Avropada Azərbaycan folklorunun tanınmış araşdırmaçısı

 

Henrix Fridrix fon Dits dünyada elmin inkişafında Şərqi birinci yerdə görürdü

 

«Kitabi-Dədə Qorqud» abidəsini ilk dəfə tədqiq edən, onun haqqında dəyərli əsərlər yazan Henrix Fridrix fon Ditsin gördüyü işlər həmişə sayğı ilə xatırlanmağa layiqdir. Ditsin xidməti bəşəri ləyaqətin təsdiqidir. Filologiya elmləri doktoru Flora Mustafayeva onun həyat və fəaliyyətini araşdırıb. Dits 1751-ci ildə Almaniyanın Bernburq şəhərində tacir ailəsində anadan olub. 1769-cu ildə hüquqi təhsil almaq üçün Halle Universitetinə daxil olub. Akademik təhsilini bitirdikdən sonra 11 il Maqdeburqda əyalət hökumətinin sərəncamında işləyib, burada xüsusi qabiliyyətinə görə referentlikdən dəftərxana müdirliyinə qədər yüksəlib: «Bacarıqlı hüquqşünas kimi xidməti vəzifəsini yerinə yetirməklə yanaşı Dits vaxt və macal tapanda onun üçün sevimli elm sahəsi olan fəlsəfə və dilşünaslıq üzrə biliyini daha da artırıb. Gəncliyində Şərqə səyahət etmək arzusunda olan Ditsin Şərq dillərinə böyük sevgisi olub. Buna görə də daha çox Şərq dillərini öyrənməyə çalışıb».

1784-cü ildə Prusiyanın Türkiyədəki səfirliyində iş yeri boşalır, Dits bu vəzifəni tutmaq üçün yarışa qatılır və Böyük Fridrix (Prusiya kralı II Fridrix) tərəfindən soyuqqanlı xarakteri və bəzi üstünlüyünə görə bir neçə namizəd arasından o yerə seçilir: «İşə başlamazdan əvvəl Dits xüsusi maraqla türklərin tarixini, milli adət-ənənələrini, dilini həvəslə öyrənir, onların ruhuna daha yaxın olmaq üçün ilk başlanğıcdan türk dilində danışır. Burada Dits daha çox Osmanlı imperatorluğunun tanınmış elm adamları ilə dostluq münasibəti qurur, kitablardan aldığı bilgi ilə yanaşı onların məlumatlarından da faydalanır. Türk xalqına olan məhəbbəti onu türklərin sevimlisinə çevirir.

Bununla yanaşı işi o qədər də asan deyildi, çünki Osmanlı sultanının ürəyincə işləmək üçün ona dərin elmi bilik və diplomatik keyfiyyətlər lazım olurdu. Ditsin xüsusi istedadı və bacarığı öz işinin öhdəsindən gəlməkdə ona çox kömək edirdi. Sərbəst vaxtının az olmasına baxmayaraq, bu böyük alim 6 il Türkiyədə yaşadığı müddətdə türk, ərəb və fars dillərini mükəmməl öyrənir. Onun bu fədakarlığı və iradəsi gələcəkdə ən yaxşı tərcüməçi kimi yetişməkdə əsas zəmin olur. Türklərə olan səmimi məhəbbəti onu rühən və görünüşcə xeyli dəyişir, belə ki, burada Dits şərqlilər kimi geyinir, onların həyat tərzini mənimsəyir. Hətta o, Almaniyaya qayıtdıqdan sonra da otağının birini Şərq üslubunda hazırlatdırır, köməkçisini və xidmətçisini də türklərdən seçir».

Bu müddətdə Dits şəxsi vəsaiti hesabına çox nadir və qiymətli əlyazmaları, çap olunmuş kitabları toplanmağa başlayır: «Dits kitabxanasını müqayisə olunmaz dərəcədə zənginləşdirir. Kral Fridrixin davamçısı II Fridrix Vilhelm 1786-cı ildə Ditsin Türkiyədəki fəaliyyətini dəyərləndirir və onu Konstantipolda Prusiyanın vəkil edilmiş naziri, fövqəladə böyük elçisi təyin edir. Bir müddət keçdikdən sonra Türkiyə ilə Rusiya arasında qarşıdurma baş verir, bu vəziyyət Ditsin vəzifəsini xüsusilə əhəmiyyətli edir və o, çətin tapşırıq qarşısında qalır. Dits 1788-ci ildə Berlindən almış olduğu təlimata baxmayaraq türklərə olan məhəbbəti sayəsində öz səlahiyyət imkanlarını aşaraq Türkiyə ilə ittifaq sazişi imzalayır ki, bu da Prusiya sarayında böyük təşvişə səbəb olur.

Saziş ratifikasiya olunmamışdan əvvəl 1790-cı ildə Dits vəzifəsindən geri çağırılır və təqaüdə göndərilir. Konstantinopoldan (İstanbuldan) ayrılmağını Dits özü belə təsvir edir: «Vidalaşarkən qəbulumda olan nazirlər göz yaşı içərisində idilər. İki gündür ki, gəmim ağlayaraq mənimlə vidalaşmağa gələn türklərlə dolub-boşalır Yazılarından məlum olur ki, Dits özü də bu ayrılıqdan çox kədərlənir. Vətəninə qayıtdıqdan sonra da dostları ilə əlaqəsini kəsmir». Dits türkcə daha yaxşı danışmaq üçün Almaniyada təhsilini davam etdirir: «Əvvəllər (1773-75-ci illər) 3 dərin məzmunlu fəlsəfi əsərin müəllifi olan Dits diplomatik fəaliyyəti dövründə yaradıcılıqla məşğul ola bilmir. Təqaüdə çıxdıqdan sonra isə yenidən elmi fəaliyyətə qayıdır. Lakin bu dəfə o, rühüna və istəyinə uyğun olaraq yazıçılığa və şərqşünaslığa meyl edir. O, kitablarının xarici görkəminə o qədər də əhəmiyyət vermirdi, onun üçün əsərlərinin elmi dəyəri və zəngin məzmunu əsas şərt idi. Şərq haqqında mükəmməl məlumatı, orada uzun illər qaldığı müddətdə topladığı nadir əlyazmalarla zənginləşmiş kitabxanası onu yaradıcılığa həvəsləndirirdi. Ditsin elmi fəaliyyətinin ikinci mərhələsində nəşr etdirdiyi əsərləri istisnasız olaraq Şərq ölkələri haqqında dəyərli məlumatlar kimi nəzərdən keçirilməlidir. Bu mərhələdə o, işini bir türk şairinin əsərinin tərcüməsi ilə davam etdirir (1811) və elə həmin ildə «Qabusnamə»ni alman dilinə tərcümə edib nəşr etdirir. Bu kitabla tanış olan dahi alman şairi Göte əsərin məzmununa və Ditsin tərcümə sənətkarlığına heyran qalır. O, bu əsəri əsil hikmət xəzinəsi hesab edir və özünün «Şərq-Qərb» divanında ondan istifadə edir. Bu əsər Götenin Şərqə marağını daha da artırır, hətta dostlarına da onu oxumağı tövsiyə edir. Götenin xahişinə görə Dits ona «Molla Nəsrəddinin lətifələri»ni də alman dilinə tərcümə edib verir. Dits vəfat edənə qədər onlar məktub vasitəsilə əlaqələrini davam etdirirlər. Ditsin yaradıcılığını maraqla izləyən Göte 1811-1815-ci illərdə çapdan çıxan «Denkvürdiqkeiten von Asien…» (Asiya abidələri…) kitabının I və II hissələrini oxuduqdan sonra Şərq ədəbiyyatının möcüzəsinə heyran qalır. Kitablarının təsnifatından da görünür ki, Dits həmişə öz əqidəsinə sadiq qalıb».

Flora xanım daha sonra bildirir ki, xalqımızın zəngin həyat təcrübəsinin, dünyagörüşünün və yaradıcılıq qüdrətinin məhsulu olan «Atalar sözlər»ni Dits çox yüksək qiymətləndirib: «Bu barədə Dits «Asiya abidələri…» kitabının I hissəsində yazır: «Başqa xalqlar öz müdrik əsərlərini qoruyub saxladıqları halda tatarlar (Dits bizi tatar türkləri adlandırır-F.D.) yeganə xalqdır ki, qiymətli əlyazmalarını cırıb atmışlar… Yaxşı ki, heç olmasa bu əlyazma tatarların kitab yağılarının əlindən canını salamat qurtarıb Burada çox təəssüflə qeyd etmək istəyirik ki, bu böyük alim bizim qiymətli əlyazmalarımızın müxtəlif üsullarla Qərbə daşınmasından xəbərsizdir. Belə ki, əlimizdə olan yazılı məlumata görə hələ 1802-ci ildə hakimiyyətdə olan Hersoq Ernst Şərqə səyahət edən U.Y.Zeetsenə tapşırıq verir ki, oradan qədim əşyaları və qiymətli əlyazmaları saray üçün pul ilə alıb gətirsin. Nəticədə Zeetsen Almaniyaya aparmaq üçün 17 dəvə yükü qədər qədim əlyazmalar və qiymətli əşyalar toplayıb göndərir. Elə Dits özü də Türkiyədə işlədiyi zaman mümkün qədər daha çox qiymətli və nadir əlyazmaları alaraq öz kitabxanasını zənginləşdirir. Beləliklə, bizim, o cümlədən Şərq xalqlarının yaradıcılıq məhsulu olan on minlərlə əlyazmaları, qiymətli sənət əsərləri Qərbə daşınıb. Dits özü də «Asiya abidələri…» kitabının I hissəsinə yazdığı «Ön söz»də deyir: «…Avropanın bütün kitabxanalarında, o cümlədən özəl kitabxanalarda Şərqə aid böyük miqdarda əlyazmalarının istifadəsiz saxlanmasının nə faydası var

Buradan aydın olur ki, Ditsin dediyi kimi türklər əlyazmalarını cırıb atmayıblar, əksinə, onlar müxtəlif üsullarla talan edilib Avropa ölkələrinə aparılıb». Dits başqalarından fərqli olaraq özündə olan əlyazmalarının ən yaxşılarını seçərək təxminən 6 cilddən ibarət külliyyat hazırlamağı planlaşdır: «Təəssüf ki, vaxtsız ölüm ona bu işi axıra çatdırmağa imkan vermir. Belə seçmələrdən yalnız ikicildlik çapdan çıxır. Dits ailə qurmayıb, bütün həyatını və maddi vəsaitini təmənnasız olaraq elmə qurban verib. Ditsin məhsuldar elmi fəaliyyəti vaxtında yüksək qiymətləndirilib və o, 1814-cü ildə Prusiya Elmlər Akademiyasına fəxri üzv seçilib. 1817-ci il aprelin 7-də vəfat edib.

Vəsiyyətnaməsinə əsasən 17000 nəşr olunmuş kitabları, içərisində 403-ü Şərqə aid olan 835 əlyazmasını, elmin bütün sahələrinə aid 1000-dən artıq tədqiqat işlərini, öz pulu ilə çap etdirdiyi əsərlərini, özünün və III Sultan Səlimin yüksək sənətkarlıqla işlənmiş portretlərini Berlin Kral kitabxanasına (indiki Dövlət kitabxanası-F.D.) verir və göstərir ki, hər iki portret xatirə olaraq ona aid olan fondun divarından asılsın. Ditsin portreti fonddan asılsa da, naməlum səbəbdən III Sultan Səlimin portreti itirilir. (Bizim fikirimizcə, bu hadisə almanların Türkiyəyə olan qısqançlığın təzahürüdür. Belə ki, onlar Berlin Dövlət Kitabxanasında Osmanlı Sultanının portretini görmək istəməyiblər) Dits uzun müddət maraqla topladığı Osmanlı sülaləsinin bütün dövrlərinə aid qiymətli xırda pul kolleksiyasını isə Krallığa bağışlayıb.

O, şəxsi vəsaiti hesabına çap etdirdiyi kitablarını tələbələrə pulsuz paylamağı da qeyd etməyi unutmayıb. Dits vəsiyyətində şərt qoyur ki, fondundakı kitablar və əlyazmaları onun sağlığında tərtib etdiyi nömrə ilə qorunub saxlanılsın. Məzmun və əhəmiyyətinə görə kitablar belə sıralanıb:

1. Şərqə aid olanlar. Çünki bütün layiqli biliklər Şərqdən gəlib.

2. Yunanlara aid olanlar. Çünki onlar yaratdıqları bir çox elmi abidələri Şərqdən götürüblər.

3. Rumlara aid olanlar, çünki onlar yunanlardan dərs alıblar.

4. Onları əvəz edən orta əsrlərin yazıçıları.

5.Yenilər: bunların içərisində elmə yenilik gətirənlər, yunanların, rumların şərhçiləri və başqaları da var.

Ditsin bu təsnifatından görünür ki, o, dünyada elmin inkişafında Şərqi birinci yerdə görür».

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012.- 30 mart.- S.14.