Sara Qədimovanın səsi
Deyirlər, mahnılar insana qol-qanad
verir, onu yaşamağa, yaratmağa ruhlandırır. Bəzən
ən ağır, kədərli anlarında, yorğun
çağlarında sənə həmdəm, dərdinə
məlhəm olur. Hər dəfə görkəmli xanəndəmiz
Sara Qədimovanın ifasında hər hansı muğama qulaq
asanda ürəyim riqqətə gəlir, elə bil onun bəmində
dinçəlir, zilində göylərə ucalıram. Ustad
sənətkar on illər boyu elimizə-obamıza əsrlərin
o tayından gələn qədimyana, şirin avazıyla
töhfələr verib, Allahın əmanətini – nadir
istedadını günəş nuru, həyat çeşməsi
təki ömürlərə paylayıb.
Qadınların ifasına qulaq asan
qızcığaz
Sara Qədimova Bakıda doğulsa da,
uşaqlıq illəri Qarabağda,
Gülablı kəndində keçib. Bu kənd zəngin musiqi ənənəsinə
malikdir. Cabbar
Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski kimi sənətkarlar
tez-tez Gülablıya gələr, yerli xanəndələrlə məclislər qurar, musiqidən söhbət
açardılar. Atası ilə bu məclislərdə iştirak
edən Sara görkəmli sənətkarları
hələ balaca ikən görüb
tanımışdı. Bu, toylarda, şənliklərdə
çalıb-oxuyan yaşlı qadınların ifasına diqqətlə
qulaq asan
qızcığazın yaddaşında dərin iz buraxmışdı.
Saranın
atası, tarzən Qurban Pirimovun
yaxın qohumu Bəbiş kişi
Ağdamın Gülablı kəndindən idi.
O, gənc yaşlarından Bakıda yaşamış və əslən
şəhərli olan bir
xanımla ailə qurmuşdu. Sara muğam və
mahnıların sözlərini hələ uşaq
ikən məhz bu bakılı
qızından – anasından öyrənmişdi. Amma təəssüf ki, onun qayğısız, xoşbəxt günləri
uzun sürmədi. Dörd bacı və iki qardaşın böyüdüyü
ailə əvvəlcə ana, iki il sonrasa
ata itkisilə üz-üzə qaldı. Bu zaman uşaqların ən
böyüyünün – Saranın cəmi
on altı yaşı vardı. Və o, həyatda hələ ayaq
üstə durmağa macal
tapmadan bacı-qardaşlarının himayəçisinə
çevrildi.
Sara xanım 22 yaşında
özündən 24 yaş böyük olan, tibb texnikumunda oxuyarkən
həmin təhsil ocağının direktoru
işləmiş, əslən kürdəmirli Qədir
İslamzadə ilə ailə qurdu. Sara xanım o günləri
belə xatırlayırdı: «Qədir müəllim tibb texnikumunun direktoru idi. Mən
mamalıq şöbəsində oxuyurdum.
1944-cü ildə bir gün
konsertdən sonra Qədir müəllim mənə
yaxınlaşıb ciddi şəkildə:
«Səninlə ailə qurmaq istəyirəm»,
– dedi».
Hamının olduqca zəhmli və ciddi
adam kimi
tanıdığı Qədir müəllimin bu
sözünü eşidən Sara xanım yerində donub
qalır. Axı, onlar ata-bala
yaşda idilər. Gənc Sara
yetim qalmış özündən balaca qardaş və
bacılarını saxlamaq xatirinə Qədir
müəllimlə ailə qurmağa
razılıq verir. Bu
izdivacdan Akif
İslamzadə dünyaya gəlir. Bir müddət səadət dolu
günlər yaşayırlar. Təəssüf ki, xoşbəxt çağlar
bir gün sona yetir. Sara
xanımın Qədir müəllimlə birgə həyatı
səkkiz ildən sonra ailədaxili kiçik münaqişələr səbəbindən
başa çatır. Bəlkə də
vaxtında kəsərli bir ağsaqqal sözünün
yoxluğu onları bu
aqibətə tuş qoyur.
Yoxsa
dünyasını dəyişən günədək
yarım əsr əvvəlki həyat dramının
ağrı-acısına qovrulmasına,
peşmançılıq çəkməsinə nə ad vermək olardı? Üstəlik, sonradan ailə qurmasına baxmayaraq,
həmişə xoş məhəbbətlə
xatırladığı Qədir müəllim haqqında
«o əsl kişiydi, onun tayı-bərabəri tapılmaz» deməsi
təsadüfə yozula bilərmi?
«Xəyalımın nuru»
Rəşid Behbudovdan sonra 1950-60-cı
illərdə Sara xanım qədər xarici ölkələrdə konsert
verən, dünya xalqlarının
mahnılarını ifa edən ikinci bir müğənni
yox idi. O,
22 ölkədə Azərbaycan incəsənətini təmsil
etmişdi, İran, İndoneziya, Efiopiya və
Özbəkistanın dövlət mükafatlarına layiq görülmüşdü.
S.Qədimova əcnəbi dillərdə 25 mahnı ifa etmiş və lentə
yazdırmışdı. Bunlardan ərəbcə
oxunan «Xəyalımın nuru»,
«Yamayilə», «Leyla», «Sili»,
farsca səslənən «Rəftəm ki, rəftəm», «Peşiman
şodəm», «Bahori mən», İndoneziya mahnısı «Vurğunam»,
tacikcə ifa olunan «Məhəbbət»
və başqa mahnıların
adını çəkmək mümkündü.
«Xəyalımın
nuru» mahnısından söz
düşmüşkən, 1960-cı ildə Misirə qastrol səfərində Sara
xanım məşhur ərəb müğənnisi Fehruz xanımla və dünya
şöhrətli bəstəkar-müğənni Fərid Əl-Ətraşla
tanış olur. Fərid Əl-Ətraş
özünün «Xəyalımın nuru» mahnısını Sara
xanıma öyrədir. Böyük
müğənni tamaşaçıların xahişilə
açıq havada bu
mahnını dörd dəfə oxuyur. Sara Qədimovanın
İraq müğənnisi Sinan Səidlə birlikdə oxuduğu
«Dühüllə» mahnısısa indi də
o ölkənin radiosunda
səsləndirilir.
Şəxsiyyətə
pərəstiş illərində, adlarının çəkilməsi
belə yasaq olan vaxtlarda Hüseyn Cavidin şeirlərini, Müşfiqin
yeganə qəzəlini məhz Sara
xanım oxuyub. Onun cəsarəti,
qorxmazlığı yalnız bu faktla bitmir. İdeoloji sədlərə baxmayaraq,
fars şairi Racinin qəzəlini, «Mahur
hindi» muğamı üstündə
«Mürği-səhər»i 1959-cu ildə Vasif
Adıgözəlovun Türkiyədən bəhrələnməklə
bəstələdiyi, ifasına icazə verilməyən «Unutdun məni» mahnısını senzuraya məhəl qoymadan
tamaşaçıların ixtiyarına çatdıran da Sara Qədimova idi.
«Qarabağın
maralı» mahnısı. Bu adda bəstədən və onun
ilk dəfə Sara
xanımın ifasında səslənməsindən
çoxları xəbərsizdi. Qədim Qarabağ
torpağının yetirməsi, həvəskar bəstəkar
İskəndər Novruzlunun
yazdığı, sonralar adı dəyişilərək
«Azərbaycan maralı» şəklinə düşən bu mahnının melodiyasının türk musiqisinə yaxınlığı bəhanəsilə
oxumağa qoymurdular. Amma Sara xanım cürət
edib, onu «Şahnaz» muğamının ortasında təsnif
kimi ifa etmişdi.
Avtomobil qəzası
1965-ci ildə Sara xanım bağına gedərkən avtomobil qəzasına düşmüşdü.
Maşında qardaşı və rəfiqəsi Sara Məmmədova da var idi. Bu
qəza çox söz-söhbətə
səbəb oldu. Hərə özündən
bir əhvalat düzüb
qoşurdu. Çox
ağır xəsarət alan Sara xanım Sabunçu xəstəxanasına
yerləşdirilmişdi. Onun müalicəsilə
məşhur travmatoloq Lev
Frankenberq məşğul olurdu.
Bu hadisədən
iki il əvvəl sovet nümayəndə heyətinin tərkibində
Sara Qədimovayla birgə üç
ay İndoneziyada olan və müğənniylə dostlaşan kosmonavt Valentina Tereşkova rəfiqəsinin
qəzaya uğraması xəbərini eşidən kimi Moskvanın ən məşhur travmatoloqu Trapeznikovu
Bakıya göndərir. Sara
xanım xəstəxanada yatarkən də boş
oturmurdu. Füzulinin, Seyid Əzimin, Vahidin
kitabları onun əlindən düşmürdü. Ayağından on kiloqramlıq ağır daş
asıldığı vəziyyətdə, o
burada otuz iki qəzəl öyrənir. Sara
xanım əla müalicə olunur. Amma dedi-qodu,
söz-söhbət onu sarsıdıb, ruhdan saldığından, tezliklə konsertlərdə
çıxış etmək istəmir.
S.Qədimovanın
ifasında «Xatirələr», «Tarçalan
oğlan», «Qara tellər»
mahnılarını, «Qatar»
muğamını və sairi dinləməkdən
doymayan, Azərbaycanın o
zamankı rəhbər şəxslərindən biri – Şıxəli Qurbanov
mayın 25-də xanəndəni yanına
çağırır. Sonralar sənətkarın özünün danışdığına
görə, onların arasındakı qısa söhbət
zamanı: «Sara xanım, niyə oxumursan?» sualına cavab ala bilməyən Şıxəli müəllim
canıyananlıqla «Siz mənim
maşınımda da qəzaya düşə
bilərdiz» deməklə onu inadından
döndərir. Bundan sonra
Ş.Qurbanov radio və
televiziya komitəsinin sədri Teymur Əliyevə tapşırır ki, tezliklə Sara
xanımın televiziyada konsertini
versin. Teymur Müəllim:
«Nə qədər dəvət edirik, Sara xanım gəlmir» – deyir.
Şıxəli
müəllimin növbəti tapşırığı
mayın 29, 30, 31-də Sara xanımın filarmoniyada 3 günlük konsertinin təşkili ilə bağlı olur.
Amma sən demə, hər yerə ayın sonuncu
günü Niyazinin dirijorluğu ilə simfonik
orkestrin konsertini bildirən
afişalar vurulubmuş.
Ş.Qurbanov orkestrin konsertini başqa vaxta keçirmək barədə göstəriş
verir. Ötkəm, tündməcaz xasiyyətilə
tanınan Niyazi bu məsələyə
görə yamanca pərt olsa da,
razılaşmaqdan başqa çarəsi
qalmır. Bir qıçı kəsilib, protez
qoyulduğu söylənən Sara xanım həkim Lev Frankenberqin təklifiylə ilk
konsertdə səhnəyə qısa paltarda
çıxmaqla şayiələri alt-üst
edir. Üç gün filarmoniyanı ağzınacan dolduran pərəstişkarlar Sara
Qədimovanı sağlam vəziyyətdə
gördükdə rahatlıq tapırlar. Hər üç konsert «Şur» dəstgahı ilə başlayır.
Müğənnilər
onu əliaçıq, çörəkli
bir insan kimi xatırlayırlar. Sara
xanım öz tikəsini hamıyla
yarı bölərdi. Onunla qastrola gedənlər heç
vaxt, heç nədən
korluq çəkməzdilər. Təşkilatçılıq bacarığı öz yerində, əl-qolunu
çırmalayıb dadlı-tamlı xörəklər
hazırlayar, sənət dostlarını bu
sarıdan da qayğılanmağa
qoymazdı. Sara Qədimovanın olduqca ciddi və zabitəli
xasiyyətinə işarə ilə, Xan əmi
həmişə zarafata salıb deyərdi:
«Moskvada Stalin, Bakıda
Mircəfər Bağırov, filarmoniyada Sara xanım. Dad onların
əlindən».
Yaşından
asılı olmayaraq, müğənnilər
onun yanında özlərini
yığışdırar, söz-söhbətlərinə,
danışıqlarına fikir verərdilər.
Bununla yanaşı, heç
vaxt dilinə yalan gətirməyən,
kimsənin qeybətini eləməyən, paxıllıq və
kin-kidurətdən uzaq Sara
xanım zarafatı, deyib-gülməyi çox
sevirdi. Hətta səhnədə
muğam və mahnıları gülə-gülə
oxuyardı. Və maraqlıdı ki,
deyib-gülməyi öz yerində, Sara Qədimova həm də mahir
nərd oyunçusu kimi
tanınırdı. Ona qalib
gəlmək hər adamın işi deyildi. Xan Şüşinski, Əbülfət Əliyev,
Hacı Məmmədov, İldırım Həsənov Sara xanımla nərd oynayanda
ciddi görkəm alırdılar. Bir dəfə Xan əmi lap divara dirənmişdi. On üç dəfə dalbadal uduzmaq sizə zarafat gəlməsin.
Poeziya vurğunu
Poeziyaya vurğunluğuyla
seçilən Sara xanım beş yüzdən çox
qəzəl bilirdi. Başda
Xan əmi olmaqla, bütün müğənnilər onun bu qədər qəzəli
necə əzbərlədiyinə təəccüblə
yanaşır, heyrətlənirdilər. Bülbüldən sonra istər bəmdə, istərsə də
zildə sözləri aydın tələffüz etməsi ilə
fərqlənən ikinci müğənni
kimi səlis diksiyası da
hamıya xoş gəlirdi. Muğamlarımızın
və mahnılarımızın ilkinliyini
qoruyub saxlayan Sara xanım mövqeyini
bircə cümləylə, amma dolğun şəkildə əsaslandırırdı:
«Əgər xalq bu
mahnını yaradıb, öz möhürünü vurubsa,
ona ikinci bir əlavənin edilməsinə ehtiyac qalmır».
Heç kəsi təqlid etməyən Sara Qədimovanın sənətkarlıq məharəti
Şəfiqə Axundovanın «Məhəbbət təranələri»,
«Axı mən nə dedim» və «Lirik mahnı» Hacıbaba Həsənovun «Xatirələr»,
xalq yaradıcılığına məxsus
«Qara qaşın vəsməsi», ara-sıra səslənməyinə baxmayaraq, nəqəratındakı
xırdalıqları heç bir müğənninin təkrar edə bilmədiyi
«Nə vaxta qaldı» (müəllifi – Qənbər
Hüseynli) mahnılarında da görünür. Məhz
bu mahnıları heç
kəs Sara xanım kimi
ifa edə bilməyib. Həmin bəstələr
təəssüf ki, bu
gün demək olar oxunmur.
Sara xanım «Şur
dəstgahı», «Mahur hindi»,
«Xaric segah», «Bayatı
– Şiraz», «Segah», «Qatar», «Şahnaz», «Rast» «Çahargah»
muğamlarını, dörd yüzə
yaxın xalq, bəstəkar, o cümlədən iyirmi beş xarici ölkə
mahnısı ifa edib.
Onların əksəriyyəti lentə alınıb, Dövlət
Səs Yazıları Arxivində, Azərbaycan Televiziya
və Radio Verilişləri QSC-nin qızıl fondunda qorunur. Bu qiymətli sənət
inciləri milli mədəniyyətimizin parlaq nümunələri kimi
daim yaşayacaq.
Oktay Hacımusalı
Xalq Cəbhəsi.- 2012.- 10 mart.- S.13.