«Tarixini
bilməyən xalq məhvə məhkumdur»
«Azərbaycan» qəzeti «Azərbaycanlıların
soyqırımı: tarixin qanlı salnaməsi» adlı yeni
ikicildli kitabın təqdimat mərasimini keçirdi
Dünən
Beynəlxalq Mətbuat Mərkəzində «Azərbaycan» qəzetinin
təşkilatçılığı ilə «Azərbaycanlıların
soyqırımı: tarixin qanlı salnaməsi» ikicildli
kitabın təqdimat mərasimi keçirilib.
Tədbiri
giriş sözü ilə açan «Azərtac» Dövlət
Agentliyinin baş direktoru Aslan Aslanov bildirib ki, təqdimatı
keçirilən kitabın ideya müəllifi Azərbaycan
Respublikasının Prezident Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyev, kitabın redaktoru Prezident
Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin müdiri, tarix elmləri doktoru Əli Həsənov,
buraxılışa məsul olan şəxs isə «Azərbaycan»
qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar
Sadıqovdur. Kitab Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin xatirəsinə ithaf olunub: «Bu kitabı vərəqləyən
hər bir şəxs mənfur qonşuların Azərbaycan
xalqı qarşısına gətirdiyi faciələrin tarixi
köklərinə bir daha nəzər salacaq. Erməni
faşizminin xislətinə və erməniliyin dərinliyini
bir daha dərindən dərk edəcəklər. Kitabda
toplanan məsələlərin əhatə dairəsini
göstərmək üçün birinci cildin bəzi
başlıqlarını misal gətirmək kifayət edər.
Son illərdə erməni vəhşiliyinin səbəb və
nəticələri, Azərbaycanın əzəli
torpaqlarında Ermənistan dövlətinin yaradılması,
xalqın milli-mədəniyyət nümunələrini,
toponimlərin özününküləşdirilməsi barədə
tarixi faktlara əsaslanan çox dəyərli əsərlər
yazılıb. Bu gün təqdimatı keçirilən kitab
isə yeni yazılan kitablar arasında xüsusi yer tutacaq».
«Azərbaycan»
qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar
Sadıqov isə bildirib ki, 20 il müstəqillik tarixinə
malik olan Azərbaycanda iqtisadi, siyasi və hüquqi islahatlar həyata
keçirilib: «20 il ərzində Azərbaycanın həll edə
bilmədiyi ən mühüm problem Dağlıq Qarabağ
münaqişəsidir. Azərbaycan xalqının tarix boyu
başına gətirilən faciələrin dünya ictimaiyyətinə
çatdırılmasına hər bir ziyalı öz töhfəsini
verməlidir. Təqdimatı keçirilən kitab da
bütün bu faktların birgə toplusudur və yeni nəşr
jurnalistlər, siyasətçilər üçün nəzərdə
tutulub. Gələcəkdə bu kitab ingilis və rus dillərinə
tərcümə olunaraq dünya ictimaiyyətinə
çatırılacaq».
AMEA
Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov isə
qeyd edib ki, tarixini bilməyən xalq məhvə məhkumdur.
Onun sözlərinə görə, hər bir xalq öz
tarixini bilməli, ona yiyələnməlidir: «Belə olduqda həmin
xalq məğlubedilməz olur. Bu baxımdan bizim ən
böyük qüsurumuz öz millətimiz,
xalqımızın tarixi, qanlı səhifələrini bilməməsidir.
Bu gün hadisələr, soyqırımlar barədə Avropa
və ya digər ölkələrin xəbərsiz olduğunu
demək olmaz. Hazırda Ermənistan bir çox ölkələr
tərəfindən müdafiə olunur. Ona görə də
ölkə tarixində bu cür tədqiqatların
aparılmasının çox böyük əhəmiyyəti
var. Bu əsərin, ikicildliyin müasir dövrdə
soyqırımların, faciələrin öyrənilməsi
baxımından çox böyük əhəmiyyəti
olacaq».
Tədbirin
davamında çıxış edən millət vəkilləri
Aydın Mirzəzadə, Fəzail İbrahimli və
başqaları yeni nəşrin əhəmiyyəti barədə
fikirlərini bölüşüblər.
Prezident
Administrasiyasının (PA) ictimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov isə
çıxışında yeni kitab nəşrlərilə
bağlı bir sıra məsələlərə
aydınlıq gətirib: «Bəzən yanıma gəlib deyirlər
ki, Heydər Əliyev, yaxud İlham Əliyev haqqında kitab
yazmışam, amma icazə vermirsiniz ki, çap etdirək».
APA-nın xəbərinə görə, bunu Prezident
Administrasiyasının (PA) ictimai-siyasi şöbəsinin
müdiri Əli Həsənov «Azərbaycanlıların
soyqırımı: tarixin qanlı salnaməsi»
kitabının təqdimat mərasimində
çıxışında bildirib.
«Azərbaycanlıların
soyqırımı: tarixin qanlı salnaməsi» kitabını
nümunə göstərən PA rəsmisi bildirib ki, əslində
Heydər Əliyev, İlham Əliyev haqqında belə
samballı əsərlər yazılmalıdır: «Bizim istəyimiz
budur ki, Heydər Əliyev haqqında məhz belə kitablar
yazılsın. Heydər Əliyev haqqında kitab yazıb,
sonra da bunu spekulyasiyaya çevirənlər var. Bəzən
bu işə çox hörmətli adamlarımız da
qoşulur. Cildlərlə kitablar yazırlar və həmin
kitablar yalnız onu yazanın kitabxanasında özünə
yer tapır. Əslində heç bir ictimai yükü olmayan
kitablar yazmaqdansa, Qarabağın, Naxçıvanın tarixi
ilə əlaqədar, ermənilərin azərbaycanlılara
qarşı törətdiyi soyqırımı barədə
salnamələr yazmaq lazımdır. Mən məmnuniyyətlə
bir gəncin adını çəkmək istəyirəm,
Avropa Azərbaycanlıları Cəmiyyətinin sədri Tale
Heydərovun dəstəyi ilə salnamələrin
Rusiyanın, dünyanın müxtəlif ölkələrinin
arxivlərindən toplanıb Azərbaycanda dərc olunması
əslində Azərbaycanın ümummilli lideri haqqında əsl
kitabdır».
Xalq Cəbhəsi.- 2012.- 30 mart.- S.3.