«Babək
azadlığımızın simvoludur»
Əzizağa Ələkbərov:
«Babək xalqımızın azadlığı uğrunda canından keçən qəhrəmanımızdır»
Xalqımızın azadlığı
uğrunda canını fəda etmiş yenilməz sərkərdə
Babəkə heykəl qoyulması məsələsi gündəmdədir.
Ziyalılar Babəkə Bakının ən gözəgəlimli
yerində heykəl qoyulmasının tərəfdarıdır.
Tanınmış tarixçi alim Əkrəm Rəhimli Babəkin
tarixi taleyimizdə, xalqımızın azadlığı
yolunda gördüyü möhtəşəm işlərdən
danışır: «Babəkə heykəl qoyulması məsələsi
olduqca gərəklidir. Babək xalqımızın qəhrəmanıdır.
Babəki birmənalı şəkildə belə dəyərləndirmək
olar. Yəni xalqımızın istiqlaliyyət tarixi
böyük mənada Babək hərəkatından
başlayıb. Babəkin adı Azərbaycanın istiqlaliyyəti
ilə qoşa çəkilən bir addır. O, yadellilərin
Azərbaycandakı özbaşınalığına,
talançılığına, zorakılığına
qarşı xalq hərəkatının başında duran
böyük sərkərdədir. Babək
azadlığımızın sönməz bir simvoludur. Burada
bir məqamı vurğulamaq istərdim: Babəkin Bakıda
heykəlinin ucaldılacağı ilə bağlı məsələ
olduqca qürur doğuran hadisədir. Bu, təkcə Quzey Azərbaycandakı
soydaşlarımız üçün yox, həm də
Güney Azərbaycanda yaşayan çoxmilyonlu
soydaşlarımız üçün böyük bir təntənə
olacaq. Məlumdur ki, Güneydə yaşayan
soydaşlarımız illərdir ki, Babək qalasına
yürüş edirlər. Əslində bu yürüş
Güney Azərbaycanın azadlıq, istiqlaliyyət
yürüşüdür. Onun öz milli varlığına
qayıtmasıdır. Bu yürüş öz çərçivəsini
o dərəcədə genişləndirdi ki, axırda
İran rejiminin başçılarını vahiməyə
saldı. Artıq neçə ildir ki, qalaya gedən yolu bir
neçə həftə əvvəldən bağlayırlar.
İran inqilabının ilk illərindən belə insanlar
qalanı ziyarət edir, istiqlal ruhlu mahnılar oxuyurdular. Yəni
xalq öz istəyini orada ifadə edirdi. Rejim başa
düşdü ki, xalqın bu istəkləri tədricən
milli istiqamətə doğru gedir, ona görə də Babək
qalasını ziyarəti qadağan etdilər. İranda ermənilərin
hansısa keşişinin ölümü gününün
qeyd edilməsinə qarşı isə problem yaratmırlar. Hər
il bu məqsədlə İrana minlərlə erməni gəlir,
günlərlə orada qalırlar. Dövlət məmurları
onların qayğılarını çəkirlər. Ancaq
Babək qalasını ziyarət etməyə imkan vermirlər.
Çünki Babəkdən qorxurlar. Babəki müxtəlif
adlarla xalqın gözündən salmaq istədilər. Ancaq
istəklərinə nail ola bilmədilər. Babək
qalasını ziyarətlə bağlı çəkilən
videolar göstərir ki, xalqımız öz qəhrəmanını
çox sevir. Ona görə də Babəkə bu səviyyədə
münasibət bizim milli kimliyimizə
qayıtmağımızın təsdiqidir. Azərbaycan
istiqlaliyyətinin təsdiqində möhtəşəm
iş görmüş Babəkin xüsusən yeni nəslə
təqdim olunması gərəkdir».
Ə.Rəhimlinin fikrincə, Güney Azərbaycanda
elə bir soydaşımız tapılmaz ki, Babəkin
Bakıda heykəlinin qoyulmasına soyuqqanlıqla
yanaşsın: «Babəkin Bakıda heykəlinin qoyulması
xalqımızın böyük sevinci olacaq,
xalqımızın milli kimliyinə qayıtmasında
böyük rol oynayacaq. Bu hadisəni ürəkdən
alqışlayıram. Həmişə düşmənlərimiz
müxtəlif bəhanələrlə qəhrəmanlarımızı
gözdən salmağa çalışıblar. Babək
habelə bütün Türk Dünyası üçün də
Azadlıq simvoludur. Babək mövzusunun, onun
başçılıq etdiyi hərəkatın haqqında dərsliklərimizdə
daha aydın təsəvvür yaradılmalıdır. Babəki
yeni nəslə yenilməz milli qəhrəman kimi
tanıtdırmaq gərəkdir. Təkcə orta məktəblərdə
yox, dram əsərlərində, musiqidə və b. bu
mövzuya dönə-dönə qayıtmaq gərəkdir.
Geniş tədqiqat və təbliğat işləri
aparılmalıdır. Ermənilər olmayan qəhrəmanlarını
şişirdib onu «milli qəhrəman» kimi özlərinə
və dünyaya sırıyıblar, cəfəngiyyatlarına
inandırmaq istəyiblər. Ancaq biz Azərbaycanın
azadlığı uğrunda illərlə mübarizə
aparmış bir qəhrəmanımızı istənilən
səviyyədə təqdim edə bilməmişik. Əgər
keçmişimizi qiymətləndirə bilməsək, gələcəyimiz
də qaranlıq ola bilər».
Tarixçi-alim Əzizağa Ələkbərov
deyir: «Babək – xalqımızın azadlığı
uğrunda 20 ildən çox mübarizə aparan, bu yolda
canından keçən qəhrəmanımızdır. Babək
böyük şəxsiyyətdir. Nə qədər ki,
torpaqlarımızın 20 faizi işğal altındadır,
xüsusən belə bir zamanda Babək mövzusuna dönə-dönə
qayıtmalıyıq. Babək Azərbaycan
torpağının ərəb əsarətinə
düşməməsi uğrunda mübarizə aparıb.
Azadlıq meydanında Babəkə heykəl qoyulması istəyi
yaxşıdır, ancaq hesab edirəm ki, Babəkin
keçmiş Kirovun heykəlinin yerində möhtəşəm
heykəlinin qoyulması gərəkdir. Babək Azadlıq
uğrunda mübarizə apararaq şəhid olmuş qəhrəmanımızdır.
Babəkin ruhu Şəhidlər Xiyabanında azadlıq
uğrunda mübarizə apararaq canından keçmiş
insanlarımızla birdir. Hər bir xalqın var olmasında qəhrəmanları
xüsusi rol oynayır. Babək gerçəkdən möhtəşəm
hünərlər göstərmiş qəhrəmandır. Mənə
elə gəlir ki, qəhrəmanlarımızı hələ
istənilən səviyyədə özümüzə və
dünyaya tanıtmamışıq. Qəhrəmanlarımız
həmişə bizə örnək olub, bundan sonra da elə
olmalıdır. Babəkin Azadlıq mübarizəsinin ruhunu həmişə
ürəyimizdə yaşatmalıyıq. Bu gün Babək
mövzusundan güc almağımız çox gərəklidir.
Qoy gəncliyimiz Babəki yaxından tanısın, onunla fəxr
etsin».
Uğur
Xalq Cəbhəsi.-
2012.- 28 mart.- S.11.