Bəstəkarların müəllimi
Bəstəkar
Midhət Əhmədovun adı müasirləri olan Q.Qarayev,
C.Hacıyev, F.Əmirov kimi, Azərbaycan musiqisini dünya
miqyasına çıxaran bəstəkarlar tək məşhur
olmasa da, milli bəstəkarlıq məktəbimizin
inkişafında onun əvəzsiz rolu danılmazdır. O,
yaşlı nəsil Azərbaycan bəstəkarlarının
istedadlı nümayəndələrindən biri idi. M.Əhmədov
çoxsaylı simfonik, kamera-intrumental, vokal, xor
üçün əsərlərin müəllifidir. Onun
simfonik orkestr üçün «Cəngi»si, «Bəhram Gur»
simfonik poeması, violonçel konserti musiqi xəzinəsinin
qiymətli inciləri sırasındadır. M.Əhmədovun
yaradıcılığı Azərbaycan musiqi incəsənətində
uşaqlar üçün yazılmış əsərlərin
miqdarına, janr müxtəlifliyinə və rəngarəngliyinə
görə xüsusi vacib yer tutur. «Şəngülüm-Məngülüm»
nağılı əsasında süita, çox sayda
mahnılar, pyeslər – uşaqlar üçün
yazıb-yaradan sələfləri üçün
böyük bir məktəbdir.
Yaradıcılığında müxtəlif janrlara
müraciət edən bəstəkar, həmçinin
musiqiçi-ictimai xadim və istedadlı pedaqoq kimi də
öz sözünü deyə bilmiş, Azərbaycan musiqi mədəniyyəti
tarixində özünəməxsus yer tutmuşdur.
1914-cü ildə
Bakıda neftçi – mühəndis ailəsində dünyaya
gələn M.Əhmədov orta məktəbi bitirdikdən
sonra işçi fakültəyə – kontrabas sinfinə daxil
olur. O illər Azərbaycanda milli musiqiçi kadrların
yetişdirilməsi məsələsi aktual idi və elə bu
məqsədlə 1934-cü ildə M.Əhmədov Leninqrada
(Sankt-Peterburq) ezam olunur. Leninqrad konservatoriyasının
professorları K.Kuşnaryov və M.O.Şteynberqin sinfində
bəstəkarlıq sənətinin sirlərini mənimsəyən
(həmçinin D.Şestakoviçin dərslərində də
könüllü iştirak edən) M.Əhmədov çox
sonralar, Bakıda o illərin təəssüratını,
dahi müəllimlərindən öyrəndiklərini, onlarla
ünsiyyətdən qazandığı dəyərli
anları öz tələbələri ilə
bölüşəcək. Yeri gəlmişkən qeyd etməliyəm
ki, M.O.Şteynberq Rimski-Korsakov məktəbinin görkəmli
nümayəndələrindən biri olması ilə
yanaşı, rus bəstəkarlarının böyük bir
qisminin, o cümlədən D.Şostakoviçin də müəllimi
olmuşdur. M.Əhmədovun ilk əsərləri də elə
burada Leninqradda yaranır. Bunlar kamera, vokal janrda
yazılmış kiçik həcmli əsərlər idi.
İkinci
Dünya Müharibəsi M.Əhmədovu təhsilini
yarımçıq qoyub Bakıya dönməyə məcbur
etdi. Bakı Konservatoriyasında təhsilini davam etdirməklə
yanaşı (B.İ.Zeydmanın sinfində) o, ictimai fəaliyyətə
də başlayır. Azərbaycan Konsert Birliyində, Respublika
Uşaqların Bədii Tərbiyəsi Evində M.Əhmədov
genişmiqyaslı işlər aparır.
Bu 10 il ərzində
(41-50) bəstəkarın gözəl simfonik əsərləri
yaranır. Onlardan «Qəhrəmanlıq uvertürası», «Bəhram
Gur» simfonik poeması, «Bakı komissarları»na həsr
olunmuş simfoniya və s. əsərlər müəllifin
gözəl janr ustası olduğunu sübut edir. Lakin bu, M.Əhmədov
yaradıcılığının yalnız bir istiqaməti
idi. 50-ci illərdən başlayaraq onun
yaradıcılığında simfonik musiqi ilə
yanaşı, yeni bir şaxə əmələ gəlir. Bu
da uşaqlar üçün yazılmış müxtəlif
əsərlərdir. Bir-birinin ardınca fortepiano konserti, pyeslər,
müxtəlif müəlliflərin mətninə
yazılmış ayrı-ayrı mahnılar və mahnı məcmuələri
yaranır. Ümumiyyətlə, M.Əhmədov
yaradıcılığının bu yönü haqqında
geniş söhbət açmaq olar.
Uşaq
yaradıcılığına müraciət edən bəstəkarlar
az deyil. Lakin ilk baxışdan sadə görünən bu
janrda dəyərli əsərlər yazmaq heç də hər
kəsə nəsib olmur. Çünki əslində bu janr bəstəkardan,
yüksək peşəkarlıqla yanaşı, sadə nitq
ilə dolğun söyləmə, uşaqların
anladıqları, danışdıqları dildə
danışmaq məharəti tələb edir. Uzun müddət
konservatoriyanın nəzdindəki 10 illik orta ixtisas musiqi məktəbində
«Uşaq yaradıcılığı» sinfini aparan M.Əhmədov
bu sahədə yaranmış gözəl əsərlərin
müəllifliyi ilə yanaşı, yetişməkdə olan
gənc bəstəkarlarda da bu janra böyük maraq oyada
bilmişdir. Onun yetirmələri olan İ.Məmmədov,
L.Vaynşteyn və bir çox başqa bəstəkarlar
uşaq yaradıcılığı sahəsində
yazılmış maraqlı əsərlərin müəllifləridir.
Milli musiqi mədəniyyətimizdə
M.Əhmədovun ən böyük əməyi isə onun Azərbaycan
bəstəkarlarının böyük bir nəslini
yetişdirməsindədir. İstər konservatoriya nəzdində
10 illik orta ixtisas musiqi məktəbində, istərsə də
musiqi texnikumunda dərs dediyi müddətdə M.Əhmədov
böyük sayda istedadlı gəncləri və yeniyetmələri
aşkar etmiş, onların gələcəkdə bəstəkar
kimi yetişməsində böyük rol oynamışdır.
Bu gənclərdən bir çoxlarının gələcəkdə
məhz bəstəkarlıq ixtisasını seçməsinə
M.Əhmədov bais olmuş, ilk xeyir-duanı M.Əhmədov
vermişdir.
Vasif
Adıgözəlov, Xəyyam Mirzəzadə, Yusif Səmədoğlu,
Elmira Paşayeva, Araz Dadaşzadə, Aqşin Əlizadə,
Oleq Felzer, Nəriman Məmmədov, Əziz Əzizov, Leonid
Vaynşteyn, Oqtay Kazımov, Azad Ozan Kərimli və 30-a
yaxın digər bəstəkar M.Əhmədov məktəbinin
yetirmələridir. Azərbaycan Dövlət
Konservatoriyasında M.Əhmədov əsasən alətşünaslıq
fənnini aparırdı. Gözəl partitura ustası olan bəstəkar
alətşünaslığın incəliklərini
yetişməkdə olan gənc musiqiçilərə sevə-sevə
öyrətmişdir.
Avropa, rus musiqi
incəsənətinin zəngin ənənələrini
mükəmməl bilən M.Əhmədov eyni zamanda müasir
musiqi üslublarının geniş təbliğatçısı
olmuşdur. O, musiqidə mövcud olan yazı
texnikasını tələbələrinə dərindən
öyrədirdi. Lakin bəstəkar bununla kifayətlənmir,
onları musiqi bəstələnməsi sahəsində meydana
çıxan hər bir yeniliklə yaxından tanış
edirdi. Proqressiv insan olan M.Əhmədov böyük uzaqgörənliklə
tələbələrini daim yenilik axtarışlarına
sövq edir, onlardan qarşıya çıxan sualların
qeyri-adi, ənənəvi olmayan üsullarla
cavablandırılmasını, maraqlı həlli
yollarının tapılmasını tələb edirdi.
M.Əhmədovun
qazandığı bir çox dövlət mükafatları
sırasında 1978-ci ildə layiq görüldüyü Azərbaycanın
Əməkdar Müəllimi fəxri adı onlardan bəlkə
də ən qiymətlisidir. Çünki hər bir
istedadlı yaradıcı şəxs, incəsənətin
hansı sahəsində çalışmasından
asılı olmayaraq, öz sənəti ilə sələfləri
üçün nümunə, pərəstiş obyekti ola bilər.
Yalnız çox nadir hallarda əsil sənətkar peşəkar
müəllimə, ustada çevrilir. M.Əhmədov da o nadir
sənətkarlardandır ki, ona bu şərəfi yaşamaq
nəsib olmuşdur.
Bu gün Azərbaycan
musiqisini dünyanın ən mötəbər salonlarında
səsləndirən müasir bəstəkarlarımızın
yaradıcılığı ilə öyünməyimizdə
biz görkəmli pedaqoq, istedadlı bəstəkar, səmimi
və xeyirxah insan – M.Əhmədova borcluyuq. Lakin çox
yazıqlar olsun ki, belə gözəl insanın nə xatirə
lövhəsi var, nə də heç olmasa, Bakıdakı
musiqi məktəblərindən biri onun adını
daşımaq şərəfinə layiq görülməyib.
Lakin buna baxmayaraq, ustadın əziz xatirəsi Azərbaycan
musiqisevərlərinin qəlbində əbədi olaraq
yaşayacaqdır.
Oktay
Xalq Cəbhəsi.- 2012.- 12 iyun.-
S.13.