Maarifçilikdemokratik dəyişikliklər carçısı

 

M.F.Axundzadə: «Mən istəyirəm ki, xalqımın qəlbində qeyrət, namus, ədalət, bərabərlik toxumu əkilsin»

 

Əsrlər boyu yerli hakimlərin və xarici istilaçıların əsarəti altında yaşamış çoxmilyonlu Şərq xalqlarının ümumbəşəri tərəqqi yolları ilə irəliləyişi üçün əzablı axtarışları M.F.Axundzadəni belə bir qəti qənaətə gətirmişdi: «Tam azadlıq iki növ azadlıqdan ibarətdir: biri ruhani azadlıqdır. Bizim ruhani azadlığımız islam dininin başçıları əlimizdən almış, o biri cismani azadlığımızı isə despot hökmdarlar əlimizdən almış, bizi bu dünya həyatında tamamilə öz buyruqlarına tabe etmişlər».

Yaşadığı mürəkkəb və ziddiyyətli mühitin bütün reallıqlarını dərk edən müəllif, maddi-mənəvi cəhətdən əzilən, hüquqları tapdalanan, hər addımda təhqir olunan geniş xalq kütlələrinin zəruri oyanışını, öz insan haqları uğrunda mübarizə yolunu ilk növbədə savadlanmaqda, təhsil almaqda, elmlərə yiyələnməkdə, dünyada baş verən ictimai-siyasi, sosial-iqtisadi, mədəni-mənəvi proseslərdən baş açmaqda, nəhayət, bu köklü dəyişikliklərdən əməli surətdə faydalanmaqda görmüşdü.

Şərq xalqlarının, xüsusilə də müsəlman aləminin qədim tarixinə, zamanın sınaqlarından çıxmış ənənələrinə, zəngin mədəni sərvətlərinə, özünəməxsus inkişaf xüsusiyyətlərinə yaxşı bələd olan Mirzə Fətəli böyük inamla yazmışdı: «Deməliyəm ki, mənim xalqımın fitri istedadı ümum Avropa xalqlarının fitri istedadından əskik deyil, qat-qat artıqdır».

Onun fikrincə, bu fitri istedaddan bacarıqla faydalanaraq, «hər şeydən əvvəl bilik, bundan sonra azadlıq, azadlıqdan sonra isə var-dövlət» əldə etmək lazımdır. «Gəlin əl-ələ verək, xalqın xoşbəxtliyi barəsində düşünək!» amalı ilə yaşayan Axundov «əhalisi yoxsul, yolları xarab, kəndləri viranə» olan məmləkətdə, pozulmuş «ədaləti yerinə yetirmək və zülmü aradan qaldırmaq üçün millətin özü bəsirət və elm sahibi olmalı, ittifaqyekdillik əsaslarını əldə etməli, sonra zalım haqqında: səltənət və hökumət busatından əl çək!» – hökmünü verib.

Özünü «bəşər dostu» adlandıran Mirzə Fətəli təkcə Şərq xalqlarının yaxud müsəlman dünyasının maraq və mənafeyini deyil, bütün insanların taleyinə cavabdeh kimi çıxış yolunu belə müəyyənləşdirmişdi: «Bəşəriyyətin xoşbəxtlik və səadəti o vaxt mümkün olacaq ki, istər Asiyada, istərsə də Avropada insan əqli əbədi zindandan tamamilə xilas edilib, əməl və fikirlərində rəvayət deyil, yalnız insan əqli sənəd və sübut hesab edilsin». «Hər bir cəmiyyətin üzvləri öz düşüncə və fikirlərində sərbəst olmalıdırlar» ideyasını irəli sürən müəllif hakim dairələrə xatırlatmağı zəruri sayırdı ki, qorxu əsasında yaradılmış bir sabitlik, yaxud tabelik «heç zaman etibarlı ola bilməz».

Canlılar aləmində insanı daim «tərəqqi tələb edən bir varlıq» kimi dəyərləndirən Mirzə Fətəli qeyd edirdi ki, cəmiyyətdə «fikir azadlığı olmadan, tərəqqi mümkün ola bilməz». Çünki xalqın yalnız öz fikrini azad söyləmək yolu onun gözlərini aça bilər və milləti istibdadın zülmündən xilas edər. «Tərəqqi o zaman imkan tapar ki, cəmiyyətin fərdləri öz fikirlərində sərbəst olsunlar, çünki insanlar əməlincə ağıllarını işlətməsələr, gördükləri işi düşünmədən və fikir vermədən etsələr avtomat (mexaniki alət-Q.Ə.) və ya dəyirman atına bənzərlər.»

Ölkəsinin və xalqının «sərvət, qüdrət sahibi olmasını» arzulayan müəllif bunun üçün «indi insanlara elm lazımdır, mədəniyyət lazımdır» ideyasını irəli sürür və göstərirdi: «Bütün dünyaya məlumdur ki, Avropa xalqları elmlərin, biliklərin, sənət və hünərin inkişafında bütün yer üzünün xalqlarından irəlidə gedirlər.» Doğrudan da «elə ki, xalq tərəqqi yoluna qədəm qoydu, elə ki, elm geniş yayıldı, elə ki, xalq xarüqələrin, möcüzələrin və kəramətlərin imkan xaricində şeylər olduğundan xəbərdar olub, dini əqidələrin əfsanə olduğunu başa düşərək, bu puç əqidələri bütün xalqların arasından qaldırdı və mədəniyyət dairəsinə daxil oldu, o zaman…. xalq cəhalətdən, hərc-mərclikdən xilas olduğu kimi despotun zülmündən də azad olar

Deməli, «bütün işlərin əsası bilikdirbilik isə əlifbanın asan olub-olmamasından asılıdır» məntiqi nəticəsinə çıxış nöqtəsi kimi istinad edən M.F.Axundzadə bu istiqamətdəki səylərinin uğursuzluqla başqa çatmasından çox məyus olsa da dönməz bir mövqe tutaraq yazmışdı: «Ola bilsin ki, deyəcəksiniz: Mirzə Fətəli, bütün bunlar soyuq dəmiri döymək kimi bir işdir. Bəli, bunu mən özümbaşa düşürəm. Lakin yenə də yazıram və nə qədər ki, sağam, yazmaqda davam edəcəyəm ki, əlifbanı dəyişdirmək fikri bütün xalq arasında yayılmış olsun

Maraqlıdır ki, Mirzə Fətəlinin xalq-hakimiyyət-din-elm çərçivəsi daxilindəki ictimai-siyasi, iqtisadi-sosial, mədəni-mənəvi düşüncələrinə səpələnmiş çoxcəhətli (dramaturji, nəsr, publisist, tənqidi) yaradıcılığında əks olunmuş fikirlərindəki liberallıq (ədalətli hakim); radikallıq (çevrilişə çağırış); ateizm (dini cəhalətə, xurafata münasibət); əlifba islahatı (savadsızlığın ləğvi, elm-təhsilin inkişaf zəruriliyi) mövqelərinin bir-birindən təcrid olunmuş şəkildə təhlili, yaxın keçmişdə ona bəzən dinsiz, bəzən də inqilab tərəfdarı, hətta ərəb əlifbasına düşmən kəsilməsi kimi birtərəfli yanaşmalar, şübhəsiz, bu şəxsiyyətin mənəvi aləmini tam xarakterizə edə bilməz.

Fikrimizcə, Şərqdə və Azərbaycanda maarifçiliyin, milli özünüdərkin, demokratik oyanışın, zəruri dəyişikliklərin aparılması ideyalarının lideri sayılan Mirzə Fətəlinin tarixi rolukonkret zaman-məkan reallığında, məqsəd, habelə ona çatmaq yolları müstəvisində obyektiv surətdə təhlil olunub qiymətləndirildiyi halda, onun ictimai-mədəni tariximizdəki misilsiz xidmətləri aydın olar.

Tarixi xidmət isə ümumiyyətlə, nə etməklə deyil, ilk növbədə insanın özündən əvvəlkilərə nisbətən yeni nələr etdiyi meyarları ilə ölçülür. Ən etibarlı mənbə müəllifin acılı-şirinli düşüncələri, fikirləri və etiraflarıdır: «Mənim məqsədim bundan ibarətdir ki, xalqın içərisində bütün təbəqələrə mənsub olan adamlar elmlərin və sənayenin tərəqqisinə nail olsunlar». «Mənim məqsədim islam xalqlarını sarsıdan cəhaləti aradan qaldırmaq, elmləri, sənətləri inkişaf etdirmək, xalqımızın azadlığı, rifahı və sərvətinin artması üçün ədalətə rəvac verməkdir.» «Bizim fikirlərimiz həyata keçirilərsə, vəziyyət daha yaxşı olacaq, despot hakimiyyəti əvəzində mötədil və azadlıq hakimiyyəti qurulacaq, hünərsizlərin bazarı kasad olacaq, hər kəs öz bacarığı və biliyinə görə vəzifə sahibi olacaq». «Sənin padşahın dünyanın tərəqqisindən xəbərsiz öz paytaxtında oturub elə güman edir ki, padşahlıq ibarətdir qiymətli paltarlar geyməkdən, ləzzətli xörəklər yeməkdən, rəiyyətlərin və təəbələrin malına, canına hədsiz-hüdudsuz hakim olmaqdanya ondan ibarətdir ki, xalq onun qarşısında əmrə müntəzir dursun, axmaq şairlər də onu uşaq yerinə qoyub mənasız mübağilələrlə tərifləsinlər…». «Ölkənin vəziyyəti o qədər hərc-mərclikdir ki, tərifə gəlməz. Nə bir qanun var, nə də nizam-intizam, insanların hüququ məlum deyil… Nə bəd əməlin cəzası müəyyəndir, nə də yaxşı işin mükafatı. Kimin ağlına nə gəlirsə onu da edir»; «Hökumət adamları və cəmi mənsəb sahibləri bilsinlər ki, onların heç bir hərəkəti gizli qalmayacaq, ayılsınlar, bədnamlıqdan qorxsunlar və vəzifələrinin icrasında millət və vətənpərvərlik fikirlərinə müvafiq hümmət göstərsinlər»; «Xalqın mənafeyi, ölkə və vətənimizin abadlığı onu tələb edir ki, xalqla dövlət arasında birlik və mehribanlıq yaransın»; «İslam dini ancaq o zaman yaşayıb davam edə bilər ki, insanlar dinin mahiyyətini şüur və mərifət əsasında anlamış olsunlar»; Dünyada yaşamağın yeganə mənası yaxşı ad qazanmaqdır ki, o da xeyir əməllərin sayəsində əldə edilə bilər.»; «İnsan elə bir işə əl atmalıdır ki, o, sənin dərdinə dərman etsinOna gərə də vaxtını böyük işlərə sərf et! Bir bax gör, dünya xalqları necə tərəqqi etmişlər. Axı sən də bir hərəkətə gəl, tərəqqi aləminə qədəm qoy və mədəniyyət axtarıb tapmağa çalış, axı nə vaxta qədər qəflət yuxusunda qalacaqsan

Eyni zamanda yaşadığı mühitin, hakim dairələrin, ətrafındakıların onu başa düşmədiklərindən, geniş xalq kütlələrinin isə cəmiyyətdə dəyişikliklər aparılmasına hələ hazır olmadıqlarını məyusluqla qeyd edən müəllif ürək ağrısı ilə yazırdı: «Hər zaman ki, həmvətənlərimiz və həmməzhəblərimizin vəziyyətini və onların cəhalətdə qalmasını xatırlayıram, təəssüf atəşinin tüstüsü qəlbimdən beynimə vurur. Bu vəziyyətin və cəhalətin səbəbi elmsizlik və savadsızlıqdır». «Böyük bədbəxtlikdir ki, insan belə bir millətin içərisində yoxluq aləmindən varlıq aləminə qədəm qoysun və haqqı anlasın, ancaq öz həmvətənlərinə onu anlada bilməsin və bu dünyadan qüssə və həsrətlə getsin». «Hicrətdən bu günə qədər… hakimlərin qəflət və səhlənkarlığı üzündən vətənimiz ən acınacaqlı bir vəziyyətə düşüb. Xalqımızın vəziyyəti elədir ki, onu düşündükdə insan ağlamaq istəyir»; «Biz… tərəqqi və səadət istəyirik. Onlar isə bizim kafir olmağımıza hökm verir və bizə lənət yağdırırlar»; «Məgər tərəqqi dövrü olan bizim əsrimizdə bir ağıllı və təmiz düşüncəli insan hökm verə bilərmi ki, bəşər övladı cansız cismlər kimi öz qədim vəziyyətində və nadanlığında hərəkətsiz qalsın və qaranlıqdan işığa çıxmaq yolunda, tərəqqi yolunda heç bir addım atmasın»; «Vallah, müasirlərimin vecsiz olması nəticəsində yaşayış mənə haram olub. Zəhərdən acı bir həyat keçirirəm.»; «Xülasə, hər cür müvəffəqiyyətsizliyə dözmək və qatlaşmaq lazımdır. Səbir etmək lazım gəlir ki, əcəl gəlib çatsın, bu dünyanı tərk edək və bədbəxt xalqımızın tamamilə ölüb ortadan getməsini heç olmazsa, öz gözümüzlə görməyək.»

Ani ildırım çaxmasını və dolmuş buludların yağışını xatırladan bu təbii insan hisslərinin bədbin çalarları, zəmanəsinin ictimai-iqtisadi ədalətsizliklərinə qarşı etiraz şikayətləri, məyusluq anları, mütəfəkkir Mirzə Fətəlinin bir şəxsiyyət kimi həyat məqsədi saydığı – maarifçilik, azadlıq, demokratik dəyişikliklər, əlifba islahatı kimi işıqlı ideyalarından; yaşadığı cəmiyyətdəki cəhalət və xurafata, savadsızlıq və geriliyə yönəldilmiş mübarizə yolundan sonadək yayındıra bilməmişdi… Onun «mən o həriflərdən deyiləm ki, düşmən qarşısında diz çöküb, onların əmrinə tabe olum… Nə qədər ki, sağam, qələmimlə vuruşacağam…» qətiyyəti buna sübutdur.

Bu sarsılmaz inamın və uzaqgörənliyin ifadəsi kimi o, tam əminliklə yazmışdı: «Bir zaman gələcək ki, bizim arzularımız xəyaldan həqiqətə çevriləcək… Bizim adımız həmişə tarixdə qalacaq və övladlarımız tərəfindən hörmətlə, iftixarla yad ediləcək».

 

 

Qürdət Əbdülsəlimzadə,

professor

 

Xalq Cəbhəsi.- 2012.- 28 iyul.- S.14.