Mühacir həyatı yaşamağı məcbur olan soydaşımız

 

Nağı bəy Şeyxzamanlı gənc yaşlarından Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edib

 

1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Cümhuriyyəti dövründə ilk dəfə olaraq təhlükəsizlik orqanının yaradılması onun müstəqilliyinin qorunmasında mühüm rol oynamışdı. Bu dövrdə mühüm xidməti olanlardan biri də Hağı Şeyxzamanlı idi. Nağı bəy Şeyxzamanlı 1883-cü ildə Gəncə şəhərində anadan olub. Gənc yaşlarından Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edib. Əvvəlcə Gəncədə əsası 1905-ci ildə Əhməd bəy Ağayev tərəfindən qoyulan «Difai», 1917-ci ildən isə Nəsibbəy Yusifbəyli tərəfindən təsis edilən «Türk Ədəmi-Mərkəziyyət» partiyasının üzvü olub. 1917-ci ilin mayında «Müsəlman Demokratik Müsavat» partiyası ilə birləşərək «Müsavat» adını almış həmin partiyanın üzvü kimi Nağı bəy Şeyxzamanlı ölkənin ictimai-siyasi həyatında fəal iştirak edib. 1919-cu ilin avqustunda «Əksinqilab ilə mübarizə təşkilatının» rəisi təyin edilib (qardaşı Məmmədbağır Şeyxzamanlı öz ərizəsi ilə bu vəzifədən istefa verdikdən sonra) və 1920-ci ilin mart ayında təşkilat buraxılana qədər onun rəhbəri kimi fəaliyyət göstərib. 1920-ci il aprel ayının 28-də Azərbaycanın Rusiya tərəfindən istilasından sonra mühacir həyatı keçirməyə məcbur olan N.Şeyxzamanlı bir müddət Türkiyədə, sonralar isə Almaniya və ABŞ-da yaşayıb. Mühacirətdə olarkən Azərbaycanda baş verən ictimai-siyasi hadisələrlə bağlı fikirlərini və xatirələrini əks etdirən bir sıra əsərləri nəşr edilib. Həmin əsərlərini Keykurun imzası ilə yazan N.Şeyxzamanlının İstanbulda 1963-cü ildə «Dərdləşmə», 1964-cü ildə «Azərbaycan istiqlal mücadiləsi xatirələri» və başqa kitabları çapdan çıxıb. Nağı bəy Şeyxzamanlı 1967-ci ildə ABŞ-da vəfat edib. Həmin dövrlə bağlı arxiv sənədləri əsasında ciddi araşdırmalar aparmış Respublika Milli Arxivinin rəisi, tanınmış tədqiqatçı Ataxan Paşayev bildirir ki, o zaman da mühüm geopolitik regionda yerləşən, Şərqlə Qərb arasında körpü rolunu oynayan və təbiətən çox zəngin ölkə olan Azərbaycana dünya dövlətlərinin marağı böyük idi. Azərbaycana qarşı ən böyük təhlükə «vahid və bölünməz Rusiya» uğrunda mübarizə aparan Denikin orduları, «proletar beynəlmiləlçiliyini» əlində bayraq edən bolşevik Rusiyası və «böyük Ermənistan» yaratmaq xülyası ilə azərbaycanlılara qarşı hər cür vəhşiliklər törədən Daşnak Ermənistandan idi. Bu qüvvələr ölkədə, xüsusən də Bakıda geniş təxribat işləri aparır, hər vasitələrdən istifadə edərək cümhuriyyətin möhkəmlənməsinə mane olmağa çalışırdılar. Bakı Denikin və erməni casusları ilə dolu idi. Bolşevik Rusiyasının nümayəndələri isə daxildə təxribat işləri görür, tətillər təşkil edir, Sovet Rusiyası ilə birləşmək təbliğatı aparırdılar: «Denikin könüllüləri Şimali Qafqazı tutduqdan sonra Azərbaycan üçün daha böyük təhlükə yarandı. 1919-cu il fevralın 18-də Denikin ordularının hücum təhlükəsi ilə bağlı parlamentin iclasında çıxış edən Fətəli Xan Xoyski bəyanatında Azərbaycanda, xüsusilə də Bakıda general Prjevalskinin rəhbərliyi ilə Denikinə yardım göstərən qüvvələrin gizli şəkildə silahı hərbi dəstələr təşkil etməsi, ağqvardiyaçılar üçün əsgər yazılışı aparıldığını qeyd edir. O, narahatlıqla bildirirdi ki, 1918-ci il mart hadisələri zamanı azərbaycanlılara qarşı qəddarlıqlar törətmiş Hamazasp da ingilislərin qəyyumluğundan istifadə edərək Bakıda oturub Ermənistan üçün əsgər toplayır. «Azərbaycan» qəzeti 1919-cu il 21 fevral tarixli sayında yazırdı ki, Azərbaycan hökuməti bununla əlaqədar ingilis komandanı, general Tomsona rəsmi məktubla müraciət edərək bu işlərə son qoyulmasını, yuxarıda göstərilən şəxslərin Azərbaycandan qovulmasını tələb edir və buna nail olur.

1919-cu il mayın axırlarında Denikin könüllülərinin Dərbəndi tutması Azərbaycanı, həmçinin bütün Qafqazı təhlükə altında qoyur. İyunun 5-də parlamentin növbəti iclasında çıxış edən Nəsib bəy Yusifbəyli Azərbaycanda yenidən Denikin təhlükəsi yaranması haqqında məlumat verir».

Parlamentin bu məsələylə bağlı qəbul etdiyi qərarda göstərilirdi ki, dövlətin təhlükəsizliyini təmin etmək üçün hazırkı hökumət üzvlərinin bir qrupundan ibarət xüsusi orqan yaradılaraq dövlətin mühafizəsi məsələlərində ona səlahiyyətlər verilsin. Parlament Azərbaycanın bütün vətəndaşlarına müraciət edərək onları hökumət ətrafında sıx birləşməyə çağırır: «Cümhuriyyətin müdafiəsinin təşkili haqqında 1919-cu il iyunun 11-də Dövlət Müdafiə Komitəsi məcburi qərar qəbul edir. Həmin qərarla Azərbaycan Cümhuriyyətinin bütün ərazisində hərbi vəziyyət elan olundu. Azərbaycan dövlətinə qarşı qiyam, dövləti xəyanət, Azərbaycan parlamenti və hökumətinin sədrlərinin, hökumət üzvlərinin həyatına qəsd, hakimiyyət orqanlarına silahlı müqavimət və s. hallarla bağlı günahkar sayılan şəxslərin müharibə dövrünün qanunlarına uyğun olaraq cəzalandırılması nəzərdə tutulurdu. Xüsusi icazəsi olmadan siyasi xarakterli kütləvi mitinq və yürüşlər təşkil etmək, odlu silah, patron, hərbi sursat saxlamaq, satmaq, gəzdirmək qadağan edilirdi. Yalan şayiələr yaymaq, millətlərarası ədavəti qızışdırmaq, ərzaq və digər ilk tələbat mallarının artıq qiymətə satılması, gizlədilməsi kimi sabotaj xarakterli hərəkət edən şəxslər isə inzibati qaydada məsuliyyətə cəlb olunmalı idilər».

A.Paşayev qeyd edir ki, belə bir mürəkkəb zamanda Azərbaycanda bu cür təxribatlara qarşı xüsusi mübarizə təşkilatının yaradılması günün vacib tələblərindən biri idi: «Əksinqilabla mübarizə təşkilatı da məhz bu məqsədlə yaradıldı. Azərbaycanda əks kəşfiyyat işi ilə hələ 1919-cu ilin yanvarından hərbi kəşfiyyat məşğul olurdu. Həmin il yanvarın 28-də Cümhuriyyətin Hərbi Hazirliyi Baş Qərargahının General-Kvartirmeyster İdarəsi Kəşfiyyat bölməsinin rəisi idarəyə göndərdiyi məktubda 15 nəfərdən ibarət agentlər şəbəkəsi yaratmağı təklif edir. Artıq həmin il martın 26-da hərbi nazir Səmədağa Mehmandarovun əmri ilə Baş Qərargahın Baş İdarəsi yaradılır. Həmin şöbəyə daxil olan 4 bölmədən biri də kəşfiyyat və əks kəşfiyyat bölməsi idi. S.Mehmandarovun məruzəsində kəşfiyyat bölməsinin vəzifələri belə izah olunurdu: «Düşmən haqqında mümkün olan məlumatları toplamaq, xaricdə hərbi agenturalar yaratmaq, ölkənin daxilində isə casusluğa qarşı mübarizə aparmaq…»

Əvvəllər hərbi kəşfiyyata ölkənin daxilində casusluğa qarşı mübarizə funksiyası da tapşırılmışdı. Lakin xarici kəşfiyyatın, xüsusilə Denikin ordularının və erməni casuslarının Bakıda, ümumən Azərbaycanda təxribatçılıq fəaliyyətləri hökumətdən bu sahədə daha təsirli işlər görməyi tələb edirdi.»

1919-cu il iyunun birinci yarısında Azərbaycanda xüsusi əks kəşfiyyat qurumu olan Əksinqilabla Mübarizə Təşkilatı yaradılır: «Amma təəssüf ki, bu qurumun yaradılması haqqında parlament, hökumət və ya Dövlət Müdafiə Komitəsinin qərarı arxivdə qalmayıb. Avqustun 16-da M.B.Şıxzamanlı Bakı şəhərinin rəisi Q.Qdiyevə məktubunda yazırdı: «İyun ayının əvvəllərində xarici təhlükənin artması ilə əlaqədar olaraq Dövlət Müdafiə Komitəsi və Əksinqilabla Mübarizə Təşkilatı yaradılarkən mən bu işi icra etmək üçün dəvət edildim.» Təşkilatın formalaşdırılması «Müsavat» fraksiyasının üzvü Məmmədbağır bəy Şıxzamanlıya həvalə edilir. Onun müavini isə sonralar naməlum şəxslər tərəfindən qətlə yetirilmiş sosialist Mirfəttah Musəvi təyin olunur. Şıxzamanlı təşkilata avqustun 20-nə qədər başçılıq edir. O, bu vəzifədən istefa verir, yerinə qardaşı Nağı bəy Şeyxzamanlı təyin olunur. Bu vəzifədə təşkilat ləğv olunana qədər qalır. Hoyabrın 19-da isə Mahmud bəy Səfikürdski təşkilat rəhbərinin müavini təyin olunur».

A.Paşayev təşkilatın arxivində saxlanılan çoxlu sənədlər, ayrı-ayrı şəxslərə göndərilmiş məktublar və onlara çıxarışlardan bu qənaətə gəlir ki, Bakıda Denikin ordusunun casusları ilə erməni daşnaklarının casusları sıx əlaqədər işləmiş və geniş casusluq şəbəkəsi qura bilmişdilər: «Həbs edilənlərin siyahısına nəzər salmaq kifayətdir ki, orada ermənilərin üstünlük təşkil etdiyinin şahidi olaq: Qriqori Babayants, Andrey Balayants, Danil Musaelyants, Sergey Arzumanyants, Soqomon Balayants, Ağacan Avakyants və b.»

Əksinqilabla Mübarizə Təşkilatında ermənilərin məkrli əməllərini təsdiq edən çoxlu faktiki sənədlərin qorunub saxlanıldığını bildirən A.Paşayev deyir: «Bu sənədlər sübut edir ki, Denikin ordularında xidmət edən ermənilər və erməni casuslarının başlıca məqsədi «Vahid Rusiya»nın qorunub saxlanılmasına deyil, «böyük Ermənistan»ın yaradılması xeyrinə iş görmək idi».

Arxivdə habelə Əksinqilabla Mübarizə Təşkilatının silah alverçilərinə, gizli silah saxlanılmasına, möhtəkirliyə qarşı apardığı mübarizəni özündə əks etdirən çoxlu sənədlər də qorunub saxlanılır. A.Paşayev bildirir ki, qısa bir müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, Əksinqilabla Mübarizə Təşkilatı Azərbaycan Cümhuriyyətinin xarici və daxili düşmənlərinə qarşı barışmaz mübarizə aparıb, xalqımızın təhlükəsizlik tarixinə şanlı səhifələr yazıb.

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012.- 25 may.- S.14.