Sükutun əbədiliyi

 

Ömrünün xatirələrə möhtac çağlarındaydı. Bir-birinə bənzəyən günləri elə susqun keçirdi ki, onları ayırmağa, fərqləndirməyə həvəsi də qalmırdı. Vaxtı, vədəni bilmək üçün əslində, dönüb divar saatına baxması kifayət idi. Amma indi onun üçün nə fərqi vardı ki, saat neçədir, axşamdır, yoxsa səhər, bayırda iliyə işləyən şaxtadır, ya yandırıb-yaxan isti… Elə bil, zaman yanından ötüb-keçirdi. O da lal sükutla dayanıb gedənin arxasınca baxırdı. Birdən Fatma Qədriyə elə gəldi ki, daha onun bu dünyaya heç bir dəxli qalmayıb. Bu fikirdən nə heyrətləndi, nə də üşəndi.

Əlinin birini sinəsinə qoyub, o birini çənəsinə dayaq verərək kresloda üzüqapıya oturmuşdu. Gözləri yarıqapalıydı. Kənardan baxan olsaydı bilməzdi yatıb, ya xəyallar aləmindədir. Nə vaxtdan burada beləcə hərəkətsiz oturduğunu da soruşan olsaydı, cavab tapmazdı. Amma heyhat! Bu da bir ümid idi. Axı indi onun qapısını açan, halını-gününü xəbər alan kim idi? Əlac yenə xatirələrə qalırdı. Yox, heç bunu da istəmirdi. Birlap elə başını qarışdırmaq üçün ömründən ötənləri yenə də yadına saldı, bunlar ona kədərdən başqa nə verəcəkdi ki

Qəflətən sinəsində göynərti duydu. İstər-istəməz üz-gözünü büzüşdürdü. Baxışları qeyri-ixtiyarı bir az aralıda, masanın üstündəki dərman şüşələrinə sataşdı. Onlara tərəf getməyə hövsələsi çatmadı. Nəfəsini yığıb, ağrının səngiməsini gözlədi. Saniyələr ağır-ağır keçirdi. Ürəyi qüvvətli zərbələrlə hücuma keçən ağrılara təslim olmaq istəmirdi. Deyəsən, inadına rəğmən yenə qalib gəlirdi. Həm də bu dəfə dərman-davanın yardımı olmadan.

Ağrılar keçdi, sinəsindəki əvvəlki ağırlıq isə qaldı. Ona elə gəldi ki, bu, uzun illərdir ürəyindən asılıb-qalan göz yaşlarıdır. Orada daşlaşdığından sinəsinə ağırlıq edir. Bəlkə ağlasaydı, ağlaya bilsəydi, ürəyi boşalardı. Amma necə? Ömrünün ilk çağlarından ona həmdəm olan göz yaşlarıyla çoxdan vidalaşmışdı. Ağlamağı unutmuşdu Fatma Qədri. Amma o zaman o balaca, zavallı qızcığazın göz yaşlarından başqa heç nəyi yox idi. Odessada dünyaya göz açdığı evdə ağlı kəsəndən ehtiyac görmüşdü. Ailələri böyük idi. Əvvəllər şəkər zavodunda, sonra taxıl ticarəti ilə məşğul olan bir tacirin yanında xidmətçi işləyən atası Qədirin yoxsulluqdan, kasıbçılıqdan bozarmış üzündə, anasının qüssəli gözlərində həmişə narahatlıq var idi. Elə qohum-əqrəba da onların günündəydi. Odur ki, heç kimdən umub-küsməyə dəyməzdi.

O illərdə Fatma tez-tez ağlayırdı. Göz yaşlarının səbəbi dəymədüşərlik deyildi. Axı onu əzizləyən, oxşayan kim idi ki, ərköyünlük də etsin. Doqquz yaşında anası onu bir evə apardı. Orada sahibəylə nəsə danışdılar. Fatma olub-bitənləri doğru-dürüst anlamırdı. Başa düşdüyü o idi ki, anasından ayrılmalıdır. Elə buna görə də ağlayırdı. Anasının isə gözlərindən yaş süzülmürdü. Tutqun baxışlarındakı kədər kölgəsi bir az da qatılaşmışdı. Ayrılanda qızını möhkəm-möhkəm sinəsinə sıxdı, bütün bədəni əsirdi. Fatma uşaq olsa da, anladı ki, əslində, anası bayaqdan ağlayırmış. Ancaq gözlərinin yaşını onun kimi yanaqlarına yox, ürəyinə axıdırmış. Sonra o, cəld qızından aralanıb, tələm-tələsik qapıdan çıxdı. Fatma anasının nə qədər çarəsiz olduğunu başa düşürdü. Ona görə də özündən çox ona yazığı gəlirdi.

Fatmanı varlı ailələrdən birinin uşağına dayə vermişdilər. Körpə onu yuxu üzünə həsrət qoyur, sübhədək gözlərini yummurdu. Səhər açılanda kiriyir, bir azdan dərin yuxuya gedirdi. Fatma beşiyində şirin-şirin uyuyan körpəyə baxa-baxa ayağa qalxırdı. Tələsməliydi. Körpənin əsgilərini yumalıydı. Evin başqa xırım-xırda işləri də doqquzyaşlı uşağın boynunaydı. Samavara od salır, döşəməni süpürüb-silir, qabları yuyurdu. Evin «apar-gətir» işləri bitənədək yenə axşam düşürdü

Anası çox istəyirdi ki, Fatma oxusun. Ona görə də sahibəylə danışmışdı. Qızı hər ay əməkhaqqı kimi aldığı əlli qəpiyi mədrəsəyə təhsil haqqı verəcək, orada oxuyacaqdı. Fatma yoxsulluğun insanı necə miskin hala saldığını mədrəsədə bütün gerçəkliyi ilə gördü. Mollalar şagirdlər arasında gözgörəsi ayrı-seçkilik yaradırdılar. Varlı-hallı, imkanlı ailələrin təzə, səliqəli geyimli, məktəbə faytonla gəlib-gedən uşaqlara xüsusi qayğı göstərirdilər. Fatma kimi kasıb balalarını isə tez-tez dərsdən ayırıb, evlərinə döşəmə yumağa, yır-yığış etməyə göndərirdilər. Çünki onlar müəllimlərinə hədiyyə aparmır, az təhsil haqqı verirdilər. Fatma haqsızlıqlardan inciyib, mədrəsədən getmək istəyəndə anasının qəmli baxışlarını xatırlayırdı. Onda əvvəlkindən də çox can yandırırdı dərslərinə. Quranı-Kərimi mədrəsə yoldaşlarının hamısından yaxşı oxuyur, məsələləri həll edirdi. Hər şeydən yorulub-tükənəndə gözlərinin yaşına güc verirdi

İllər keçdikcə çəkdiyi möhnətlər, gördüyü əzablar qəmə-qüssəyə çevrilib baxışlarına yığılırdı. Sonralar zirvəsinə çatdığı şöhrətin təmtərağı, yetdiyi arzuların sevinci belə heç vaxt gözlərinə gülməyi, şadlanmağı öyrədə bilmədi. Taleyi həmişə ona bir əliylə bağışladığını o biri əliylə aldı. Ona görə sevincini doya-doya yaşamadı. Elə 1922-ci ildə Azərbaycan Teatr Məktəbinə qəbul olunanda da tələbə yoldaşları kimi nə gülə, nə də danışa bildi

Günlər keçirdi, artıq onlara dərs deyəcək müəllimlərlə ilk tanışlıqlar başa çatmışdı. Ancaq Fatma, elə bil, hələ də gördüklərinə inana bilmirdi. Sanki yuxudaydı, indicə oyanacaq, özünü yenə də köhnə, misgin həyatında görəcək, ağır güzəran, yoxsulluq, ümidsizlik onu əvvəlkitək öz ağuşuna alacaqdı. Bir kənarda dayanıb gənclik həvəsiylə deyib-gülən, zarafatlaşan tələbə yoldaşlarını seyr edirdi. Necə də qayğısız, bəxtəvər görünürdülər. Fatma onlara baxa-baxa dolaşıq fikirlərin məngənəsindən qurtulmaq, haraya düşdüyünü, onu gələcəkdə nələr gözləyə biləcəyini düşünmək istəyirdi. Azərbaycan Teatr Məktəbinin ilk tələbələrindən biriydi. Gələcəyin aktrisası sayılırdı. Bir vaxtlar bütün bunlar yatanda yuxusuna da girməzdi. Taleyinin bu gözlənilməz gedişinə ən azı məmnunluqla gülümsəməliydi. Amma içində dolaşan, gözlərinə köçən hisslər gülüşdən çox, hıçqırığa bənzəyirdi. Fatma isə heç olmasa, bu məktəbin divarları arasında bütün dərd-sərini unutmaq istəyirdi.

Axşam Ali Qadın Pedaqoji İnstitutuna getməliydi. Orada ikinci kursda oxuyurdu. Eyni vaxtda iki məktəbdə təhsil almaq Fatma üçün çətin olsa da, başqa əlacı yox idi. Onun Teatr Məktəbində oxuduğunu evdə, qohumları arasında anasından başqa kimsə bilmirdi. Eşitsəydilər istehzalar, dedi-qodular başlayacaqdı. Çünki qohumları Fatmanın aktyor olmasını istəmirdilər.

İlk gününün səhəri sübhdən oyandı. Sevinclə, həyəcanla hazırlaşmağa başladı. Paltarlarından ən yaxşısını seçib-geyindi. Saçlarını darayıb-yığdı. Prünel ayaqqabılarının yamaqlarını bantla bağlayıb ayaqlarına keçirdi. Qəlbini çuğlayan duyğular onu teatrda da tərk etmədi: «Görəsən, necə olacaq? Bəlkə heç işləri yarıtmadım, ya da rejissora xoş gəlmədim. Aramsız suallar ona rahatlıq vermirdi.

Fatmaya elə həmin gün ilk rol verildi. Məşqləri gedən «1881-ci il» tamaşasında knyaginya Yurevskaya surətini ifa etməliydi. Məşqlərə böyük həvəslə gedirdi. Tamaşa zamanı həyəcan içində olduğundan, yenə çox şey yadında qalmadı. Bircə onu bilirdi ki, hər şeyi yaxşı etmək istəyir. Deyəsən alındı. Tamaşadan sonra hamı onu təbrik edirdi. Beləcə başladı səhnə həyatı

İlk əsas rolu 1926-cı ilin 28 noyabrında premyerası keçirilən «Şöhrət silahları» tamaşasında Kayna oldu. Budəfəki qəhrəmanı Parisdə mühacir həyatı yaşayan rus qadınıydı. Nataşanın mürəkkəb xarakterini canlandırmaq aktrisadan böyük enerji, istedad tələb edirdi. Fatma səhnədə rəqs etməli, mahnı oxumalı, ucadan, qəhqəhəylə gülməliydi. Onun üçün elə ən çətini sonuncuydu. Sənətkarlardan dərs almışdı, özü bir müddət idi ki, teatrdaydı. Əlbəttə texniki fəndləri bilirdi. Amma qədər çalışırdı, Nataşa kimi gülməyi bacarmırdı. Məşq etmək üçün gözdən-nəzərdən uzaq bir yer axtardığı vaxt teatr binasının zirzəmisi düşdü yadına. Zirzəmiyə çəkilib qapını bağlayır, saatlarla məşq edirdi. Gülə bilməyəndə həyatında olan məzəli hadisələri yadına salırdı. Get-gedə işlər yoluna düşürdü. Bir dəfə zirzəmidən çıxanda qapının ağzına xeyli adamın yığıldığını gördü. Teatrın işçiləriydi. Fatmanı görəndə geri çəkildilər. O gün hiss etdi ki, hamı ona qəribə nəzərlərlə baxır. Səhəri gün aktyorlardan biri Fatmaya yaxınlaşdı. Ehtiyatla soruşdu:

- Fatma, sən dünən zirzəmidə edirdin?

- Gülməyi öyrənirdim.

- Necə?

Aktyor uğundu. Fatma təəccüblə soruşdu:

- olub ki?

- olacaq, yoldaşlardan bəziləri deyirlər ki, Fatma dəlidir, zirzəmiyə girib saatlarla qəhqəhə çəkib gülür.

Tamaşanın premyerasından bir neçə gün sonra onu direktorun otağına çağırdılar. Əfəndiyev , Xarazov da Nataşanın uğurlu ifasına görə Fatmanı təbrik etdilər, xeyli təriflədilər. Əfəndiyev «Bu rolun ifasına görə sənin məvacibini iki dəfə artırırıq», – deyəndə heyrətləndi. Sanki şadlığından dili tutulmuşdu. Təşəkkürünü onun əvəzinə yanaqlarında gilələnən göz yaşları deyirdi. Əlacı olsaydı, evə uça-uça gedərdi. Həm zəhmətinə verilən dəyərə, həm maddi cəhətdən anasına daha çox dayaq olacağına görə sevinirdi

Elə bu zaman tale qəlbinə elə bir yara vurdu ki, həyatı yenidən alt-üst oldu. Həyat yoldaşı qızdırma xəstəliyindən dünyasını dəyişdi. Ona başsağlığı verməyə gələnlərdən biri Ayna Sultanova oldu. Qapıdan çıxanda dedi ki, sənədlərin hazırdır, özünə gələndən sonra gedərsən teatra, orada səni qəbul edəcəklər.

Fatma yas içindəydi. Dostları, yaxınları bacardıqları qədər təsəlli verib getmişdilər. O isə ovuna, təsəlli tapa bilmirdi. Gəlib-gedənlər azaldıqca dərdi çoxalırdı. Bu qədər ağrılara, zərbələrə tablaşmağın bircə yolu vardı: Fatma Qədri səhnəyə qayıtmalıydı. Ayna Sultanovanın sözləri yadına düşdü. Səhəri gün teatra yollandı. Teatrın direktoru Lukiçevlə, bədii rəhbəri Mayorovla görüşdü. Onların yanında, elə bil, kənardan dayanıb özünə baxırdı. Arıq, solğunbənizli, sadə geyimli, əynində köhnə palto, başında qara yaylıq olan bu qadın aktrisaydı. Sıxıldı. O vaxt ilk dəfə anladı ki, necə olur-olsun, aktyor həmişə xarici görkəminə diqqət yetirməli, gözəl geyinməlidir. Sonralar başına gəlir-gəlsin, heç zaman özünə verdiyi bu sözü unutmadı

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2012.- 24 may.- S.13.