Pozaq bu SÜKUTu

 

Ötən həftə Mətbuat Şurasında yenə də toplantı var idi. Yaxınları, sənət dostları Elçin Mirzəbəylinin həm kitabının təqdimatı, həm də 45 illik yubileyi ilə bağlı mərasimə toplaşmışdılar. Hamı təbriklərini çatdırır, xoş sözlərini ifadə edir, yubilyarın yaradıcılığının müxtəlif məqamlarına dair düşüncələrini bölüşürdü. Mən də bu yazımla çox güman, eyni zamanda öz ürək sözlərimi də ifadə etmiş olacam. Təbii ki, yazdıqlarımda Elçin Mirzəbəyli şəxsiyyətinə və yaradıcılığına bəslədiyim dərin rəğbət hissinin təsiri olacaq. Amma məqsədim heç də bunu bildirməkdən ibarət deyil. Nə də «Poz bu sükutu» kitabı hıqqında bütövlükdə fikir söyləmək niyyətindəyəm. Sadəcə oradakı bəzi nümunələrə diqqət yetirərkən müəllifin pozmuş olduğu sükutdakı müəyyən məqamlar üzərində dayanacam.

Nəşrdə «Salam, Məmləkət» başlığı altında verilmiş hissədəki ilk şer müəllifindən əvvəl tanıdığımız və sözlərinə yazılmış musiqisi ürəkləri riqqətə gətirən «Azadlıq marşı»dır. Deyərdim ki, Elçin bəyin şah əsəri. 1989-cu ildə «Azadlıq» meydanında cəmi 22 yaşında ikən yazıb. Tam əminəm, hələ də musiqinin həm özünün, həm də sözlərinin kimə məxsusluğunu bilməyənlər var. Məncə, müəllifin böyüklüyü də elə bundadır. Yazdığı o qədər xəlqiləşib ki, kimsəni onu ərsəyə gətirən maraqlandırmır. Ən əsası isə məncə ondadır ki, bu gözəl sənət nümunəsi «mən»in, «sən»in olmadığı, «biz» deyilən nəhəng qüvvənin Azərbaycan adlandırılan məkanın müstəqil məmləkətə çevirilməyə doğru obrazlı desəm, salam verdiyi dövrün məhsuludur. O mərhələdəki hər şey xalqa məxsus idi. Elçin bəyi və onun kimilərini isə sanki xalq o dövr üçün yetişdirmiş, mübarizə meydanına salmışdı. Özü də proses hadisələrin təlatümlü şəkil aldığı 1988-1989-cu illərdən də əvvəl başlamışdı. Bu mənada «Poz bu sükutu»dakı 1984-cü ilə aid «Niyə ağlayırsan?» şeri ilk olaraq diqqətimi çəkdi.

 

Qurut göz yaşını dünya dolmamış,

Az belə sızlayıb göynə, a zalım,

Özgə əllərində sapand olmamış

Sən də daş atmağı öyrən, a zalım,

Ya da get özünə arzu fikirləş

 

17 yaşında bu ürək düşüncə sahib olan şəxs millətinin özgə əllərdə sapanda çevrilməməsini, daş atmalı olduğunu deyirdisə, 22 yaşında onun «qalx ayağa, millət» çağırışına imza atması əlbəttə, təəccüblü sayılmamalı idi. Çünki millət artıq öz arzusunu da fikirləşmişdi. Səsinin boğulmamasını istəyirdi. həmin an gənc Mirzəbəyli öz şeri ilə o səsin boğulmaması üçün xalqın azadlığa çıxmasını, bir bayraq altında birləşməsini milyonların şüarına, AZADLIQ marşına çevirməyi bacarmışdı.

Ötən əsrin 80-ci illərinin hadisə proseslərinə soyuq tərzdə nəzər salsaq, az qala hər günün SSRİ-nin süqutunu bir az daha yaxınlaşdırdığını söyləmək mümkündür. Bu anlamda böyük dəyişikliyə aparan yolun hər detalının hesablandığını söyləyərək müəyyən mənada konspirologiyaya varmaq da olar. Amma zənnimcə, bir çox məsələlər var idi ki, onların nəzərə alınması sadəcə mümkünsüz idi. 22 yaşlı Elçinin onunla birgə «Azadlıq» meydanına toplaşanların hisslərini, duyğularını götür-qoy etmək olmazdı. Çünki onlar AZADLIQ atını çapana qədər ulamaqUlamaq istərəm…» şeirindən) istəyirdilər. Çünki onlar «ya Rəbb, məni qurban seçəcək millətə qurban Millətə qurban» şerindən) deyirdilər.

 

Qalx, qır yenə sən zəncirini, ey ulu yurdum!

Heç kim geriyə dönməyəcək gəlsə yüz ordu!

Qürbətdi Vətən qulsa əgər, oğluna dardı -

Etməm Vətənin bir qarışın qürbətə qurban!

Ya Rəbb, məni qurban seçəcək millətə qurban!

 

Azərbaycanda yuxarıların planlaşdırmadığı hadisələr baş verdi. Artıq Mirzəbəylinin şerlərindəki sərsərilər bir vətən içində vətənsiz ölmək istəmirdilərSərsəri» şerindən). Kəfənlərini geyinib öz anlarını gözləyirdilər. O an 1990-cı ilin yanvarın 19-dan 20-ə keçən gecə yetişdi. Bu dəfə «niyə ağlayırsan deyə sual ediləcək adam qalmamışdı. Çünki Məmməd Aslanın təbirincə desək, ağlayanlar yalnız qərənfillər idi. Dünyanın səksəkəsinə çevrilən Azərbaycanda heç kəsə «kiri» demək olmurdu. Mirzəbəylinin el üçün dedikləri çin çıxdıheç kim ordu önündən dönmədi. Hamı səhəri ulayaraq açmağa can atdı. O səhər 23 yaşlı şairin şeirində açıldı:

 

Bizə dəyən yad daşımı,

Dünya kədər yaddaşımı,

Şəhidlərə baş daşımı?

 

Güllər tamam qırmızıydı («20 Yanvar səhəri» şeiri).

Qırmızı güllər həm qələbənin rəmzi oldu. Qərənfillər ölümləri ilə ölməzliyə qovuşan Vətən övladlarının məzarları üzərində özlərinə əbədi ümman tapdılar. Mirzəbəyli yaradıcılığı da bu zəfəri, müstəqilliyi qeyd etdi. Fəqət onun həsrət dolu baxışları Arazı yarıb keçir, bu dəfə AYRILIQ deyə hayqırır, Azərbaycan torpağını, tam, bütöv görmək atəşi ilə alovlanırdı. Amma «hələ ki, Araz üstə göz yaşları tökülürHələ ki, Araz üstə bayatılar səslənir» söyləyərək kifayətlənirdiAyrılıq» şeirindən).

Ardıncaardınca təzad, dərin xəyal qırıqlığı. Döyüşərək, çarpışaraq istiqlalına qovuşan xalqı tərənnüm edən şair çox böyük yanğı incikliklə «ortada ac ACİZ məmləkət» deyir.

 

Yenə dörd bir tərəfdən

əsir dəli küləklər.

Puça çıxan arzular,

Tapdalanmış diləklər

Ağrı» şerindən).

 

Şair böyük ideallarla yaşayan ölkənin insanının vəziyyətindəki məntiqi trayektoriyanı onun azadlıq acından çörək acına çevrilməsini qələmə almaqla cızır, millətin ölümünü gözləri qabağında canlandırırMillətin ölümü» şerindən). Bu canlandırma çox dəhşətlidir. Elçin bəyin sözləri ilə desəm, niyyətimizin ədalət, əməlimizin cəllad, aydınımızın kölə, köləmizin aydınlıq zirvəsinə «yol tapdığı» üçün dəhşətlidir, qorxuncdur. 22 yaşlı gəncin şerindəki xalq buna görəmi ağaya qalxmışdı? Üzərindən 22 il keçdikdən sonra 22 yaşlı gənclərin şerə, sənətə maraq göstərməmələri, mənəvi sərsəriyə çevirilmələri üçünmü etmişdi bunu? Etmişdi ki, bumbuz çadırlarda körpələr üşüsün?!Ağrı» şerindən) Yox, taleyin təlatümlərindən çıxan bu millət çörək pul sınağına çəkilməməli idi! İçərisində həsrət kabusu dolandırmağa məhkum bu millətin Ağdam qatarıKabus qatar» şerindən) olmalı idi! Nəhayət, bu millət səsi qulaqları batıran sükuta qərq olmamalı idi! bu sükut həqiqətən pozulmalıdır. Pozaq bu SÜKUTu!

Azadlıq şairi Elçin Mirzəbəyliyə dərin hörmətlə,

 

 

Əvəz RÜSTƏMOV

 

Xalq Cəbhəsi.- 2012.- 26 iyun.- S.11.