Bu dünya bir pəncərə imiş

 

Şəmsi Bədəlbəyli 1911-ci ildə şeir-sənət yuvası olan Qarabağın Şuşa şəhərində məşhur bir ailədə – maarifpərvər ziyalı Bədəl bəy Bədəlbəyovun ailəsində dünyaya gəlmişdir. Şəmsinin uşaqlığı sənət mühitində keçmiş, o, kiçik yaşlarından musiqiyə böyük maraq göstərmişdir. Orta məktəbi uğurla bitirən Şəmsi Bakı şəhərində Pedaqoji Texnikuma daxil olmuş və təhsilini bitirdikdən sonra, 1927-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri sinfində oxumuş, az sonra dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin kompozisiya nəzəriyyəsi sinfinə keçmişdir. Uşaq yaşlarından musiqiyə və teatr sənətinə bəslədiyi böyük həvəsi onun Azərbaycan Dövlət Dram Teatrının kiçik orkestrində tar ifaçısı kimi işə başlaması ilə nəticələnmişdir. Dram Teatrında gənc Şəmsinin o dövrün görkəmli ziyalıları – dramaturq Cəfər Cabbarlı, rejissorlar İsmayıl Hidayətzadə və Aleksandr Tuqanovla sonradan böyük dostluğa və əməkdaşlığa çevrilən ünsiyyəti başlayır.

1933-cü ildə Xalq Maarif Komissarlığı Şəmsi Bədəlbəylini Moskvaya oxumağa göndərir. Moskvanın qaynar teatr həyatından özünün gələcək yaradıcılığı üçün təcrübə toplayan, görkəmli rejissorlar Kote MarcanaşviliAleksey Popovdan təhsil alan Şəmsi Bədəlbəyli Moskvada təhsil və təcrübə müddətini başa vurub Bakıya qayıdır. Sənətdə ilk addımlarını atdığı Dram Teatrında M.F.Axundzadənin «Müsyö Jordan və Dərviş Məstəli şah» (rejissor M.Zeynalovla birlikdə), S.Rəhmanın «Xoşbəxtlər» (rejissor A.İsgəndərovla birlikdə) pyeslərini tamaşaya qoyur. Daha sonra o, müstəqil olaraq C.Məmmədquluzadənin «Ölülər», V.Şekspirin «Kral Lir», M.Lermontovun «İki qardaş» pyeslərinə maraqlı quruluşlar verir.

Böyük Vətən Müharibəsinin ilk günlərindən İrana «Vətən uğrunda» qəzetində ədəbi işçi kimi işləməyə göndərilən rejissor mədəniyyətin müxtəlif problemlərindən bəhs edən yazılar dərc etdirir. Özünün həyat amalını bir an unutmayan rejissor Təbriz şəhərində həvəskar aktyorların iştirakı ilə Üzeyir Hacıbəylinin «Arşın mal alan», Zülfüqar Hacıbəyovun «Əlli yaşında cavan» və «Evlikən subay» musiqili komediyalarını tamaşaya qoyurbununla da gələcəkdə Təbrizdə peşəkar teatrın yaradıcılıq səviyyəsinin artmasına zəmin yaradır. 1942-ci ilin sonunda Bakıya qayıdan Şəmsi Bədəlbəyli 1943-cü ildə Bakıda yeni yaradılan Azərbaycan Dövlət Musiqili Komediya Teatrına baş rejissor təyin olunur. O, daim ürəyində gəzdirdiyi böyük arzusuna çatır. Şəmsi Bədəlbəyliyə musiqili teatrı formalaşdırmaq tapşırılır. Gənc recissorun həyatında çox mühüm bir dönəm başlanır. Şəmsi Bədəlbəyli Azərbaycanın istedadlı yazıçı və bəstəkarlarını teatra cəlb etmək üçün çox böyük işlər görürMusiqili Komediya Teatrının təşəkkülündə mühüm hadisə kimi dəyərləndirilən – F.Əmirov və M.S.Ordubadinin «Ürəkçalanlar», S.Rüstəmov və S.Rüstəmin «Durna», F.Əmirov və M.Əlizadənin «Gözün aydın», S.Ələsgərov və S.Rəhmanın «Ulduz» operettaları yaranır. Şəmsi Bədəlbəyli musiqili teatrımızın inkişaf və tərəqqisi, teatrın repertuar siyasətinin müəyyənləşdirilməsi, truppanın formalaşması üçün çox böyük işlər görür. Qeyd etdiyimiz kimi, teatrın repertuarının rəngarəngliyinə çalışan Şəmsi Bədəlbəyli 40-cı illərdə digər xalqların, qonşu ölkələrin bəstəkarlarının əsərlərini repertuara daxil edir. Bu tamaşalar Azərbaycan tamaşaçıları tərəfindən həvəslə qarşılanır və mədəni əlaqələrin inkişafında xüsusi əhəmiyyət kəsb edir.

1949-cu ildə iqtisadi çətinlik ucundan Musiqili Komediya Teatrı müvəqqəti olaraq bağlanır. Bir müddət Azərbaycan Dövlət Filarmoniyasında çalışan sənətkar 1956-cı ildə yenidən fəaliyyətə başlayan Musiqili Komediya Teatrına, qəlbən bağlı olduğu sənət ocağına qayıdır. Tez bir zamanda teatrın məşhur aktyorlarının yenidən truppaya qayıtmasına müvəffəq olan Şəmsi Bədəlbəyli bir-birinin ardınca Ü.Hacıbəylinin «Arşın mal alan», «Məşədi İbad», M.Əlizadə və A.Məşədibəyovun «Toy kimindir?», M.Əlizadə və F.Əmirovun «Gözün aydın», V.Adıgözəlov və R.Mustafayevin «Hacı Qara» kimi uğurlu tamaşalara imza atır. Musiqili Komediya Teatrının ən zəngin, müxtəlif sənət uğurları ilə dolu dövrü Şəmsi Bədəlbəylinin adı ilə bağlıdır. Müxtəlif sənət dəsti-xətti olan bəstəkarların yeni yaranmış operettalarına dövrün, zamanın tələbindən yanaşan rejissor həmin illərdə paytaxt tamaşaçılarının böyük həvəslə baxdığı M.Əlizadə və S.Rüstəmovun «Rəisin arvadı», Q.Cəmşidi, B.Səfəroğlu və T.Hacıyevin «Bizə bircə xal lazımdır», A.Kürçaylı və A.Məlikovun «Ləpələr», Ş.Qurbanov və S.Ələsgərovun «Sevindik qız axtarır», Ə.Kürçaylı və V.Adıgözəlovun «Nənəmin şahlıq quşu», S.Qədirzadə və S.Ələsgərovun «Həmişəxanım», S.Rəhman və E.Sabitoğlunun «Hicran» əsərlərinə oricinal quruluş verir. «Hicran» Şəmsi Bədəlbəylinin Musiqili Komediya Teatrında son tamaşası olur. Bütünlükdə lentə alınmış bu tamaşanın tez-tez Azərbaycan televiziyası ilə göstərilməsi yeni nəslin Şəmsi Bədəlbəyli yaradıcığı ilə tanış olması üçün dəyərli vasitədir.

Həyat və yaradıcılığının mühüm bir hissəsini musiqili teatra həsr edən Şəmsi Bədəlbəylinin bənzərsiz rejissor səriştəsi, ədəbi və musiqi materialına dərindən nüfuz etməsi, yaradıcı heyətin bütün imkanlarını üzə çıxarmaq bacarığı onun rejissor sənətini səciyyələndirən əsas cəhətlərdəndir.

Zaman keçdikcə Şəmsi Bədəlbəylinin irimiqyaslı, çoxşaxəli teatr fəaliyyəti bizlərə daha aydın görünməyə başlayır. İndi onun yoxluğundan uzun illər ötməsinə baxmayaraq, Şəmsi Bədəlbəyli yenə də musiqili teatrı bilən, duyan, əvəzsiz musiqili teatr rejissoru kimi bir daha göz önünə gəlir.

Görkəmli rejissor Musiqili Komediya Teatrı ilə yanaşı, mütəmadi olaraq Azərbaycan Dövlət OperaBalet Teatrında da tamaşalar qurmuşdur. Ü.Hacıbəylinin «Koroğlu», «Əsli və Kərəm», Z.Paliaşvilinin «Daisi», İ.Dzercinskinin «İnsanın taleyi», S.Ələsgərovun «Bahadır və Sona», C.Rossininin «Sevilya bərbəri», V.Adıgözəlovun «Ölülər», A.Borodinin «Knyaz İqor», Ə.Bədəlbəylinin «Söyüdlər ağlamaz» tamaşaları Şəmsi Bədəlbəyli yaradıcılığında xüsusi səhifə təşkil edir.

Teatr fəaliyyəti ilə kifayətlənməyən sənətkar xarici ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti günlərinin, bir sıra dövlət konsertlərinin rejissoru olmuş, «Azərbaycanfilm» kinostudiyasının çəkdiyi bir neçə filmdə, o cümlədən, «Ömrün səhifələri», «Axırıncı aşırım», «O qızı tapın» filmlərində yaddaqalan obrazlar yaratmışdır.

Teatr yaradıcılığı ilə yanaşı, Şəmsi Bədəlbəyli ictimai teatr hərəkatımızın liderlərindən biri kimi də mədəniyyət tariximizdə dərin iz buraxmışdır. 1976-cı və 1981-ci illərdə o, iki dəfə Azərbaycan Teatr Cəmiyyətinin sədri seçilmiş və 10 illik bir zaman kəsiyində Azərbaycanın nüfuzlu yaradıcııq birliyinin başında durmuş, öz zəngin biliyini, təcrübəsini, nüfuzunu, dostluq əlaqələrini, bütün qüvvə və bacarığını Teatr Cəmiyyətinin fəaliyyətinin genişlənməsinə, teatr sənətimizin təbliğinə, digər xalqlarla mədəni münasibətlərin inkişafına, istedadların üzə çıxmasına sərf etmişdir.

Mən həmin dövrdə Teatr Cəmiyyətinin fəaliyyətinin əsas istiqamətlərinin üzərində dayanmaq istərdim. Şəmsi Bədəlbəyli teatr sənətçilərinin sosial problemlərinin həllinə və dünyagörüşünün artmasına çalışır, müxtəlif teatrlarda çalışan sənətkarları o zamankı Sovetlər Birliyinin Ümumittifaq Teatr Cəmiyyətinin xətti ilə dünyanın bir çox ölkələrində keçirilən nüfuzlu teatr forumlarına yaradıcılıq ezamiyyətinə göndərirdi.

Şəmsi Bədəlbəylinin Teatr Cəmiyyətinə rəhbərlik etdiyi illərdə Aktyor Evində çoxlu sayda yaradıcılıq gecələri, xatirə günləri, poeziya axşamları, sərgilər, yeni tamaşaların müzakirələri, disputlars. keçirilirdi.

1978-ci ildə Teatr Cəmiyyətinin ən mühümgeniş miqyaslı tədbiri – o zamankı ölkə rəhbərliyinin fəal iştirakı ilə Bakıda «Dostluq» teatrının açılışı baş tutdu. «Dostluq» teatrının 13 ildən artıq fəaliyyəti dövründə Moskvanın Malıy teatrı, V.Mayakovski adına teatrı, A.Puşkin adına Leninqrad Akademik teatrı, Ş.Rustaveli adına Gürcüstan Akademik teatrı, Sundukyan adına Akademik teatr, Vaxtanqov adına Akademik teatr, Moskvanın Lenin Komsomolu adına teatr, N.Qoqol adına Moskva Dram teatrı, Mossovet adına Akademik Dram teatrı, K.Marcanaşvili adına Gürcüstan Akademik teatrı və digər kollektivlər bu teatrın xətti ilə Azərbaycana dəvət olundular. «Dostluq» teatrı, həmçinin Azərbaycan teatrının əldə etdiyi ən yaxşı uğurları – C.Məmmədquluzadənin «Ölülər», «Dəli yığıncağı», Anarın «Şəhərin yay günləri» kimi tamaşaları Sovetlər Birliyinin müxtəlif şəhərlərində nümayiş etdirərək həmin şəhərlərin teatr ictimaiyyətini Azərbaycan mədəniyyəti ilə yaxından tanış edirdi.

Şəmsi Bədəlbəyli istedadların üzə çıxmasına böyük diqqət və qayğı göstərirdi. Həmin dövrdə Naxçıvanda yaradıcı gənclərin respublika görüşü təşkil olunmuşdu. Teatr cəmiyyətinin nəzdində mərhum Vaqif İbrahimoğlunun rəhbərliyi altında Teatr-studiya yaradılmışdı və bu studiyada «Yaylağa gedir», «Ac həriflər», «Qaravəlli» kimi uğurlu tamaşalar hazırlanmışdı. Aktyor evinin səhnəsində müntəzəm olaraq «Etüddən tamaşayadək», «Gənc aktyor və teatr», «Yaşıl yarpaqlar» silsiləsindən tədbirlər, yaradıcı gənclərin müxtəlif tədbirləri keçirilir, diplomkurs tamaşaları göstərilirdi. Şəmsi Bədəlbəyli teatr tarixinin öyrənilməsinə və səhnə sənətinin təbliğinə xüsusi diqqət yetirirdi. Onun Cəmiyyətə rəhbərlik etdiyi illərdə ümumi həcmi 200 çap vərəqindən artıq 40-a yaxın kitab, 50-dən artıq buklet çapdan çıxmışdır.

Şəmsi Bədəlbəylinin təşəbbüsü ilə 1978-ci ildən etibarən 10 mart Azərbaycan Teatr Günü kimi qeyd olunmağa başlayır. Sonrakı illərdə Azərbaycan Teatr Cəmiyyəti ölkəmizin ən qabaqcıl teatr xadimlərinin iştirakı ilə Milli Teatr Gününü Azərbaycanın müxtəlif bölgələrində, Naxçıvan, Gəncə, Ağdam və Şəkidə də təntənəli surətdə qeyd edirdi. Şəmsi Bədəlbəylinin zəngin ömür və yaradıcılıq yolu daim tədqiqatçıların diqqətini özünə cəlb etmiş, onun haqqında Z.İsgəndərova və Y.Kamenetskayanın «Şəmsi Bədəlbəyli» (rus dilində), F.Rəhmanzadənin «Sənətkar qüdrəti», N.Rəhimbəyovanın «Sənətdə keçən ömür» (rus dilində), F.Rəhmanzadənin «Bədəlbəylilər» kitabında bir bölüm, Teatr Xadimləri İttifaqının «Ömrün səhifələri» (azərbaycan, rusingilis dillərində) kitabları, dissertasiyalar və dərs vəsaitləri yazılmışdır. Unudulmaz sənətkar Şəmsi Bədəlbəylinin həyat və yaradıcılığı, ictimai fəaliyyəti bizlər üçün bir örnəkdir. Xalqın həyatında teatrın rolunu bütün məsuliyyəti ilə başa düşən sələflərimizin, milli teatr sənətimizi yaradanların açdığı böyük və şərəfli yolu davam etdirərək onların nəcib niyyət və məramını gələcək nəsillərə ötürmək bizim ali məqsədimizdir.

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2012.- 13 mart.- S.13.