«Yazdığım qəhrəmanların
hamısı məndən bir parçadır»
Cavidan: «Ədəbi
mühitdə bir canlanma var»
Müsahibimiz Cavidan gənc yazar olsa
da, daha çox hadisələri kənardan izləməyə
qərarlıdır. Regionda – Lənkəranda yaşasa
da, hər şeyi dəqiqliyi ilə görür, duyur, hiss
edir. Beləliklə, bölgədə
yaşadığı üçün onunla müsahibəni
virtual olaraq aldıq.
- Yeni kitabınız işıq
üzü görüb. Adətən deyirlər
ki, kitab da doğma övlad kimidir. Bir ana kimi uşaq və
kitab: hansı daha doğmadır Cavidan üçün?
- Bəli, adətən belə deyirlər,
amma bir ana kimi əlbəttə ki, ədəbiyyatımdan daha
doğmadır mənə uşaqlarım, kim
bunun əksini pafosla deyirsə, sadə bir testlə yoxlasın
özünü – kitablarınımı əlindən alsalar həyat
davam edə bilər, uşaqlarınımı? Qaldı
kitablarıma, onlar üçün mən ana yox, atayam deyəsən,
onlar da doğmadır!
- Lənkərandan necə
görünür ədəbiyyatımız: inkişaf var,
yoxsa geriləmə?
- Ədəbiyyatın təfəkkürdən
çox ehtirasın, hisslərin məhsulu olmasına təkan
verildi. Məhz bu yön daha çox
alqışlanmağa başladı, amma bir dəfə bir
başqa müsahibədə dediyim fikri bir daha təkrarlamaq
istəyirəm: insanın bədənini deyil, ruhunu oyadacaq əsərlər
yazmaq lazımdır. Bir canlanma var sanki indi,
hamı yazır, hamı yazmağa qərarlı olur, bu,
yaxşıdır, ədəbiyyatımızın
inkişafı yolundakı yaşamaq uğrunda mübarizənin
var olmasıdır, ədəbiyyatımızın həyat
uğrunda mücadiləsidir. Amma kaş ki, oxucuya
çata bilə yazdıqlarımız, əsl oxucuya,
yazmağa qərarlı olmayan, yazarı yox, mətni görən,
kitaba susayan oxucuya!
- Romanda əyalət şüuruna ya da
uşaqlıq xatirələrinə yönəlmə ilə
müasir ya da postmodern şüurun nostalji
düşkünlüyünün hər hansı bir əlaqəsi
varmı? Bəs siz əyalət şüurundan
ya da uşaqlıq xatirələrindən romanlarınızda
istifadə edəndə qarşınıza hansı məqsədləri
qoyursunuz? Bununla etiraz etməyi
düşünürsünüz?
- Başqalarının adından ümumi
heç nə deyə bilmərəm, hər kəs
özünün üçüncü dünyasını
yaradır – yaşadığı və
yaşamadığı iki dünyanın arasındakı ədəbiyyatını.
Düşünmürəm də ki, hər kəs elə
ancaq özünün şəxsi xatirələrini
paylaşmağa qalxsın roman yazmaq adına.
Şəxsən mən uşaqlıq xatirələrimdən
yalnız «Cırcırama öpüşü» adlı povestimdə
istifadə etmişəm, içi mən qarışıq
yaşıdım olan qızların ümumi obrazıdır
oradakı Zöhrə. Bu, başqa
yazılarımda yoxdur, bir də «Namə» romanımda
Aidanın yuxuları özümün nə vaxtsa
gördüklərim olub, o qədər.
- Hekayə və romanlarınızda qəhrəmanların
və onların düşüncələrini
özünüzə yaxın hesab edirsinizmi?
- Hamısı doğmadır mənə, ən
pisinin içində bir yaxşı, ən
yaxşısının içində bir pis var mütləq,
bir çoxlarını real həyatdan da tanıyıram. Yazdıqlarımın
içinə həkk olunmuş bu insanların sonrakı talelərini
realda izləməkdən qorxuram bəzən, məsələn,
«Namə»dəki Masyanın xərçəng olduğunu biləndə
ağlamışdım, Nadyanın fotosunu bir facebook
fotoqrafının bomjlardan ibarət albomda görüb
diksinmişdim ki, hələ də sağdır, «Folknerin
vaxtsız gəlişi»ndəki qadının
«Ağrı»dakının eyni olduğunu tək mən bilirəm,
«Zazunun anası» mənimlə rastlaşanda mütləq mənim
hekayəmə «düşdüyü» zamanları
xatırlayıb zarafatlar edir, oğlu əsgər olacaq
artıq… «Hamilə» hekayəmdəki qara, kobud səsli
kişini mən bir də ən son hekayəm «Tarladakı
qadınlar»da gördüm – Rüstəm adlı birisi. Hərdən
heyrət edirəm yazdıqlarıma baxanda, hər şey
canlıdır onlarda, hər tərəfimdədirlər,
gözəl bir harmoniyası olan xaos, adrenalin və ekstrim dolu
labirint kimi…
- Yazdıqlarınızda xəyalla həqiqət
arasındakı məsafəni gizlətmək
üçün bəzən müəyyən maraqlı
gedişlər edirsiniz. Siz oxucunuza yazının
əslində bir oyun olduğunu çatdırmağa
çalışırsınız?
- Mənim üçüncü dünya
dediyim ədəbiyyat elə budur – real olanla real olmayanın
arasındakı neytral zona, bunu qəsdən uydurmaq olmur, gərək
spontan alınsın, sən sadəcə yazının
içinə qapılırsan və Alisa möcüzələr
aləminə düşdüyü kimi bir halda olursan – ta ki mətn
bitənə qədər. Oyun deyil, oyun dediyimizi
şeirdə bacarıram, nəsrdə yox.
- Necə
düşünürsünüz, yazdıqlarınız ənənəvi
nəsr nümunələridir, yoxsa artıq özünüzə
məxsus bir cığır açmısınız?
- Bunu mən deyə bilmərəm,
yazdıqlarımı oxuyanlar deyə bilərlər, hərçənd,
mən dəstə adamı deyiləm, tək getməyi daha
çox sevirəm, alınacaqsa, nə gözəl!
- Bu gün televiziya kanallarında göstərilən
bir çox serialın romanlardan televiziyaya
uyğunlaşdırıldığını
görürük. Nə zamansa telekanallar
üçün serial ssenarisi yaza bilərsinizmi?
- Mənim son baxdığım teleserial
«Klon»un ilk dəfə «Lider» telekanalında
nümayişi vaxtı olub, məhz o zaman doğrudan da
çox sevdim Qloria Peres adlı Braziliya
yazıçısını. Düşündüm
ki, mən də yaza bilərəm, çünki içimdə
insanlara demək istədiklərim vardı. Həm də,
bu işdən maddi gəlir də ola bilirsə,
nə yaxşı deyə ümidlənmişdim. Amma
internetimin belə olmadığı, kompüterdə
yazmağın nə demək olduğunu bilmədiyim, əlyazmalarımın
kiril əlifbasıyla yığıldığı vaxtlar
idi, neçə dəftər dolu kinopovest yazdım, sonralar
it-bat oldu onlar, məişət, ev,
uşaqlar, şəxsi depressiyalar… Roman yazmaq
daha çəkicidir. Serial ssenarisini ancaq
çox gözəl qonorar müqabilində yaza bilərəm,
söz yox ki, fərqli və gözəl olmaq şərtilə.
- «İsmin yeddinci halı»
romanınızda istifadə etdiyiniz texnika ilə romanda dilə
gətirmək istədikləriniz arasında nə kimi
paralelliklər var?
- Bu roman ağırlığı ilə
qaldı yadımda, necə başladım, necə yazdım,
necə bitdi, hələ də anlamıram və əminəm
ki, məhz bunu özüm anladığım zaman kitaba
çevriləcək. Oradakı iç-içə, yan-yana
olan dünyalar, hər şeyin və hamının hər yerdə
və hər zaman ola bilməsi,
içimizdəki aləmlər, içində olduğumuz aləmlər,
reinkarnasiya, ölüm, həyat, müharibə, sevgi,
qadın, özüm! Müəllif olaraq özüm də
varam o romanda, yazdığım, yaratdığım obrazlarla
yanaşı, bir yerdəyəm…
- Özünə xas üslubu olan bir yazarsınız.
Üslub fərqliliyi hekayə və roman yazarkən
təyinedici olurmu?
- Bu haqda düşünmürəm. Öncədən heç nəyi təyin eləmirəm,
bunu bacarmadığımı deyib etiraf etmək istəyirəm.
Məhz öncədən
düşünüb-daşınmaq istəyim, bir çox
yazarlar kimi öncədən karkas hazırlayıb planlı
şəkildə yazmaq cəhdlərim çox geriyə
atdı məni, depressiyaya qapıldım, yazmıram, yaza
bilmirəm, yaza bilməyəcəm kimi sərsəm bir
inamsızlığa sürüklədi ruhumu. Halbuki mənə sadəcə noutbukda təmiz bir səhifə
açıb barmaqlarımı klaviaturanın üzərində
gəzdirmək gərək idi, bunu çox gec başa
düşdüm.
- Ümumiyyətlə, Cavidan necə
yazır? Yazı mətbəxinə girməyimizə
icazə verirsiniz?
- Ağ-qara bir xronika kimi, bir qədər
Şərqi Avropa ruhuna yaxın. Amma Cavidan
çox tənbəldir. Çox az
yazır. Çünki bir saat yarıma düz
on səhifə hazır mətn alınır onda, məhz bu
arxayınlıq da imkan vermir daha çox işləməyinə.
O, bilir ki, hər bir mətn üçün ayrıca musiqi
fonu olmalıdır və həmin musiqini tapıb
qulaqcıqlarda yüksək səslə dinləyə-dinləyə
başlayır yazmağa. Düşünmədən,
plan qurmadan, bir cümlə o tərəfə nə
yazacağını belə bilmədən. Deyim Sizə,
«İsmin yeddinci halı»nı əsasən «Manqa» rok qrupunu,
Portuqaliya hissəsində Şakiranı, «Namə»də əsasən
«Ave Mariya»nı və Teomanı dinləmişdi, Məhsəti
haqqında romanı isə Fərqanə Qasımovanın
muğamlarına büründü. Musiqi fonu vacibdir onun
üçün, amma nəsrdə! Şeir yazanda dinləmir,
özü nəsə zümzümə edir və bu fonda da yazır. Elə bu
müsahibəni də Laleh adlı qızın «Snö»
mahnısını dinləyərək hazırlayıram.
- Əsasən hadisələrdən
ibarət olan romanlarda psixoloji təhlillər vermək bir qədər
çətin olur. Belə olanda siz
hansı vasitələrdən istifadə edirsiniz?
- Ən adi bir dialoqda da situasiyanın
psixoloji əhvalını vermək olar, ya o hadisələrin
içində obrazların xırdaca jestləri, gözlənilməz
hərəkəti bütün mahiyyəti aça bilər, hər
şey yazının nə dərəcədə
yazıçıya görünməsindən
asılıdır, özünün görə bilmədiyini
başqalarına göstərə bilməzsən axı.
- Mətn-yazar-oxucu arasındakı dinamik əlaqədən
yola çıxaraq Cavidanın yazdıqlarını necə
oxumalıyıq?
- Sadəcə uzaqda yaşayan, heç
vaxt yaxında olmayan və olmayacaq bir
tanımadığınız müəllifin ilk fədə
gördüyünüz əsərini oxuyurmuşsunuz kimi.
- Hazırda nə yazırsınız?
- «Cəhənnəmdə bitən
çiçək» romanımı yenidən nəzərdən
keçirirəm, bəzi xırda redaktə və korrektələr
edirəm, bir də şərti adı «Bakı 96″ olan
romanına başlamışam.
- Bir də eşitdiyimizə görə
Türkiyə nəşriyyatlarından biri ilə əlaqə
yaratmısınız. Bir az da bu barədə
oxucularımıza məlumat verərdiniz.
- Bəli, elə «Cəhənnəmdə
bitən çiçək» üçün sifarişi
İstanbuldan almışdım, «Bakı 96″ da eyni nəşriyyat
üçün yazılır, sifariş olaraq.
Söhbətləşdi:
Oktay Hacımusalı
Xalq Cəbhəsi.- 2012.- 15 iyun.- S.13.