İlahi məxluqun
izində
Yavər
Rzayevin «İlahi məxluq» filmi haqqında qeydlər
Dünyanın elə kino korifeyləri
var ki, yuxularında gördüklərini
ekranlaşdırıb onu ekran əsəri edə bilirlər.
Bu, ilk növbədə, sənətkarlar üçün
kinematoqrafiyanın yaratdığı geniş imkanları təsdiqləyir.
Əslində sənətkar təxəyyülü ilə
reallıq tərs mütənasibdir. Təxəyyül
reallığa yaxın olduqca ondan o qədər də uzaq
dayanır. Məhz buna görə də gərək sənətdə
gördüklərinə deyil, təxəyyülündən
keçirdiklərinə əsaslanasan. Bu xüsusda kinorejissor
Yavər Rzayevin yaradıcılığı mənim
üçün həmişə çox maraqlı olub. O
deyir: «Rejissura zaman və məkanı yığcam etmək sənətidir».
Öz filminə verdiyi adlarda da bu faktı nəzərə
alır. «Sarı gəlin» – bu adda həm
zamanımızın, həm də məkanımızın
yığcam əksi var. Yeni filmini isə rejissor «İlahi məxluq»
adlandırıb. «Sarı gəlin» və «İlahi məxluq»
adları (onun «Fövqəldünya» sənədli filmini də
buraya əlavə etmək olar) Yavər Rzayev kinosunun
yığcam məzmunudur.
Azərbaycançılıq ideyası
onun yaradıcılığının ana xəttidir, o bu real
ideyaya yaxınlaşdıqca, təxəyyülü də onu
o qədər uzaq yüksəkliklərə (İlahiyə belə)
qaldırır. Məhz bu yaradıcılığı, təxəyyülləri
süzgəcindən keçirmək istəməyənlər
rejissoru mentalitetimizdən uzaqlaşmaqda
günahlandırırlar. «İlahi məxluq» filminin ilk təqdimatına
dəvətnamələrdə əks olunan rəsm əsərinin
Azərbaycana aidiyyatı yoxdur. Bu, XVIII əsr ingilis rəssamlıq
məktəbinin nümayəndəsi Coşua Reynoldsun «Venera və
Amur» əsəridir. Bəs onda filmdəki ilahi məxluq kimdir
və nədir?
«İlahi məxluq»un qəhrəmanlarından
biri rəssamdır, müasir azərbaycanlı xanımdır
(aktrisa Vəfa Zeynalova). O, şəhərdən dağ kəndlərindən
birinə gəlib. Niyə? Öz çaşmış,
azmış ruhunun qidasını təbiət mənzərələri
qoynunda tapmaq, yoxsa şəhvani hisslərini öldürmək
üçün? Bu hisslərin hər ikisində instinkt var.
Onun təşrif buyurduğu dağın sakini çoban da
öz təbii instinktlərinin hökmü ilə
yaşayır. Ancaq bu sivil rəssamdan fərqli olaraq o öz
instinktlərinə don geyindirməyib. Onun üçün rəssamın
çəkdiyi şəkillərlə həyatı
arasındakı fərq nəzəriyyə ilə həyat
arasındakı fərq kimidir. Nəzəriyyə quru, həyat
ağacı isə həmişə yaşıldır.
Axırda rəssam gəldiyi yerə qayıdası olur. O bu
yerdən heç nə apara bilmir, çünki bu yerin sakinlərinin
özünümüdafiə instinkti daha güclüdür.
Ata onun oğlunu şəhərə «sürükləyən»
rəssam qıza «sənə demədim, əl çək
oğlumdan» deyib ona yarınır, şəhvətini onun bədəninə
sanki bir sillə kimi çırpır. Artıq qıza aludə
olmuş gənc oğul isə atasını öldürmək
istədiyini anasına bildirir (Z.Freydin «Edip kompleksi»
konsepsiyası). Ata isə bu hadisədən sonra oğlunu
qarlı dağda tək qoyub gedərək «sən kişisən,
qorxma» deyir, ona kişi olmaq dərsi keçir.
Ümumiyyətlə, Yavər Rzayevin
özünün dediyi kimi, «zamanı və məkanı
yığcam etmək» istəyi onun söhbət açmaq istədiyi
çoxsaylı konsepsiyaları bir filmdə cəmləşdirmək
istəyinə mane olub. Belə ki, hətta adi qovluğun
içindəki rəsmlərə verilmiş şəkilaltı
sözlər belə filmdə hansısa bir ideya
daşıyıcısı kimi təqdim olunur. Çox
qısa bir kadr anında bu sözləri nəinki anlamaq, hətta
oxuyub qurtarmaq belə olmur.
Bugünün
tamaşaçılarını hansısa bir filmlə təəccübləndirmək
çətindir. Filmlər çoxdur, bir-birinin təkrarı
olanlar isə lap çox; hətta bu təkrarlar janr kimi təsdiqlənib
(rimeyklər). Ona görə də rejissor müraciət etdiyi
mövzu ilə özünün təkrarsız olduğunu təsdiqləmək
istəyir. Özü öz qəlbinin, düşüncələrinin
təsvirinə baxmaq istəyir. Əgər sənət əsəri
yaratmaq istəyən adam özünə inanırsa, onun
üçün bu, asan olur. Çünki artıq «baxanlar nə
fikirləşər?», «vay dədə, nə deyəcəklər,
güləcəklər» qorxusu olmur onun canında. Bu mənada
Yavər Rzayev çox azaddır.
Dünya kino korifeylərindən biri
öz filmləri haqqında onların tamaşa edilməkdən
başqa izaha da ehtiyacı olduqlarını söyləmişdi.
Əlbəttə, Yavər Rzayevi kino korifeylərdən biri
kimi təqdim etməkdə iddialı olmasam da, filmlə
bağlı izahını dinləməyi vacib saydım. «Siz
bu filmdə nə demək istəmisiniz?» sualına o belə
cavab verdi: «İlk əvvəl gördüklərinizi. Fəlsəfi
konsepsiyalara gəlincə isə, alman filosofu Osvald
Şpenqlerin «Avropanın qürubu» əsərindən misal gətirim.
O yazırdı: «Bir vaxtlar Avropa Şərqi özünün
maliyyə və siyasi imkanları gücünə deyil, Şərqin
özünün öz siyasi oriyentasiyasından imtina etməsi
bahasına fəth edə bilmişdi». Bəli, tarixə nəzər
salsaq görərik ki, həmişə Şərqi Qərb kəşf
edib (qədim Misir fironlarının qəbrinin içinə
belə Qərb alimi girib), Şərq isə heç vaxt
bunları edə bilməyib. Şərqin nəinki
özünü, həm də Qərbi tədqiq etmək
zamanı gəlib çatıb. Mən filmimlə bu
xüsusda addım atmağa çalışmışam. Biz
məcburuq ki, kinomuzda Qərbin dili ilə danışaq,
çünki kinonu onlar kəşf ediblər. Filmdə
Reynoldsun «Venera və Amur» tablosu bir növ süjetin əsasında
durur. Rəssamlıq tarixinə nəzər salsaq görərik
ki, bu əsərə qədər dünya rəssamlarının
təsvir etdikləri Veneraların heç biri əks cinsdə
şəhvani hisslər oyatmır. Reynoldsun Venerası isə
üzünü bir əli ilə örtərək sanki naz
edir, çağırır. Eynilə mən filmdə məhz
bu Veneranın canlı təcəssümünü yaratmaq istəmişəm.
Məncə, aktrisa Vəfa Zeynalova bu obrazın öhdəsindən
gələ bilmişdir. Filmin əsas qəhrəmanlarından
biri Reynolds Venerasına (sonuncu Venera) əlini uzadıb onun
daxilinə sirayət etmək istəyən gəncdir. Filmdə
həmin bu gənc dünyanın məşhur rəssamlarının
əsərləri olan köhnə rəsm qovluğunu vərəqləyərkən
sanki dünyanın sənət dünyasını sərf-nəzər
edir (Vrubel, Van Qoq, Salvador Dali, əlbəttə ki, Səttar Bəhlulzadə).
Bütün bu əsərlər gəlib gedən
sivilizasiyaların əksidir. Onlar (sivilizasiyalar) yaranır və
süqut edir. Təbiət isə əbədidir. Mənim
filmimin qəhrəmanları olan dağ sakinləri kimi.
Onların həyat ritmini saxlamaq olmaz. Çünki onlar təbiətin
özü kimi təbii və canlıdırlar».
Rejissor dağ və Avropa deyərkən
nədənsə dünyanın ən hündür dağ
silsiləsi Himalay dağlarını xatırladım. Bu
dağ sakinləri Hindistan kimi varlı ölkənin vətəndaşları
idi. Hindistan tam bir əsr ərzində İngiltərə tərəfindən
talan edildi. Bu gün Hindistanın tarixini öyrənənlər
İngiltərənin muzeylərini ziyarət edir; Hindistan
hesabına varlanan İngiltərənin. Niyə öz
dağlarımızı deyil, Himalay dağlarını misal
çəkdim. Sadəcə
tamaşaçılarımızdan bəziləri Yavər
Rzayevin dağ kəndlərimizdən xəbəri
olmadığını, oradakı həyatı düzgün
canlandıra bilmədiyini söyləmişdi. Əslində
rejissorun özünün dediyinə görə, onun heç
məqsədi də bu olmayıb. Məqsəd təbiətin ən
yüksək müstəvisində yaşayan, sivilizasiyanın
əlini çətinliklə uzada bildiyi bir torpaq sakinlərinin
həyat ritmini canlandırmaq olub. Bu ritm oradakı bütün
varlıqların, qurdların belə daxili həyat –
yaşamaq uğrunda mübarizə ritmidir. Dünya bu ritmin
bitdiyi anda məhv olacaq.
Rejissor bir azərbaycanlı – şərqli
olaraq sözünü uca tribunadan demək istəyib bu filmdə.
Deyir ki, gərək filmin adını Şpenqlerin
«Avropanın qürubuna»na uyğun olaraq «Veneranın qürubu»
qoyardım; Şərqin həyat ritminin təsirindən
qürub edən Venera. Aktrisa Münəvvər Əliyevanın
qəhrəmanı – çobanın arvadı, dağdan
aşağı enərkən can üstdə ölür. Onun
bu iniltisində ilahi məxluqun əzabları var. Canlı
Venera olaraq dağdakı həyat ritmini pozmaq istəyən rəssam
isə müqavimətə tab gətirməyib ordan
qaçmalı olur. Nurəddin Mehdixanlının qəhrəmanı
– ata isə nəinki dağ çobanıdır, həm də
ətrafdakıları dağ qanunlarına tabe etdirən
müdrik bir qüvvədir. Filmin azərbaycanlıların həyatını
əks etdirmədiyini deyənlərə isə bu gün rahat
həyat dalınca Rusiyaya axın edənlərdən birini –
«İlahi məxluq»dakı gəncin (aktyor Rəşad Səfərov)
obrazını yada salıram…
Oktay
Xalq Cəbhəsi.- 2012.- 3 mart.- S.13.