İzi qalanlar

 

 II yazı

 

Əbdürrəhimbəy Əsədbəy oğlu Haqverdiyev 17 may 1870-ci ildə Şuşa şəhərinin yaxınlığında yerləşən Ağbulaq kəndində anadan olub. Atası Əsədbəy qəza idarəsində katib vəzifəsində çalışıb. Üç yaşında ikən atasını itirən Əbdürrəhimbəyi əmisi (babasının əmisi) Əbdülkərimbəy himayəsi altına alıb. 1875-ci ildə əmisi qonşu bəylər tərəfindən öldürüldən sonra uşaq anası Hüsnücahan xanımın yanına gedir. Əbdürrəhim bəy həmin günləri belə xatırlayır…

«Neçə il əmimin evində qalmaq mənim üçün bir əzab idi. Əmimin arvadı bir yandan, arvadının qardaşı oğlu bir yandan əmimdən bixəbər mənə olmazın işgəncələr verirdilər. Əmimə şikayət etməyə qorxurdum. Çünki hər dəfə şikayət etdikdən sonra ikiqat əzaba mübtəla olacaq idim. Axır bir gün davam gətirməyib ayaqyalın, başıaçıq bir baş anamın yanına qaçdım».

 

Gələcəyin yazıçısı

 

Kiçik Əbdürrəhimi atalığı H.Sadıqbəyov çox yaxşı qəbul edir, onun tərbiyəsi ilə məşğul olur. 1880-ci ildə atalığı Əbdürrəhimi Şuşada Yusifbəyin müvəqqəti yay məktəbinə qoyur. Burada Haqverdiyev rus dilini öyrənir, rus yazıçılarını böyük həvəslə öyrənir. 1884-cü ildə Əbdürrəhimbəy Şuşada təşkil olunan bir teatr tamaşasında iştirak edir. Tamaşa gənc Əbdürrəhimin çox xoşuna gəlir və onun ədəbi yaradıcılığa başlamasına təsir edən əsas amillərdən biri olur. Bu barədə müəllif xatirələrində yazır: «Yadımdadır, Mirzə Fətəlinin «Xırsquldurbasan»ı oynanılırdı. Bu əsəri gördükdən sonra, Mirzə Fətəlinin məcmüəsini tapıb oxumağa başladım. Hətta «Hacı Daşdəmir» adlı bir komediya Mirzə Fətəlinin «Hacı Qara»sı mövzusunda yazıb Yusifbəy Məliknəzərovun mülahizəsinə verdim. Yusifbəy həqiqi pedaqoq idi. O, mənim bu pyesimi bir növ dil ilə mənə qaytardı ki, bundanincidim, nə də həvəsdən düşdüm».

1890-cı ildə Əbdürrəhimbəy Haqverdiyev Şuşa realnı məktəbinin altıncı sinfini bitirib, Tiflis realnı məktəbinin sonuncu sinfinə daxil olur. O, burada rusAvropa klassiklərini öyrənir, tez-tez teatr tamaşalarına baxmağa gedir.

Əbdürrəhimbəy Haqverdiyev 1891-ci ildə Tiflis realni məktəbini bitirdikdən sonra ali təhsil almaq məqsədi ilə Peterburqa gedirorda Yol Mühəndisləri İnstitutuna daxil olur. O, Peterburqda olduğu səkkiz il müddətində azad müdavim statusu ilə universitetin şərq fakultəsində də təhsil alır. O, eyni zamanda dil və ədəbiyyat məsələləri ilə ciddi məşğul olur. Peterburq ədəbi həyatının, tez-tez Aleksandrinsk teatrında baxdığı tamaşaların təsiri ilə Əbdürrəhimbəy Haqverdiyevdə sənətə, teatra olan həvəsi daha da artırır. O, Yusifbəyi birinci müəllimi kimi sayırdısa, Aleksandrinsk teatrını ikinci müəllim hesab edirdi. Aleksandrinsk teatrı əsasən böyük rus klassiklərinin – Fonvizin, Qriboyedovun, Saltıkov – Şedrinin, Ostrovskinin, Puşkinin, Çexovun və digərlərinin pyeslərini tamaşaya qoyurdu. Gənc yazıçı Peterburqda olanda özünün ilk qələm təcrübələri olan «Yeyərsən qaz ətini, görərsən ləzzətini»(1892), «Dağılan tifaq» pyeslərini qələmə alır.

Bu pyeslər əsasən, realist ideya cəhətdən olduqca zəif sayıla bilər, amma müəllifin ilk təcrübəsi kimi olduqca maraqlıdır. Bu əsərləri yazarkən müəllifə Şuşa mühitinin əhəmiyyətli dərəcədə təsiri olmuşdur. Uzun müddət içərisində dolaşdığı mühit, xüsusən mülkədarlığın həyat və məişətinə dair apardığı dolğun müşahidələr ona zəngin materiallar vermişdir. Həmin dövrdə ölkədə patriarxalfeodal münasibətləri yavaş-yavaş burjua münasibətləri ilə əvəz olunurdu ki, dramaturq da bunu çox gözəl başa düşürilk yazdığı bədii nümunələrdə, bunu əks etdirməyə çalışırdı.

 

Şuşaya qayıdış və Bakı mühiti ilə tanışlıq

 

Əbdürrəhimbəy Haqverdiyev 1899-cu ildə Peterburqdan Şuşaya qayıdır. Şuşada iki il yaşayan müəllif burada xalq yaradıcılığı nümunələri toplamaqla məşğul olur. Ədib 1900-cü ildə «Bəxtsiz cavan» pyesini yazır. Pyes eyni ildə tamaşaya qoyulur. 1901-ci ildə Haqverdiyev Şuşadan Bakıya gəlir və burada «Pəri cadu» pyesini tamamlayır. Əsər səhnədə müəllifin başqa pyesləri kimi böyük uğur qazanır.

Bakı mühiti gənc yazıçının inkişafı üçün geniş imkanlar yaradır, o, burada Həsənbəy Zərdabi, Nəcəfbəy Vəzirov, Cahangir Zeynalov, Hüseyn Ərəblinski kimi dövrün qabaqcıl adamları ilə tanış olur, onlarla əlbir işləyir, teatr üçün repertuar hazırlayır, rejissorluq edir, 3-cü rus-tatar məktəbində dərs deyir.

Əbdürrəhimbəy Haqverdiyev 1904-cü ildə Şuşa şəhəri idarəsinə üzv seçildiyi üçün yenidən ora qayıdır. O, burada çox qalmır, 1905-ci il inqilabından sonra Rusiya dövlət dumasına Gəncə quberniyası üzrə nümayəndə seçilirPeterburqa gedir. Dövlət duması dağıldıqdan sonra ədib dörd ay Peterburqda qalır və «Ağa Məhəmməd şah Qacar» faciəsini yazmaq üçün dövlət kitabxanasında çalışır. 1907-ci ildə yazıçı yenə həmin faciəyə aid əlavə məlumatlar toplamaq üçün İrana səyahət edir. Faciə ilk dəfə Bakıda səhnəyə qoyulurbundan sonra uzun zaman səhnədə oynanılır. Bu əsəri yazdığı ərəfələrdə o, tarixi əsər (ələxsus da faciə) yazmağın çətinliyini bir sənətkar çox gözəl başa düşür, özündən əvvəl faciə yazan rusAvropa dramaturqlarının, məsələn, PuşkininŞekspirin əsərlərini mütaliə edir, onlardan faciə yazmağın sirrlərini öyrənir.

 

«Molla Nəsrəddin»lə əlaqə

 

«Molla Nəsrəddin» jurnalı nəşrə başladıqdan dərhal sonra Əbdürrəhimbəy orada Ceyranəli, Xortdan, Həkimi – nuni – səğir, Lağlağı, Mozalan, Süpürgəsaqqal və başqa imzalarla hekayə, felyetonpublisist məqalələr çap etdirir. Həmin dövrdə «Cəhənnəm məktubları», «Mozalanbəyin səyahətnaməsi», «Marallarım» əsərlərini qələmə alan müəllif «Molla Nəsrəddin» jurnalının fəal mühərrirlərindən biri kimi şöhrət qazanır. Bundan başqa, ədib o dövrdə «Millət dostları», «Kimdir müqəssir?» kimi kiçik həcmli səhnə əsərlərini də yazır.

Ə.Haqverdiyev «Nicat» cəmiyyətində və Kür-Xəzər gəmiçiliyində çalışdığı müddətdə vəzifəsi ilə əlaqədar olaraq İranı, Qafqazı, Orta Asiyanı və Volqaboyu sahillərini gəzir. Etdiyi səyahətlər ədibdə yeni yaradıcılıq intibahları yaradır. 1911-ci ildə vəzifəsindən azad edilən Əbdürrəhimbəy Haqverdiyev Ağdama köçürbeş il orada yaşayır. O, Ağdamda yaşadığı müddətdə bədii yaradıcılığını davam etdirir, «Molla Nəsrəddin» jurnalına hekayələr, felyetonlar, gündəlik məsələlərlə əlaqədar olaraq publisist məqalələr yazır.

Əbdürrəhimbəy Haqverdiyev 1916-cı ildə Tiflisdə «Şəhərlər ittifaqının Qafqaz şöbəsi əxbarı» adlı rus dilində çap olunan aylıq məcmuənin müdirliyinə təyin olunur və Tiflisə gedir. 1917-ci ildə «Röya» və «Həmşəri» hekayələrini yazır.

1917-ci ildə baş verən fevral inqilabından sonra Əbdürrəhimbəy Haqverdiyev Borçalı qəzasına müvəkkil təyin olunub Şülaver qəsəbəsinə gediril yarım orada işləyir. 1917-1918-ci illərdə o, ermənilərin törətdiyi qırğınlara bilavasitə şahidlik edirbu məsələləri qızışdıranlara qarşı mübarizə aparır.

 

Demokratik Cümhuriyyət dövründə Haqverdiyev

 

Əbdürrəhim bəy Haqverdiyev 1918-ci ildə qurulan Azərbaycan Demokratik Cümhuriyyətinin daxilixarici siyasəti ilə müəyyə mənada razılaşmamış, amma bununla yanaşı, Dağıstanda, Ermənistanda demokratik cümhuriyyətin təmsilçisi olaraq çalışmışdır. Əbdürrəhimbəy öz tərcümeyi-halında verdiyi izahatda həmin fikirləri təsdiq etməməkdədir: «1919-cu ildə Müsavat hökuməti məni çağırıb Dağıstana müməssil göndərdi. Orada mənim işləməyim Denikinə xoş gəlmədi, onun əmri ilə 24 saat ərzində Bakıya sürgün olundum. Bakıda bir az qaldıqdan sonra məni Ermənistana göndərdilər. Lakin burada da mənim xətti – hərəkətim hökümətin yeritdiyi xətti-hərəkətlə müğayir gəlmədiyindən istefa verdim».

Əbdürrəhimbəyin sosial demokrat «Hümmət» qəzetində yazdığı məqalələr də onun siyasi düşüncəsinə bir daha aydınlıq gətirməkdədir. 1920-ci ildə Azərbaycan ruslar tərəfindən işğal olunduqdan sonra Əbdürrəhimbəyin həyatında yeni bir mərhələ başlayır. 1921-1931-ci illərdə o, Bakı Dövlət Universitetində ədəbiyyatdan mühazirələr oxuyur. Haqverdiyev mühazirələr oxuyub yeni gənc kadrlar yetişdirməklə yanaşı, eyni zamanda bir çox məsul ictimai vəzifələrdə də çalışır. O, Azərbaycanı tədqiq və tətəbbö cəmiyyətinin sədr müavini və sədri, Şərq fakultəsinin katibi kimi vəzifələrdə çalışır (1922-1925).

1927-ci ildə Əbdürrəhimbəyin ədəbi-ictimai fəaliyyətinin otuz beş illik yubileyi böyük təntənə ilə qeyd olunur. Bədii yaradıcılıqla yanaşı, eyni zamanda həmin dövrdə ədib bədii tərcümə ilə də sıx surətdə məşğul olur. Onun Şillerdən, Çexovdan, Şekspirdən, Qorkidən, Zolyadan etdiyi tərcümələr o dövrdə böyük rəğbətlə qarşılanır. Əbdürrəhimbəy 11 dekabr 1933-cü ildə Bakıda dünyasını dəyişir. Yaşasaydı, kim bilir bəlkə də Sovet terror maşını Əbdürrəhimbəyi sağ buraxmayacaqdı. Baxmayaraq ki, Haqverdiyev ənənəvi sosialistlərdən heç nə ilə fərqlənmirdi. Bircə adındakı BƏY sözü idi onu sıravi zəhmətkeşlərdən fərqləndirən…

 

 

Oktay Hacımusalı

 

Xalq Cəbhəsi.- 2012.- 20 iyun.- S.11.