Azərbaycan mədəniyyətində Novruz»

 

Folklor İnstitutunda Novruz bayramına həsr olunmuş elmi sessiya keçirildi

 

Martın 9-da AMEA Folklor İnstitutunda «Azərbaycan mədəniyyətində Novruz» adlı elmi sessiya keçirildi. Tədbiri giriş sözüylə AMEA Folklor İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru Muxtar İmanov açdı, sessiyanın keçirilməsi məqsədi haqqında bilgi verdi: «Sessiyanın məqsədi Azərbaycan xalqının qeyri-maddi mədəni irsinin bərpası, qorunması, tədqiqi və təbliği sahəsində dövlət siyasətinin tərkib hissəsi kimi xalq bayramlarının, o cümlədən Novruzun tarixi, müasir mədəniyyətimizdə yeri və durumu, xalqımızın milli özünüdərkində əhəmiyyəti, onda daşınan dəyərlərin mühafizə imkanları və s. mövzularda müasir elmi qənaətlərin ümumiləşdirilməsidir».

Daha sonra M.İmanov Novruzun böyük bir mədəniyyət hadisəsi olduğunu qeyd edərək bu bayramla bağlı aydın və habelə mübahisəli məsələlərin olduğunu bildirdi. Novruz çərşənbələri ilə bağlı danışan M.İmanov bu mövzu ilə ətrafında bir çox araşdırmaçıların fərqli qənaətlərinin olduğunu bildirdi, çərşənbələrin sıralanmasının müxtəlifliyindən, sayından söz açdı: «Folklora folklor hadisəsi, folklor mədəniyyəti kimi baxmaq, habelə Novruzla bağlı məsələlərə geniş aspektdə yanaşmaq gərəkdir».

AMEA Folklor İnstitutu «Müasir folklor» şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Füzuli Bayat Novruz bayramı ilə bağlı müxtəlif mənbələrdə məlumatların olmasından söz açdı, əcdadlarımızın fəhmən gecə-gündüz bərabərləşməsini duymasının, bilməsinin astronomik tərəflərinə diqqət çəkdi: «Bayramın təməlində duran əsas məsələ məncə, «ölüb-dirilən» təbiətdir. Bayramın «ölən» təbiətlə «dirilən» təbiətin qovşağında bayram edilməsi təsadüfi olmayıb».

F.Bayat Novruzla bağlı orta yüzilliklərə aid elmi-tarixi əsərlərdə bayramın mahiyyəti ilə bağlı müəyyən səhv yozumların olduğunu bildirdi: «Novruzda ölüb-dirilən təbiətə inanc var». AMEA ArxeologiyaEtnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə elmlər doktoru Güllü Yoloğlu «Türk Dünyasında çərşənbələr» mövzusunda çıxış etdi, müxtəlimf türk xalqlarının Novruzla bağlı mərasimlərindən, çərşənbələrin müxtəlifliyindən, adlanma fərqliliyindən, məzmunundan söz açdı. AMEA Folklor İnstitutu «Musiqi folkloru» şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Rafiq İmrani «Novruzmusiqi folkloru» mövzusunda çıxış etdi, xalqımızın Novruzla bağlı silsiləvi və kütləvi xarakterli musiqilərinin olduğunu bildirdi. Qeyd etdi ki, Hovruz ənənəmizdə musiqi folklorumuzun bütün imkanları yaradıcı şəkildə ifadəsini tapıb.

ADPU Folklor Mərkəzinin müdiri, filologiya üzrə elmlər doktoru Ramazan Qafarlı, AMEA Folklor İnstitutu «Mərasim folkloru» şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Ağaverdi Xəlil də Novruz mövzusunda məruzə etdilər. Folklor İnstitutu «Qorqudşünaslıq» şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Tofiq Hacıyev, institutun şöbə müdiri, professor Kamran Əliyev, Folklor İnstitutu «Mifologiya» şöbəsinin müdiri Seyfədin Rzasoy, «Aşıq yaradıcılığı» şöbəsinin müdiri Elxan Məmmədli, dosent Elçin Abbasov, Elçin Qaliboğlu və başqaları məruzələr ətrafında fikirlərini bölüşdülər. Sonda müzakirələri ümumiləşdirən M.İmanov bu cür elmi müzakirələrin əhəmiyyətini vurğuladı: «Folklorda çoxvariantlılığa təbii baxmaq lazımdır. Elmin hüdudu yoxdur. Novruzla bağlı araşdırmaların bundan sonra da aparılmasına ehtiyac var».

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012.- 10 mart.- S.14.