İrəvan
saray kompleksi
Memarlığın gözəl abidəsi
yer üzündən silinib
İrəvan
hakimləri və xanları üçün tikilən ilk iqamətgahlar
haqqında tarixdə məlumatlar azdır. Bunun əsas səbəbi
İrəvanın Səfəvi – Osmanlı müharibələrində
üç əsrə yaxın müddətdə dəfələrlə
əldən-ələ keçməsi, 1679-cu il zəlzələsində
dağılmasıdır. İrəvan şəhərinin
mülki memarlıq nümunələrindən ən diqqət
çəkəni Sərdar sarayı, yaxud Xan sarayı İrəvan
qalasının şimal-qərb hissəsində yerləşib.
Saray kompleksi
vaxtilə bura gələn səyyahları
heyran edib.
İrəvan qalası tikilən
vaxtdan, 1510-cu ildən mövcud
olan saray İrəvan
sərdarı Əmirgünə xan Qacar tərəfindən ucaldılıb.
1760-1770-ci illərdə İrəvan xanı Hüseynəli xan tərəfindən təkmilləşdirilib.
1791-ci ildə Hüseynəli xanın oğlu
Məhəmməd xan sarayın
Güzgülü salonunu
və yay imarətini inşa
etdirib. Saray kompleksi Zəngi çayının qorxunc uçurumu kənarında
qərar tuturdu. Çayın digər sahili boyunca müxtəlif
gül-çiçək və meyvə ağacları ilə
zəngin olan Xan
bağı salınmışdı.
Sarayın 1837-ci ildə tərtib edilmiş mükəmməl planına əsasən,
onun 1 hektar ərazini əhatə
etdiyi aydın olur.
İrəvan xanlarının iqamətgahı qala
kompleksinin şimal-qərb hissəsində
yerləşib və qaladan saraya qapı açılıb. Saray kompleksi bir neçə binadan ibarət
olub. Rəsmi tədbirlər üçün nəzərdə tutulmuş ikimərtəbəli saray trapesiya formasında tikilib. Sarayın ortasında şahın təntənəli
qarşılanması üçün böyük eyvan olub. Eyvanın qurtaracağında Zəngi
çayına açılan və rəngli şüşələrlə
bəzədilmiş, şəbəkələrlə
ayrılan yataq yerləri – taxçalar
düzəldilib. Düzbucaqlı formalı ikimərtəbəli
hərəmxana binası cənub-qərb tərəfdən saraya bitişik tikilib. Hərəmxananın həyətində
hamamın yanında isə uzunluğu 32, eni 9 metr olan
böyük hovuz olub.
Həmin dövrdə təsviri sənətin geniş yayılmış növü
olan divarüstü
boyakarlıq və memarlıq abidələri burada
da əksini tapmışdır. Avropa səyyahlarını
və rəssamlarını valeh edən də
Sərdar sarayının memarlığından daha çox, onun zəngin bədii tərtibatı,
divarları bəzəyən portret və
süjetli kompozisiyalardan
ibarət monumental boyakarlıq əsərləri
olub. İrəvan Xan
sarayının daxili tərtibatı
haqqındakı yazılar, 1828-ci ildə rus rəssamı akademik V.Maşkovun, 1840-cı illərdə arxeoloq alim və rəssam
Q.Qaqarinin, XIX əsrin 60-cı illərində
fotoqraf D.Yermakovun, əsrin
sonunda ingilis səyyahı
H.Linçin bilavasitə naturadan
çəkdiyi rəsm və fotolar
sarayın bədii tərtibatı, divar rəsmlərinin
məzmunu, forma və üslubu,
professional sənətkarlıq və
estetik xüsusiyyətləri haqqında fikir söyləməyə imkan
verir.
Güzgülü zal və yay köşkünün divarlarını bəzəyən
ilkin rəsmlərin müəllifi bəlli
deyil. Dekorativ və süjetli divar rəsmləri
həmin dövrdə mövcud olmuş sənət kanonlarına və ənənəyə
əsaslanır. Divarların yuxarı səthində taxçalarda və taxçalararası pannolarda həndəsi və stilizə edilmiş nəbati motivlərdən ibarət dekorativ kompozisiyalar,
gül-çiçəklərin, heyvan və
quşların canlı, real təsvirləri
verilib. Sarayın bədii tərtibatının
əsasını portret təsvirləri və
çoxfiqurlu süjetli
kompozisiyalar təşkil edib.
Bir
sıra Avropa səyyahları müxtəlif
vaxtlarda İrəvanda olmuş,
Xan sarayını, onun
Güzgülü zalını,
qaladakı və şəhərdəki məscidləri, hovuz və hamamları, Zəngi
çayından enib keçən
yeraltı mərmər pilləkənli yolu
öz əsərlərində təsvir
ediblər.
İngilis səyyahı
H.Linç İrəvan sarayın Güzgülü zalını belə təsvir
edib: «Şəbəkəli
tağların saysız-hesabsız güzgüləri ətrafa
büllur kimi
şölə saçır. Salonun
tavanı başdan-başa bəzəyə
qərq olub. Tavanın
aşağısı bolluca nəbati
naxışlarla bəzənib ki, bunlar da əsasən
süsən və qızılgüllərdən ibarətdir».
Güzgülü
zalın dərin çatma tağlı ön divarında ornamental
pannolarla tavan
arasında qalan zolaqda
oxşar və eynibiçimli
çərçivə daxilində Fətəli
şahın, onun oğlu
Abbas Mirzənin, İrəvan xanı Hüseynqulu xanın və qardaşı Həsən
xanın, dastan qəhrəmanları
Rüstəm Zalın, onun
oğlu Zöhrabın portretləri, İran-rus müharibəsindən döyüş səhnələri təsvir olunubmuş.
İrəvanın rus qoşunları tərəfindən
işğalından (1829) sonra tədricən
baxımsızlıq üzündən yararsız hala düşən, nəmişlikdən divar rəsmləri korlanan,
karniz və tavanın güzgüləri qopub tökülən Xan
sarayında qismən də olsa bərpa
işləri aparılıb. Bərpa işlərini Azərbaycan
dəzgah boyakarlığının banisi
Mirzə Qədim İrəvani (1825-1875) həyata keçirib. Deyilənlərə görə, xüsusi rəssamlıq təhsili almayan Mirzə Qədim İrəvani bu sənəti bədii oyma
ustası olan atasından öyrənib. Yaradıcılığının ilk
dövrlərində dekorativ sənətlə
məşğul olmuş, bir
sıra portretlər – «Süvari», «Rəqqasə»,
«Dərviş» və s. yaratmış,
İrəvan sərdarının sarayındakı pannoları
və süjetli kompozisiyaları bərpa etmiş, sarayın Güzgülü
zalında yağlı boya ilə bir neçə monumental
portret (Fətəli şah,
Abbas Mirzə və s.)
çəkmişdir. Onun 1860-1870-ci illərdə yaratdığı «Vəcihulla
Mirzə», «Ayaq üstə dayanmış
qadın», «Oturmuş qadın», «Gənc oğlan» rəsmləri Azərbaycan Milli İncəsənət Muzeyində, «Şah Tələt» əsərləri Gürcüstan Dövlət İncəsənət
Muzeyində, «Çiçəklər və quşlar»
isə Sankt-Peterburqda Ermitajda
saxlanılır.
Sarayın bərpadan əvvəlki və
sonrakı tərtibatına aid əyani
materialın müqayisəli təhlili göstərir ki, divar rəsmlərinin ancaq bir hissəsi – portretlər
və dekorativ pannolar
bərpa edilib. Qalan rəsmləri
bərpa etmək mümkün
olmadığından onların yerində yeni
ornamental-dekorativ pannolar
çəkilib. Portretləri bərpa edərkən M.Q.İrəvani
yeni texniki vasitələrlə,
əvvəlkilərdən fərqlənən yeni
əsərlər yaradıb. Böyük ölçülü kətan üzərində
yağlı boyalarla işlənilib sonradan divara
yapışdırılmış bu əsərlər
əslində realist monumental
boyakarlığın ilkin nümunələri
idi.
İllər uzunu ermənilər
məqsədyönlü şəkildə türk-müsəlman
aləminə məxsus olan tarix və mədəniyyət abidələrini
yer üzündən silməyə
çalışıblar. Erməni vandalları bu məqsədlərini Qərbi Azərbaycan
torpaqlarında tam olaraq
həyata keçirə biliblər. Qərbi Azərbaycanda
1800-dən çox türk-müsəlman
mənşəli tarixi-mədəniyyət abidəsi ya erməniləşdirilib, ya
da tamam məhv edilib. Bunların arasında İrəvan sərdarlarının
və xanlarının iqamətgahı olmuş
İrəvan qalasındakı Sərdar sarayı və ya İrəvan Xan
sarayı da var.
Saray hələ
1913-cü ildə erməni millətçilərinin təcavüzünə
məruz qalaraq qismən
dağıdılmışdı. 1918-ci ildə ermənilər
sarayın binasını yerlə-yeksan etdilər. Səfəvi
və Qacar dövrünə məxsus olan saray
memarlığının gözəl bir
nümunəsi yer üzündən silindi…
Oktay
Xalq Cəbhəsi.-
2012.- 16 may.- S.14.