Səsin dadı və rəngi

 

Çox qəribə həyatdır. Bəzən istədiyimiz, sevdiyimiz insanları bir anın içindəcə itiririk. Sonra da gözümüz yolda qalır. Nə qədər axtarsaq da, arasaq da, onlardan xəbər-ətər çıxmır. Əslində bu, tale yazısıdır. Bu həyatda yaşamaq üçün birinə az, birinə çox vaxt verilir. Amma şərəfli ömür deyilən bir anlayış da var. Onun azlığı, çoxluğu əsas deyil.

Şərəfli ömür cəmiyyətin inkişafına şərəflə xidmət edənlərə məxsusdur. Haqqında söhbət açdığımız mərhum sənətkarımız Səməndər Mənsim oğlu Rzayev belə bir şərəfli həyat yolu keçmişdir. Baxmayaraq ki, o artıq 24 ildir aramızda yoxdur, onun şaqraq gülüşü, zəhmli baxışları, pəhləvan cüssəsi heç zaman xəyallardan silinmir. Çünki o, əvəzsiz ifa tərzi ilə hər birimizin qəlbində elə öz sənəti boyda bir qala qurub.

Səməndər Rzayev az yaşasa da, çox zəngin tərcümeyi-halı var. Cəmi 41 il ömür sürmüş yaradıcı bir insan üçün bu qədər obraz yaratmaq, bu qədər iş görmək, vallah, möcüzədir. Ağsuda dünyaya göz açıb. Sonra İncəsənət İnstitutunda böyük Təhmasibin məktəbindən dərs alıb, Sumqayıt Teatrında çalışıb. Amma ömrünün, yaradıcılığının ən yaddaqalan illərini Akademik Dram Teatrında keçirib.

Səməndərin yaradıcılıq yolu çoxşaxəlidir. Burada teatr da var, kino da, radio da, televiziya da. Hər yerdə Səməndər öz ucalığını, əlçatmazlığını qoruya bilib. Ömrünün son gününə kimi bu teatrda fəaliyyət göstərdi. Biri digərinə bənzəməyən obrazlar qalereyası yaratdı. Dövrün teatrşünasları qəzet-jurnallarda onun ünvanına səmimi fikirlər yazar, yaratdığı obrazların bənzərsizliyindən diqqətçəkən məqalələrlə çıxış edərdilər. Onlardan birinin – məşhur pedaqoq, rejissor, aktyor Mehdi Məmmədovun qeydlərini xatırlayaq: «Səməndər Rzayev obrazlarla sanki dil tapa bilir. Peşəkar teatr xadimi olmağıma baxmayaraq, bəzən onun potensial gücünə, qabiliyyətinə qibtə edirəm».

Doğrudan da, zər qədrini zərgər bilərmiş. Hər ikisinin ruhu şad olsun. Milli teatrımızın tərəqqisinə, tanınmasına can yandıranlardan biri də xalq artisti, görkəmli pedaqoq, bənzərsiz rejissor mərhum Tofiq Kazımov olub. Onun sevdiyi, əzizlədiyi yetirmələri arasında Səməndər Rzayev də vardı. O, Səməndərin xətrini çox istəyirdi. Elə quruluş verdiyi tamaşada gənc tələbə-aktyoru ilk dəfə səhnəyə çıxardan da Tofiq müəllim olmuşdu. Səməndər daxilən azad sənətkar idi. O, ürəyi tutmayan rolları oynamazdı. Ona görə də rollarının çoxunda özünə oxşarlıq var. Onların çoxu ağayana, öz sözünü deyən, həm də mülayim insanların obrazlarıdır. «Şəhərin yay günləri»ni xatırlayın. Bəhram Zeynallını necə də dəqiq ştrixlərlə canlandırıb. Səməndərin ifasında çox qəribə bir şirinlik vardı. Onun qəhrəmanları, nədənsə, tamaşaçıya çox doğma, yaxın adam təsiri bağışlayırdı. Elə bilirdin, bu adamları nə vaxtsa, hardasa görmüsən.

Səməndərin səsindəki şirinlik də bu münasibətlərə özgə bir doğmalıq gətirirdi. Səməndər Rzayev bizim kinoda dublyaj sənətinin korifeylərindən idi. O, kinostudiyanın dublyaj sexində, demək olar ki, günlərlə səsləndirmə üzərində çalışardı. Səməndər millətini, xalqını sevən sənətkar idi. O, həmişə oynadığı rollarda milli cizgiləri qabartmağı xoşlayırdı. Ən kiçik rollarda belə o, azərbaycanlı idi, özü də əsl azərbaycanlı. Səməndərin səsi, danışığı bir orkestrin ifa etdiyi simfoniyaya bərabər idi. Nə qədər ahəngli, nə qədər ürəyə yatımlı danışardı. Qəribədir, Səməndər Rzayevə hətta epizodik rollar təklif olunanda belə, məmnuniyyətlə razılaşırdı. Deyirdi ki, «kiçik açarla da böyük qapılar açmaq olur». Amma elə ki, səhnədə bu böyük sənətkarın səsi eşidilirdi, bütün zal heyrətə gəlirdi. Bəzən onun kiçik rolları baş qəhrəmanları belə kölgədə qoyurdu. Səməndər Rzayev klassik aktyor sənətimizin ruhunu yaşadırdı, elə özü də klassik sənətkara çevrildi.

«Həyatın dibində», «Hamlet», «Yağışdan sonra», «Sən yanmasan», «Cehizsiz qız», «Qəribə oğlan», «Dəli yığıncağı…» Bunlar Səməndərin teatrda oynadığı tamaşaların cüzi bir hissəsidir. Amma onların hər birinə Səməndərin yuxusuz gecələri, gərgin yaradıcılıq axtarışları, bəzən isə hədsiz əsəbləri sərf olunmuşdu. Səməndər Rzayev yaradıcı sənətkar idi. Özü obraz üçün ştrixlər axtarardı. Rejissorları da bu «ixtiralar»ın sərfəli olduğuna inandıra bilirdi. Kinoya Səməndərin hansı rolla başladığını demək çətindir. Amma onun sənət dostu, xalq artisti Yaşar Nuri deyir ki, ilk filmi haqqında bir özü bilirdi, bir də mən…

«Uşaqlığın son gecəsi» filminin lap əvvəlində küçədə gəzən iki milis işçisindən biri Səməndər idi. Amma sonralar o, kinoda da öz sözünü dedi. Doğrudur, onun aktyorluq potensialından kinomuzda yetərincə istifadə olunmasa da, bir sıra yaddaqalan obrazları – Səməndərli anları kino tariximizə köçürülüb. «Çarvadarların izi ilə» filmində Səməndər elə Səməndəri oynayırdı. Bu filmin əsasında İlyas Əfəndiyevin «Körpüsalanlar» əsəri durur. Səməndər filmin çox da böyük olmayan surətlərindən biridir. Amma nəzərə çarpan, yaddaqalan obrazdır. «Nəsimi»də isə rejissor Həsən Seyidbəyli ona Şirvanşah İbrahimin rolunu tapşırmışdı. Bu, aktyor üçün böyük məsuliyyət idi. Doğrudan da, Azərbaycanın tarixində danılmaz xidmətləri olan Şirvanşah İbrahimi ekranda yaratmaq aktyordan əsl mənada yüksək sənətkarlıq tələb edirdi. Film ekrana çıxanda çoxları təəccüb hissi keçirdi. Səməndər obrazı elə özününküləşdirmişdi ki, qarşında tarixi şəxsiyyət İbrahim şahın dayandığına səmimiliklə inanırsan.

Səməndər Rzayevin qəhrəmanları həqiqətən səmimi, qayğıkeş insanlardır. Bəlkə də bu, onun öz xarakterindən doğan cəhət idi. Axı aktyorun öz daxili «mən»ini gizlətməsi hər vaxt mümkün olmur. İstər-istəməz özündəki temperament, psixoloji məqamlar üzə çıxır. Bax, Səməndər Rzayevin aktyor taleyinin xoşbəxtliyi onda idi ki, o, daxilən təmiz ruhlu adam idi. Yaratdığı rollara isə öz ruhunun, qəlbinin şirin çalarlarını hopdururdu. Bu yöndə yaratdığı obrazlardan «Bəyin oğurlanması» filmindəki Hidayət müəllimi xatırlasaq, yerinə düşər. «Mənəm ey, Hidayət müəllim» və ardınca da Səməndərin şaqraq gülüşü. Bunu yalnız və yalnız Səməndər Rzayev belə səmimi və təbii yarada bilərdi. Bu səhnə, bəlkə də, Səməndərin öz kəşfi idi. Hər halda klassik bir epizoddur və bu kiçik səhnə filmə xüsusi bir ovqat bəxş edir.

«Evlənmək istəyirəm» filmində aktyorun yaratdığı Həsən ağa obrazının timsalında insanların haqqını tapdalamaqla narazılığa səbəb olan bir zalımın daxili aləmi pafoslu ifa ilə yox, sərbəst dialoqlarla açıqlanır. Ümumiyyətlə, Səməndər Rzayevin yaradıcılığını əks etdirən personajların hər biri düşündürücü detallarla hafizələrə hopur.

Epizodik rollara çəkilmək təkliflərini həvəslə qəbul edən aktyor kinematoqrafik görünüşü, zəhmli siması daxilində milli xarakterlər ustası idi. O, ekranda yaratdığı mənfi obrazları da şəxsiyyət kimi təqdim edirdi. Ekran əsərlərinin süjet xətti zəif olsa belə, onun ifaçılığını əks etdirən kadrlardakı sənət ciddiliyinin fərqinə varmamaq qeyri-mümkündür. Bu xüsusiyyətlərə əsasən onu hər dəfə ekranda görüb, yaradıcılığını sevən tamaşaçı filmi finaladək izləməyi üstün tutur. Açığı, onu filmlərə uğur qazandıran aktyor adlandırmaq olar. Səməndər Rzayev çox rejissorlarla işləyib. Tofiq Tağızadə, Arif Babayev, Həsən Seyidbəyli, Tofiq İsmayılov, Vaqif Mustafayev Səməndəri böyük məmnuniyyətlə filmlərinə dəvət edirdilər. Ancaq Səməndər Rzayev çox vaxt filmlərdən imtina edirdi. Çünki çox məşğul idi. Teatrda işləyirdi. televiziya filmlərində, tamaşalarında oynayırdı, «Bulaq» verilişinin isə daimi aparıcılarından idi. Şakir Şəkəroviç («Evləri köndələn yar») hər dəfə televiziya ekranında görünəndə qəlbimizdə sevinc dolu bir dünya yaranır. Bazar günü axşamlar evə tələsirdik ki, «Bulaq» verilişində bu böyük sənətkarın bulaq kimi təmiz və şəffaf səsini dinləyək.

Səsin də rəngi, dadı olarmış… O səsi Yaradanımız Səməndərə var-dövlət, rahat mənzil, villa əvəzinə pay vermişdi. Doğrudur, o, bu vergidən qürrələnərdi. Lakin yerli-yersiz öyünməzdi, başını dik tutub lovğa-lovğa gəzməzdi. Dövlət radiosunda hazırlanan, dinləyicilərin hər sayını maraqla, intizarla gözlədikləri «Bulaq» xalq yaradıcılığı verilişinin efirdə ilk dəfə səslənməsindən yarım əsrdən çox vaxt keçir. Onun ilk yaradıcılarından biri Səməndər Rzayev də artıq aramızda yoxdur. Amma nə veriliş unudulur, nə də onun aparıcıları. Mərhum aktyor oxuduğu bayatını, qoşmanı, yaxud hansısa bir rəvayəti elə həzin, kövrək, şirin səsləndirərdi, sözlə təsvir olunan mənzərə, obraz göz önündə canlanardı. Səməndərin səsi eşidənləri ovsunlayardı, xoş arzulara doğru aparardı. Çünki o səsdə həzinlik, sərtlik vardı. Ana laylası qədər şirin, ata zəhmi qədər qürurlu, qətiyyətli!

Məşhur «Kral Lir» bədii filminin dublyaj olunub dilimizdə səslənmə prosesini sənətsevərlər yaxşı xatırlayır. Lent əsərində əsas qəhrəmanın – Kral Lirin kadr arxasında «ifaçısı» Səməndər idi. Səslənmə başa çatdı. Filmə baxış keçirmək üçün Pribaltikadan nümayəndələr dəvət olunmuşdu. Bizim dildə bircə söz bilməyən, milliyyətcə latış olan rejissor Yan Puq əməlli-başlı mat qalmışdı. Handan-hana dilləndi: «Afərin! Bu səs obrazın xarakterini bütövlükdə açır» – deyib, Səməndəri yenicə çəkilişini bitirdiyi filmin səsləndirilməsi üçün Riqa şəhərinə dəvət etdi, onun yüksək qonorar alacağına vəd verdi. Amma Səməndər getmədi. «Ağ paltara qara yamaq yaraşmaz. Mən ana vətənimi dünyanın naz-nemətinə dəyişmərəm» – dedi. Ruhu şad olsun, təpədən-dırnağınacan azərbaycanlıydı!

Aktyorlar arasında mərhum Lütfəli Abdullayevdən sonra ən mərhəmətli, xeyirxah, özgəsinin kədərini ürəyində hiss edən, hətta tanımadıqlarının belə qayğılarına şərik çıxan Səməndər Rzayev olub. Təmənna ummayıb. Kim ona yaxınlaşıb «Kömək et, filan məmur məni get-gələ salıb» – deyərdisə, o adamla həmin ünvana gedərdi. Onun işini yoluna qoyardı. Rütbəsindən, vəzifəsindən asılı olmayaraq mərhumun xatirini hamı çox istəyirdi.

Ondan qalan yadigarlar. Estafet kimi əldən-ələ keçən belə unikal yadigarlardan ilkini onun səsidir. İkincisi, bənzərsiz ifa qabiliyyətidir. Barmaqla sayılası mümkün olmayan səhnə əsərlərində əsas rollarda oynayıb. 25-dən artıq bədii filmlərə çəkilib. 30-dan çox teletamaşalarda əsas obrazlar yaradıb. Xeyli əcnəbi bədii filmlərin dublyajında iştirak edib. Bunlar Səməndər Rzayev zəhmətinin, sənətsevərliyinin ucalığı, şöhrət zirvəsidir.

Yoxluğun etirafı… Bu barədə düşünəndə yenə əzaba qatlaşdım. Məcburiyyət qarşısında qalıb inandım, yazdım ki, daha xalqımızın sevimlisi, teatr-söz sənətimizin iftixarı, respublikanın əməkdar artisti, dövlət mükafatı laureatı Səməndər Rzayev aramızda yoxdur. Küskün, incik, gileyli-gileyli qımıldanırdım ki, yadıma Həzrəti Məhəmməd Peyğəmbərin (ə.s.) kəlamı düşdü: «Bu iş bir haqq əmri olmasaydı, vədə tamam olmasaydı, sonra gələnlər əvvəl gələnlərə qarışmağa məhkum olmasaydı, sənin ölümünə daha çox yanardıq».

…Daha Səməndər işığı parlamır. Yüksəldiyi sənət ucalığı boş qalıb. Təsəlli tapırıq ki, Milli Teatrımız yaşadıqca Səməndər Rzayev də dönə-dönə xatırlanıb, yad olunacaq.

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2012.- 6 mart.- S.13.