Milli incəsənətdə özünəməxsus mövqeyi olan bəstəkar

 

Bəstəkar Rəhilə Həsənovanın milli incəsənətdə mövqeyi özünəməxsusdur: o, heç kimi təqlid etmir, heç kimə bənzəmir. Bəstəkarın müraciət etdiyi mövzular və həmin mövzuların musiqidə təcəssümü yolları onun tam müstəqilliyinə, cəsarətinə, təxəyyülünün hüdudsuzluğuna dəlalət edir.

70-ci illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alarkən tale onu milli bəstəkarlıq məktəbinin öndəri, alicənab və xeyirxah insan Qara Qarayevlə görüşdürdü. 70-dən artıq bəstəkar yetişdirmiş professor Q.Qarayevin bir müəllim kimi əsas cəhəti hər bir tələbənin fərdiyyətini aşkarlamaq, onu düzgün istiqamətləndirmək, kiçicik bir qeydi, iradı ilə düşünməyə, arayıb-axtarmağa vadar etmək idi. Sonralar Rəhilə Həsənova ustadın dərslərini xatırlayaraq yazırdı: «O, axtarış tələb edirdi, çünki öz yaradıcılığı da fasiləsiz axtarış timsalı idi. Bəzən müəllimin dərslərində möcüzə baş verirdi: tələbənin uğursuz «yaratması» – «çirkin ördək balası» xırda düzəlişdən sonra «qamətli qu quşuna» çevrilərdi».

R.Həsənova musiqinin ənənəvi janrları – simfoniya, kvartet, sonataya müraciət etsə də, onları qeyri-adi tərzdə yozur, milli təfəkkür süzgəcindən keçirir. Məsələn, onun III simfoniyası klassik dördhissəli modeldən çox-çox uzaqdır. Əsər birhissəlidir, vahid bir özəkdən yetişdirilir, «dinamik durğunluq» dramaturgiyasına əsaslanır, həm də elə bil qapanmır, son durğu işarəsindən məhrum edilir, açıq qalır. Bu xüsusiyyətlər bir tərəfdən Şərq fəlsəfəsi və musiqisi, digər tərəfdən müasir Qərb mədəniyyətinə, ədəbiyyatına xas bəzi təmayüllər, məsələn, «şüurün axını» («stream of consciousness») ideyası (Coys, Prust) ilə bağlıdır. Eyni zamanda R.Həsənova milli musiqi dilinin ən sadə elementləri (gəzişmələr, milli rəqs ritmləri) əsasında böyük cazibəyə malik, xüsusi prosessual keyfiyyətlərinə görə Avropa formalarından heç də geridə qalmayan orijinal konstruksiyalar ucaldır. Onun musiqisində Qərb və Şərq təfəkkür tipləri bir nöqtədə çarpazlaşaraq, sintezin bərabər əsaslarda mümkünsüzlüyü iddiasını inkar edir.

Bəllidir ki, XX əsrin ikinci yarısında simfoniyada sonata formasının şəksiz inhisarına son qoyulur: onun icra etdiyi funksiyanı atipik, hər bir konkret halda müəllifin təxəyyül süzgəcindən keçirilən başqa formalar öz öhdəsinə götürür.

R.Həsənovanın bir sıra əsərlərində, o cümlədən III simfoniyasında gözümüz önündə quraşdırılan proses sonata formasından nə qədər uzaq olsa da, öz təsir qüvvəsinə görə paradoksal tərzdə həmin ənənəvi formaya yaxınlaşır. Çünki burada prosesin nəticəsi – formakristal deyil, muğamdakı kimi prosesin özü tipikləşdirilib.

R.Həsənovanın bəstəkar-rejissor keyfiyyətləri onu teatrla görüşdürməyə bilməzdi. Hələ tələbəlik illərində o, iki fəslin – qışın və baharın mübarizəsinə həsr olunmuş «Kosa-kosa» balet-pantomimini yaratmışdır. R.Həsənovanın teatr debütü 2000-ci ildə baş tutdu: o, İrəvan Dram Teatrının quruluş verdiyi Hüseyn Cavidin «Maral» dramına musiqi bəstələdi. Musiqidən təkan alaraq rejissor Elmira Məlikova Cavidin dramını mərasim kimi təfsir etdi və tamaşanın janrını «birhissəli faciəvi oratoriya» kimi müəyyənləşdirdi.

Tamaşa boyu fasiləsiz səslənən, fon yaradan meditasiya səciyyəli musiqi səhnədəki hadisələrlə bilavasitə əlaqədar deyil: o, üzdə görünməyən, qəhrəmanların daxilində çağlayan ehtirasları ifadə etməklə yanaşı, əlavə fəlsəfi mətnaltı qat yaradır. Bu çoxyaruslu musiqinin müxtəlif şaxələrindən biri saatın zəngini təqlid (imitasiya) edir, digəri isə güzgünü təcəssüm etdirir. R.Həsənovanın əsərin musiqisinə bu simvolların «müdaxiləsi» haqqında söhbəti maraqlıdır: «İşə başlayarkən yalnız dramın ümumi fabulası ilə tanış idim. Ancaq musiqini bəstələyib bitirdikdən sonra mənə agah oldu ki, Cavidin göstərişinə əsasən səhnədə saatın da, güzgünün də «iştirakı» zəruridir. Mətndə hətta belə bir cümlə var: «İştə bu saatın hər vuruşu həyatımız üçün ən müdhiş bir zərbə deməkdir». Nədir bu? Təsadüf? Sənətçinin fəhmi? Mənə görə, yaradıcılıq prosesində mistikanın mövcudluğu».

Tamaşada bütün vacib sözlər, ifadələr müəyyən intonasiyaya (musiqi çalarına) boyanır, nitq ritmcə təşkil olunur. «Maral»ın rəngarəng «səs partiturası»nın yaranışı, şübhəsiz, R.Həsənovanın başlıca nailiyyətidir. Bəstəkar H.Cavidin fonik zənginliyi ilə seçilən şeirlərindən istifadə etmiş, şair poeziyasının daxili musiqisini çox həssas duyub çatdıra bilmişdir. Tamaşanın mərasimlə (ritualla) əlaqələrini gücləndirən xor səhnədəki hadisələrə fəal müdaxilə edir. Burada danışıq və oxumaq arasında «tərəddüd» edən məxsusi «musiqili nitq» (Yeni Vyana məktəbinin öndəri Şönberq «Aylı Pyero» əsərində belə bir nitqi «təşkil» edə bilmişdir) yaranır ki, bu da R.Həsənovanın Azərbaycan musiqisinə gətirdiyi yenilikdir.

Doğrudan da, R.Həsənova rejissorla birgə çox maraqlı bir konsepsiya təqdim edir, sənətin müasir, orijinal bədii vasitələrinin köməyi ilə Cavidimizi yaşadır, klassiklərimizin dramaturgiyası qarşısında XXI əsrin qapılarını açır. R.Həsənovanın «Maral»dakı işi onun opera yazmaq iqtidarında olan müəllif kimi yaradıcılıq potensialını aşkarlayır. Bəstəkarın fikrincə, müasir opera əvvəlki, ənənəvi yolla inkişaf edə bilməz. Statik, hərəkətsiz vokalçılar səhnədə çox aciz görünür, çağdaş tamaşaçını həyəcanlandırmaq iqtidarında deyil. Müasir musiqi tamaşası aktyor-vokalçılara ehtiyac duyur: burada qiraət, plastika, musiqi, yəni bütün komponentlərin üzvi vəhdətinə nail olmaq, rejissor, bəstəkar, xoreoqraf, rəssamın sıx əməkdaşlığı vacibdir. «Kosa-kosa» balet-pantomimi, «Cavidi-dəstgah» xor simfoniyası belə bir sintetik tamaşaya nümunə ola bilərdi.

Son zamanlar R.Həsənovanın əsərləri Azərbaycanın hüdudlarından kənarda daha tez-tez səslənir, rəğbətlə qarşılanır. O, Hollandiyanın «New Ensemble» kollektivinin sifarişi ilə bir neçə əsər yazmışdır. 1997-ci ildə bəstəkarın Polşada müəllif konserti keçirilmiş, 1999-cu ildə «Qəsidə» adlı orqan əsəri Almaniyada çalınmışdır. Müasir milli musiqinin yorulmaz təbliğatçısı pianoçu Rəna Rzayeva R.Həsənovanın əsərlərini müxtəlif ölkələrdə, özü bir qayda olaraq böyük müvəffəqiyyətlə ifa edir. 1993-cü ilin payızında pianoçunun Almaniyanın bir sıra şəhərlərində çıxışlarını yüksək qiymətləndirən tənqidçi Günter Metsner yazırdı: «R.Həsənovanın fortepiano sonatası dinləyici auditoriyasında daha böyük əks-səda doğurdu. Eşitdiyimi sözlə ifadə etməyə çətinlik çəkirəm. Burada sanki F.Qlassın minimalist musiqisi T.Brekstonun yeni mürəkkəb cazı ilə birləşib elə bir nəhəng eyforiya yaradır ki, Raxmaninov musiqisinin partlayışları müqayisədə qüvvəsini itirir, sakit, sönük səslənir 2001-ci ilin mayında R.Həsənova İngiltərənin Taunton şəhərindəki müasir musiqi festivalında (Chard-festival) birsaatlıq proqramla çıxış etmiş, öz fortepiano əsərlərini çalmışdır. Həmyerlimizin Azərbaycan mədəniyyəti haqqında mühazirəsi, pianoçu məharəti beynəlmiləl auditoriyanı fəth etmişdir.

qədər paradoksal olsa da Rəhilə Həsənova adında bəstəkar Azərbaycanda çox məhdud dairə tərəfindən tanınır. Rəhilə xanıma arzulamaq olar? Prinsipcə, Tanrı ona hər şey bəxş edib: məxsusi istedad, xeyirxah ürək, qeyri-adi işgüzarlıq, nadir müşahidə qabiliyyəti

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2012.- 22 iyun.- S.13.