“Biz gedərik bü dünyadan...”
1974-cü ildə “Ömrün səhifələri” kinoalmanaxı ekranlara çıxdı. Tamaşaçılar ekran əsərindəki “Nəğmə dərsi” novellasında ata rolunda Əliabbas Qədirovu gördülər və gənc aktyorun oyun tərzi diqqətdən yayınmadı. Rejissor G.Əzimzadənin bu filmində Ə.Qədirov şəxsi həyatı müvəffəqiyyətsizliyə uğrayan gənc sürücünün I sinifdə oxuyan oğlu ilə gizli görüşü zamanı keçirdiyi həyəcan, oğlunun gələcəyi ilə bağlı yaşadığı narahatlıq hissləri o qədər təbii, səmimi və real alınmışdı ki, uzun illər keçməsinə baxmayaraq, aktyorun bu rolu indi də xatırlanır, hətta müasir dövrümüzlə səsləşir.
Bu rolu ifa edənə qədər gənc aktyor M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda, SSRİ Xalq artisti M.Məmmədovun kursunda oxumuş, 1969-cu ildə institutu bitirib təyinatını Akademik Milli Dram Teatrına almışdı. Artıq dörd il idi ki, teatrda fəaliyyət göstərirdi. Hələ tələbə ikən teatrda “Xəyyam” tamaşasında ilk rolunu - Yusifi oynamışdı. Bundan sonra “Mahnı dağlarda qaldı” (Nicat), “Xurşidbanu Natəvan” (Seyid Hüseyn), “Bizim qəribə taleyimiz” (Kamran), “Tənha iydə ağacı” (Kərim bəy), “Müdriklər” (Qlumov) və s. tamaşalarda bir-birindən maraqlı surətlər yaratmışdı. Kinoda debütünü isə 1972-ci ildə “Xatirələr sahili” filmində İmran rolu ilə etmişdi.
Ə.Qədirov böyük arzularla yaşayırdı. Səməd Vurğunun “Vaqif” tamaşasında Vaqifi, Cəfər Cabbarlının “Sevil”ində Balaşı oynamaq istəyirdi və istədiyinə də nail olurdu. Çünki qarşısına qoyduğu məqsədlə istəyi üst-üstə düşürdü.
Rejissor Y.Əfəndiyev 1976-cı ildə “Nə yaxşı ki, dünyada Səməd Vurğun var” tammetrajlı sənədli filmini lentə almağa başlayanda burada “Vaqif” tamaşasından bir parçanı ekranlaşdırmağı qərara alır. Vaqif roluna Əliabbası dəvət edir. Sənədli filmə daxil edilmiş bədii parçada aktyor Vaqifi o qədər həvəslə və şövqlə oynayır ki, onun oyunu dram teatrının rejissorlarının diqqətindən belə yayınmır. Tezliklə Ə.Qədirov “Vaqif” tamaşasında əvvəlcə Vaqifi, sonra isə Kürd Musanı oynayır.
Bundan sonra bu istedadlı aktyorun yaradıcılıq bioqrafiyasına teatr tamaşalarında oynadığı 40-dan artıq obrazın adı yazılır: Givi (“Darıxma, ana!”), fotoqraf (“Şöhrət və ya unudulan adam”), Alman oğlu (“İnsan”), Şərif (“Məhəbbət əfsanəsi”), Vasif (“İblis”), Həbib (“Büllur sarayda”), Qazan xan (“Torpağa sancılan qılınc”), Mirzə Şəfi (“Mənsiz dünya”), Kamran (“Bizim qəribə taleyimiz”), Mir Cəfər Bağırov (“Sevgililərin cəhənnəmdə vüsalı”), İbrahim xan (“Hökmdar və qızı”), Qara xaqan (“Özümüzü kəsən qılınc”), Ənvər (“Ulduz, yaxud Ədirnə fəthi”) və s.
Bu dövrdə o, kinoda da fəaliyyətini uğurla davam etdirir. Rejissor T.Tağızadənin “Evin kişisi” filmində Mənsur, E.Quliyevin “Babək” tarixi filmində Fəzl, F.Əliyevin “Qızıl uçurum” melodramında Cəlil, E.Qasımovun “Qocalar, qocalar” televiziya filmində Fərid rollarında çıxış edir.
Bu filmlərin
arasında Cəlil obrazı xüsusi yer tutur. Yaxın
tarixi keçmişi əks etdirən “Qızıl uçurum” filmi (1980) XX əsrin əvvəllərində yazıçı
İ.Musabəyovun eyniadlı
povesti əsasında çəkilmiş “Neft və milyonlar səltənətində” filminin
rimeykidir.
XIX əsrin
sonu. Bakıda neft sənayesi yaranır... Kasıb Cəlil taleyin
hökmü ilə neft sahibkarı olur. O, kasıbçılığın
daşını atır.
Özünə böyük imarət
alır. Lakin bu evdə yaşamaq onlara heç də qismət olmur. Gözlənilmədən əldə olunan
var-dövlət Cəlilə
xoşbəxtlik gətirmir.
Zəhmətsiz qazanılmış milyonlar onu yoldan
çıxarır. O, Lütfəli bəyin qurduğu tələyə
düşür, pullarını
göyə sovurur, mənəvi iflasa uğrayır. Aktyor Cəlilin ən
xoşbəxt və ən faciəvi günlərində keçirdiyi
sevinc hisslərini və mənəvi sarsıntılarını eyni
səviyyədə bacarıqla
tamaşaçılara çatdırır.
Ə.Qədirov filmlərə az-çox
çəkilsə də,
kinematoqrafçıların diqqəti sayəsində heç də ərköyünləşmir. Çünki onu filmlərə
tez-tez dəvət edir, lakin çox
vaxt foto və ya kino
sınaq çəkilişlərindən
uğurlu çıxmırdı.
Hətta
elə olurdu ki, filmlərə çəkilirdi, amma çəkilişlər başa
çatmamış, konservasiya
olunurdu, yəni ləğv edilirdi. Misal üçün, 70-ci illərin
əvvəllərində rejissor
H.Seyidzadəyə “Qatır
Məmməd” adlı
filmin çəkilişləri
tapşırılır. Ssenarini Moskva kinodramaturqları yazdıqları üçün
burada Qatır Məmmədən başqa
nə desən var idi. Hətta Qatır Məmməd Çapayevə oxşayırdı.
Ona görə də rejissor ssenariyə əl gəzdirməli olur, Qatır Məmməd roluna Ə.Qədirovu dəvət
edir.
Filmin çəkilişləri Gəncəbasarda
aparılarkən yaradıcı
heyət iş günündən sonra Qatır Məmmədin arvadı ilə görüşə gedir.
O vaxt xalq qəhrəmanının həyat
yoldaşı hələ
sağ idi. Qadın Əliabbası Qatır Məmməd libasında və qrimində görəndə
çaşıb qalır,
hətta özünü
itirir: İlahi, aktyor Qatır Məmmədə necə də oxşayarmış!
Rejissor H.Seyidzadəyə də elə bu lazım
idi. Çəkilişlər öz qaydasında
gedirdi. Filmin istehsalı başa
çatmaq üzrə
idi. Heç kəsin gözləmədiyi
bir hadisə baş verir. Moskvalı ssenaristlər Bakıya gəlib kinostudiyanın rəhbərliyindən tələb
edirlər ki, çəkilişlər dayandırılsın.
Çünki rejissor filmi
onların ssenarisi üzrə yox, özünün istədiyi
kimi çəkir.
Beləliklə, film konservasiya olunur.
Yaradıcı qrup buraxılır.
Filmi yenidən çəkmək
rejissor R.Ocaqova tapşırılır. Rejissor yeni
aktyor heyətini seçərkən Qatır
Məmməd rolunu Şahmar Ələkbərova
tapşırır. Rejissorun Əliabbası
filmdən uzaqlaşdırması
nəticəsində aktyor
bərk sarsıntı
keçirir.
Nə yaxşı ki,
teatr var idi. Nə yaxşı ki, bir-birindən maraqlı tamaşalar var idi: “Yollara iz
düşür”, “Kimdir
haqlı?”, “Kölgələr
pıçıldaşır”, “Yol ayrıcında”, “Sənsiz”, “Qarabağ əfsanəsi”, “Fırtına”,
“Əcəb işə
düşdük”, “Fitnə”,
“Kral Lir”. Aktyor bu tamaşalarda oynamaqla kinoda baş verənlərdən
fikri bir qədər yayınır,
əsəbləri sakitləşirdi.
Aktyor kinoda ikinci böyük zərbəni
“Sönməyən çıraq”
filmində aldı.
1994-cü ildə çəkilişinə başlanan
üç seriyalı bədii film milyonçu Hacı
Zeynalabdin Tağıyevə həsr olunmuşdu. Filmin rejissoru
Rasim İsmayılov deyirdi ki, filmdə H.Z.Tağıyevi, onun
yaşadığı dövrü, o dövrdə baş verən
hadisələri, bu hadisələrdə Hacının
iştirakını bəzək-düzəksiz, olduğu kimi
göstərməyə çalışacaq. Ə.Qədirov
filmdə H.Z.Tağıyev rolunda çıxış edirdi.
Aktyor çox həvəslə işləyirdi. Hacı
haqqında çox şey öyrənmişdi. Amma rol ona qismət
olmadı. Çünki filmin də istehsalı baş
tutmadı. Sonralar teatrda “Mesenant” tamaşasında
H.Z.Tağıyevin obrazını uğurla yaradanda aktyor deyəcəkdi:
“Şükürlər olsun ki, arzum ürəyimdə
qalmadı”.
Yaradıcılıq isə davam
edirdi. Əliabbas müəllim teatrdan başqa televiziya
tamaşalarında da maraqlı rollar ifa edirdi: “Laçın
yuvası”nda Cahangir, “Təkan”da Dilqəm, “Atayevlər ailəsi”ndə
Cahangir, “Hacı Qara”da Heydər bəy, “Bəxtsiz cavan”da Fərhad.
Televiziyaya baxan tamaşaçılar bu rolların bir neçəsini
yəqin ki, xatırlayırlar. “Komediyalar aləminə səyahət”
əyləncəli verilişinin aparıcısı kimi Əliabbasın
yolunu gözləyən televiziya tamaşaçıları
lap çox idi.
O, çox işləyirdi.
Tamaşaçılar da bunu başa düşür, onun əməyini
yüksək qiymətləndirir, onu sevirdilər. Bu sevgi
qarşılıqlı idi. Ona görə də aktyor
tamaşaçılarının sevgisinə yorulmadan işləməklə
cavab verirdi. Teatr və kino sahəsində qazandığı
nailiyyətlərə görə 1982-ci ildə Əməkdar
artist, 1989-cu ildə isə Xalq artisti fəxri adlarına layiq
görülüb. Vaxtilə özünün təhsil
aldığı institutda pedaqoji fəaliyyət göstərir.
Öz bilik və bacarığını gənclərə həvəslə
öyrədir. 2000-ci ildə professor adını alır.
Ə.Qədirov kinoda ilk rolunu
1972-ci ildə, sonuncu rolunu isə 2004-cü ildə
(“Küçələrə su səpmişəm” bədii
filmi, Çərkəz) oynamışdır. 32 il ərzində cəmi 10 film, bunların da bir hissəsi
epizodik rollardır.
Bu filmlərin
arasında rejissor E.Quliyevin 1977-ci ildə çəkdiyi “Sevinc buxtası” tarixi-inqilabi filmi Əliabbasın yaradıcılığında xüsusi yer tutur. İkiseriyalı filmdə aktyor
baş rolda - Nazim rolunda çəkilib. Nazim vaxtilə
İliç buxtasını yaradanlardan biridir. O, inanır ki,
bu çətin layihəni fəhlə yoldaşları ilə
birgə həyat keçirə biləcəkdir. Aktyor istər
dramatik, istərsə də sevgilisi Leyla ilə olan lirik səhnələrdə
ustalıq nümayiş etdirir, öz oyunu ilə
yaratdığı surəti tamaşaçıya psixoloji cəhətdən
təbii və inandırıcı şəkildə
çatdırır. Təsadüfi deyil ki, 1978-ci ildə
filmin rejissoru E.Quliyev, ssenari müəllifi G.Mdivani, operator
R.İsmayılov, rəssam R.İsmayılovla bərabər
aktyor Ə.Qədirov da Azərbaycan Dövlət
Mükafatına layiq görülmüşdü.
Mənalı ömür
yaşamış Əliabbas sıravi aktyorluqdan Akademik Milli
Dram Teatrının direktoruna qədər yüksəlmiş,
burada bədii rəhbər olmuş, ancaq vəzifələr
onu heç vaxt dəyişdirməmişdi. Elə bu xasiyyətinə,
rəftarına görədir ki, el arasında onun böyük
hörməti var idi. Əliabbas dövlətin də
qayğısını daim öz üzərində hiss edirdi.
60 illiyi teatrda çox yüksək səviyyədə
keçiriləndə o, “Şöhrət” ordeni ilə təltif
olunmuşdu.
Həyatın ən gözəl
çağlarını yaşayan aktyorun taleyində gözlənilməz
hadisə baş verir: Neçə onillər bir yerdə
mehribanlıqla yaşamış, xoşbəxt həyat
sürmüş həyat yoldaşı vəfat edir. Bu hadisə
Ə.Qədirovun həyatını büsbütün dəyişir,
hətta tamaşaçılarla görüşlərinin
birində ömür-gün yoldaşından sonra çox yaşamayacağını
bildirir. Elə bil o, ömrünün sonunu hiss edirmiş. Həyat
yoldaşının ili çıxmamış, 2006-cı il
martın 8-də Ə. Qədirov dünyasını dəyişir.
“Biz gedərik bu dünyadan...” misrasını deyən Xalq
artisti, Dövlət mükafatı laureatı, “Qızıl Dərviş”
mükafatı laureatı Əliabbas Qədirov
ölümündən sonra xatirələrdə
yaşayır.
Oktay
Xalq Cəbhəsi.- 2012.- 29 mart.- S.13.