Şirvan folklorunun
araşdırmaçısı
Seyfəddin Qəniyev:
«Milli musiqinin qorunması sahəsində təəsübkeşlik
həmişə lazımdır»
Filologiya elmləri doktoru, professor Seyfəddin
Qəniyevin 60 yaşı tamam oldu. Şirvan
folklorunun, aşıq sənətinin soraqlarının
toplanılıb tədqiq edilməsində onun özünəməxsus
xidmətləri var. İnsan ömrü onun yerə-göyə
sığmayan arzuları ilə müqayisədə çox
azdır. Həyat hər bir kəs üçün yaradıcılıq
meydanıdır: hər halda çox az
adam təbiətin ona verdiyi imkanların müəyyən
qismini aşkarlaya bilir. S.Qəniyev deyir: «Heç bilmədim
60 yaşıma necə gəlib çatdım. Ömrümün
35 ildən çoxunu yaradıcılıqla, yəni tədqiqatçılıq,
toplayıcılıq və yazarlıqla məşğul
olmuşam. Bütün bu işlər təxminən
biri-birini tamamlayır. Dönüb geriyə
baxanda heyfsilənmirəm. Ötən müddətdə
Şirvan bölgəsinin həm yazılı ədəbiyyatı,
həm də folkloru, adət-ənənəsinin
toplanılması, tədqiq edilməsilə bağlı
imkanım çatan qədər iş görmüşəm.
Sağlıq olsun, hələ qarşıda
xeyli görüləsi işlər var».
İndiyə kimi onun 40-dan çox
kitabı çap olunub.
Şirvan folkloru qədimliyi,
bütövlükdə Azərbaycanımızın folklorunun
bir parçası, özünəməxsusluğunun
sorağı kimi diqqəti cəlb edir. S.Qəniyev
bildirir ki, ötən əsrin 80-ci illərindən üzü
bu yana Şirvan mahalını
başdan-başa gəzib: «Şirvan folkloru ilə
bağlı topladığım qovluqların sayı
onlarladır. Təbii ki, bunların hər biri
bir kitabdır, ya da sanballı kitabın bir hissəsidir.
Bu vaxtacan işıq üzü görən kitablar az deyil, ancaq bundan sonra da işıq üzü
görəcək kitablar olacaq. Şirvan
böyük bir diyardır. Bu diyarın zəngin
folklor soraqlarını toplamaqdan ötrü onlarla
toplayıcı «cəlayi-vətən» olmalıdır. Hazırda xalq hikmətlərini, folklor
soraqlarını sinəsində bu və ya digər səviyyədə
qoruyub-saxlayanlar, xüsusən 60-80, tək-tük 90
yaşlıların sayı gündən-günə
azalır. Folklorumuzun zəngin
soraqlarının hələ də çox hissəsi qələmə
alınmadığına görə o nümunələr həmin
adamların sinəsindədir. Əgər
yaxın zamanda belə «cəlayi-vətənlərin» sayı
çoxalmasa, folklorumuzun gözəl inciləri birdəfəlik
əlimizdən çıxacaq».
Erməni ruhsuzdur, fitri qatildir,
antiinsani duyğularla yaşayan millətdir. Həmişə ermənilər türkün maddi və
mənəvi soraqlarını imkan tapdıqca acgözlüklə
mənimsəyib, «özlərininki» ediblər. Şirvan
folklor soraqlarının ermənilər tərəfindən
«özəlləşdirilməsi» barədə danışan
S.Qəniyev bildirir ki, belə faktlar çoxdur:
«Şamaxının vaxtilə ermənilər yaşayan
Sağyan, Mədrəsə, Zarxı və başqa kəndləri
var. Bu ərazilərdə xeyli türk ruhlu qədim abidələr
mövcuddur. Hələ o vaxtı bic ermənilər
Kəlaxanıdakı türbələrin üzərindəki
kitabəni tamamilə silmişdilər. Bir
neçə dəfə həmin türbələrin şəklini
kitablarımda çap etdirmişəm, ancaq üstündə
nə yazıldığını təəssüf ki, bilmək
olmur. Ermənilər zaman-zaman xüsusən
mənəvi sərvətlərimizə qarşı daha
aqressiv hücuma keçiblər, bu sahədə də «özəlləşdirmə»
işləri aparıblar. Hələ XIX yüzildə
çap edilən məcmuələrdə ermənilər Azərbaycan
folklorunun nümunələrini həyasızcasına «erməni
folkloru» nümunələri kimi təqdim ediblər, mətndə
müəyyən «erməniləşdirmə» işi
aparıblar. O mətnləri oxuyanda gün kimi aydın olur ki,
bunların erməni ruhuna qətiyyən aidiyyəti yoxdur».
S.Qəniyev «Azərbaycan folklorunun regional
özünəməxsusluğu – Şirvan folkloru» adlı irihəcmli
araşdırmasında Şirvan folklorunun özünəməxsusluğunu
nəzəri cəhətdən tam araşdırıb: «Zəngin
Şirvan folklorunun nümunələrini ayrı-ayrı folklor
janrları üzrə toplayıb çap etdirmişəm. Bu sıradan «Şirvan əfsanələri»ni qeyd etmək
olar».
Şirvan dastanlarını toplayan S.Qəniyev
bu sahədə də araşdırmalarını davam etdirir:
«Bunlar XVII yüzildən bu yana Şirvan aşıqlarının
repertuarında olan klassik dastanlardır. Bu
dastanlar vaxtilə məclislərdə söylənilib. Həmçinin Şirvan aşıqları barəsində
ayrı-ayrı kitablar çap etdirmişəm.
«Şirvan aşıqları»
seriyasından monoqrafiyalar çap etdirirəm. Folklorun
bir qolunu da el şairləri təşkil edir: bunlar sinədəftər
insanlar olublar. Bu silsilədən də kitablar
çap etdirmişəm. El şairləri
birbaşa xəlqi ruhlu, folklorla bağlı, aşıq
şeiri yönündə yazan, əksəriyyəti
savadsız, fitrətən şair, həm də müxtəlif
peşə sahibləri olan adamlardır. Bu
şairlərin içərisində baqqal, xalça
ustaları, dərzilər, tərəkəmə-elat
xanımları da var».
Mərhum Əzizə Cəfərzadə
Şirvanın aşıq və şair qadınlarının
əsərlərindən ibarət toplu nəşr
etdirmişdi. S.Qəniyevin araşdırmalarında
bütövlükdə Şirvanda yaşamış
aşıqların həyat və
yaradıcılığı ilə bağlı soraqlar var.
S.Qəniyev bildirir ki, tərtib edilən toplu mərhum Əzizə
xanımı təkrar etmək deyil: «Bu topludakı sinədəftərlərin
təxminən 60 nəfəri kişidir. Şirvanın
Göyçay, İsmayıllı, Hacıqabul, Əlibayramlı,
Şamaxı, Ağsu, Qəbələ, Ucar kimi bölgələrindən
ötən yüzilin 50-ci illərinə kimi
yaşayıb-yaratmışların irsindən soraqları
yığmışam. Haqqında müəyyən
soraqlar əldə etdiyimiz şəxslər də az olmayıb. Məsələn,
XVIII yüzildə Kolanı Məşədi Mustafa adlı bir
el şairi yaşayıb. Cünglərdə
onun müxtəlif şeirlərindən parçalar qalıb.
Ümumən bu şairlərdə həvəskarlıq
daha çox sezilir. Şeirlərinin əksəriyyəti
müəyyən hadisələrlə daha çox
bağlıdır. Məsələn,
tutalım ki, hər hansı bir kəndxudanın ifşası
aparıcı motivlərdəndir.
Qadınların yaradıcılıq
nümunələrində hüquq bərpası cəhdi,
zamanadan şikayət motivləri, incikliyin ifadəsi
güclüdür. Qadın şairlərimiz
yaşmaq altından baxmalarına baxmayaraq işartılarla
zamanadan narazılıqlarını ifadə ediblər. Məncə, indi bütün folklor
materiallarını birdən-birə çap etdirmək
mümkün olmasa da, ən yaxşı halda bunları
ardıcıl, səylə yığıb qoymaq
lazımdır. Həmişə inadla və
inamla folklor soraqlarımızı toplamışam.
«Şirvan aşıqları» kitabım 15 il
qabaq işıq üzü görüb. Ötən
müddətdə bu sahədə axtarışlarda xeyli yeniliklər
olub. 400 səhifədən artıq həcmdə
«Şirvan aşıqları» işıq üzü
görüb. Dövlət o zaman
güclü olur ki, onun mənəvi həyatının
bütün sahələri tədqiq edilmiş olsun».
Qədim musiqi nümunələrinin
toplanılması ilə bağlı soraqlar haqqında
danışan S.Qəniyev bildirir ki, Şirvan aşıq
havacatlarının hamısı bir yerdə yazılı
şəkildə yoxdur: «Doktorluq dissertasiyamda Şirvan saz
havalarını yaşlı aşıqlardan soruşub
ümumiləşdirmişəm. Amma bu havacatlar
sazın hansı kökündədir; bunu araşdırmaq
musiqiçilərin işidir. Məsələn,
Aşıq Mirzə Bilalın 80-dən çox yaşı
olan oğlu Şəfi dayı deyirdi ki, atası vaxtilə
«Cüdayi» oxuyub. Özü də bu,
«güllü» və «gülsüz» olub. Sırf
musiqi təhsili olan tədqiqatçı bunu
açmalıdır. Məncə, bizə
gəlib çatan klassik Şirvan aşıq
havalarının sayı 40-50 arasındadır. Aşıq Şakirin, Aşıq Əhmədin və
başqalarının bəstələrinin buna aidiyyəti
yoxdur; yəni bunlar müəlliflidir. Yuxarıdakıların
da 10-15-i oxunmur, yalnız adları gəlib çatıb,
qalanlarını ustadlar ifa edə bilirlər».
Həmişə yeni yaradıcı nəsillərin
yaranması zəruridir. Təəssüf ki,
bu gün aşıq məktəblərinin halında əvvəlki
yaradıcılıq ənənəsinin bütöv,
yaradıcı şəkildə yaşadılması hiss
olunmur. Düzdür, bu gün Şirvanda
aşıq sənəti sahəsində ciddi bir canlanma
müşahidə olunmaqdadır. Ümumən isə bu
məsələ sarıdan narahatlığını ifadə
edən S.Qəniyev deyir ki, unutqanlıq artsa, qalan havacatlar da
«Cüdayi»nin gününə düşə
bilər: «Kim qədim havacatları ifa edirsə, onlar lentə
yazılsın, itməsin. İndi yeni istedadlar gələcək,
ənənəni daha güclü qoruyacaq, o başqa məsələ».
Bu gün toy adət-ənənəsinin
daha da özgələşməsi milli musiqimizin, aşıq
havacatlarımızın unudulması təhlükəsini
artırır. Toylarda zurna-balaban,
sazımız haradasa sintezatorun əyalətində qalır.
S.Qəniyev hesab edir ki, ziyalılarımız bununla
bağlı daim sözlərini deməlidirlər: «Ümumiyyətlə,
milli musiqinin qorunması sahəsində təəsübkeşlik
həmişə lazımdır».
Vaxtilə «Şirvan şairləri»
adlı kitabda 350 şairin yer aldığını deyən
S.Qəniyev hazırda kitabla bağlı materialların zənginləşdiyini,
500 şair haqqında təkmilləşdirilmiş nəşrin
olacağını bildirir. Kitab
bu ilin axırlarında işıq üzü görəcək.
Uğur
Xalq Cəbhəsi.- 2012.- 9 iyun.- S.14.