Ədəbi tənqidin Hüseyn Cavid
yaradıcılığına münasibəti
Kamran Əliyev:
«20-30-cu illər mərhələsi Cavid
yaradıcılığına baxışın ziddiyyətli
dövrü olub»
Azərbaycan ədəbiyyatının
klassiklərindən biri, dahi dramaturq Hüseyn Cavidin irsinin tədqiqi
həmişə diqqət mərkəzində olub. Filologiya
elmləri doktoru Kamran Əliyev Cavid
yaradıcılığına ədəbi tənqidin
münasibətini araşdırıb, maraqlı qənaətlərə
gəlib. Cavid yaradıcılığının ötən
yüzilin 20-30-ci illərində tədqiq olunmasının səbəbini
tədqiqatçı həmin dövr ədəbi tənqidinin
Hüseyn Cavidə doğru yönələn maraq və diqqətinin
izlənilməsi, hər şeydən qabaq sənətkarın
yaradıcılığına aid doğru və yanlış
baxışların meydana çıxarılması və
onların səbəblərinin
aydınlaşdırılması istəyində görür:
«Geniş dünyagörüşə və analitik təfəkkürə
malik Hüseyn Cavid sənət baxımından yeni bədii
sistemin yaradıcısı olduğuna görə həm şəxsiyyətinə,
həm də bədii yaradıcılığına
münasibətdə ona yaxın bir dünyagörüşə,
sənət qavrayışına malik tənqidçi tələb
olunurdu. Cavid yaradıcılığa şeirlə başlamış,
«Keçmiş günlər», «Bahar şəbnəmləri»
kimi şeir kitabları çap edilmiş, daha artıq dərəcədə
dramaturgiya yaradıcılığı ilə məşğul
olmuşdu. Onun qeyri-adi poetik təbi imkan vermişdi ki, Azərbaycan
dramaturgiya tarixində mənzum dramaturgiyanın banisi olsun.
Başlıca mətləb ondadır ki, ədəbi tənqid
onun şeir yaradıcılığından çox
dramaturgiya irsi ilə məşğul olub. Bu isə ilk
növbədə teatra bağlı bir hadisədir,
çünki Cavid dövründə əsərlərin
tamaşaya qoyulması geniş miqyas almış və tənqidçilər
teatr problemlərinin təhlilinə ciddi əhəmiyyət
vermişdilər. Ədəbi tənqidin işi yalnız teatr
məsələləri ilə məhdudlaşmırdı,
habelə dramaturgiyanın özünün sənət problemlərinə
də geniş əhəmiyyət verilirdi».
Tədqiqatçı 20-30-cu illər mərhələsini
Cavid yaradıcılığına baxışın ziddiyyətli
dövrü adlandırır: «Hüseyn Cavid
yaradıcılığına münasibətin məsuliyyət
meyarı kimi aşağıdakı mülahizəni
xatırlamaq yerinə düşər: «H.Cavidin «Şeyx Sənan»
pyesini tənqidə cəsarət edəməyiz.
Çünki Cavidi tənqid üçün ikinci bir Cavid
lazım gəlir ki, o da, zənnimcə, bizdə yox kimidir»
(«Azərbaycan füqərası» qəzeti, 20 noyabr 1921-ci il).
Şübhəsiz, bu mülahizəni bütün tənqidçilər
qəbul etməmiş və qəbul edə də bilməzdilər.
Ona görə ki, dövrün mürəkkəbliyi daxilində
bədii zövqlərin müxtəlifliyi daha tez meydana
çıxırdı və rəngarəngliyini qoruyub
saxlayırdı. Lakin yuxarıdakı mülahizənin əsas
aparıcı mahiyyəti onun tənqidçilər
qarşısında qoyduğu məsuliyyət yükündədir.
Yəni Hüseyn Cavidə münasibətdə elə-belə,
ötəri mövqe tutmaq olmaz. Təəssüf ki,
Cavidşünaslıq tarixində həmişə belə
olmayıb, Cavid haqqında obyektiv mülahizələrlə
yanaşı qeyri-ciddi, qərəzli, hətta
açıq-açığına səhv fikirlər və
müddəalar da irəli sürülüb. «İblis» faciəsi
tamaşaya qoyulan vaxt tənqidçilərdən biri
yazırdı: «İblis» ölməz və daima bərhəyat
olan bir əsərdir ki, insanların təhzibi-əxlaqına
dair bundan da nafe bir əsər ola bilməz» (Tənqidçi.
«İblis». – «Kommunist» qəzeti, 4 oktyabr 1921-ci il). Başqa bir
tənqidçinin fikri isə belə idi: «Keçən məqaləmizdə
söylədiyimiz üzrə «İblis»də müəllif yoldaş
«Şeyx Sənan» qədər müvəffəq
olmamışdır. Birinci səbəbi əsərdəki təzaddır.
Biz keçən dəfə də yazmışdıq ki,
«İblis»də təzad o qədər kök
salmışdır ki, əsla təmizləmək olmaz» (Xəlil
İbrahim. Ədəbiyyat hərarələri. – «Kommunist» qəzeti,
1-2 dekabr 1921-ci il). Faktlar göz qarşısındadır:
biri Cavidin «İblis» əsərini təqdir edir, digəri tənqid
atəşinə tutur; biri «İblis»i tərbiyəvi əhəmiyyətinə
görə yüksək qiymətləndirir, digəri orada təzad
axtarmağı və təzad tapmağı mühüm vəzifə
hesab edir. Şübhəsiz, o fikirdə deyilik ki, bir əsər
haqqında ayrı-ayrı tənqidçilərin müxtəlif
mülahizələri ola bilməz. Kimdən və hansı əsərdən
yazılmasından asılı olmayaraq tənqid
obyektiv və sübutlu
olmalıdır. Ona görə də
«İblis»də təzad axtaranlar bu fikrin təsdiqini İblisin müxtəlif səhnələrdə
müxtəlif libaslarda – müxtəlif
cildlərdə səhnəyə gəlişində
görürdülər. Tənqidçilərin bu cəhdi tamamilə əsassızdır».
M.Quliyev 1930-cu ildə çap
etdirdiyi «Oktyabr və türk ədəbiyyatı» kitabında
yazır: «Cavid
yaradıcılığının yüksəlişində ən
ciddi əsər «İblis»dir. Bu əsər Hüseyn Caviddə Gete, Lermontov, Bayronun təsirilə
yaranmışdır. Əsərin baş
qəhrəmanı İblis – Mefistofelin varlığında onların təsiri
görünməkdədir. Hüseyn Cavid söz sənətinin
böyük rəssamıdır». M.Quliyev «Topal Teymur» haqqında yazır: «Topal
Teymur» estetik
ideyasız bir əsərdir: Hüseyn Cavidin əsərində: meşşan
məfkurəsindən başqa nə bir fikir var,
nə ideya, nə də müasir
məsələlərin həlli» (M.Quliyev.
Hazırkı türk ədəbiyyatı
haqqında. – «Kommunist» qəzeti,
7 dekabr 1926-cı il).
Yaxud: » … bu il bizim türk
teatrı yeni bir ədəbi
əsərlə – Hüseyn Cavidin «Topal Teymur»u ilə zənginləşmişdir.
Azərbaycan inqilabının altıncı ilində H.Cavid tarixi bir pyes yazmış və
bu əsərdə fəthlər yaparkən
insan qafalarından ehramlar
tikən Teymurləng kimi bir
tipi idealizə etmişdir».
Faktları
sadalayan K.Əliyev 30-40-cı illərdə
fəal ədəbi yaradıcılıqla məşğul olan Əli Nazimin də bir mülahizəsinə diqqət çəkir:
«Şübhəsiz ki, məmləkətin
son hadisələrindən az
mütəəssir olan bu
ədəbiyyat zümrəsi, təəssüflə deməliyəm
ki, kəndisini bitərəf bir cəbhəyə doğru
çəkir. İlhamını ya əski
Turan istilalarından («Topal
Teymur» – Hüseyn Cavid), ya əski Ərəbistan
çöllərindən («Peyğəmbər» – Hüseyn Cavid) alar, yaxud da
«Qız qalalarından» (Cəfər Cabbarzadə) və ya «Göy gölün»
füsunkar və simfonik
mənzərələrindən ruhlanır (Cavad). Məmləkətdə nə
yapıldığı, yıxılan və qurulan
işləri, yaradılan yenilikləri guya
görmək istəmirlər».
Araşdırmaçı
bildirir ki, Hüseyn Cavid çox vaxt iki cəhətdən ittiham
olunub: «Bir çox tarixi şəxsiyyətlərdən
yazmasına (guya onları idealizə etməsinə)
görə; bəzi əsərlərinin mövzusunu
yaxın Şərq ölkələrindən
aldığı üçün. «Topal Teymur» əsərini
gözdən salmaq üçün
«Gənc işçi» qəzetində
çıxan bir məqalədə deyilirdi: «Əsərin adı özünə çox uyğundur. Əsər
sənətcə topaldır» («Gənc işçi»
qəzeti», 22 noyabr 1926-cı il). Hələ 20-30-cu illərdə tənqidçilər
«Topal Teymur» əsərində
bir çox müsbət
xüsusiyyətlər və keyfiyyətlər
görürdülər. Hətta əsgərlərin
söhbətlərindəki etiraz
notları, Şair Kirmaninin
narazı mövqeyi araşdırıcıların
diqqətindən kənarda qalmamışdı. Bəzi tənqidçilər
bu məsələləri əsərin
qabaqcıl mövqeyi, qabaqcıl dünyagörüşü ehtiva
etmək kimi mənimsəmişdilər.
Tənqidçilərin biri
yazırdı: «Hüseyn Cavid
öz ədəbi icadı üçün köhnə mövzular
axtarır və öz
yaradıcılığı üçün
«İblis», «Peyğəmbər», «Şeyx Sənan», «Keçmiş
günlər» kimi köhnə
mövzuları intixab edir.
Amma Hüseyn Cavid kimi böyük
talant sahibi şairə
baxüsus «Uçurum»a doğru getmək, bizcə,
heç məsləhət deyildir» (Ə.Şərif. «İblis»,
«Kommunist» qəzeti, 22 oktyabr
1924-cü il).
Beləliklə,
tənqidçi şairin «Peyğəmbər»
kimi mövzulara
müraciətini onun öz
əsərinə istinadən «uçurum»
kimi mənalandırırdı.
Şübhəsiz, təbii məsələdir ki, H.Cavidin bu
tipli əsərlər yazması dövrün ümumi
qaydalarına uyğun gələ bilməzdi. Yenə də burada
iki meyl görünür. Bəziləri
bütün bu əsərləri
təqdir edir: » …düz
on il bundan
qabaq «Ana» meydana çıxdı. O zaman
Hüseyn Cavid ancaq yüksələn ulduz
idi. İndi isə
axtarışlarının dərinliyi, şeirinin
gözəlliyi və hisslərinin incəliyi etibarilə türk ədəbiyyatında özünə
bərabər qüvvə bilməyən parlaq
günəşdir» («Zarya Vostoka»
qəzeti, 14 mart 1923-cü il).
H.Zeynallı da yazırdı: «Cavid bir «Şeyx
Sənan» yazar, bir «Uçurum» açar, bir «Afət» doğurar, bir «İblis» rəqs etdirər,
bir «Peyğəmbər» yaratmağa
qeyrət edər. Bəlkə də şimdi
bir «Çingiz»,
yarın bir «İsgəndər» diriltməyə
can atacaqdır».
Bu da Cavidi təqdirdir. Lakin qəribədir;
həmin fikri təhlil edən bəzi tədqiqatçılar
belə fikrə gəlirlər ki, guya «tənqidçi şairin
xalq həyatı və gerçəkliyini
öz yaradıcılığının
mövzusuna çevrilməsinə
işarə etmiş olurdu».
Sonra da öz fikirlərini bir az genişləndirərək Cavidin
bu tipli
yaradıcılığını «müasir
poeziyanın novator hərəkəti üçün maneələrdən» biri hesab edirdi».
H.Cavidin keçmişə – tarixi mövzulara müraciətinin
əsl mahiyyətinə toxunan
araşdırmaçı bildirir: «H.Cavid ilk
kitabına «Keçmiş günlər»
(1913) adını vermişdi və əslində
keçmiş günlər –
yaşanılan günlər deməkdir. Əsl sənətkar
üçün isə yaşanılan
günlərin, hadisələrin nə dərəcədə əhəmiyyətli
olduğunu nəzərə alsaq, onda H.Cavidin sənət məsuliyyəti barədə
həqiqəti müəyyən etmiş
olarıq. Digər tərəfdən H.Cavid
üçün keçmiş
günlər tarixi yaddaşdır, yəni
uzaq gələcəklə
qarşılaşan, həm də uzaq gələcəyin
əsası olan yaddaşdır.
Bir az sonra keçmiş
günlər «Şeyx Sənan» və
«İblis»lə əvəz edildi. Lakin heç kimə qəribə
gəlməməlidir ki, elə bu əsərlər də H.Cavidin
dünya dərkinin nəticələri idi. Yəni əfsanə və mif Cavidi öz
dövrünün aktual
və vacib məsələlərinə
münasibət ifadə etməkdə məhdudlaşdırmırdı,
əksinə bəşərilik səviyyəsinin fəthi üçün geniş imkanlar açırdı. H.Cavidin
«Topal Teymur» əsərinin
ideyasını isə əsərdə aparıcı qəhrəman
kimi verilən Teymurləngin tarixi fəaliyyətində yox,
daha çox onun Yıldırım Bəyazidlə son dialoqunda axtarmaq lazımdır. Deməli, tarixdən
yazılmasına baxmayaraq, müasirlik
məzmunu daşıyan H.Cavid əsərləri
heç vaxt müasir poeziyanın inkişafına maneə
olub əngəl törədə bilməzdi.
Başqa bir məsələ:
Cavid əsərlərində bütün çılpaqlığı ilə
görünən coğrafi genişlik də ədəbi tənqidin kəskin
hədəflərindən olub.
B.Çobanzadə «Azəri ədəbiyyatının yeni dövrü» məqaləsində
H.Cavidin «Uzaq mühitlər
və mövzular ətrafında
dolaşması»ndan bəhs edirdi. Tənqidçi
S.Şamilov isə H.Cavid
yaradıcılığının bu cəhətini
nəzərdə tutaraq yazırdı: «Cavid Azərbaycan şairidir.
Lakin Azərbaycan həyatından çox az yazır» («Ədəbiyyat
qəzeti», 27 mart 1937-ci il).
Doğrudur, H.Cavid əsərlərində
zaman məhdudiyyəti olmadığı kimi məkan məhdudiyyəti də yoxdur. Bütün bunlara baxmayaraq
H.Cavidi «uzaq mühitlərdən»
yazmasına görə ittiham etmək doğru deyildi. Çünki mövzuları uzaq
və yaxın məkanlardan götürmək, obrazları uzaq və yaxın adamların taleyi
ilə bağlamaq romantizmin
təbii və özünəməxsus xüsusiyyətlərindəndir.
Eyni zamanda bunlar milli əlamətləri
də qətiyyən rədd etmir».
Araşdırmaçı
fikrini belə ümumiləşdirir: «Beləliklə,
20-30-cu illərdə şair-dramaturqun «Yerə
enməm də səma şairiyəm» misrası o zaman çox
populyar olmuş və
«səma şairliyi» ifadəsi Cavidə aid edilərək onun tənqidinə
«şərait yaratmışdı». Cavid
Türkiyədən Qurbanəli Şərifzadənin
ünvanına göndərdiyi məktubunda yazır: «Bir yarpaq
kağızı əlimə aldımmı, dərhal geniş sahələr, parlaq-parlaq
ülviyyələr, acı-acı həqiqətlər (!),
xüsusən təsvir və təsəvvürü güc bir çox
fikirlər alay-alay gözümdə təcəssüm
edir kibi olur» (Ə.Şərif. Keçmiş
günlərdən. Bakı, 1977). Göründüyü kimi,
Cavid hələ yaradıcılığa
başlamamışdan qabaq «acı-acı
həqiqətlərə» daha diqqətli olub və bu cür həyat məsələlərini əsərlərində
əks etdirib».
Uğur
Xalq Cəbhəsi.-
2012.- 19 iyun.- S.14.