Suğra
Bağırzadənin solmayan gülləri
«Güllərin gözəlliyini
insanlara göstərmək istəyirəm»
İmzası oxuculara yaxşı
tanış olan aktrisa Suğra Bağırzadə həm də
tanınmış rəssam-floristdir. İndiyə kimi
bir neçə dəfə əsərlərindən
ibarət sərgisi keçirilib. Deyir,
onun təbiətə
sevgisi anadangəlmədir:
«Evimizdə həmişə
gülə böyük
sevgi görmüşəm.
Bu sevgi mənə
də keçdi.
Yadımdadır, güllərimiz solanda anam bərk
kədərlənirdi. Əlimdən gələni etməyə
çalışırdım ki, güllərimiz solmasın. Səhnəyə çox tez
çıxmışam. Mənə hədiyyə olunan gülləri ayrıca bir sevgiylə qorumağa, ömürlərini
artırmağa çalışırdım.
Rəssam olmaq fikrim yox idi, sonradan
yarandı. Təbiətin bu möcüzəsini yalnız bir qadın olaraq sevirdim, onların suyunu tez-tez dəyişirdim. Neft-Kimya İnstitutunun
kimya texnologiyası fakültəsini bitirmişəm.
Kimyaçı olandan sonra qərara aldım ki, uşaqlıqda ağlımda olan arzularımı gerçəkləşdirim.
Məhlullarla işləyirdim. Biliyim vardı və artıq güllərə
tamamilə yaradıcı
gözlə baxmağa
başladım. Hara gedirdimsə, bitkilər, güllər haqqında kitablar axtarırdım.
Yavaş-yavaş bu duyğularımı
inkişaf etdirdim, arzularımı gerçəkləşdirdim».
Suğra xanım yalnız
təzə-tər güllərlə,
budaqlarla işləyir.
Çox az hallarda qurumuş güllərdən
kompozisiya düzəldir:
«Güllərə böyük
sevgiylə, ehtiyatla yanaşıram. Bu prosesdə böyük təcrübə qazandım.
20 ildən çoxdur
bu sənətlə məşğulam. Əvvəlki illərə baxana indi işlərim daha da yetkinləşib.
Rəssamlar İttifaqının, Ümumdünya Floristlər
Şurasının üzvü
oldum. Dünya floristləri
ilə tanışlıqdan
sonra əsərlərim
daha da yetkinləşdi.
Əsas odur ki, qadın
işgüzar olsun.
Ümumiyyətlə, insan işgüzardırsa,
deməli, özünə
qarşı tələbkardır,
mütləq uğur qazanacaq, arzusuna çatacaq».
Şübhəsiz, qadının ən
böyük sərvəti
ailədir. Qadınla gül
arasında mahiyyətcə
fərq yoxdur. Qoy insanlar bir-birləri ilə münasibətdə
gül qədər zərif, incə olsunlar. Gül danışa bilmir
insan kimi, onu danışdıran insandır. Əslində
Suğra xanımın
əsərlərini yazı
da saymaq olar: romantik, duyğulu, ehtizazlı, insana sevgi yaradan
əsərlər… Bu əsərlərdə də
insanın təbiətin
mənası ilə üz-üzə qalması
mümkündür. Həyat
necə də gözəldir – özünün
dağı-daşıyla, çəməni-çiçəyilə!
Əlbəttə, təbiətin qadın
tərəfindən duyulması,
sənətdə ifadəsi
bir başqa hadisədir.
Suğra xanım
təbiətin gülə
qarşı amansızlığına
acıdığını deyir: «Cəmiyyətin qadına qarşı münasibətinə gəlincə,
qadın güclü olarsa, cəmiyyət ona heç nə edə bilməz». Rəssam-floristin
təbiəti duyumunun
bir başqa olduğunu deyən Suğra xanım onun təbiəti sevdirməsinin gözəlliyindən
danışır: «Əsərlərimin
adında belə təbiətə sevgimi ifadə etməyə çalışmışam. Gülləri o qədər sevirəm ki, ən gözəl
adlarla onları adlandırıram. Onları dibçəkdə,
bağda yetirirəm.
Deyirlər bu gülləri
təzə-tər kəsməyə
əliniz necə gəlir? Deyirəm ki, bu gülləri sənətdə
yaşatmaq üçün
kəsməyə məcburam.
O gözəlliyi insanlara
göstərmək istəyirəm».
Gülə qarşı amansızlıq
təbiətin qaydasıdır. Qadının da çiyninə cəmiyyətdə
az yük
düşmür. Cəmiyyətdə qadına münasibət heç zaman yaxşı olmayıb.
Cəmiyyətin daha çox
döyülən, əzilən
qismi qadındır.
Qadın
isə ucalıq rəmzidir. Suğra xanım düşünür
ki, qadın hər zaman hünərli olmalıdır:
«İndiki zamanda qadınlar daha çox çalışırlar
ki, maddi cəhətdən güclü
olsunlar. Qadın üçün işin öz gözəlliyi olmalıdır.
Bu gün də
bir neçə sahədə çalışmağım,
ailəm, nəvələrim
mənim üçün
gözəl zövq verir. Çalışmaq, yenə də
çalışmaq. Deyirlər baxtın
gətirib. Belədir, ancaq
gərək insan daim çalışsın,
ruhdan düşməsin».
Artıq təqaüddə olan
Suğra xanım kinostudiyada öz sahəsində müxtəlimf
vəzifələrdə çalışıb. Azərbaycanın əməkdar artistidir.
İndiyə kimi 11 filmdə
çəkilib. Onillər ərzində
filmlərin ana dilimizdə səsləndirilməsində
fəal iştirak edib. Onun bir aktrisa olaraq xüsusən Azərbaycan kinosunda yaratdığı obrazlar
tamaşaçıların yaddaşındadır. Xüsusən də «Ulduz» filmindəki Yetər obrazı ilə daim xatırlanır.
Suğra xanım rənglərin
dilinə, xasiyyətinə
fitrətən bələddir. Təbiidir ki, fitri rəssamlıq
keyfiyyəti heç də müəyyən sahədə mütəxəssis
olmaqla şərtlənmir.
Hər halda müəyyən keyfiyyətlərin bir şəxsdə yaradıcı
şəkildə birləşməsi
sənətdə özünəməxsusluğa
gətirib çıxarır.
Suğra
xanımın əsərlərində
gül obrazı təbii olaraq aparıcıdır. O, fitrətən
təbiətin ən gözəl varlıqları
olan qadınla gülün incə, həm də biri-birini tamamlayan vəhdətini verməyə
nail olub. Təəssüf ki, ana təbiətin özü belə elə hey çəkdiyi alınmayan
rəssama oxşayır.
Rəssam istədiyi alınmayanda
əsərini cırıb
atır. Təbiət
isə əksər hallarda gözəl, bənzərsiz rəssamdır:
bu əsərlərdə
biz kliplərdəki, filmlərdəki,
rəssamlıqda, nəsrdə,
poeziyadakı təsvirlərdən
artıq olan qeyri-adi gerçəkliyin,
əslində mənanın
ifadələrini – nişanələrini
görürük. Suğra xanımın
tablolarında yaradılanı
yaşatmaq ehtirası
zərif güllərin
timsalında, qadın
xəyalında obrazlı
və gerçək vəhdət təşkil
edir. O, zahirən
eyni mövzularda çoxsaylı əsərlər
yaratsa da, bunlardakı biçim müxtəlifliyi əslində
məna zənginliyinə
dəlalət edir. Rəssamın fanatcasına bu
sənətə bağlılığı
bütün əsərlərində
– yazılarında hiss olunur.
Əslində o, bu yazıları
ilə həyata, dünyaya, yaşamağa olan sonsuz sevgilərini
ifadə etmək istəyib və haradasa nail olub.
S.Bağırzadənin əsərlərindəki özünəməxsusluq onların
təbii, canlı güllərdən yaradılmasıdır. Sanki müxtəlif biçimli, ideyalı, kompozisiyalı güllər
tabloların üzərində
sadəcə, donub qalıb. Lakin donuq halda belə güllər özlərinin qısa, amma qanadlı, ehtizazlı, aşiqanə
hekayətlərini danışırlar.
Rəssamın əsərlərini adlandırmasına
gəlincə, bunlarda
bir şərtilik var.
Çox zaman adlar biri-birinə bənzəyir, bəlkə
də eyni məzmun ifadə edir. Lakin hər bir əsər digərindən
təkcə məzmunca
deyil, həm də biçimcə xüsusi şəkildə
fərqlənir. Rənglərin
məharətli ahəngdarlığının
tapılması, tablonun
ümumi halının
güllərin rəngi
ilə birliyi gözəl alınıb:
«Qərib məftunlar»,
«Bətndə həyat»,
«Duet», «Nurlu arzular», «Sadəlik bir gözəllikdir», «Bitməmiş
simfoniya», «Gözəlliyə
vurğunluq», «Günəbaxanlar»,
«Məhəbbət çələngi»,
«Payız melodiyası»,
«Xoşbəxtlik naxışları»,
«Boran», «Qış romantikası», «Səhrada həyat» və başqa əsərlərdə
tükənməzlik ideyası
bu və ya digər dərəcədə
ifadəsini tapıb. «Duet» adlı əsərdə
iki biri-birinə oxşar çələng
biçimli tablolar yan-yana durub. Rəng düzümləri zahirən
oxşardır, amma eynilik və ekizlik yoxdur. «Günəbaxanlar» əsərində
təbii rəng tabloya hopub: sarı rəngin işığı xəyallı
arzular selinə qarışır.
Onun «Bətndə
həyat» əsəri
maraqlıdır: sanki
canlı çiçəklər
güldanda donub qalıb. Doğrudan da Suğra xanım canlı çiçəklərdən tablo yarada bilib.
Güldanın ortasında yarımçıq
bir şam var.
«Məhəbbət çələngi» tablosunda
rəssam adi həyatda heç kəsin fərqinə varmadığı, maraqlanmadığı
tərəvəzlərdən gözəl bir əsər yaradıb: iri lobyalar, həmçinin
torpağa bulaşmış
buğdalar açıq
və boz fonda təsvir
edilib. Həyatın acısı və
şirini, kədəri
və fərəhi
var. Gərək insan
o dərəcədə güclü
olsun ki, fəlakətində belə
sarsılmasın, məhv
olmasın. Suğra xanımın
«Solmaz çiçəklər»i
güllərin zərif
timsalında insana dözüm, iradə hekayətini danışır.
Təbiət gülə qarşı
amansız olsa, daim onu tez
soldurmağa cəhd etsə belə, həyat həmişə ümidlə, güllük
əhvalı ilə doludur. İnsan ruhunun dərin
qatlarına endikcə,
könül dünyasının
solmaz çiçəklərini
dərdikcə fərəhi
yerə-göyə sığmır.
Uğur
Xalq Cəbhəsi.- 2012.- 7 mart.- S.14.