Qeyri-adi
qadın haqqında xatirələr
Cahan
Talışınskaya xalq mahnılarının və
muğamların gözəl ifaçısı idi
Azərbaycanın
əməkdar artisti, gözəl
müğənni Cahan xanımın
adı müasirləri tərəfindən rəğbətlə
çəkilirdi. Zaman keçir,
Cahan xanımı səhnədə
görənlər və həyatda tanıyanlar da öz
dünyalarını dəyişirlər. Lakin
onun lent
yazıları və müasirlərinin xatirələri qorunub saxlanıb. Bu
mürəkkəb və maraqlı taleli
şəxsiyyət, istedadlı müğənni və qeyri-adi qadın haqqında xatirələr
qalıb. Qəddar və ziddiyyətli XX əsr bir neçə nəsildən olan
insanlar üçün
«möhkəmlik və davamlılığın
sınağı»na çevrildi. Adətən
olduğu kimi, məhz
bu dövrdə bir
sıra parlaq şəxsiyyətlər meydana gəldi. Onlar həyatsevərlik
və mərdlik göstərərək öz
istedadları və insanpərvərliyi ilə fərqlənirdilər.
Onlardan biri də Cahan xanım idi.
Cahan xanım Talışinskaya 1909-cu il fevralın 9-da Lənkəran şəhərində
anadan olmuşdur. O, Mir Rzaxan Talışinski
ilə general Səməd bəy Mehmandarovun bacısı Məryəm xanım
Mehmandarovanın qızı idi. 1918-ci ildə
onun ailəsi Bakıya köçür.
Cahan böyük
bacısı Bilqeyis xanımın evində
qalırdı. Bilqeyis xanım «Yeni yol» qəzetinin baş redaktoru Rzaqulu Nəcəfovun həyat yoldaşı idi. O, Azərbaycan qızlar
seminariyasına qəbul olundu və eyni zamanda musiqi
və vokal ilə maraqlanırdı.
Bacısının evində piano var idi və Cahanın
gözəl musiqi qabiliyyəti olduğundan tanış melodiyaları pianoda çalırdı. Beləliklə, xüsusi musiqi savadı olmadan o, pianoda
və tarda gözəl ifa
edə bilirdi. Xanəndənin oğlu, Azərbaycanın əməkdar
memarı Nazim Hacıbəyov öz xatirələrində Cahan
xanımın hər hansı bir alətdə,
– istər qarmon, istər fleyta,
istər qaval olsun, –
necə asanlıqla çalmağından danışır.
Seminariyada oxuduğu illərdə
Cahan xanım o
dövrdə Əli Bayramov adına klubun nəzdində təşkil olunmuş bədii özfəaliyyət dərnəyində
iştirak etməyə başladı.
1927-ci ildən Bakı şəhərinin radio
şəbəkəsində işə daxil
olur, sonra Dövlət
estradası və nəhayət 1934-cü ildən Azərbaycan Dövlət
filarmoniyasının solisti olur. Bu dövr
Cahan Talışinskayanın həyatında
yaradıcılıq yüksəlişi idi.
Onun adı musiqisevərlərin və
mütəxəssislərin dilindən düşmürdü.
O, bir çox konsertlərdə
çıxış edir, konsert
briqadaları ilə Azərbaycanın bir çox rayonlarına və hərbi hissələrə
qastrola çıxırdı. Cahan xanım xalq
mahnılarının və Azərbaycan muğamlarının
gözəl ifaçısı idi.
Müasirlərinin xatirələrində deyildiyi
kimi, onun ifa etdiyi Şahnaz,
Segah, Bayatı-Şiraz və həmçinin
Qarabağ şikəstəsi
muğamları dinləyicilərin gurultulu
alqışlarla müşayiət olunurdu.
Lakin Qatar
muğamı onun ifa etdiyi şah əsəri idi. Çox vaxt onu belə də
adlandırırdılar – Qatar Cahan. Cahan xanımın səsinin
geniş diapazonu, virtuoz səs aparatına malik
olması bu texniki cəhətdən
mürəkkəb olan muğamı onun ifasında təkrarolunmaz edirdi.
Onun sənətinin nə qədər güclü təsir buraxmağına bir hadisə misal ola bilər. 20-ci illərin axırı – 30-cu
illərin əvvəlində Bakıya Əfqanistan
şahı Əmənulla xan gəlmişdi.
Bu yüksək qonağın tərəfinə
qonaqlıq verilir və bundan
sonra konsert proqramı
göstərilir. Konsertdə iştirak etmək
üçün Cahan
Talışinskayanı dəvət edirlər. Konsertdən sonra şahın xanımı minnətdarlıq
əlaməti kimi qızıl qol saatını Cahan
xanıma hədiyyə edir. Ertəsi gün Cahan xanımı
NKVD-yə dəvət etirlər və saatı bir günə alırlar (yəqin ki, yoxlamaq üçün).
Səhəri gün saatı
qaytarırlar. Saatın arxa tərəfində
«Cahan Talışinskayaya Əmənulla xandan» sözləri yazılmışdı.
O dövrdə Cahan xanım Cabbar
Qaryağdı, Hüseynqulu Sarabski, Səid Şuşinski,
Xan Şuşinski, Həqiqət
Rzayeva, Qurban Pirimov, Zülfi
Adıgözəlov kimi görkəmli xanəndələrlə
konsert proqramlarında iştirak
edərdi. Azərbaycanın xalq
artisti Bəhram Mansurov
xatirələrinin birində C.Qaryağdı, X.Şuşinski,
H.Sarabski, Yavər və Minəvvər Kələntərli,
Cahan Talışinskayanın birlikdə
oxuduqları Qarabağ şikəstəsinin
ifası haqqında danışırdı. Bəhram Mansurovun sözlərinə görə, bu əsərin belə görkəmli
artistlər tərəfindən birlikdə ifası dinləyicilərə
təsiri dəfələrlə gücləndirirdi. Bundan əlavə,
o dövrdə Cahan
xanım özünü istedadlı folklorist kimi göstərmişdir.
Çox az adama məlumdur ki,
«Qubanın ağ alması», «Uca dağlar», «Dəli Ceyran», «Kürdün
gözəli» kimi bir çox populyar xalq mahnıları məhz ilk
dəfə onun ifasında
yazılmış və ifa edilmişdir: bu
mahnıları Azərbaycanın rayonlarına etdiyi
qastrol səfərlərində
toplamış, bütün vasitələrdən
istifadə edərək yeni melodiyaları
yadda saxlayaraq onu dinləyicilərə oluğu
kimi çatdırmışdır. Belə ki, müğənninin oğlunun xatirələrinə görə, Cahan xanım bu
mahnılardan bəzilərini ucqar dağ rayonlarında, çay
qırağında paltar yuyan
bir qadından eşitmiş
və yazmışdır. İndi məşhur
«Qubanın ağ alması»
mahnısını isə ona akademik Mustafa bəy Topçubaşovun həyat
yoldaşı Reyhan xanım oxumuşdur.
1933-cu
ildə «Şərq musiqi»
ansamblının tərkibində Cahan
xanım Moskva, Leninqrad
və Kiyev şəhərlərinə qastrol səfərlərinə
çıxır. 1936-cı ildə isə o,
yenə Moskva və Leninqrad
qastrolları zamanı Ümumittifaq
yazı studiyasında Qatar və Segah muğamlarının, «Uca
dağlar» və «Yeni
kənd» mahnılarının yazısı onun
ifasında lentə alınır. Müharibədən əvvəlki
bu illərdə Cahan
xanım tamaşaçıların hədsiz rəğbətini
və məhəbbətini qazanmışdır. Onu hər yerdə tanıyırdılar. Çox açıq ürəkli, şən,
mehriban insan olan Cahan xanımın
saysız-hesabsız dost və
tanışları var idi.
Bunlardan
– Səid Rüstəmov, Bülbül, Həqiqət
Rzayeva, Şövkət Məmmədova,
Şəmsi Bədəlbəyli, Yavər Kələntərli,
aktyorlardan Mustafa Mərdanov,
Sona Hacıyeva, Əzizə Məmmədova,
Fatma Qədiri, Mərziyə Davudova kimi bir
çox məşhur adamların
adını çəkmək olar.
Cahan xanımın bu
yaradıcılıq fəallığına,
işgüzarlığına, həyatsevərliyinə heyran olmaq olar
– çünki, bu dövr, 30-cu illər Stalin
repressiyasının ölkədə kölgə
saldığı bir dövr
idi. Cahan
xanımın böyük hörmətə
malik olmasını bilərək bir çox adamlar özləri barədə yüksək orqanlardan bu və ya digər məsələ üçün
onun havadarlıq etməsini xahiş edirdilər. O, heç vaxt köməyini
əsirgəməzdi; məhz qolçamaqlıq dövründə
bir neçə adam onun köməyi ilə xilas
olmuşdu. 1937-ci ildə bacısı
Sitarə xanımın əri şərqşünas-türkoloq
Xalid Səid Xocayev və
Sitarə xanım özü də həbs
edilmişdi. Cahan
xanım heç nədən çəkinməyərək
bacısının qızı Bəhicəni öz
evində saxlayır. O, başqa
bacısı Bilqeyis xanıma da kömək edir. Bilqeyis xanımın da əri
həbs edilmişdi. O, bacısı oğlu Hüseynə də köməklik
göstərirdi. Cahan xanımın keçmiş əri Məmməd Hacıbəyov
və qardaşı Rüstəm Talışinski də həbs
edilmişdi. Cahan
xanım tək özü oğlu
Nazimi böyüdürdü
və onunla anası Məryam xanım da yaşayırdı. Bu, çox çətin dövr
idi və onun evi sakitlik adasını
xatırladırdı.
Lakin Cahan Talışinskayanın da başının üstünü
qara buludlar aldı.
NKVD-də kizli əməkdaşlıq etməyə
razılıq vermədiyinə görə Cahan
xanıma 1938-ci ildə Moskvada keçirilən
ilk Azərbaycan incəsənət
ongünlüyükdə iştirak etməyə
icazə vermədilər. Onun adı iştirak
edənlərin siyahısından silinmişdi.
Həmin hadisəni Cahan xanım çox ağır keçirdi.
Buna baxmayaraq 1939-cu ildə
estrada artistlərinin Birinci
Ümumittifaq müsabiqəsinə
yollandı. Burada münsiflər heyətinin
sədri L.Utyosov, münsiflər heyətinin
üzvləri isə İ.Dunayevski, Smirnov-Sokolski, İrma Yaunzem idilər. O, Klavdiya Şulcenko, Olqa Lepeşinskaya və Tamara Sereteli ilə
yanaşı bu müsabiqənin
laureatı oldu. 1940-cı ildə Cahan Talışinskaya respublikanın əməkdar
artisti adını aldı. 33
yaşında o, artıq
yaradıcılığının yüksək zirvəsinə
çataraq xalq tərəfindən
sevilirdi.
1942-ci ildə onu 14 yaşlı oğlu
ilə birlikdə yalançı donos nəticəsində
Qazaxıstanın Petropavlovsk rayonuna sürgün etdilər.
«Xalq düşmənləri» adı
altında onlar orada
(1942-ci ilin avqust
ayına qədər) güclü nəzərətdə
oldular. Bir sıra xahiş ərizələrindən
sonra Cahan xanım
Özbəkistanın Çimkənt şəhərinə
köçməyə icazə aldı. Lakin
bunun əvəzində o,
Daşkəndə köçdü və
oğlu Nazimi
Bakıya öz qardaşı, məşhur
professor-travmatoloq Əbülfət
Talışinskinin yanına göndərdi.
Daşkənddə
Cahan xanım şəhər
filarmoniyasında solist ifaçı kimi çalışmağa başladı.
Şübhəsiz, gənc qadın oğlunun,
vətənin, qohumlarının həsrətini çekirdi.
Vətənə
bir qədər yaxınlaşmağa Cahan xanıma bir təsadüfi
hadisə kömək etdi. 1943-cü ildə
Daşkəndə SSRİ Xalq
komissarlığı nəzdində yerləşən musiqi idarələrinin başçısı
V.Surin gəlmişdi. O müəyyən bir vaxta ümumittifaq
estrada artistlərinin müsabiqəsində
münsiflər heyətinin üzvü idi. Həmin müsabiqədə Cahan xanım laureat
adına layiq görülür.
O, Cahan xanımı tanıyır, onunla söhbət etdikdən sonra
Tbilisi şəhərində incəsənət
işləri üzrə idarəyə təyinat verir. Beləliklə Cahan
xanım Tbilisi şəhərində Azərbaycan
teatrının səhnəsinə qayıdır. Burada o, Leyli
(«Leyli və Məcnun»), Telli
(«Arşın mal alan»),
Əsli («Əsli və Kərəm»), Şahsənəm
(«Aşıq Qərib») rollarında iştirak
edir və müvəffəqiyyət
qazanır. Lakin Bakıda NKVD təşkilatı
Tbilisiyə məktub göndərir və bu
məktubda Cahan xanımın yenidən Orta Asiyaya sürkün
edilməsi məsələsini qaldırır. Onu
bu dəfə keçmişdə
Bakıda yaşamış Zaqavkaziya hərbi
şurasının üzvü, SSRİ
deputatı Xavər Vəliyev xilas edir. Onun köməkliyi ilə
Cahan xanım Tiflisdə qalır və bir çox xahişdən
sonra nəhayət Vətənə
qayıdır. Həmin dövrdə musiqi
teatrının direktoru və bədii rəhbəri
Şəmsi Bədəlbəyli onu Teatra dəvət edir. Cahan xanımın parlaq komediya aktrisa istedadı bir daha özünü
biruzə verir. Onun təbiətində
olan şən əhval-ruhiyyə yenidən
canlanır. Deyilənə görə, tamaşaçılar o dövrdə musiqili komediya teatrına «Talışinskayanın
teatrı» adı ilə gedirdilər. Onun «Arşın mal alan», «O olmasın, bu olsun», «Gözün
aydın», «Durna» operettalarında
yaratdığı Telli, Sənəm,
Nargilə, Lalə obrazları o qədər
parlaq və yaddaqalan idi ki,
tamaşaçılar onu səhnəyə
dəvət edir, hətta, mahnı və
ariyaları bir neçə dəfə ifa etməsini tələb edirdilər. Sənəm
rolunun ifası zamanı Segah
muğamı üzərində edilən improvizə zalda gurultulu
alqışlara səbəb olurdu. Qeyd etmək lazımdır ki,
Cahan xanımın ifa
etdiyi bəzi rollarını o vaxtı gənc aktrisa Nəsibə
xanım Zeynalova dublyaj
edirdi.
1949-cu ildə repressiya və sürgünlərin yeni dalğası başlanır. Yenidən Cahan Talışinskaya oğlu
ilə Daşkəndə sürgün edilir. Yalnız 1954-cü ildə Stalinin ölümündən və
M.C.Bağırovun həbsindən sonra Cahan xanımın və onun
oğlunun azad
olunması barədə qərar qəbul olunur.
Cahan xanım Daşkənddə
yaşamağı davam edir.
O demək olar ki,
işləmirdi, lakin hər ay radioda onun
konsertləri səslənirdi. Daşkəndə oğlu evlənir, nəvələri dünyaya gəlir. Onlar tez-tez Bakıya qohumlarını görməyə
gəlirdilər. 1966-cı ildə Daşkənddə baş verən zəlzələ onların Vətənə
qayıtmasına təkan verdi. Daşkənddə
onların yaşadığı ev tamamilə
uçulur və təsadüf nəticəsində
sağ qalan Cahan xanım və ailəsi təcili
Bakıya qayıdırlar. Cahan xanım bir il sonra
1967-ci ildə vəfat edir. Pianoda çalıb oxuduğu
zaman paralij nəticəsində
həyatını dəyişir. Bundan sonra uzun illər
vaxtaşırı radioda onun
konsertlərinin lent yazıları səslənirdi.
Axırıncı dəfə onun səsi
televiziya ilə ömrünün
ildönümü münasibətilə səslənmişdi…
Oktay
Xalq Cəbhəsi.- 2012.- 16 mart.- S.13.