Dini musiqi

 

Çoxsəciyyəli musiqi janrlarımız tarixin kamil süzgəcindən keçərək bu gün də yaşayır və musiqişünasların maraq obyektinə çevrilir. Belə maraq kəsb edən janrlardan biridini musiqidir. Musiqi tariximizin bir sahəsini təşkil edən dini musiqinin tədqiqi orta əsr musiqi sənətinin üslub xüsusiyyətləri, səs quruluşu, formatörədici prinsipləri, musiqi təfəkkürü, məişət musiqisi ilə dini oxumaların bir-birilə bağlılığı və sairə kimi problemlərin həllinə kömək edə bilər.

İslam dünya dininə çevrilərək, müxtəlif xalqların milli xüsusiyyətlərilə zənginləşib rəngarəng çalarlar kəsb etmişdir. VIII-X əsrlərdə elm və incəsənətin çiçəklənmə dövrü başlayır. İslamın ilk illərində musiqibaşqa sənətlər kimi peşəkarlığa çevrilir. Musiqi, diniyaxud məişət mərasimlərinin, saray əyləncələrinin tərkibi kimi yox, artıq həyatın bir sahəsi kimi dərk edilir. Müsəlman alimlər, əslində assimliyasiyaya uğramış şərq xalqlarının mədəniyyətləri sintezindən yaranan antik mədəniyyətləri canlandırmağa və mənimsəməyə cəhd edirlər. Möhkəm təmələ əsaslanan islam mədəniyyətinin düzgün inkişaf təmayülünün müəyyənləşməsi buradan başlayır.

İslam ölkələrinin orta əsr feodal mədəniyyəti gərgin inkişaf dövrü keçib. Bu mədəniyyətin yaranmasında bütün şərq xalqlarının payı olub. Müxtəlif xalqlara hörmət və ehtiram tövsiyə edən islam, dünya mədəniyyəti nailiyyətlərinə biganə qalmamış, onu qəbul edib özünəməxsus şəkildə inkişaf etdirmişdir. Qədim yunan şeir vəzninin əsasında əruz vəzni şərq şairlərinin yaradıcılığında təkmilləşərək Şərqin şeir vəzninə çevrilir. Qədim yunan ladları, səslərin interval məsafəsi dərindən öyrənilir və milli ərəb mədəniyyətinə və sonradan ümumşərq mədəniyyətinə uyğunlaşdırılır. Ərəb alimləri elmi işlərində yunan alimlərinin musiqi-nəzəri və estetik konsepsiyalarından qidalanırdılar. Eyni vaxtda Şərq mədəniyyətinin və islam nüfuzunun Qərb orta əsr mədəniyyətinə böyük təsiri olmuşdur. Orta əsrlərdə Avropa, ərəblərin vasitəsilə antik dövrün elmi, fəlsəfi, musiqi-nəzəri fikirlərilə tanış olur. Qərb və Şərq münasibətləri qədim köklərə malik olmuş islam dövründə daha da möhkəmlənir. Müşahidələr göstərir ki, islam ölkələrinin milli-mədəni xüsusiyyətlərinin yüksək təcəssümü ümumbəşər xüsusiyyətlərinə çevrilir. Bu gərgin proses xalqların, dillərin ünsiyyəti, çarpazlaşması, qohumlaşması, müxtəlif səciyyəli Şərq və Qərb mədəniyyətlərinin qarşılaşması islam mədəni platformasının yaranması ilə nəticələnir. Belə möhtəşəm mədəni təməl şərq xalqlarının bədii-fəlsəfi təfəkkürü və islam ideologiyası qanunlarına əsaslanır.

E.Q.Yakovlev yazır ki, «qanun ictimai, xüsusilə dini və bədii həyatın ruhi, mənəvi strukturlarını tənzim və təşkil edən sabit sistemdir. Bədii qanunlar adətən dini zəmində meydana gəlir. Buna görə də bədii qanunda dini və bədii ünsürlər sıx şəkildə birləşirlər». A.F.Losevin fikrincə, «bədii və dini qanunlar arasında ciddi sərhəd qoymaq olmaz».

Qədim dünya tarixində musiqi dinə yaxın fəaliyyət sahəsi kimi qiymətləndirilirdi. Şərq ölkələrində bu vəhdət daha da möhkəm olmuşdur. Hələ islamdan əvvəlki Şərqin, o cümlədən Azərbaycanın dini məbədlərində mərasimlər musiqinin, rəqsin müşayiəti ilə, təmtəraqlı keçirilirdi. İslam meydana çıxdığı gündən milli xüsusiyyətlərdən bacarıqla istifadə edir. Müxtəlif yerli mərasimlərin mərasimlərində, «şəbih» misteriya tamaşalarında, dərviş zikrlərində təzahür tapması dediklərimizə misal ola bilər. Bütün dinlərdə olduğu kimi şifahi ənənəli professional sənət növü olan islam dini musiqisixüsusi münasibət tələb edir. Bəzi xüsusiyyətləri etibarilə dini oxumalar folklora yaxın olsalar da, öz funksionallağı və genetik xüsusiyyətləri etibarilə ondan fərqlənirlər.

İslam dini oxumalarının professional sənət nümunəsi olmasına dəlalət edən bir sıra əlamətlər var. Onlardan ən ümdəsi odur ki, heç vaxt məişət ehtiyacı ödəməmiş və özündə sırf estetik funksiya daşıyıb. İkinci vacib əlamət dini oxumaların obraz intonasiya quruluşuna görə xalq ənənələrindən fərqlənən reqlamentləşmiş ifa tərzidir. Bu oxumaların musiqi əsasını təşkil edən birsəsli (monodik) oxuma üsulu, müəyyən lad tərkibində, xüsusi melodik ibarələr sisteminin ciddi ardıcıllığına və qanuniləşmiş improvizasiya üsullarına əsaslanır. Müəyyən təlimə əsaslanan ifaçılıq məharəti və sairə normaların sarsıdılmazlığı, konservativliyi, qəti tələblərə tabe olması ifaçıdan yüksək professionallıq tələb edir. Bu xüsusiyyətləri biz muğam musiqisində də müşahidə edirik. Dini musiqidə kollektiv (xor) ifa edilən oxumalar birlik, vahidlik rəmzi kimi ancaq unison ifa üsuluna əsaslanır.

Musiqi «vahidlik məfhumunu müxtəliflikdə» parlaq şəkildə əks etdirə bilən bədiiliyin və mədəniyyətin təzahür forması kimi islamın ana xəttinə çevrilir. Şərqin bədii təfəkküründə insan konkret obraz kimi yox, emosiya və əhval-ruhiyyə aləmi kimi yaşayır. Müsəlman xalqlarının estetik şüurunun bu xüsusiyyəti musiqi sənətində daha parlaq əksini tapır. İslam dininin bədii təfəkkür quruluşu da öz repertuarına aid müəyyən qanunlar yığınına əsaslanır ki, onları başqa keyfiyyətlərlə əvəz etmək qadağandır. Bu xüsusiyyətlər, islam aləminin ilk bədii abidəsi olan Quranda öz təcəssümünü tapır. Bədii məharətin yüksək nümunəsi kimi «Quran» müsəlman ölkələri xalqlarının mədəniyyətinə böyük təsir göstərmişdir.

İ.U.Kraçkovski yazır ki, «Quran surələrinin obraz zənginliyi effektli interpretasiya üçün yaxşı imkan yaradır».

«Quran» nəinki nəsrin, həm Şərqin professional musiqi sənətinin ilk abidəsidir. «Quran» poetikasının mətni dini münasibəti konkretləşdirirsə, onun avazatı emosional hisslər aləmini konkretləşdirir.

Təbiidir ki, Quranın poetikası qədim ərəb şeirinin poetikasından fərqlənən şifahi moizənin xüsusiyyətlərini əks etdirir. Quranın mətni dini əhval-ruhiyyədən əlavə, bədii estetik təsirə malikdir. İfa zamanı səslənən sözlər mənasından asılı olmayaraq ərəb dilini bilməyənlərə ruhi təsir bağışlayır. O, qafiyəli nəsr kimi nadir üslubda yazılmışdır. Mənalı, vəznli sözlərin təşkilindən ibarət olan surələr ritmik vurğularla bitib, biri-digərindən fasilələrlə ayrılırlar. Musiqi reçitasiyası azad vəzn əsasına malikdir. Quranın şifahi moizə xüsusiyyətlərinə əsaslanan poetikası dini ifaçılıq qaydalarından kənara çıxmadan improvizasiya üsullu melodik reçitasiyada əksini tapır. Kiçik səs diapazonu çərçivəsində musiqi reçitasiyasının eyni ölçülü, pilləvari, dalğavari hərəkəti, dayaq səslərinin tez-tez təkrarı Quranın ifasında daimilik təsəvvürü oyadır. Epik xüsusiyyətli reçitativ intonasiyanın axıntılı, sakit, aramlı, nəqledici ahəngi Quranın təlqin etdiyi fəlsəfi məna ilahi müdriklik hissini təcəssüm edir. Quran kəlamlarının düzgün tələffüzü üçün icad edilmiş «təcvid» Quran avazını müəyyənləşdirir. Quranın ifasında şur ladına üstünlük verilir. Melodiyanın əsası olan lad (məqam) ibarələr yolu ilə açılır. Ladın formalaşması üçün ilkin şərt oxumadır ki, təkrar olunan səs ətrafında gəzişmələr üçün danışıq intonasiyası örnək ola bilər. Nitq intonasiyası üzərində aparılan tədqiqat, dini oxuma nitqinin intonasiyasının musiqiləşmə prosesini, bu materialın musiqiyə çevrilməsini müşahidə etməyə imkan verir. İlkin örnək olan reçitativ tərzli oxumalar, bir səs üzərində, bəzən o biri qonşu səslərə meyl edərək oxunur. Belə oxumalar hələ yarım-qiraət yarım oxunmalıdır ki, beləliklə dini reçitasiya tərzi yaranır. Y.Tyulin hesab edir ki, dini qiraət-oxunma avazı ladın formalaşmasında ilkin nöqtədir. Onun fikrincə, ilkin lad meyli, səslərin cazibəsi məhz buradan başlayır.

Ladın formalaşmasının əsasını təşkil edən momentlər, onun təşəkkül tapma prosesini, milli musiqi sistemində maraqlı spesifik nüansların tam təfsilatını dini oxumalarda (Quran, qəsidə, səlat minacət, azan, zikr, kuf, mədh nəət s.) açıq müşahidə etmək mümkündür. Quranın musiqi nitqinin əmələ gəlməsində ladın tonikasının, onun aparıcı tonu, mediantası əsas tonunun rolu böyükdür. Əsas tondan tonikanın üst mediantasına, kvarta sıçrayışı edib, pilləvari tonikaya enərək sonra bir neçə dəfə tonikanın səsləşməsindən əmələ gələn musiqi ibarəsi xarakter melodik modelə çevrilir. İfaçılardan dini musiqinin mürəkkəb melodik ibarələrini bilmək, əsərin tərkib hissəsi olan poetik musiqi mətninin həssaslığını, ritmik modusların emosionallığını, rəngarəng çoxmənalılığını tərənnüm etmək bacarığı tələb olunurdu. Musiqi ifa qanunları çərçivəsində formalaşmış ibadət musiqisinin mətnini əmələ gətirən kiçik avazların modelləri uzun əsrlər boyu stereotip şəklində yaşayaraq həmin musiqinin ritm-intonasiya simvollarına çevrilirlər. Dini oxuma qanunlarının konservativliyi yaddaşa həkk olunmuş avaz modellərinin nəsillərdən nəsillərə keçərək şifahi yaşamaq qüvvəsi, ibadət musiqisinin bu günə qədər gəlib çatması üçün imkan yaratmışdır. Tarixi inkişaf prosesində belə professional musiqinin şifahi ənənəyə sadiq qalması haqqında müxtəlif fikirlər mövcuddur. Farmer bunu peşəkar musiqiçilərin korporativ maraqları ilə izah edir.

Şərq musiqisinin təbiətini daha aydın təsəvvür edən musiqişünaslar bu halı musiqinin monodik xüsusiyyəti ilə izah edirlər. Monodiya təfəkkür forması kimi şifahi ənənəli sənət praktikasındakı repertuarı, intensiv həyat bulağını təcəssüm edir ki, burada əsas yeri hafizə, improvizasiya, təxəyyül tutur. Yəni oxumaq, çalışmaq, yaradıcılıq təcəssümünün inkişafı, musiqi yaratmaq deməkdir. Şifahi halda ifa etmək dəyişməyən mürəkkəb qaydalara əsaslanaraq yeni yaradıcılıq prosesidir. Məqsəd musiqi ideyasının müxtəlif aspektli ifadə vasitəsilə xüsusi hisslər aləmini yaratmaqdır.

Hər üç dininyəhudilik, xristianlıq müsəlman oxumalarının əsasını birsəsli oxuma tərzi tutur. Bu həm şərq xalqlarının musiqi təfəkkürü ilə, həm monoteizmin ideologiyası ilə əlaqədardır:

1. Allah tərəfindən verilən səs ən mükəmməldirəqidəsi vokal ifanı.

2. «Allah tərəfindən bəxş olunan səs, insan əməlinin nəticəsi olan alətlərdən mükəmməldir» – əqidəsi instrumental müşayətsiz ifanı.

3. Təksəsli oxuma, hətta xor (kollektiv) oxumaların unison ifası Allahın vahidlik rəmzi ilə bağlı olub islam dini oxumalarının ifa qanunlarının əsasını qoyur.

İslamın mühafizəkar meylinə baxmayaraq ümumi inkişaf prosesində ibadət oxumaları ilə yanaşı dini oxumaların yeni janrları meydana çıxır. Bu oxumalarda ifaçılıq qanunlarının reqlamenti müəyyən qədər yumşalır. Dini musiqinin mövzu dairəsi genişlənir yeni yaranmış janrlarda fəlsəfi, didaktik sairə xüsusiyyətlər nəzərə çarpır. Bu janrların musiqi mətni məzmuna uyğun xarakter alır. Musiqi mətninin melodik ifadəsindəki müəyyən ritm, intonasiya yeniliyi, musiqi məntiqinin sərbəstliyi lad dairəsinin genişlənməsi, kadans xüsusiyyətlərinin parlaqlığı bu dini oxumaları dünyəvi elementlərlə zənginləşdirir. Məhz dini musiqi janrlarının inkişafı, onların xalq nümayəndələrinin ifasında səsləşərək milli hiss ehtiraslarla aşılanıb, cilalanması dünyəvi xarakter daşıyan yeni professional sənətin meydana gəlməsi üçün zəmin yaradır.

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2012.- 8 mart.- S.13.