Mahnılarda yaşayan
şair
Mahnı
poeziya ilə musiqinin qovuşduğu elə musiqi
janrlarındandır ki, burada şeirlə melodiya bir-birini
tamamlayan bərabər hüquqlu başlanğıc kimi
çıxış edir. Məhz
bu səbəbdən ən kamil mahnı nümunələrini
yüksək poetik misralar və onların dolğun musiqi təcəssümü
səciyyələndirir. Elə şairlər var ki, onların
poeziyası sanki musiqidə həkk olunmaq üçün
yaranır, hər misra, hər söz birləşməsi qafiyəli
söz yığını deyil, daxili musiqi ahənginə
malik şeiriyyatdır. Ənvər Əlibəyli məhz belə
şairlərdən idi. Saysız-hesabsız mahnıların
şeir mətnlərinin müəllifi olan bu sənətkar
mahnı yaradıcılığında dərin iz
buraxmış şəxsiyyətlərdəndir. Şairin
sözlərinə yazılmış mahnılar haqqında
danışmazdan əvvəl onun keçdiyi ömür və
yaradıcılıq yoluna qısa nəzər salaq.
Ənvər Əliverdi
oğlu Əlibəyli (1916-1968) Azərbaycan Dövlət
Pedaqoji İnstitutunun filologiya fakültəsinin məzunu
olmuşdur. Şairin «Qaranquş» adlı ilk şeirlər
kitabı 1947-ci ildə buraxılmış, sonrakı illərdə
ona qədər kitabı işıq üzü görmüşdür.
Onların arasında «Sənin adınla», «İlk məhəbbət»,
«Dostluq körpüsü» və başqalarını qeyd etmək
olar. Şeir yazmaqla yanaşı, o «Ədəbiyyat» qəzetinin
redaktoru, Azərbaycan Radiosunun rəhbəri, 1964-68-ci illərdə
Azərbaycan Radio və Televiziya Komitəsinin sədri vəzifəsində
çalışmışdır. Lakin bütün bu illər
ərzində onun üçün başlıcası – poetik
yaradıcılığı olmuşdur.
Ənvər Əlibəyli
elə dövrdə yaşayıb-yaratmışdır ki, bu
dövr, tam mənasında, Azərbaycan mahnısının
inkişafında «qızıl dövr» adlandırıla bilər.
Bu 50-60-cı illər idi. Sadəcə olaraq, o unudulmaz illərdə
mahnı bəstələyən və Ə.Əlibəyli ilə
yaradıcılıq əməkdaşlığı edənlərin
adlarını çəkmək dediklərimizə əyani
sübut ola bilər: Səid Rüstəmov, Cahangir Cahangirov,
Rauf Hacıyev və əlbəttə, Tofiq Quliyev. 40 ildən
artıq nəğmələri dillər əzbəri olan bu
görkəmli bəstəkarlar və mahnı janrında səmərəli
işləyən bir çox başqa dəyərli bəstəkarlardan
– A.Rzayeva, Q.Hüseynli, Z.Bağırov, R.Mustafayev,
İ.Topçubaşov, V.Adıgözəlov və
başqaları şairin mətnlərinə maraqlı
mahnılar yazmışlar. Şübhəsiz ki, bir məqalə
çərçivəsində bu çoxsaylı əsərlərin
hamısı haqqında söhbət açmaq mümkün
deyil. Biz ancaq bir neçə nümunə üzərində Ə.Əlibəyli
poeziyasının incəliklərinin musiqidə necə təcəssüm
edilməsini araşdırmaq niyyətindəyik.
Şairin
sözlərinə yazılmış əsərlər
sırasını Rauf Hacıyevlə birgə bəstələnmiş
məşhur «Azərbaycan» mahnısı ilə açmaq istərdik.
Bu mahnını uşaqdan böyüyə qədər
hamı tanıyır:
Özün kimi
vüqarlıdır uca dağların,
Hüsnünə
bir yaraşıqdır yaşıl bağların,
Bizimlə bir
başlamışdır gözəl çağların.
«Yurdum, yuvam, məskənimsən,»
Azərbaycanım,
Anam doğma vətənimsən,
Azərbaycanım!
Lakin,
mahnının hamıya məlum olan və geniş ifa edilən
ilk iki kupletindən başqa, üçüncü kupleti də
mövcuddur ki, o da, demək olar ki, səsləndirilmirdi. Bunun
səbəbi həmin kupletin mətni ilə
tanışlıqdan sonra tam aydın olur:
Sənə
şirin arzum deyim, diləyim deyim,
Havam deyim, suyum deyim, çörəyim
deyim,
İki yerə parçalanmış
ürəyim deyim.
Şeirin yazıldığı illərin
ab-havasını yada salsaq, bu kupletin ifa olunmaması heç də
qəribə görünmür. Zənnimizcə, hazırki
dövrdə mahnının tam mətninin olduğu kimi
interpretasiyası yerinə düşər və şairin
ideyalarının bütövlükdə
çatdırılmasına imkan verərdi.
Ə.Əlibəylinin R.Hacıyevlə əməkdaşlığının
digər nümunəsi – Azərbaycan estrada musiqisinin klassik
repertuarını bəzəyən «Sevgilim»
mahnısıdır. İllər boyu ən gözəl
müğənnilərimizin repertuarını bəzəyən
bu mahnının əlavə təqdimata ehtiyacı yoxdur.
Görkəmli bəstəkarımız Səid
Rüstəmov da Ə.Əlibəyli poeziyasına müraciət
etmiş və bunun nəticəsi kimi «Gəlmədin»
mahnısı yaranmışdır. S.Rüstəmov
lirikasının maraqlı səhifələrindən birini təşkil
edən bu mahnı üzərində daha ətraflı
dayanmağı lazım bilirik. Mahnının dörd sətirlik
bu kupletlərin üç ilk misraları bir-birilə qafiyələndiyi
halda, dördüncü misra digər kupletlərin sonuncu sətirlərinin
təkrarıdır /aaab, vvvb və s/.
Axar sular dayandı, yar,
Qəlbim həsrətlə yandı, yar,
Rəyin nədən dolandı, yar,
İlk görüşə gəlmədin.
Könlümdə xoş ümiddin,
Atəşdim, sən soyutdun, yar,
Öz vədini unutdun, yar,
İlk görüşə gəlmədin.
Mətndən göründüyü kimi,
burada «yar» sözündən geniş istifadə olunur ki, bu da əsərin
üslub baxımından xalq mahnı nümunələrinə
daha yaxın edir. Kupletin melodik cümləsi (burada şeir bəndinin
də müvafiq, digər bəndlərlə həmqafiyə
misrası səslənir) sonradan nəqarət
melodiyasının inkişaf istiqamətini müəyyənləşdirir…
Nəqarət isə tam olaraq, «gəlmədin» kəlməsinin
təkrar-təkrar səslənməsinə əsaslansa da, bu
heç də yeknəsəklik yaratmır – bəstəkar
burada qısa, yuxarıda göstərilən melodik cümlədən
bəhrələnən ifadəli melodiya yaratmağa müvəffəq
olmuşdur. Beləliklə, mahnının mətnində qafiyə,
melodiyasında isə intonasiya birliyi mövcuddur. Bu da əsərin
kupletlərini və nəqarətini vahid və kamil
musiqili-poetik kompozisiyada birləşdirir.
Ənvər Əlibəylinin sözlərinə
bəstələnmiş nəğmələr
sırasında gözəl mahnıları ilə musiqi
tariximizə daxil olmuş Qənbər Hüseynlinin «İlk məhəbbət»
mahnısı da diqqəti cəlb edir. Burada bəstəkar
şeirlə məharətlə işləmək qabiliyyəti
nümayiş etdirir. Mahnının mətni üç yeddi
hecalı bənddən ibarətdir (qafiyələnmə «Gəlmədin»
mahnısında olduğu kimidir).
Ləkəsizdir, təmizdir
Dalğalı bir dənizdir
Canımdan da əzizdir
Mənim ilk məhəbbətim.
Qanadlıdır, ley deyil,
Çox şirindir, mey deyil,
Unudulan şey deyil,
Mənim ilk məhəbbətim.
Mahnı bütövlükdə
üç bölmədən ibarətdir. Birinci bölmədə
mətnin iki bəndi eyni musiqi cümlələri ilə səslənir.
Şeirin sonuncu bəndi isə iki hissəyə
ayrılmışdır: ilk iki misra mahnının orta,
kulminasiya bölməsində səslənir, son iki misra isə
repriza xarakterli sonuncu bölmənin mətn əsasını
təşkil edir ki, o da birinci bölmənin musiqi materialı
üzərində qurulmuşdur. «Mənim ilk məhəbbətim»
misrası səslənən melodik cümlə də mahnı
boyu kiçik variant dəyişiklikləri ilə təkrarlanır.
Bununla da mahnının əsas musiqili və poetik məzmununun
daşıyıcısı olan cümlə daha da ifadəli səslənir.
Ə.Əlibəyli poeziyasına öz
mahnılarında tez-tez müraciət edənlərdən
biri də tanınmış bəstəkarımız Zakir
Bağırov idi. Şairin sözlərinə
yazılmış mahnılardan ikisi – «Lirik mahnı» və «Gəl-gəl»
diqqəti daha çox cəlb edir. «Lirik mahnı» nəqarətsiz
iki kupletli formada yazılmışdır. Yeddi hecalı
dörd bənddən ibarət mətndə (hər kupletdə
iki bənd səslənir) misralar aaba prinsipi üzrə qafiyələnir,
lakin məzmun baxımından misraları iki-iki ayırmaq
olar:
Gördüyüm vaxt özünü
İtirirəm özümü
Deyə bilmirəm sənə
Ürəyimin sözünü
Özüm də bilmirəm mən
Dilim lal olur nədən
Belə vaxtda qəlbimi
Gözlərimdən oxu sən.
Belə düzümə uyğun olaraq,
melodik cümlələr də bir-birinin variantını təşkil
edən iki ifadənin inkişafı üzərində
qurulmuşdur.
Bu qayda mahnının kulminasiya hissəsində
pozulur. Orta bölmədə variant şəklində səslənən
üç melodik cümlə dördüncü – keçid
xarakterli cümlə ilə əvəz olunur. Mahnının
yekun bölməsi yenidən birinci hissənin son iki cümləsinin
təkrarına əsaslanır. Beləliklə, burada da,
«İlk məhəbbət» mahnısında olduğu kimi,
üç hissəli forma elementləri özünü
büruzə verir. Zakir Bağırovun Ənvər Əlibəylinin
sözlərinə bəstələdiyi digər mahnı – «Gəl,
gəl» tamam başqa səpkilidir. Kupletli nəqarətli
formada yazılmış mahnıda kupletdə doqquz – on
hecalı iki misralı bənd səslənirsə, nəqarət
beş hecalı qısa misralara əsaslanır:
Görəndə səni gözüm
gülər,
Sevinər ürəyim, sözüm
gülər.
Ala gözlüm, gəl!
Şirin sözlüm, gəl!
Günəş üzlüm, gəl!
Yarım, gəl!
Mahnının ikinci kupleti bütün
kompozisiyasının kulminasiyasını təşkil edir.
Burada birinci kupletin ilk melodik cümləsi kvinta yuxarıda səsləndirilir.
Nəqarət isə, melodik inkişaf nöqteyi-nəzərindən,
ilk cümlənin intonasiyasına əsaslanaraq, onun ritmik şəklini
də özündə əks etdirir. Buna cavab olaraq, yenidən
nəqarət təkrar olunur. «Gəl, gəl»
mahnısının digər araşdırılan
mahnılardan fərqi məhz bundadır ki, burada nəqarətli
iki kupletli formadan istifadə olunmaqla, nəqarətin bəndləri
heca sayına görə kupletdəki misraların tən
yarısını təşkil edir.
Ə.Əlibəyli ilə əməkdaşlıq
edən bəstəkarlar sırasında istedadlı bəstəkar
İ.Topçubaşovun adı da xüsusi qeyd
olunmalıdır. Bu səmərəli yaradıcılıq
ünsiyyətinin məhsulu kimi «Xəzərim», «Qəşəng
qızlar», «Narınc» və b. mahnıları qeyd etmək
olar. Hazırki məqalədə şairin sözlərinə
yazılan «Hamıdan göyçək» və «Söz
olmasaydı» mahnıları araşdırılır. Onlardan
birincisi – «Hamıdan göyçək» ənənəvi nəqarətli
formada bəstələnmişdir. Kupletdə beş hecalı
misralara əsaslanan, qısa, əsasən tersiya həcmini əhatə
edən ifadələr səslənir.
Nəqarətdə həmin pilləvari hərəkətli
melodik düzüm şəklini alır. Mətndə isə
3+3+4+5 hecalı misralar növbələşir. Beş
hecalı, yenə də tersiya hərəkətlərinə əsaslanan
melodik ifadə mahnıya özünəməxsus yekun vurur. Təhlil
göstərir ki, mahnıda kupletlə nəqarət
arasında bağlılılıq yalnız melodik inkişaf səviyyəsində
həyata keçirilir, şeir ölçüsü
baxımından isə kupletdəki beş hecalıq nəqarətə
də müəyyən təsir göstərir. «Söz
olmasaydı» mahnısı nəqarətsız formaya aid olan
nümunələrdəndir. Burada hər şeir misrası və
ona uyğun olan melodik cümlə iki dəfə təkrarlanır.
Mahnının mətni səkkiz hecalı sətirlərdən
ibarətdir ki, bu sətirlər aaba və vvqq prinsipi üzrə
qafiyələnir. Mətnin hər iki bəndində təkrarlanan
iki sətir mövcuddur:
Ağlımı alıbdır başdan
Keçmək olmur bu göz qaşdan.
Bu sətirlər mahnının
kulminasiyasıdır və üç hissəli
kompozisiyanın orta hissəsini təşkil edir. Beləliklə,
qısa da olsa, Ə.Əlibəylinin sözlərinə
yazılış bəzi mahnıların poetik və melodik
xüsusiyyətlərini araşdırdıq. Lakin onun
şeirlərinə yazılmış mahnılar təkcə
yuxarıda göstərilənlərlə məhdudlaşmır.
Başqa bəstəkarlarımız da Ənvər Əlibəyli
poeziyasına sevə-sevə müraciət etmiş və dəyərli
əsərlər yaratmağa nail olmuşlar. Məqalədə
nəzərdən keçirilən mahnılarda şeirlə
musiqinin ahəngdar vəhdət şəklində
mövcudluğunun şahidi olduq. Bu da təsadüfi deyil. Ə.Əlibəyli
bir nəğməkar şair kimi daim bəstəkarlarla
mahnı üzərində birgə işləmiş,
melodiyanın inkişaf qanunlarına uyğun olaraq, şeir
misralarını qurmuşdur.
Oktay
Xalq Cəbhəsi.-
2012.- 28 mart.- S.13.