəkən
bu məchulluqda saf, kövsər suyunun gözünü tapmaq
amalı rəssam Qorxmaz Əfəndiyevin ömrü boyu
yaradıcılıq kredosuna çevrilmişdi.
Yatmış
uşaq və onun ətrafında qatılaşan ab-hava, cərəyan
edən həyat mövzusuna rəssam dəfələrlə
müxtəlif interpresasiyalarla qayıdır. Bu mövzu həm
də rəssamın məişət reallığından
qaynaqlanırdı. Onun körpələri çox vaxt
Qorxmazın sənət simsarlarının səs-küyü
altında bir küncdə yatmalı olurdular.
Axı
Qorxmaz Əfəndiyev Lvovda Ali Rəssamlıq Məktəbini
qurtarıb gələndə, Azərbaycan rəssamları
arasında intellektual yaradıcılıq mühütü
Mircavadın ətrafında toplanmışdı. Onların da
seyrəlib-seçilib ən dözümlüləri bu əhatədə
tab gətirib qalmışdı. Mircavad özü də
artıq yaradıcılıq mənasında qınına
çəkilirdi. Belə şəraitdə Q.Əfəndiyev
tezliklə bir nəzəriyyəçi, intellektual mərkəz
kimi nüfuz sahibinə çevrilir. Onun ətrafında öz
həvariləri vardı.
Monumental
rəngkarlıq fakültəsini bitirmiş Q.Əfəndiyevin
sənəti o dövrdə birbaşa zəhmətkeşlərin
– fəhlə, zavod-fabrik əməkçilərinin
obrazlarını vəsf etməklə bağlı idi.
Çünki dövlətin monumental təbliğatı bu
yönümdə idi. Lakin inqilabçı kommunist, Azərbaycan
SSR Ali Sovetinin sədri Soltan Məcid Əfəndiyevin oğlu
rəssam Qorxmazın da sosial yönümü bu təbliğatla
üst-üstə düşürdü. O, əməkçi
fəhlələrlə yaxınlığa özü can
atırdı. Onların işindən ilham alırdı. Odur
ki, Sumqayıt poladəridənlərinin, kosmonavtika qəhrəmanlarının
əməyinə himn onu çox cəlb edir, monumental rəsmlərində
çəkdiyi eskizlərdə öz əksini tapırdı.
(«Divar rəsmlərinə eskizlər», «Yatmış fəhlə»,
«Barat Əliyevin portreti» və s.)
Kitab
isə onun həyatının ən vacib informasiya mənbəyi
idi. Təsadüfü deil ki, kurs işini belə kitab təsviri
ilə müdafiə etmişdi. Kitabxana kataloqunun təsvirinin
də məhz Q.Əfəndiyevə sifariş edilməsi lap
yerinə düşmüşdü. Bu dövrdə rəssamın
yaradıcılığında publisistika təmayülü nəzərə
çarpacaq dərəcədə hiss olunur. Və bu əhval-ruhiyyənin
ən bariz ifadəsinin Meksika rəssamlarının
üslubunda tapdığını da etiraf etmək məcburiyyətində
qalır.
İstedadda,
əzmkarlıqda həyat yoldaşından heç də geri
qalmayan görkəmli rəssam Bəyim Hacıyeva isə
qadın fəhmi ilə Qorxmazın fikrini, mövzu əhatəsini
hər vəchlə öz ailə mühitinə,
yaxınlarına yönəltməyə
çalışırdı. Doğrudur, Qorxmaz Əfəndiyevin
fırçasından həyat yoldaşının portreti də
çıxmışdı. Hətta rəssam
vaxtaşırı öz uşaqlarının obrazını
da kətana köçürürdü. Çünki
uşaqlar həmişə yan-yörələrində,
ayaqaltında dolaşırdılar. Daha doğrusu, daim rəssama
mane olurdular. Amma uşaqların iki yaradıcı valideyini sənət
axtarışlarından, dünya düşüncələrindən
ayırıb onlara diqqət yetirməsinə nail olması da
asan olmurdu.
Qorxmaz
Əfəndiyevin uzun illər Mircavadla dostluğu Mircavadın
təbiətlə, torpaqla təmasda olmaq təlimlərinin təəssübkeşi
olması belə onun urbanistik, daxilinə sadiq rəssam olaraq
qalmasına təsir edə bilməmişdi. («Ümidsizlik»,
«Zemfira»). Qorxmazın öz məğzinin, intellektual və
tale təkrarsızlığının üzə
çıxmasına yönəlmiş, fəlsəfi və məntiqi
axtarışları onu kubizm üslubunda əsərlər
yaratmağa təhrik edir. («Su içənlər» seriyası),
(«Natürmort»), («Fövziyyə emalatxanada») və s.
Ümumiyyətlə,
Azərbaycan rəssamlarının boynuna çox ağır
yük düşmüşdü. Axı Azərbaycanda,
Rusiyada və Avropada olduğu kimi müxtəlif sənət cərəyanları
ipressonizm, postimpressionizm, kubizm, fovizm, supermatizm, abstraktsionizm və
s. dünyada məşhur olan cərəyanların təsiri,
mərhələləri hələ bir-birini əvəz eləməmişdi.
Onlar
bütün bu mərhələləri təzədən bir nəslin
dövründə sınaqdan keçirib öz qənaətlərinə
gəlməliydilər. Amma onların bəxti gətirmişdi
ki, hələ Bakıda Ə.Əzimzadə adına Rəssamlıq
Məktəbində oxuyarkən yaxşı müəllimləri
olmuşdu. Təkcə Səttar Bəhlulzadənin onların
qəlbinə səpdiyi təmənnasız sənətə
səcdə eləmək duyğusu artıq yaxşı
başlanğıc idi. Hələ Qorçakov bütün
kitabxanasını tələbələrin öhdəsinə
buraxmışdı. O vaxt tapılmayan kitablar da onun
kitabxanasında vardı. Özü də çox incə
yumora, alicənab xislətə malik adam idi. Van Qoqun albomunu
Qorxmaza baxmağa verəndə, görür Qorxmaz
özünü unudub reproduksiyaları az qala gözü ilə
yeyir. Tələbəsini belə aludə görəndə
Qorçakov deyib ki, bir dəli çəkib, o biri dəli də
baxır!
Doğurdan
da Qorxmaz Van Qoqu az qala öz atasından çox istəyirdi.
Asket həyat tərzi, bütün maddiyyatdan imtina etmək
bacarığı Qorxmazın ürəyindən idi. Qorxmaz da
sırf sufi kimi yaşayırdı. Nə özü
qazanırdı, nə də ətrafındakıları qazanc
dalınca qaçmağa qoymurdu. Madiyyata xor baxmağı onun
təkcə ruhani ailəsindən Qafqaz Müsəlmanları
müftisinin nəticəsi olmasından irəli gəlmirdi. Əslən
Şamaxıdan olması da buna təsir edirdi. Əsrlərlə
mövcud olan Şamaxı – Şirvan sufi məktəblərinin
təsiri, ənənsi bir neçə nəsil onun
canında-qanında kök salmışdı. Kəndli,
tacir-tüccar fərasətliliyini sevmədiyi kimi
emosionallığı da bəyənmirdi. Sanki
nağıllarımızda olduğu kimi qara qoyunun onu qəfil
tərkinə alıb gətirdiyi qaranlıq dünyadan
çıxmaq üçün bir işıq ucu gəzirdi.
Onun intellektinin haləsinə düşən, ətrafında
olan hər bir kəsi də bu axtarışa cəlb edirdi.
Sarı, mavi, yaşıl rənglərin az qala atmosferə
qarışıb getməyə meyili çalarlarına
üstünlük verməsi də məhz bu səbəbdəndi.
Əlbəttə «Mircavad əncir ağaclarının
kökləriylə», «Mircavadın yanar ürəyi»
tabloları istisna olmaqla. Bu tablolarda görünür
Mircavadın özünün biologiyası rəssamı rənglərin
tünd tonallığına üstünlük verməyə
sövq edib.
Şərqdə
böyük şairlər həmişə böyük sufilər
olmuşlar. Öz qovmlərinin mənəvi şeyxi
sayılmışlar. Nizami Gəncəvinin adının da
yanında proletar inqilabına qədər Şeyx kəlməsi
işlənmişdi. Qəbrinin də adı «Şeyx» qəbri,
türbəsi olmuşdu. Qorxmaz Əfəndiyev Nizami Gəncəvinin
obrazını yaradanda Şeyx müqəddəsliyini
qabartmağa çalışmışdı. Nəhayət
«Şairin portreti», «Şairin yatağı» kimi ümumiləşmələrə
gəlib çıxmışdı. Tikanlı, tilişkəli
formada zərif, saf şair qəlbi də gizlənə bilər.
Yaxıd şairin yatağı, yolu əzablı, keşməkeşli
olur mənasını ifadə etməyə
çalışmışdı.
Maneləri
dəf etmək, çətinliklərlə əlbəyaxa
olmaq Qorxmaz Əfəndiyevin canında-qanında vardı.
Əslində
gül suyunda çimizdirilmək, Azərbaycan Mərkəzi
İcraiyyə Komitəsi sədrinin şan-şöhrətli
ailəsinə məxsus olmaq Əfəndiyevin daxili aləmi ilə
təzad təşkil edirdi. Təbiətin paradoksu idi,
inqilabçı, cərraH, hakimi-ixtiyar atası nə qədər
ürəyiyumuşaq, mülayim insan idisə, rəssam Qorxmaz
Əfəndiyev bir o qədər barışmaz, tündməcaz,
tələbkar və amansız idi. Bəzən onun
özünə və başqalarına qarşı bu tələbkarlığı
absurd dərcəyə çatırdı. Zəif çəkilmiş
rəsmə görə, əzbərlənməmiş
şeir ucbatından körpə
qızcığazlarını gecə saat 3-4-də yuxudan
oyadıb məşhər ayağına çəkərdi.
Qışın soyuğunda gecə köynəklərində
titrəşən ibtidai məktəb şagirdləri dərslərini
öyrənməli olduqlarını dərindən dərk etməyincə
ondan yaxa qurtara bilməzdilər. Eləcə də birlikdə
tərtibatla məşğul olduqları həmkarları onun əlindən
həlak idilər. İşi çeynəyib
çürüyünü çıxartmamış,
mümkün olan yüksək səviyyəyə
çatdırmamış təhvil verməyə qoymazdı.
Nə maddi ehtiyac, nə sifarişdən tamamilə məhrum
olmaq, nə yoldaşlarının narazılığı onu
yolundan döndərə bilməzdi.
O, sanki materiyaya qənim kəsilmişdi. Geydiyi corab taylarının hansı rəngdə olmağının fərqinə
varmadığı kimi
yaradıcılığında da materiyanı tam inkar («Kollajlar») edərək mövcudluğun
məğzinə, ilkin
halına sirayət etməyə çalışır.
Sanki materiyanı parçalayaraq kosmosun ilkin dumanlıqlarına qədəm qoyur. Bütün yaradıcılığı boyu
mühüm əhəmiyyət
verdiyi əsərin teksturası onun üçün başlıca
məsələyə çevrilir.
Q.Əfəndiyevin yaradıcılığının
son dövrü tekstura
ilə dərindən
işləməsi ilə
fərqlənir. Sanki məqsədi antimateriya yaratmaqdı. İlk baxışdan
mümkünsüz görünən
bu axtarış həm də paradoksal bir hal idi. Axı, o bu antimateriyanı real
material maddələrlə yaratmalı idi. Əslində yaradılmış tablo özü də materiya idi. Odur ki, o, xətdən
də imtina edir, rənglərin isə son dərəcə
asketik tonallığını
seçir. Yalnız teksturanın
sayəsində mənəviyyata,
işığa çıxmağa
cəhd edir. Bu isə sənətdə
çox çətin,
daşlı-kəsəkli yol
idi. O bu yolunu axıracan keçir. 9 yaşında
bir gecənin içində qaranlığa,
heçliyə qərq
olmuş dünyasının
qəlpələrini ömrü
boyu yığa-yığa
xaosdan harmoniya yaratmağın mümkünlüyünü
sübut edir, başqalarına da öyrədir. Q.Əfəndiyev ziyalı mühitində çox böyük nüfuza malik idi. Rəssamlar İttifaqının vicdanı hesab edilirdi.
Oktay
Xalq Cəbhəsi.- 2012.- 9 iyun.-
S.14.