Türk
xalqlarında Novruz
Novruz bayramına tarixi inkişaf boyunca
baxdığımız zaman onun qədim mədəni köklərə
və mənəvi qaynaqlara bağlı olduğunu görmək
olur. Araşdırmaçı Ağaverdi Xəlilin fikrincə,
Novruzun əsasında əski xalq mərasimləri dayanır.
Dünya xalqlarının bir çox mərasimləri də
belədir. «Novruz» – hərfi mənada «yeni gün» (nou-yeni,
ruz-gün) deməkdir: «Ancaq ifadə etdiyi mərasim
semantikasına görə keçidin bitdiyi və yeni
nizamın başlandığı kosmosdur. Novruza Bozqurd,
Çağan, Ergenekon, Nevruz, Sultan Nevruz, Mart Doqquzu, Novruz və
s. də deyilib. «Novruz» anlayışı bəzi deyiliş fərqlərilə
bir çox türk xalqlarının dillərində işlənməkdədir:
Azərbaycan türkcəsində «Novruz/Noruz»,
Qırğız türkcəsində «Nooruz», Özbəkistan
türkcəsində «Növroz», Başqırd türkcəsində
«Nevruz», Tatar türkcəsində «Navruz», Uyğur türkcəsində
«Noruz», Çuvaş türkcəsində «Naurus», Krım
türkcəsində «Nevrez» və s. Novruz haqda məlumatlara
Biruni Əbu Reyhanın «Asarul Baqiye», Kaşğarlı Mahmudun
«Divani-Lüğət-it Türk», Balasaqunlu Yusif Has Hacibin
«Kutadqu biliq», Ömər Xəyyamın «Novruznamə»,
Nizamülmülkün «Siyasətnamə», Nizami Gəncəvinin
«İsgəndərnamə» və başqa əsərlərdə
rast gəlinir».
Ömər Xəyyamın məlumatına
görə, Novruzun 2600 ildən artıq yaşı var: «Yenə
də həmin müəllifin məlumatına görə,
Novruz bayramında müharibələr və
qarşılıqlı çəkişmələr
dayandırılır, sülh müqavilələri
bağlanır, hətta dəfn belə növbəti günlərə
təxirə salınırdı. Bu bayram o qədər şad
və şən bir bayram olub ki, o günlərdə təkcə
təmtəraqlı təntənələr deyil, eyni zamanda xəstələrə
müstəsna diqqət və qayğı göstərilib,
qohum və dostlara baş çəkilib, qohum və
yaxınların məzarları ziyarət edilib, bir-birinə
qarşılıqlı inam və simpatiya ifadə edilərək
ümumbəşəri dəyərlər üstün tutulub.
Novruzun həm də təqvim bayramı, ilin başlanğıcı
olması onun möhtəşəmliyini və təntənəsini
artırır. Novruz mövcud olduğu tarixi boyu bir neçə
təqvim mərasimindən keçib. Bunların içərisində
əski türk təqvimi, zərdüştlüklə
bağlı təqvim, Səlcuqlu Məlikşahın Cəlali
təqvimi, Elxanilərin Elxani təqvimi və s. var. 1074-1075-ci
illərdə İsfahan, Bağdad, Rey ve Nişaburda rəsədxanalar
qurduraraq bir təqvimin təsbitini əmr edən böyük
Səlcuqlu sultanı Məlikşah Cəlali təqvimi deyilən
bir türk təqvimi hazırlatdırıb. Bu rəsədxanalarda
Ömər Xəyyam, Əbül Müzəffər
İsfirazı, Mömin ən Nəcib əl Vasti kimi
dövrün alimləri işləyib. Qısa bir müddət
işlənən (Məlikşahın ölümünə
kimi) bu təqvimə Sultanın adına görə «Cəlaliyə»,
«Tarixi-Cəlali», və ya «Tarixi Məliki» adları verilib.
Günəş ilini əsas götürən Cəlali təqvimində
günəşin qoç bürcünə girdiyi gün
(Novruz) ilbaşı olaraq qəbul edilib. Səlcuqlulardan sonra
bölgədə hakim olan Elxanilərin zamanında bu təqvim
üzərində düzəlişlər edilib və «Tarixi
Elxan» adı verilən bir təqvim meydana gəlib. 1925-ci ilin
31 martına kimi bu türk təqvimi İranda işlənib. Məlikşahın
hazırlatdırdığı Cəlali təqvimi Əfqanıstanda
son zamanlara qədər istifadə olunub. Bugünkü İran
və Əfqanıstanda ilbaşını Novruz olaraq qəbul
edən təqvim Cəlali adlı türk təqviminin dəyişik
bir şəklidir. Qazax xalq təqvimində mart ayının
adı «Naurız»dır. Bu ay ilin birinci ayıdır və
mart ayının 22-dən başlanır. Keçmiş hicri
təqviminə görə gecə ilə gündüzün bərabərləşdiyi
həmin gün köhnə yeni il xalq təqvimində
qalır və Naurız toy adı ilə qeyd olunur. Həmin
gün bir sıra Ön və Orta Asiya ölkələrində
qədim zamanlardan bugünədək yeni ilin
başlanğıcı olaraq bayram edilməkdədir».
Novruzun kökləri, ritualları və təbiətlə
bağlı izlərinin zərdüştlük Yeni ilindən gəldiyi haqda
mülahizələrə toxunan
araşdırmaçı bildirir ki, inanclara görə, həmin
gün xalq
qışın əziyyətlərindən xilas
olur, mal-qarasını saxlamaq
üçün daha rahat şəraitin yaranmasına sevinir.
Nauruz üçün
hər bir ailə öncədən yeddi ənənəvi ərzaqdan təşkil
olunan ritual yeməkləri
(nauruzdık) hazırlayır: «Qazaxlar həmin
yeməklərlə il ərzində qidalanmağa ümid edirlər.
Naurız şənliyi 3 gün davam edir. Bu
müddət ərzində bütün aul bir-birini təbrik edir, xoşbəxtlik və rifah
arzulayırlar. Novruzun mənşəyi ilə
bağlı müxtəlif mülahizələr mövcuddur. Bunlardan biri «Novruz»un
«Yaradılış bayramı» olmasıdır. Bu mülahizəyə görə
Tanrının dünyanı və insanı yaratması təbiətin
yazda dirilməsi ilə simvolizə olunaraq həmin vaxtda bayram kimi qeyd
olunur. Bir mülahizəyə
görə, Novruz Turanlıların «Tura» bayramıdır. Bu
mülahizəni Kamil Hüseynoğlu
irəli sürüb. Novruz
yazın gəlişinin bayram edilməsidir.
Bu çox geniş yayılmış və ümumi bir fikirdir. Bu prizmadan
baxaraq bir qədər
də irəli gedən araşdırmaçılara görə,
Novruz əski «inisiasiya»
mərasimi ilə əlaqəlidir. İnsanlar
təbiətin qışla ölüb yazla dirilməsini bayram
edirlər. «Novruz»un
türklərin Ergenekon bayramının
davamı olması haqda da
fikirlər çox geniş
yayılıb. İndi «Hovruz»
adı ilə keçirilən bu
bayramın türklərin əski «Ergenekon
bayramı» olması haqda fikirlər var. Bu mülahizəyə
görə türklərin əskidən bəri keçirdikləri
«Ergenekon bayramı» müəyyən
dövrdən sonra Novruz
adı ilə qeyd olunmağa
başlayıb».
Novruz bayramının Ərgənəkon
dastanı ilə bağlılığını əks etdirən
bir fakt da maraqlıdır: «Novruz günü Orta Asiya türklərində, xüsusilə, uyğur, qazan, ufa türklərində «Ərgənəkon»
dastanı oxunmaqdadır. Ergenekon bayramı təkcə törəyiş deyil, eyni zamanda
əski türklərin 400 il əziyyət
çəkərək qaldıqları yerdən bir boz qurdun
yol göstərməsi ilə xilas olub çox
gözəl bir yerə gəlib
çıxmaları və yerləşmələrinin bayramıdır.
Türklər xilas olduqları günə
və yerləşdikləri yerə «Ergenekon»
deyiblər. Bu mənada Ergenekon
həm zamandır, xilas, qurtuluş
günüdür, həm də məkandır,
yeni və çox zəngin
bir yerdir. Türklər
həmin yerə gəldikləri günü,
həmin gündə və həmin yerdə ənənəvi
olaraq qeyd ediblər. Yeni zamanın və məkanın qeyd olunduğu hadisə,
Tanrıya alqışetmə «Ergenekon
ritualı»dır. Əski türklərdə günəş
həm Tanrıdır, həm də yaradıcı əcdaddır,
tonqal günəşi simvolizə edir. Məsələnin
gerçək mərasimi mahiyyəti də bu
münasibətlər kontekstində izah oluna bilər. İnsanların tonqal
ətrafına toplaşması, onun üzərindən
tullanması, ilk öncə hər
hansı bir şəkildə onunla təmas yaratmağa
cəhd etməsi diqqəti çəkməkdədir. Novruz bayramı ərəfəsində bayram hazırlıqları başlanır. Buraya ev-eşiyin, həyət-bacanın
təmizlənməsi, yeni paltarların
alınması, bayram bazarlığı, bayram yeməklərinin hazırlanması və
s. daxildir. Bayramda qohumlara baş çəkilir, bayramlaşılır,
küsülülər barışır, kasıblara
yardım edilir, bayram
payı paylanır və s. Təmizlənməmiş
həyət-baca, köhnə paltar,
kasıblıq və aclıq xaosu ifadə
edir. Təmizlik, təzə paltar, yeməklər, xaosun
natəmizlik, köhnəlik, aclıq kimi
formalarını aradan qaldırır və
onları yeni nizamla əvəz
edir. Küsülülük
barışla əvəzlənəndə sosial
ahəng bərpa olunur. Təbiətdən
alınan təbii boyalarla yumurta
boyanması dünyanın və təbiətin yenidən rənglənməsi
və ya dirilməsi mənasını
simvolizə etməkdədir. Döyüşdürülən
yumurtalar da iki dünyanın-qışla yazın, soyuqla istinin, xaosla-kosmosun mübarizəsini nümayiş
etdirməkdir. «Toxum cücərtmək» və
ya «səməni qoymaq»
da bir şəkildə
təbiəti canlandırmaq, ona təsir
etmək vasitəsi kimi
anlaşılır. «Qulaq falı» və ya «qapı pusmaq» da yeniləşmənin məlumat səviyyəsini
əks etdirir. Ən yeni
dövrün «torba atmaq» mədəniyyətində «dəsmal atmaq» və «papaq atmaq» kimi yeni
vasitələrdən istifadə edildiyi
müşahidə olunmaqdadır».
Uğur
Xalq Cəbhəsi.- 2012.- 17 mart.- S.15.