Qaqauzların maraqlı
toy-düyün mərasimləri
Onların adətləri
ilə tanış olduqda türklər üçün
xarakterik xüsusiyyətlərin şahidi oluruq
Hər bir
xalqın özünəməxsusluğu onun adət-ənənələrində
üzə çıxır. Bu sırada türklərin toy adətlərinin
öyrənilməsi maraqlı qənaətlərə gəlməyə
imkan verir. Professor Nizami Tağısoy qədim türklərin
toy adətləri haqqında qənaətlərini
bölüşür: «Qədim türklərdə toya olduqca
böyük əhəmiyyət verilirdi. Onlar toy mərasimi
olmayanlara yaxşı baxmırdılar. Rəsmi nikaha girməyənlərə,
toyu hüquqi cəhətdən möhkəmləndirilməyənlərə
ictimai rəy də birmənalı olmurdu. Toy nəinki nikaha
girənlərin arasında yeni ictimai vəziyyəti təsdiqləyir,
həm də qohumluq əlaqələrinə daxil olanların
təsərrüfat, iqtisadi, hüquqi, mədəni-mənəvi
münasibətlərini möhkəmləndirirdi və toy nəinki
iki gəncin birgə həyatının
başlanğıcını qoyan mərasim kimi dərk
olunurdu. İlk növbədə toy mərasimlərində kənd,
el-oba dünyagörüşünün və
düşüncə tərzinin xüsusiyyətləri öz
əksini tapıb».
Müxtəlif
türk xalqlarında toy mərasimləri özünün
oxşar və sırf spesifik xüsusiyyətləri,
detalları ilə seçilir. Bu, qaqauz toyları
üçün də səciyyəvi cəhətdir.
Spesifikliyinə baxmayaraq toy mərasimləri nəinki
qaqauzlarda, türklərdə, həm də digər xalqlarda,
slavyanlarda, ərəblərdə, farslarda, şübhəsiz,
ümumi cəhətlərə də malikdir. Bu özündə
aşağıdakı mühüm mərhələləri
birləşdirir: elçilik, nişanlanma, qız məclisi
(qız başı), toy günü, toydan sonrakı mərhələ
və s».
Türk xalqları içərisində
Türkiyə türkləri, türkmənlərlə bir
sırada qaqauzlar Oğuz soyundan olub, bir-birlərini demək
olar, asanca anlayırlar. N.Tağısoy qaqauzların
maraqlı toy-düyün adətləri haqqında
danışır: «Qaqauz toylarında aşağıdakı mərhələlər
var: nişanlanma, yemiş (üzüm)- bu nişandan bir, ya iki
həftə sonrakı mərhələdir ki, buraya dəvətliləri
yemişə, yaxud üzümə (kişmişə) qonaq
edirlər və toy yemişdən iki həftə, yaxud bir ay
sonra baş verir». Azərbaycanda qaqauz folkloru, mədəniyyəti
və ədəbiyyatının təbliğində xeyli
işlər görmüş və bu gün də
yaradıcılığını yorulmadan davam etdirən
tanınmış araşdırmaçı Güllü
Yoloğlu «Qaqouz folkloru » kitabındakı «Ön söz»də
qaqauzların şifahi yaradıcılığında olan digər
örnək və janrlarla yanaşı, bu xalqın qədim
adət-ənənələrindən olan toy mərasimləri
barədə də danışır. Müəllif qeyd edir
ki, qaqauz toy mərasimində hər bir adət türkü ilə
müşayiət olunur. Bu türkülərin
sırasında «Gəlin türküləri», «Traş
türküsü», «Xamur türküsü», «Güvə
türküsü», «Pelik türküsü» və s.
sadalanır. G.Yoloğlu yazır ki, qaqauzlar toya adətən
cümə axşamı çörək bişirməklə
başlayırlar.
Qaqauzlarda bu cür mərasimlərin
başlanğıcı «Xoru yeri»dir. Əksər hallarda
qızı oğlan «Xoru yeri»ndə bəyənir.
Oğlanın ata-anası «Xoru yeri»nə gedir. Əgər
oğlanın bəyəndiyi qız onların da xoşuna gəlsə,
onda ailəliklə məsləhətləşmə
aparılır və qohumların daha dilli birini (qaqauzlar ona
«dünürçü başı» deyirlər) qız evinə
göndərirlər. N.Tağısoy bildirir ki, toy mərasiminin
bütün mərhələlərində
dünürçü başının ilk dəfə
qız evinə elçiliyə gəldiyi zaman nişanda,
nişandan sonrakı dövrlərdə, toya hazırlıq və
toy zamanı şərab verilir. Lakin qeyd edək ki, ilk dəfə
elçi gedəndə və qızın «hə»si alınanda
Azərbaycan türklərində şərab və digər
spirtli içkilərdən istifadə etmək adət deyil.
Qaqauzlar isə xristian olduqlarından toy mərasimlərinin
bütün mərhələlərində məhz şərabdan
istifadə ənənəyə uyğunluqdan irəli gəlir.
Dünürçü başı qız evinə gəldikdə
sobaya yaxınlaşıb maşa ilə közü
qarışdırır. Ev sahibi sanki buna məhəl qoymur,
görmür, lakin bu hərəkətin nə demək
olduğunu yaxşı bilir. Elçiliyə gələn
«avşam ayrusun» (axşamınız xeyir), «müsafir
kabulmusunuz» deyir. Ona cavab verirlər ki, «müsafirdən kim
kaçar». Oturub yeyib-içib, ordan-burdan
danışdıqdan sonra gələn: «Biz otureres xem şerap
içeyerız, ama siz beni sormayorunuz, neçin geldim ben sizə».
Ev yiyəsi: «Buyur söyle nə varsa yüreyinde». «Ye
söyleyeciim şindan sonra. Diilmi bileersiniz ne için geldim?
Biz isteeris sizinnen suvatu olma!» Qızın atası: «Bizim
qızımız taa küçük, bu yıl onu vermeyceem,
kiminse kısmet gelen yıla» qızın anası əlavə
edir: «Ciizi taa tamam diil, bu yıl vermeyceem, kimse olursa gelen
yıla» Beləcə söhbət uzanır, yeyirlər, şərabdan
içirlər. Nəhayət, elçiliyə gələn
bir də deyir: «Verin bana cuvap, olacak mı, olmacak mı?».
Qızın anası: «Siz pek çavuk isteersiniz?», atası:
«Bakalım, düşünelim, laf edelim, da ondan sora
söölərsiz sana işin aslına». Elçi oğlan
evinə qayıdıb nəticə barədə məlumat
verir. Oğlan qapı arxasında dayanıb məsələnin
necə həll edildiyinə qulaq asır. Bir-iki gündən
sonra elçi yenidən qızın atasının icazəsi
ilə: «Yarın avşama buyurun, gəlin her bir
hazırlınızlan». Ad eləməni qaqauzlar adətən
imkan dairəsində şənbəyə, yaxud hər
hansı bayram gününə salmağı məqsədəuyğun
hesab edirlər. Oğlan evi qız evinə şərtləşdirilmiş
gün və saatı bildirir və dəstəylə
yığılıb qız evinə gedirlər. Əgər oğlan
evinin bu istəklərinə qız evi uyğundursa, onda
qıza elçi göndərilə bilər. Qaqauzlar
elçini elə vaxt göndərmək istəyirlər ki,
gedəndə qızı iş başında görə
bilsin, onun əl qabiliyyətinin necə olduğuna inansın.
Qaqauzlarda belə bir fikir var ki, evdə sobanın qurumunu alan
qızın üstünə onun bir dənəsi
yapışmamalı, düşməməlidir və
onların fikrincə, bunun özü də qızın
bacarığını əks etdirən əlamətdir.
Oğlan tərəfi uzun müddət ərzində
qız evini dərindən öyrənir. Bununla belə qız
evi də öz növbəsində oğlan tərəfi dərindən,
hərtərəfli öyrənməklə məşğul
olur. Oğlanın ağıllı-kamallı olması,
içkiyə meyli olub-olmaması, evləndikdən sonra ailə
saxlaya biləcəyi, valideynləri ilə necə münasibətdə
ola biləcəyi, fiziki və psixi cəhətdən
sağlamlığı, xarici görkəmi, ədəb-ərkanı
və s. məsələlər dərindən
araşdırılır: «Beləliklə, hər iki tərəf
bir-birini yaxşı tanıdıqdan (hər iki tərəfin
maddi, mədəni, mənəvi, təsərrüfat və
digər imkanları) xeyli götür-qoydan sonra razılıq
əldə olursa, məhz «bağlantı» məqamına gəlib
yetişirlər. Buna digər türk xalqlarından (Anadolu, Azərbaycan
türklərində) və slavyanlarda, o cümlədən
ruslarda, ukraynalılarda, belarus və digər toplumların toy
adətlərində biz rast gəlirik. Bağlantı baş
tutduqdan sonra qaqauzlar oturub yeyib-içirlər. Qız
atasına da şərab süzürlər, oğlanın
qohumlarından biri stəkanı ona verir. O isə yerindən
qalxıb ikona qarşısında üç dəfə
xaç çəkir və deyir: «Hadi şevkenize xayirli
kademli saatta çekedelim, Allah onnara böyük kesmet versin xem
güzel anıl.» Qalanlarda təkrar edir: «Allah versin». Nəhayət,
«nişan», «nişan töreni», «çorta», «çoda» ya
hazırlıq başlanır. Qaqauz nişanında dever deyilən
sağdıcın rolu böyükdür. Dever nişan
bayrağını hazırlayır. Azərbaycan türkləri
nişan bayrağı hazırlamırlar. Bu bizlərdə əsasən
qırmızı yaylıqdır ki, o həm oğlan evi, həm
də qız evi tərəfindən qız evinin
darvazavsında yuxarıda daha görüntülü yerdən
asılır. Oğlan evində çeşidli bir çəmbər
hazırlanır. Çəmbərin dörd küncünə
kiçik altın, ortasına böyük bir altın qoyurlar.
Qaqauzlarda nişan şənbə günündən bazar gecəsinə
təsadüf etməlidir. Nişan törənində nəinki
oğlan evi qız evinə, həm də qız evi oğlan
evindən gələn qohum-əqrəbaya-kişilərə dəsmal,
qadınlara isə yaylıq paylanılır. Qızın
başına «nişan çəmbəri» qoyduqdan sonra o,
yavkulu hesab olunur. Nişanlı qız məclisdə
olanların ətrafında dövrə vuraraq onların əllərindən
öpür. Nişan mərasimi başa çatdıqdan sonra
dəvətlilər musiqi sədaları altında, rəqs edə-edə
evlərinə dağılışırlar».
Qaqauzlarda mərasimin ən yüksək
zirvəsi toy-düyün günüdür. Keçmişdə
toya bütün kənd-köy dəvət edilər və o
üç-dörd gün çalınardı. Bu hələ
lap XX əsrin 50-60-cı illərinə qədər Azərbaycan
türklərində də belə idi. Qaqauzlarda toyun
bayrağı hazırlandıqdan sonra hamı evinə
dağılışır, geyinib-keçinib axşama
«çələng» «fenets» hörməyə
yığışırlar. «Fenets» ağ kağızdan
düzəldilir, kişili-qadınlı toya dəvət
olunanlar – çələngi kişilər papaq kimi,
qadınlar isə yaylıq kimi geyirlər. Bundan başqa gəlinin
başına yığışan qızlar müqəddəs
bitki sayılan «fəslin»dən bəy, gəlin, sağdıc
(bəyin xaç atası) və krestnitsa (oğlanın
xaç anası) üçün çələng
hazırlayırlar.
Azərbaycan türklərinin də
toy-düyün adətlərində həm oğlan, həm də
qız üçün sağdış və soldış
var. Lakin bizim toylarda onlar qaqauz toylarında olduğu kimi əlahiddə
səlahiyyətlərə malik deyillər: «Belə ki, bizdə
oğlan evindən toya «toy bəyi», «sərpayı», «toyun
xanı» kimi üstün səlahiyyətlilər nəzarət
edirlər. Toyxanada qonaqların qəbuluna, əyləşdirilməsinə,
onların müxtəlif arzu, tələb və təkliflərinin
yerinə yetirilməsinə, rəqs etmələrinə,
çalğıçıların oxuyub-çalmasına –
bütün hər nə varsa hamısı onların arzusu,
istəyi, nəzarəti altında həyata keçirilir. Azərbaycanın
Şirvan və digər bölgələrində toyun xanı
toy gününə bəzən 10 gün, bir həftə
qalmış müəyyənləşdirilir. Hələ
oğlan evində toya hazırlıq gedən zamandan
başlayaraq, demək olar ki, buraya köməyə gələn
qohum-əqrəba, qonşular xana verilmiş statusla
razılaşır və toyun xanının dediklərinə əməl
etməyə çalışırlar. Toyun xanının
yanından Şirvanın Ucar bölgəsinin yuxarı
Şilyan kəndində sağdış və soldış
(onlara həm də toyun «qazaxları» deyirlər) olurlar. Toyun
xanının əlində şallaq, qırmanc və yaxud
qayış, sağdış, soldışın əlində
isə heyva, yaxud nar çubuğu olur. Bəyin
tay-tuşları, dostları özləri bilərəkdən
xanın toyda verdiyi göstərişi (əmri) yerinə
yetirmədikdə xan qazaxların köməyilə onları
cəzalandırır, onlar xana, bəyə təzim edir, səsləndirilmiş,
deyilmiş «cərimə»ni (nəməri) «Xan, taxtın
mübarək» deyib, bəyin stolunun üstünə
atırlar. Qaqauzların toy-düyün adətləri ilə
tanış olduqda biz onlarda, ümumiyyətlə, digər
türklər üçün xarakterik olan xüsusiyyətlərin
şahidi oluruq. Sadaladığımız mərasimlərin,
ritualların, demək olar ki, xeyli hissəsini biz nəinki
Anadolu və Azərbaycan türklərində, həm də
digər türklərdə tapa bilirik».
Qaqauzların toy-düyün mərasimlərindən
danışarkən onlardakı toy nəğmələrindən
danışmamaq da mümkün deyil: «Çünki digər
türk qövmlərində – qazaxlarda, özbəklərdə,
qırğızlarda, qaraqalpaqlarda, Azərbaycan və Anadolu
türklərində, Sibiriya türklərində olduğu
kimi, onlarda da toyqabağı və toy günü oxunan
türkülər düyünün tərkib hissəsi kimi nəzərdən
keçirilməlidir. Qaqauzlarla qaraqalpaqların toy adət-ənənələrində
xeyli yaxın motivlər var. Biz hesab edirik ki,
qaqauzlar-oğuzlar, qaraqalpaqlar-kıpçaqlarla bir soy kökə
bağlı olsa da, onların genetik birliyini sübut edən
çoxsaylı məqamlar var. Çünki Qaraqalpaqstanda
qazax, qıpçaq, qazayaqlı və digər tayfa və qəbilələr
olduğu kimi, qaqauzların etnogenezində və bugunkü
Qazaxıstanda qazax, qıpçaq, qazayaqlı
tayfalarının adlarına rast gəlirik. Əgər genetik
yaxınlıq güclü olmasaydı, həm bu, həm də
digər xalqlarda bu tayfaların da adı eyni olmazdı».
Uğur
Xalq Cəbhəsi.-
2012.- 15 iyun.- S.14.