«Namiq Abdullayev ancaq gecələr yazırdı»

 

Yazıçı Namiq Abdullayevin həyat yoldaşı Firəngiz Abdullayeva: «O, özünün əfsanəyə çevrildiyinin fərqində belə deyildi»

 

Namiq Abdullayev 1928-ci il martın 3-də Xızı rayonundakı Darzarat kəndində anadan olub. Orta məktəbi Siyəzən (indiki Dəvəçi) rayonunun Xişkədar kəndində qurtarıb (1947). Xarici Dillər İnstitutunun ingilis dili fakültəsində təhsilini davam etdirib (1948-1952). Siyəzən şəhərindəki C.Cabbarlı adına məktəbdə ingilis dili müəllimi olub (1952-1960). Bakıda Uşaq və Gənclər nəşriyyatında redaktor (1960-1961), Azərbaycan Dövlət TeleviziyaRadio Verilişləri Şirkətində məsul buraxıcı, redaktor, böyük redaktor, baş redaktor vəzifələrində çalışıb (1961-1988), daha sonra isə bədii yaradıcılıqla məşğul olub.

Ədəbi fəaliyyətə 50-ci illərdən başlayıb. Onun fantastik hekayələri, povest və nağılları «Göyərçin», «Pioner» jurnallarında, «Azərbaycan pioneri», «Ədəbiyyat və incəsənət» qəzetlərində müntəzəm çap edilib. «Tərs gün» və «Giberlandiya» pyesləri Sumqayıt, Lənkəran və Şəki Dövlət Dram teatrlarında tamaşaya qoyulub (1987). «Sehirli oğlan» (1960), «İtirilmiş dünya» (1962), «Balaca Kiberin macəraları» (1966), «Gecələr uzanaydı» (1980), «Piyada vəzirə çevrilir» (1987) kitabları kütləvi tirajla nəşr olunub. 1992-ci il sentyabrın 22-də vəfat edib. Hələ sağlığında qalmaqalları ilə gündəmdə olan bir yazar idi. Onun ailəsiylə görüşəndə məhz məsələnin bu tərəfini aydınlaşdırmağa çalışdıq. Müsahibimiz fantast yazıçı Namiq Abdullayevin həyat yoldaşı Firəngiz Abdullayevadır.

- Firəngiz xanım, Namiq müəllimi necə xatırlayırsınız?

- Namiq müəllimi mən hər şeydən əvvəl müəllimim kimi xatırlayıram. Çünki o, mənə orta məktəbdə ingilis dili fənnini tədris edib. Hamımız, bütün şagirdləri Namiq müəllimə qibtə edirdilər, hörmət göstərirdilər. Mən də onlar kimi. Heç ağlıma da gəlməzdi ki, nə vaxtsa biz ailə həyatı qura bilərik. Onu hörmətə mindirən heç şübhəsiz ki, intellekti idi. Ona hardan sual versən, o, sənə həmin anda dolğun bir şəkildə cavab vermək iqtidarında idi.

Hansı fənndən sual verməyindən asılı olmayaraq Namiq müəllim sənə o sahə haqqında kifayət qədər dolğun məlumat verirdi. İngilis dili isə onun əsas sahəsi idi. Həmin dili mükəmməl bilirdi. Olur ki, qız uşaqları öz müəllimlərinə İlahi bir qüvvə kimi baxırlar. O, məndən on iki yaş böyük idi. Baxırdıq ki, Namiq müəllim çox dünyagörüşlü, ağıllı, savadlı bir şəxsiyyətdir və bu xüsusiyyətləri onu bizim gözümüzdə daha da böyüdürdü. Belə baxanda çox da yaraşıqlı – filan da deyildi, amma dünyagörüşü, intellekti onu sözün həqiqi mənasında bizim gözümüzdə böyüdürdü.

Hamımız ona valeh idik. Təbii ki, mən də… Amma bundan nə mənim, nə də onun özünün xəbəri var idi. Həm də biz yerli idik. Tale belə gətirdi ki, mən onuncu sinifi bitirməmiş, Allah rəhmət eləsin Namiq müəllimin anası çox əziyyətlər görmüş bir qadın idi, 37-ci ildə Namiqin atasını sürgün eləmişdilər və iki aydan sonra da güllələmişdilər və həmin qadın çox əziyyət çəkmişdi, mənə elçi gəldi. On altı yaşındaqız uşağının xəyalları, gələcəyə baxışı vardı. Planlarım vardı, oxumalı, sənət sahibi olmalı idim. O dövrün insanları indiki kimi deyildi axı. Şərait tamam başqa idi. Belə xəyallarla yaşadığım bir anda mənə elçi gəldi. Mənim qaynanam rəhmətlik Nərgiz xanım gəlib məni atamdan istəyəndə bildirdi ki, «narahat olmayın, qızımız təhsil də alacaq. Biz onu oxutduracağıq da. Oxumaq istəsə biz onun qarşısını kəsməyəcəyik. Əksinə şərait yaradacağıq ki, o, ali təhsil alsın». Nə isə, may ayında elçilər gəldi, noyabr ayında biz Namiq müəllimlə ailə həyatı qurduq. O vaxtın toyları da bir qarmondan ibarət idi. Yaşadıq, bir qızımız oldu, Ədibə xanım. Ədibə xanım indi elmlər namizədidir. Artıq özü də nənədir, bir oğlu, iki nəvəsi var.

Daha sonra Tünzalə xanım dünyaya gəldi. O da o zamanlar Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) tarix fakultəsinə daxil oldu və oranı bitirdi. Ora daxil olmaq və oranı bitirmək sözün əsl mənasında insan həyatında bütün sahələrdə yaşıl işığın yanmasına bir səbəb idi. O da ailə qurub, iki oğlu var. Artıq oğlunun da övladı var. Nənədir.

Şükür Allaha. Naşükürlük etmək lazım deyil. On ildən sonra bir oğlumuz dünyaya gəldi: Ələkbər. Həmin dövrdə mən təhsil alırdım, artıq Siyəzəndən Bakıya köçmüşdük. Çətinliklər var idi, bütün ailənin qayğıları mənim üzərimdəydi. O da Azərbaycan Neft Kimya İnstitutunu (indiki ADNA) bitirib. Ailəlidir, uzun müddətdir ki, xaricdə yaşayır. Fransa vətəndaşıdır. Amma Azərbaycanla əlaqələrini heç vaxt kəsməyib. Hər zaman gəlir, görüşürük.

Həmişə oxumuşam, həmişə dünyagörüşümü artırmışam. Bunu Namiq müəllimin özüçox istəyirdi. Onun üçün oxumaq, mütaliə etmək, intellekti daim inkişaf etdirmək ən ümdə vəzifə sayılırdı. Namiq bu dünyanın adamı deyildi. O, ev olsun, şərait yaransın, yaxşı geyinin, çox da elə şeylərə fikir verən bir insan deyildi. Mən bunu uşaqlar üçün çalışıb eləyəndə o, bəzən məni qınayırdı da. O, bütün bunların müvəqqəti olduğuna inanırdı. O, insanda dünyagörüşünün, savadın, biliyin ən ümdə meyar olduğuna əmin idi. Onu bu cəmiyyətdəki adi adamlarla bir tərəziyə qoyub çəkmək düz deyil. Elə bil bu dünyadan ayaqları kəsilmişdi. Gəzirdi, yaşayırdı, amma özübilirdi ki, bunların hamısı müvəqqətidir.

- Bizim bilmədiyimiz nələrin fərqində idi Namiq müəllim?

- Çox maraqlıdır ki, o, hələ o zamanlardan ölkəmizin müstəqilliyini istəyirdi. Sovet quruluşuna qarşı içində dərin bir nifrət var idi. Təbii ki, bu kin hər zaman gizlin olub. O vaxt onu açıq demək mümkün deyildi. Həmişə düşünürdü ki, insanlar azad yaşasın, buxovlar, stereotiplər olmasın. 1990-cı ildə Sovet qoşunları Bakıya girəndə o, buna dözə bilməyəcəyini deyirdi. Doğurdan da dözə bilmədi…

Namiq Abdullayev ailə üçün mənəvi cəhətdən çox əvəzolunmaz bir insan idi. Amma sırf maddi cəhətdən bizim üçün çox çətin idi. Yükü də mən çəkməli oldum.

- Niyə məhz belə oldu?

- Belə olmalı imiş. O, mənlik deyil ki

- Çünki gəlin etiraf edək ki, Namiq Abdullayev sovet dövrü yaşamış az-az sənətçilərdən idi ki, artıq sağlığında əfsanəyə çevrilmişdi

- Heç o, özünün əfsanəyə çevrildiyinin fərqində belə deyildi. Adi yanaşırdı hər şeyə. «Mən nə böyük görürəm? Mən sadəcə yazıram» – deyə yanaşırdı hər şeyə. Onu da tanıyanlar da bilirlər, geyimində də, hərəkətlərində də adi bir adam idi. Namiq Abdullayev üçün əgər mən paltar almasaydım, illərlə onun yadına da düşməzdi. Heç fərqinə də varmazdı. O, belə bir insan idi.

Onunla təmasda olan insanların hamısı üçün o, böyük bir məktəbdir. Şəxsən mənim formalaşmağımda Namiq Abdullayevin böyük rolu olub. Mən bunu heç vaxt da itirmərəm. Amma mənim şəxsi həyatıma gəldikdə isə çox çətin olub. Sonralar qaynanama gündə yüz dəfə rəhmət oxudum ki, nə yaxşı ki, mənə şərait yaradıb, ali təhsil almışam. Ailəmi saxladım, uşaqlarımı böyütdüm. O, bütün bunların fərqində deyildi, «belə də ola bilər» – düşüncəsi ilə yaşayırdı. Amma biz bir cəmiyyətdə yaşayırıq və yaşadığımız cəmiyyətin də özünəxas yazılan və yazılmayan qanunları var. Təbii ki, cəmiyyətin hamısı heçNamiq deyil, onun təfəkkürü ilə yanaşmırlar olanlara.

- Sizə də münasibət birmənalı deyil axı. Çoxları elə fikirləşir ki, Namiq müəllimin faciəsində siz də günahkarsınız…

- Mənəm günahkar?!…. Bilmirəm, kim nə fikirləşir. Namiq Abdullayevi tanımaq lazımdır. Ətrafdan, hətta qohum-əqrəbadan da mənə təpkilər olurdu ki, Namiq kimi bir insanla sizinki necə alınmaya bilər?! Məni təqsirkar edirdilər. Amma Namiq kim idi, bir tanıyan lazım idi!… Onu heç kim mənim qədər tanımır axı…

- Yazı prosesində Namiq Abdullayev necə idi?

- O, ancaq gecələr yazırdı. Gündüz isə ümumiyyətlə yazı masasına yaxın belə getməzdi. Lapcür gözəl şərait yaradılırsa yaradılsın bu insan gündüz yaza bilmirdi. Gecə hamı yatandan, əl-ayaq yığışandan sonra o, başlayardı yazmağa. Amma o zaman da mənim günüm gecə başlayardı. Bir səhifə yazırdı və məni gəlib oyadırdı. Oxuyurdu və təzədən başlayırdı yazmağa. Yenə eyni proses. Bir dəfə heç yadımdan çıxmaz. Uzun bir əsər oxudu mənə. Mənim də həmin vaxt özümdən asılı olmayaraq gözüm yuxuya gedib. Təbii ki, o, bundan çox əsəbiləşdi. Yazdıqlarının hamısını cırıb tulladı. Mən isə ona başa salmağa çalışdım ki, gündüz işdə oluram, axşam isə ev qayğıları – filan, yoruluram.

- Bəlkə onu duymaq lazım idi?

- Mən onu duyduğum qədər duydum. Mən Namiq Abdullayev deyiləm kiMən gərək Namiq Abdullayev olaydım ki, onu duyaydım. Mən qədər bacardım onu duydum. Çox böyük insan idi, mən bu gün onu hörmətlə yad edirəm. «Allah rəhmət eləsindeyirəm. Mən ömrümü uşaqlarıma, ailəmə, o, isə özünə, yazısına həsr etdi. O, mənə bir dəfə demişdi bunu: «Mənə qalsaydı gərək Allah mənə övlad verməyəydi. Bu uşaqları Allah sənə görə verib». Bu söz çox ağır sözdür. Amma o, bunu mənə demişdi.

- vaxt olmuşdu bu söhbət?

- Oğlum Ələkbər anadan olmuşdu artıq. Mən yorulurdum, bu yükü daşıya bilmirdim, tək idim, üstəgəl qulağıma gündə bir söz gəlib çatırdı

 

 

Söhbətləşdi: Oktay Hacımusalı

 

Xalq Cəbhəsi.- 2012.- 28 iyun.- S.13.