«Azərbaycan
Türkiyənin ürəyinin bir parçasıdır»
Necdet
Ünüvar: »Mən də istədim ki, millətimin Cənubi
Qafqazdakı parçası ilə münasibətləri
koordinasiya edən dostluq qrubunun rəhbəri olum»
Azərbaycan
Jurnalist Qadınlar Assosiasiyasının tərkibində fəaliyyət
göstərən «Qadın jurnalistlər klubu»nun
suallarını bu dəfə Türkiyə Böyük Millət
Məclisinin Türkiyə-Azərbaycan Parlamentlərarası
Dostluq Qrupunun rəhbəri Necdet Ünüvar
cavablandırır.
- Necdet bəy, sizin haqqınızda internet saytlarda oxumuşuq, ancaq sizin dilinizdən eşitmək istərdik. Necdet Ünüvar kimdir?
- Mən
6 iyun 1960-cı ildə Adana-Ceyhanda anadan olmuşam. Mersində məktəbi, Ərzurumda da Universiteti
bitirmişəm. İki ixtisasım var-biri
daxili xəstələliklər, o biri endokronoloji. 2001-ci ildə Ərzurumda professor adını
qazandım, 2002-ci ildə Səhiyyə nazirinin müşaviri
vəzifəsində işləməyə başladım.
Beş il bu vəzifədə
çalışdığım müddətdə səhiyyə
sahəsində çox önəmli işlər
gördük. 2007 və 2011-ci illərdə
Adana millət vəkili seçildim və hazırda da bu
işi davam etdirirəm. Bundan başqa
qadın-uşaq siyasəti ilə çox yaxından
maraqlanıram. Məclisdə siqarət,
içki, narkotik asılılığı ilə
bağlı yaradılan komissiyaların rəhbəri
olmuşam. Bu barədə 700 səhifəlik
hesabat da hazırlamışıq. Eyni zamanda beş aydır ki, Türkiyə-Azərbaycan
Parlamentlərarası Dostluq Qrupuna rəhbərlik edirəm. Bu mənim arzum idi. Çünki
Azərbaycan Türkiyənin ürəyinin bir
parçasıdır. Mən də istədim
ki, millətimin Cənubi Qafqazdakı parçası ilə
münasibətləri koordinasiya edən dostluq qrubunun rəhbəri
olum. Beş ay müddətində həm
Türkiyə, həm də Azərbaycan tərəfindən
çox ciddi işlər gördük. Və
hər atdığımız addımdan nəticə
aldıq. Belə qənaətə gəldim
ki, Türkiyə ilə Azərbaycan arasında daha yaxın
dialoqlara ehtiyac var. Türkiyə və Azərbaycan arasında
da belə bir dialoq var. Amma mən iki hadisəni xüsusilə
qeyd etməliyəm. Fransa Senatında «erməni
soyqırımı»nın inkarına
görə cəza nəzərdə tutan qanunun qəbul edilməsi
ərəfəsində Azərbaycan həqiqətən
Türkiyəyə çox önəmli dəstək verdi. Amma Azərbaycan bu dəstəyi verərkən bunun
tək Türkiyənin deyil, özünün də problemi
olduğunu bildirdi. Bir neçə həftələr
öncə Xocalı soyqırımını anma mərasimi
ilə bağlı Türkiyə də çox böyük
aktivlik nümayiş etdirdi. Bu zaman biz
Xocalıdakı hadisəni sadəcə Azərbaycanın
problemi kimi görmədik. Türkiyədə
hər kəs Xocalını öz problemi bildi. Xocalıda öldürülən, qətlə
yetirilən insanlar tək Azərbaycanın deyil, Türkiyənin
də şəhidləridir. Dolayısı
ilə biz birlikdə hərəkət etdiyimiz zaman həqiqətən
çox vacib nəticələrimizi əldə edə biləcəyimizi
gördüm. Beş aylıq təcrübəm
bunu deyir ki, Türkiyə ilə Azərbaycan arasındakı
münasibətlər, gediş-gəlişlər,
danışıqlar tez-tez olmalıdır. Baxın, bir ay içində iki hadisə oldu. Birisi Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın
verdiyi bəyənat son dərəcə önəmli idi.
Hər bir ifadəsi dostluğumuzu,
qardaşlığımızı möhkəmlətməyə
xidmət edirdi. Azərbaycan prezidenti
İlham Əliyevin TRT-yə verdiyi müsahibə də eyni dərəcədə
önəmli idi. Hər ikisində də
ortaya çıxan nəticə budur ki, Türkiyə və
Azərbaycan bir-birindən ayrılmaz iki parçadır.
- Sizcə,
türklər arasında «hamımız xocalılıyıq»
deyənlər çoxdur, yoxsa «hamımız erməniyik» deyənlər?
- Məncə,
bunu qarışdırmaq lazım deyil. Taksim
meydanındakı yürüşdə 50 mindən çox
insan iştirak edirdi. Onlar türkə
yaraşan şəkildə, alicənablıqla əllərində
Türkiyə və Azərbaycan bayraqları ilə,
şüarlarla Xocalıda şəhid olan şəhidlərimizi
andılar. Bu əslində bütün
dünyaya verilən önəmli bir mesaj idi. Bundan
başqa qeyd edim ki, Türkiyədə 70 mindən çox məscid
var. 24 fevral tarixində bütün məscidlərdə
xütbələrdə Xocalı anıldı-»Azərbaycanın
Dağlıq Qarabağ bölgəsinin Xocalı qəsəbəsində
26 fevral 1992-ci il tarixində şəhid olan
qardaşlarımıza Allahdan rəhmət diləyirik»
deyildi. Mənə bir çox insanlar Xocalı
hadisələrinin yeni olduğu barədə suallar verdilər.
Bilirsiniz, əsl acını yaşayan insanlar
bunu heç unutmazlar, amma acını uzaqda hiss edənlər,
eşidənlər unudar və bir qisminin də heç xəbəri
olmaya bilər. Əgər Türkiyədə
sorğu aparılsa 90 faizi əhali «Azərbaycan Türkiyənin
qədim dostudur, qardaşıdır» fikrini dəstəkləyər.
«Amma Xocalı nədir?» sualına verilən
cavab o qədər faiz göstəricisi toplamaya bilər. Bir
daha təkrar edirəm, məscidlərdəki xütbələrdən
sonra hamı soruşurdu-» Xocalı yenimi oldu?»,
«Bəs biz niyə bu vaxta qədər bilməmişik?» Ona görə bilməyiblər ki, biz insanların
aldığı məlumat qaynaqlarına bu vaxta qədər
müraciət etməmişik. Bəzi
insanlar televizordan, bəziləri yazılı mətbuatdan, bəziləri
internetdən, bəziləri radiodan, bəziləri də
cümə namazına gedən insanlar kimi xütbədən məlumat
alırlar. Dolayısı ilə biz bu il
bəlkə də o çatışmamazlığı
düzəldə bildik. Nəzərə alsaq
ki, Türkiyədə cümə namazı qılan
insanların faiz göstəricisi 70-80 faiz təşkil edir,
demək bu ciddi rəqəmdir. Bundan
başqa bəzi insanlar Xocalı haqda məlumatı
toplantı, simpoziumlarla öyrəndi. Bəzi
bələdiyyələrdə parklar açdılar.
Türkiyə Böyük Millət Məclisində, Xarici
İşlər Nazirliyində Xocalı ilə bağlı sərgi
təşkil olundu. Taksimdən başqa bir
çox yerlərdə yürüşlər həyata
keçirildi. Ankara metrosunda sərgi
açıldı. O şəhərdə olan əksər
insanlar bu vasitə ilə məlumatlandı. Bütün
gördüyümüz işlər cəmiyyətə
Xocalı faciəsi haqda məlumat verməyə xidmət
edirdi. Ona görə hesab edirəm ki, bu
müqayisəni aparmaq doğru deyil.
- Necdet bəy,
zaman-zaman Türkiyə ilə Azərbaycan arasındakı dostluq
əlaqələrini pozmağa çalışan qüvvələr
peyda olur. Bu zaman daha incə mətləblərdən
istifadə etməyə başlayırlar. «Türkiyə
Xocalı soyqırımını niyə tanımadı?», «Azərbaycan PPK-nı niyə terrorçu təşkilat
kimi tanımadı?» və s. bu səpkili nüasnlar
qabardılır. Biz necə etməliyik ki, bu
bölgədə qardaşlıq münasibətlərini
pozmağa cəhd edənlərin planları boşa
çıxsın?
- Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq
Qrupunun rəhbəri kimi ilk dəfə yanvarın 18-də
Bakıya gəldim. Burda prezident İlham Əliyev, Azərbaycanın xarici
işlər naziri Elmar Məmmədyarov, Milli Məclisin sədri
Oqtay Əsədovla, Diaspora Komitəsinin rəhbəri Nazim
İbrahimovla, Allahşükür Paşazadə və media
nümayəndələri ilə görüşdük.
Türkiyə səfiri Hulisi Kılıc elə gözəl
proqram qurmuşdu ki, hər kəslə danışmaq
imkanımız oldu və Fransa Senatındakı məlum qanunu
müzakirə etmək adına vacib
addımlar atdıq. Bu addımları
aramızdakı dostluğu, qardaşlığı daha da
sıx bağlarla bir- birinə bağlamaq üçün
atırıq. Amma ölkələrimizin arasını
vurmağa çalışan fitnəkarlar da az
deyil. Baxın, hətta Taksim meydanında təşkil
olunmuş gözəl yürüşdə bir insanın əlində
tutduğu plakat səhəri gün bəzi qəzetlərin
baş səhifələrində yer aldı. O
plakatdakı şüarı dəstəkləmirəm və
məncə, bu türkün alicənablığına
yaraşan şüar deyil. Türk heç bir
milləti təhqir etməz. Amma bəzi
media qurumları onu baş yazıya çevirib, yalnış
fikir yaydılar. Mən səmimi olaraq deyirəm
ki, Azərbaycanı çox sevinirəm. Əgər
bir azərbaycanlı dünya çempionatında mübarizə
aparırsa, sanki mənim idmançım kimi onu dəstəkləyirəm.
Bir sözlə, Türkiyə ilə Azərbaycanın
qarşılaşmadığı hər oyunda mən ürəkdən
Azərbaycanı dəstəkləyirəm. Azərbaycanın da ürəkdən Türkiyəni
dəstəklədiyini bilirəm. «Avroviziya
2011″ musiqi yarışmasında Azərbaycanın qalibiyyəti
elan olunan zaman iştirakçıların əlindəki
türk bayrağı ilə Azərbaycan bir daha
hamımızın ürəyini fəth etdi. Ona görə aradakı kiçik
anlaşılmazlıqları da qardaşlıq çərçivəsində
həll etməliyik.
- Belə
bir deyim var – «Türk yatıb, düşmənləri isə
oyaqdı. Vay o gündən ki, türk oyana».
20 ildir ki, Xocalı ilə bağlı biz
müxtəlif tədbirlər keçirdik. Amma bu il çox möhtəşəm şəkildə
tədbirlər təşkil olundu. Həm
İstanbulda, həm də Bakıda baş tutan
yürüşlər dünyaya, ermənilərə ciddi
mesaj idi. Artıq demək olarmı ki,
türk oyanıb və bundan sonra öz sözünü deyəcək?
Bundan sonra daha nələri etməliyik ki, erməniləri
tamamilə susduraq və hədəfimizə çataq?
- Ermənilər
bütün dünyaya çatdırmaq istəyirlər ki,
1915-ci ildə onlar soyqırıma məruz qalıblar. Amma tarixi sənədləri araşdırdıqda,
tarixçilərə müraciət etdikdə belə bir
soyqırım faktının olmadığını
görürük. 1915-ci ildə Anadolu
torpaqlarında qarşılıqlı mübarizə olub, hər
iki tərəfdən ölənlər var, amma bu
soyqırım deyil. Onlar bir milyon erməninin
qətlə yetirildiyini iddia edirlər. Rəqəmlər
isə 150 min insanın itkin düşdüyünü deyir.
Onların bir qismi başqa ölkələrə
gedib, bəziləri yerlərini dəyişib. Baş
nazirimiz dedi ki, bütün dünyanın qarşısında
sənədlərin araşdırılmasını istəyirik.
Amma ermənilər bunu istəmir, əvəzində
fərqli ölkələrin parlamentlərində qərarlar
çıxarmağa çalışırlar. Tarixçilərin deməli olduğu nəticəni
siyasətçilərlə çıxarırlar. Bu
anlamda bizim beynəlxalq aləmdə çox ciddi iş
görməmiz vacibdir. Biz öz tariximizi
danışacaq sənədli, bədii filmlər çəkməli,
kitablar yazmalıyıq. Ermənilər yalançı
soyqırım faktını dünyaya çatdırmaq
üçün 1970-ci ildə kitab nəşr etdilər.
Kitabdakı bir rəsmi həmin iddia etdikləri
soyqırım şəkli kimi qələmə verməyə
çalışdılar. Amma 1980-90 -ci illərdə
Rusiyada araşdırma aparan türkiyəli mütəxəssis
belə qənaətə gəlir ki, həmin şəkil
1878-ci ildə Rus-Osmanlı döyüşünə aid bir
rusun çəkdiyi tablo imiş. Biz
dünyada erməni tarixçilərinin təsiri altına
düşən insanlar üçün sənədli filmlər
çəkməyə çalışmalıyıq. Bu mövzuya marağı olanların iki dili (ingilis və
rus) bilməsi çox vacibdir. Eyni zamanda bu
məsələlərdə sosial mediada da aktiv olmaq və
ondan yararlı məqsədlər üçün istifadə
etməliyik. Məsələn, mənim də çox
aktiv istifadə etdiyim «tvitter» hesabım var. Orda tez-tez öz
fikirlərimi, qənaətlərimi bəzən ciddi, bəzən
də ironik şəkildə bölüşürəm. Media dediyiniz qələm və kameradan ibarət
deyil, o həm də fərqli sosial şəbəkələr,
saytlar, bloqlardır. Bizim fərqli peşələrdən,
fərqli işləri görən adamlardan ibarət bir komanda
qurmağımız lazımdır.
- İndi isə gəlin, siyasi mövzulardan uzaq suallara
keçək.
Necdet bəy, ailə üzvlərinizi tanımaq
istərdik.
- 27 ildir
ki, evliyəm. Üç övladım var. Həyat
yoldaşım ev xanımıdır.
- Azərbaycanda
olduğunuz müddətdə yəqin ki, bizim mətbəximizlə
tanış oldunuz. Bəyəndinizmi?
- Azərbaycan
mətbəxində göyərtiləri çox sevdim. Yeyəndə
onların təbii dadını hiss etmək olur. Burda bir çox meyvənin, tərəvəzin təbii-ekoloji
təmiz olduğu diqqətimdən qaçmadı. Ondan başqa turşularınız, ət yeməkləriniz
çox ləzzətlidir. Həkim kimi məsləhətim
budur ki, çörəyi, duzu, şəkəri azaldın.
Lazım olduğu qədər yeyin və beləcə
sağlam olacaqsınız. Mənim bir
dostum var. Həmişə formadadır. Ondan soruşurlar
ki, necə buna nail olubsan? Deyir
ki, çox xoşuma gələnin yarısını
alıram. O yarısının da yarısını yeyirəm.
Arzu Şirinova
Xalq Cəbhəsi.- 2012.- 16 mart.-
S.10.