Şair Telimxan haqqında nə bilirik?
Bu yazımızda şair Telimxan haqqında danışacağıq.
Telimxan (1742/43-1829) haqqında
elm aləminə ilk bilgi
verən Əli Kamali (1944-1996) olub. İranın Savə şəhərinin yaxınlığındakı
Bəndəmir kəndində
doğulan Əli Əkbər oğlu Kamali Tehran Universitetinin hüquq fakültəsini bitirib. Ömrünün sonunadək Tehranda vəkil işləyən
Əli Kamali həm də ədəbiyyatşünas kimi
tanınıb. Araşdırmaçı
Əli Şamil bildirir ki, İran
qaynaqlarında «Orta İran türkləri», «Savə türkləri» adlandırılan xalqın
ədəbiyyatının, folklorunun elmi ictimaiyyətin diqqətinə
çatdırılmasında onun rolu əvəzsizdir.
Tehranda türkcə və farsca nəşr olunan «Varlıq» jurnalının
təkcə 1981-1989-cu il
saylarında Ə.Kamalinin
20-dən çox araşdırması
dərc edilib.
XX yüzilliyin başlanğıcında Savə
bölgəsində 729 kənddə türklər
yaşayıb. Ə.Kamali bu
kəndlərdən 30-a yaxın dastan, ədəbiyyat
tariximizə daxil olmamış 100-ə
yaxın şairin şeirini,
atalar sözü,
nağıl, bayatı və s.
toplayıb. Onun topladığı «Qərib
və Şahsənəm», «Tahir və Mirzə»,
«Əsli Kərəm», «Məhəmməd və Pəri», «Həmrah»
,»Səyyad və Səadət», «Duxarxanlı Abbas»
və başqa dastanlar
indiyədək Türkiyədə, İranda,
Azərbaycanda, Türkmənistanda və başqa
yerlərdə çap olunanlardan
həcmcə böyükdür. «Koroğlu» dastanının qolları isə yeni variant kimi
olduqca maraqlıdır.
Araşdırmaçı bildirir ki, Əli Kamalinin
toplayıb nəşrə hazırladığı əsərlər
arasında Telimxan «Divanı»nın xüsusi yeri var: «10 min beyti
əhatə edən «Divan»a
araşdırıcı kimi ön söz yazıb,
şeirlərdə geniş işlədilən
5 minə yaxın ərəb və fars sözünün, eləcə də 5 min cinasın izahını verib.
Bu, onu göstərir ki, türk xalqları ədəbiyyatında
Telimxan qədər cinasa
önəm verən ikinci bir
sənətkarımız yoxdur.
Telimxanın həyat və yaradıcılığını
dərindən araşdıran Ə.Kamali
yazır: «Marağa Mızılqan (Nobəran)
bəxşinin (rayon-Ə.Ş.) kəndlərindən birisidir ki, Telimxan
– bizim əziz qardaş
və böyük şairimiz
o kənd əhlidir. Maraqlıdır, onlar öz əsillərini
türkmən sayarlar».
Bu fikri
Telimxanın şeirləri də təsdiqləyir:
Bilənlər bilsin, mən Telimxanam,
Bilməyənlər
bilsin, gövhərəm, kanam.
Sakini Mərağey, əsli Türkmanam.
Gəzə-gəzə
bu cahannan gəlirəm.
Yaxud:
Türkmən Tilim, belə qəmdən quruma,
Var getginən İstanbula
Uruma,
Tor qurmuşdum tərlan
gələ toruma,
Tərlan şikarı
da sar olub
mənə.
Hətta Telimxanla
deyişən Bayat Cəfər də ona «Məndən salam olsun Türkmən
Tilimə, Haqqü şəriətdən gəl
xəbər verim» – deyə müraciət edir.
Əli Kamalinin
xalqdan topladığı
rəvayətlərə görə
Marağadakı türklər
orta yüzilliklərdə
orada yerləşmiş
beş Türkmən qardaşın törəmələridir.
O qardaşların birinin
adı Asqin imiş. Telimxan da Asqin nəslindəndir.
Atasının adı
Temurxan, babasının
adı isə Qaraxan imiş. 14-15 yaşlarında əmisi qızı Mehri xanıma vurulmasıyla şeir söyləməyə
başlayan Telimxan xalq arasında «haqq aşığı» kimi məşhurlaşır.
Rəvayətə görə,
Mehri xanımı ona deyil, başqasına
ərə verirlər.
Əri də söz-sovdan yaxa qurtarmaq üçün Mehrini də alıb Şiraz şəhərinə köçür.
Telimxan da Şiraza gedir. 7 il orada «qaltaqsudluq»
(dəvə çulu
və at yəhəri
düzəldən-red.) etməklə
güzəranını təmin
edir, sevgilisinin udduğu havanı udduğu ilə təskinlik taparaq ona şeirlər qoşur. Ömrünün
sonunadək Mehri xanım hara köçsə oraya köçən, orada yaşayan Telimxan ölüm ayağında
sevgilisi yanına gəlməyənədək can vermir».
Ə.Kamali Telimxanın
tərcümeyi-halını dəqiqləşdirərkən sənədlərə və
şairin şeirlərinə
istinad edir. Şeirlərin birində Telimxan 60, başqa bir yerdə isə 90 yaşı olduğunu söyləyir.
Buna əsaslanan araşdırıcı
şairin 90 ildən çox ömür sürdüyü qənaətinə
gəlir. Telimxanın
mülk alqı-satqısı
haqqında bağladığı
müqavilədəki tarix
isə hicri 1244 (miladi 1818/19) ildir. Araşdırıcı nəinki
Telimxanın doğum və ölüm tarixini müəyyənləşdirir,
həm də şairin nəvə-nəticələrinin
siyahısını tərtib
edir. Telimxanın oğlu Qulamhüseynbəy,
nəvəsi Qəribbəy,
nəticəsi Muradxan,
kötücəsi Türkmən
Mahmud təxəllüsü ilə şeirlər qoşan Mirzə Mahmud olduğunu göstərir.
Telimxan əruz
vəznin müxtəlif
bəhrlərində şeir
yazsa da, yaradıcılığının əsasını heca vəznində yazılmış
şeirlər tutur. Lirik qoşmaları, gəraylıları, təcnisləri,
bayatıları ilə
yanaşı ictimai-siyasi
məzmunlu, eləcə
də didaktik (tərbiyəvi) şeirləri
də çoxdur. Onun poeziyasının tədqiqi, ayrı-ayrı
janrlarda yüksək sənətkarlıq nümayiş
etdirməsi ayrı-ayrı
elmi məqalənin, məruzənin mövzusudur:
«Şeirlərinin möhürbəndində
əsasən Telimxan, Telimxan, Tellixan işlədib. Əli Kamaliyə görə bu, «saç», «tük» anlamını verən «tel» sözündəndir. Bugünün
özündə də
Telli adına Azərbaycanda rast gəlinir. XIX yüz ildə yaşamış Qaçaq Nəbinin
(1854-96) döyüş dostlarından
biri də Telli Qaradır. Biz yalnız onu qeyd edəcəyik ki, Telimxanın yaradıcılığı ilə
tanışlıq ədəbiyyatımızda
janrların yaranma tarixi ilə bağlı söylənilən
bəzi hökmlərə
yenidən nəzər
salmağı tələb
edir. Məsələn,
Azərbaycan ədəbiyyatşünaslarının
əksəriyyəti heca
vəznində dodaqdəyməzi
ilk dəfə Göycəli
Aşıq Ələsgərin
(1821-1926) söylədiyini yazırlar.
Aşıq Ələsgərdən
66 il öncə doğulmuş Telimxanın
da dodaqdəyməzləri
var. Məsələn,
Səyyad gəzər
şikarının dağıynan,
Lala ağlar
zari-giryan dağıynan,
Aşıq deyər
dağıynan,
Qar əlləşir
dağıynan
Eşqini çəkənnərin
Ciyərində dağıynan.
Aşıq deyər:
həsrətiynən, dağıynan
Aç zülfünü
sinən üstə ağla da.
Ə.Şamil bildirir ki, Telimxan
yaradıcılığındakı cığalı dodaqdəyməz
təcnislərin cığalarının
4 və 6 misralı nümunələrinə də
rast gəlinir. Sənətkarlıq cəhətdən
bitkin nümunələr
onu göstərir ki, bunlar ilk qələm təcrübəsi,
yəni şairin yeni axtarışından doğan, yeni yaranan nümunələr deyil. Belə qənaətə gəlmək
olar ki, Telimxanın müasirləri
və özündən
əvvəl yaşamış
şair və aşıqlar da dodaqdəyməzlər yaradıblar.
Çox təəssüf
ki, hələlik onlar əlimizdə yoxdur.
Telimxan dilimizdəki
sözlərin çoxmənalılığından
və səslərin ahəngindən məharətlə
istifadə edərək
sözlə musiqinin vəhdətinə nail olmuş
əvəzsiz sənət
inciləri yaradıb.
Məsələn:
Gül başımdan
gül ağlımı
gül aldı.
Gül qaşların,
gül gözlərin,
gül üzün.
Gül təklifi
gül bizlərə gül etmə,
Gül, gedin
siz gülşənindən
gül üzün.
Gül seyr
edin, gül bağlarda gül dərin,
Gül bülbüllər
gül bəkləyib,
gül dərin,
Gül eşqidir,
gül dərmanı gül dərin,
Gül qəvvaslar,
gül dəryada gül tərin.
Şair beş
bəndlik şeirdə
«gül» sözünü
ayrı-ayrı mənalarda
60 dəfə işlədib.
Telimxanın ərəb
əlifbası ilə
yazılmış şeirlərini
bu gün türkmən oxucusu Maxmudqulunun şeirləri kimi, Azərbaycan oxucusu M.P.Vaqifin şeirləri kimi asan oxuyur və
özününkü sayır.
Ə.Şamil qeyd edir ki,
Əli Kamali böyük iş gördü: «O, Telimxanın
şeirlərini toplayıb
nəşrə hazırladı.
Ə.Kamali Telimxanla yanaşı həmin mühitdə yaşayıb-yaratmış,
onlarla şairin də şeirini toplayaraq nəşrə hazırlamağa çalışıb.
Telimxan soyundan
olan XIX-XX yüzillikdə
yaşamış Mirzə
Mahmud da şeirlərində
Türkmən Mahmud ləqəbindən
istifadə edib. Özünü türkmən
adlandıran bu şairin şeirlərindəki
dil, üslub, ritm nəinki orta əsrlərdə yaşamış türkmənistanlı
şairlərin, hətta
müasir Türkmən
şairlərinin yaradıcılığında
bir ortaqlıq var. Bu ortaq cəhətləri aşkarlamaq üçün
yeni axtarışlar gərəkdir».
Uğur
Xalq Cəbhəsi.- 2012.-
23 may.- S.14.