Qarabağda Mehraliyevlər ailəsi
Qarabağda belə bir nəsil də var: Mehralıyevlər. Bu, qarabağlıların çox sevdikləri, adlarını hörmətlə yad etdikləri, sorağı Qarabağın hüdudlarından çox-çox uzaqlardan gələn peşəkar musiqiçilər ailəsidir. Xanəndə Bahadır Mehralı oğlu, tarzən Məşədi Nəriman Bahadır oğlu Mehralıyev bu sülalənin adlı-sanlı nümayəndələridir. Nəslin ağsaqqalı, kökü Mehralı kişi XIX əsrin II yarısında Şuşada sayılıb-seçilən sənətkarlardan idi. O, gözəl qarmon çalmağı ilə də tanınırdı. Onu da qeyd etmək olar ki, Azərbaycanda bu sehrli musiqi alətinin ilk ifaçılarından biri də Mehralı kişi olub. Özünün Şuşadakı Çuxur məhəlləsində dükanı var idi və çox zaman nahar vaxtı dostları onun başına yığışar, o da onların xahişi ilə qarmonunu dilləndirərdi. Bəzən toylarda, el şənliklərində də iştirak edərdi.
Mehralı kişinin oğlu Bahadır 1883-cü ildə anadan olmuşdur. Hələ uşaqlıqdan öz incə və zil səsi ilə diqqəti cəlb etmişdir. Atasının qarmonda müşayiətilə Bahadırın oxuduğu xalq mahnılarını, təsnifləri və muğam şöbələrini qohum-qonşular çox bəyənərdi. Atası ilə musiqi məclislərinə gedəndə də öz şirin nəfəsi ilə məclis əhlini ələ ala bilirdi.
Mehralı kişi oğlunu 8 yaşında olarkən Şuşada məşhur olan Molla İbrahimin məktəbinə qoyur. Molla İbrahim muğam bilicisi və gözəl müəllim kimi ad-san qazanmışdı. O öz məktəbinə əsasən yaxşı səsi olan istedadlı uşaqları qəbul edirdi. Bu məktəbdə dinin əsasları, ərəb-fars dilləri, klassik ədəbiyyat və muğam tədris olunurdu. Qarabağın bir çox görkəmli sənətkarları məhz Molla İbrahim məktəbinin yetirməsi olmuşdur. Azərbaycan vokal məktəbinin banisi, böyük sənətkar Bülbül məhz ilk təhsilini bu məktəbdə almışdır. Sonralar professor Bülbül Məmmədov qeyd edirdi ki, tələbələr 13-14 yaşına kimi Molla İbrahimin, 14 yaşından yuxarı isə Xarrat Qulunun məktəbində təhsil alırdılar.
Burada haşiyə çıxaraq qeyd etmək istərdik ki, Molla İbrahimin məktəbi nəinki Qarabağda, hətta Şərqdə mədrəsə tipli ilk musiqi məktəbi hesab oluna bilər. Əlbəttə, bunun üçün geniş elmi araşdırmalar aparmaq lazımdır.
Bahadırın da xanəndə kimi püxtələşməsində, şübhəsiz ki, atası ilə yanaşı, Molla İbrahimin böyük rolu olmuşdur. Eyni zamanda o, öz çalışqanlığı sayəsində sənətini təkmilləşdirir, görkəmli xanəndələrin ifasını dinləyir, muğamın sirlərini daha da dərindən öyrənməyə çalışırdı.
Bahadır artıq 20 yaşından bir xanəndə kimi Qarabağ məclislərində məşhurlaşmışdı. Onu tez-tez Şəkiyə, Şirvana, Gəncəyə, İrəvana, Tiflisə, hətta İrana dəvət edirdilər. Toy məclislərindən başqa, o, həmçinin Şuşada və Ağdamda keçirilən Şərq konsertlərində çıxış edirdi.
Bahadır Mehralı oğlu usta xanəndə kimi geniş səs diapazonuna malik idi. O, bütün muğamları pəsdə və zildə asanlıqla oxuyurdu. F.Şuşinskinin yazdığına görə o, Qarabağ məktəbinin bütün ifaçılıq qaydalarına ciddi riayət edər, hər şeyi ölçüb-biçər, artıq xallar vurmazdı. Bahadır guşəxanlıqda, söz seçməkdə, qəzəlxanlıqda usta idi. Səsi o qədər cingiltili və qaltanlı idi ki, çox uzaq məsafədən eşidilərdi. Püxtələşmiş xanəndə tarın bütün pərdələrində asudə gəzişər, xüsusilə Heydəri kimi coşğun zəngulə tələb edən muğamı çox sərbəst oxuyardı. Deyilənlərə görə Bahadır Mehralı oğlu Şuşada Çanaqqalada Qarabağ Şikəstəsini oxuyanda şəhər bulvarında çıxış edən Xan Şuşinski onun səsini eşidib Qarabağ Şikəstəsini oxumağa başlardı. Aralarındakı uzaq məsafəyə baxmayaraq, hər iki xanəndə səs-səsə verib zəngulələr vurarmış.
Bahadır Mehralı oğlu bir sıra görkəmli sənətkarlarla- xanəndələrdən Seyid Şuşinski, Zülfü Adıgözəlov, Xan Şuşinski, Pəsxan Cəlil, tarzənlərdən Abbasqulu Ağa, İsi Əliyev, Allahyar Cavanşirov, qarmonçalanlardan Lətif Əliyev, Abutalıb Kərbəlayı Muxtar oğlu, Yusif Yusifovla çiyin-çiyinə çalışmış, neçə- neçə el şənliklərini, toyları, konsertləri birgə keçirmişlər. O, dəfələrlə Azərbaycan və Zaqafqaziya miqyasında təşkil olunan musiqi və xalq yaradıcılığı olimpiadalarında iştirak etmiş, fəxri fərman və mükafatlara layiq görülmüşdür. 1936-1945-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur.
Bahadır Mehralıoğlu həm də gözəl müəllim idi. 1930-cu illərdə Ağdamda hələ musiqi məktəbi olmadığı bir dövrdə şəhər pionerlər evinin nəzdində xanəndəlik dərnəyi təşkil etmiş və ətraf kəndlərdən də istedadlı uşaqları bu dərnəyə toplamışdır. Bununla da Ağdamda ilk musiqi təhsilinin demək olar ki, təməlini qoymuşdur. 1958-ci ildən ömrünün sonuna kimi o, Ü.Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbində xanəndəlik sinfinin müəllimi olmuşdur.
Ustad xanəndə Bahadır Mehralıoğlu Qarabağda çox sayda musiqiçilər yetişdirib tərbiyə etmişdir ki, onların adı mədəniyyətimizin görkəmli nümayəndələri sırasında çəkilir. Əbülfət Əliyev, Qədir Rüstəmov, Aydın Məmmədov, Niqay Bayramov, Barat Fərhadov və b. onun yetirmələridir. Sara Qədimova, Mütəllim Mütəllimov, Hacıbaba Hüseynov, Fatma Mehralıyeva, Rəhilə Həsənova, Şövkət Ələkbərova, Şahmalı Kürdoğlu, Paşa Əsədov, Hafiz Sədrzadə kimi görkəmli müğənni və xanəndələrimiz Bahadır Mehralı oğlunun muğam yolundan bəhrələnmişlər. Hacıbaba Hüseynov Bahadır Mehralıoğlu haqqında deyirdi: «O, çox savadlı və şəxsiyyətli bir xanəndə idi. O, gələndə biz istər-istəməz ayağa qalxırdıq».
Bahadır Mehralı oğlu sənətdə öz yolunu açmış xanəndə idi və onun xidmətlərindən biri də o idi ki, bu yolun davamçılarını yetişdirə bilmişdi. Bahadır Mehralı oğlundan sonra isə bu sənəti davam etdirmək və sələflərinin adını yaşatmaq kimi şərəfli bir vəzifə övladı Məşədi Nərimanın çiyinlərinə düşdü. Məşədi Nəriman 1916-cı ildə Şuşada anadan olmuşdur. 6 yaşında ikən o, əmilərilə Məşhəd şəhərinə ziyarətə getmiş və Məşədi titulu qazanmışdır. 1925-ci ildən isə onların ailəsi Ağdama köçmüş və həmin vaxtdan da onun həyatı bu şəhərlə bağlanmışdır.
O, ilk musiqi təhsilini atasından almışdır.
Uşaqlıqdan musiqini
özünə sənət
seçərək tütəkdə,
sazda, qavalda, tarda çalmağı öyrənir, lakin tara daha
ürəkdən bağlanır.
Məşədi Nərimanın uşaqlıq
dostları və qonşuları xatırlayırlar
ki, o uşaqlıqda taxtadan üçbucaq şəklində özünə
bir tar düzəltmişdi.
Cəmi
4 simi olan bu alətlə məşq edir, gözəl mahnılar və oyun havaları
çalırdı. Ona
tar alınan gün əsil bayrama çevrilmişdi. Həmin gündən
daha çox çalışır və
çalğısını təkmilləşdirirdi. Xüsusilə atasından öyrəndiyi
muğamları getdikcə
mahiranə ifa edirdi.
O, lap gənc yaşlarından atasını tarda müşayiət etməyə
başladı. Beləcə ata-oğul sənət yolunda qoşa addımladılar.
Toy məclislərində, konsertlərdə Məşədi
Nəriman xalq tərəfindən böyük
rəğbətlə qarşılanırdı. O, gözəl
tarzən, yanar ürəkli bir sənətkar idi. Hər bir muğamda və ya təsnifdə
canlı obraz yaratmağa nail olurdu.
Tar onun əlində dil açıb danışırdı. Tarzən üçün
lazım olan gözəl texnikası, iri barmaqları, güclü biləyi vardı. Onun iti barmaqları
simlərdə gəzişəndə
hamını heyran edirdi. Sədəfli tarı məharətlə
çalması çox
gənci musiqiyə həvəsləndirmişdi.
Məşədi Nərimanın yaradıcılığı
çoxcəhətli idi. O, həm
solo muğam ifaçısı
idi, həm də muğam üçlüyünün tərkibində
məharətli müşayiətçi
kimi tanınırdı.
Məşədi Nərimanın ifasında
Xaric Segah, onun mayəsində vurduğu barmaqlar xüsusilə diqqətəlayiq
idi. Orta Mahur muğamını
da çox gözəl, özünəməxsus
bir tərzdə ifa etmişdir. Azərbaycan radiosunun fondunda Məşədi Nərimanın ifasında
Xaric Segah və Mahur Hindi muğamlarının lent yazıları
saxlanılmaqdadır. Onun sənətində
diqqəti cəlb edən cəhətlərdən
biri də xalq musiqisini və muğamlarımızı
yad təsirlərdən
qorumağa çalışması,
milli qaynaqlara arxalanması idi.
Oktay
Hacımusalı
Xalq Cəbhəsi.- 2012.- 20 iyun.- S.13.