Təsadüfən varlanmış
xanəndənin dilənçi gününə düşən
taleyi
Seyid Mirbabayev
1953-cü ildə 86 yaşında Tehran şəhərində
kasıb xanəndə kimi dünyasını dəyişib
Bakının ən məşhur istirahət
mərkəzi sayılan Qubernator bağında çiynindən
qəzet bağlaması asmış balaca oğlanın
görünməsi canlanma yaratdı. Axşamlar burada
dincələn yüksək rütbəli məmurlar və neft milyonçularından kimisi
hovuz və köşklərin ətrafında
gəzişir, kimisi də qəzetsatanların
verdiyi anonslara maraq göstərib qəzet alır, şəhərdə
baş verən son yeniliklərdən
xəbər tuturdular.
Bu dəfəki xəbər fərqli
idi. Necə deyərlər,
kiminsə fələkdən bağlanmış
qapısını Tanrı özü
açmışdı. Hər kəs bir
abbası verib qəzet alır və kənara
çəkilib məlumatı ətraflı öyrənməyə
çalışırdı. Balaca oğlan isə işi rəvan
getdiyindən elə hey
qışqırırdı:
- Qəzetlər
yazır ki, xanəndə Seyid
Mirbabayevin başına şahlıq quşu qonub. O, bir anın içərisində neftxuda olub! Alın,
qalmadı…
O gün Bakının Bazar,
Vrangel, Staraya Politseyskaya küçələrində və
Dənizkənarı bulvarda hamı bu xəbər haqqında
danışırdı.
- Kişinin cəddi köməyi olub, yox yerdən səltənət
qazanıb. Düz sözdür,
Allah-Taala sevdiyi bəndələri
hər zaman mükafatlandırır…
Xanəndə
Seyid Mirbabayevin birdən-birə
milyonçu olması haqda
müxtəlif şayilər dolaşmağa
başladı. O gün Bakının ən
tanınmış milyonçusu Hacı Zeynalabdin Tağıyev bu
xəbəri milyonçu Murtuza
Muxtarovun bağında dincələrkən
eşitdi. Yayın cırhacırında istidən
canını qurtarmaq üçün
hərə bir tərəfə
qaçmışdı. Bakı milyonçuları içərisində
bağının gözəlliyinə və özünəməxsus
xüsusiyyətlərinə görə fərqlənən «Muxtarov malikanəsi» yay
aylarında həmişə adamla dolu olardı. Yay aylarının cəhənnəm istisində, boğanaqdan yaxa
qurtarıb asudə dincəlmək istəyən qonaqlar qırx metr dərinlikdə
yerləşən meydançaya pilləkənlərlə
enər, bəzəkli kürsü və divanlarda əyləşib dondurma,
meyvə yeyər, şərbət, qəhvə və şərab
içər, vaxtlarını xoş keçirərdilər.
Hacı və Murtuza Muxtarov da yeraltı meydançada
əyləşib yenicə eşitdikləri xəbəri
müzakirə edirdilər. Qarşısındakı sərin
dondurmanı aramla yeyən Muxtarov
soruşdu:
- Hacı, xəbərdən
xəbərin var? Deyirlər
sıralarımız genişlənir, gözün
aydın. Xanəndə Seyid Mirbabayev də milyonçu
oldu…
- Murtuza Ağa, Seyidin bünövrədən imkanı
varıydı. Allah o
səsi ki ona verib, buruğu fantan vurmasaydı da, əvvəl-axır
milyonçu olacaqdı. İndi
şahlıq quşu da
başına qondu, əyər-əskiyi
tamamlandı. Alınyazısı beləymiş. Amma ağıllı və tədbirli olsa, varının üstünə var gələcək.
Yox, əgər qınından
çıxıb qınını bəyənməsə, o milyonların ömrü
uzun olmayacaq. Heç şübhəsiz, təzə-təzə
sarılar başını gicəlləndirəcək. Ancaq gərək biz də
ona düz yol göstərək. Dur
gedək, gözaydınlığı verək…
Hacı fikirlərində
haqlıydı. Çünki bəxt ulduzu parlayan
neftxudaların çoxu birdən-birə süd gölünə düşdüklərindən
israfçılıq edər və tezliklə müflis
olub həyatlarıyla acınacaqlı halda vidalaşardılar.
…Seyid
Mirbabayevin əsl adı Mir
Tağı idi. 1867-ci ildə mərsiyəxan
ailəsində doğulub, atası və böyük qardaşları kimi
mərsiyəxanlıqla məşğul olurdu.
Sonralar xalq məclislərində
xanəndə kimi şöhrət
qazanıb; 1910-cu ilə kimi
Bakının musiqi həyatında mühüm rol
oynayırdı. Teatr
tamaşalarının fasilələrində və Şərq
konsertlərində mahir müğənni
kimi yaxından iştirak
edir və 1906-cı ildə «Qrammofon» şirkəti tərəfindən Riqaya səsinin vala
yazılması üçün dəvət
almışdı. Deyilənə görə, Seyidin səsi yazılan vallar
əl-əl gəzərdi…
Seyidin çox ürəyəyatımlı
səsi vardı. Varlılar bir-birinin bəhsinə
onu övladlarının toyuna
aparar, qızılları başından ovuc-ovuc tökər, toyu qapadanda isə qiymətli hədiyyələrlə
yola salardılar.
Tağıyev də
Seyid Mirbabayevin səsinin
vurğunu idi. Tez-tez onu evinə dəvət
edər, səsinə qulaq asar,
birə-üç haqqını verib, sonra da
tapşırardı:
- Seyid, səsindən muğayat
ol, korlanmasın. Bu səs
Allahın sənə verdiyi elə nemətdir
ki, qədrini bilməsən, bir də ələ düşməz. Sənin
səsin pulla alınası mümkün olmayan nemətdir.
Seyid də eşitdiyi
xoş sözlərdən, tərifdən
və aldığı yüksək puldan
razı qalıb əlini gözünün
üstünə aparardı:
- Sağ ol, Hacı, Allah səni üstümüzdən əskik
etməsin.
- Seyid, iki gün
sonra yenə gəl, səni və
çalğıçılarını gözləyəcəyəm.
- Hacı, məni
məzur tut, gələ bilməyəcəyəm.
Həmin vədəni başqasına söz
vermişəm. Məhərrəmlik ayı başlayacaq
deyə, toylar ara vermir. Milyonçu
Şıx Balayevin varı-yoxu, gözünün ağı-qarası oğlunun toy məclisini aparmağa dəvət almışam. Əgər
əvvəlcədən bilsəydim, təklifi qəbul etməzdim.
- Neynək, Seyid, başqa vaxta qalsın…
***
Milyonçu Şıx Balayevin
evində toy idi. Seyid Mirbabayev coşdu, nə coşdu:
Gözəl olur
mayislərin mayisi,
Bizə xələt versin
bəyin dayısı.
Görüm, a bəy, toyun mübarək olsun,
Qohum-qardaşına görüm borc
olsun.
Amma nədənsə bəyin
dayısından xəbər
çıxmadı. Demə, bəyin dayısı havasını dəyişmək
üçün bayıra
çıxıbmış, ikinci çağırışda
özünü tələsik
içəriyə saldı.
Belində qızıl kəmər
– üstündə qızıl
xəncər, tapança,
boynundakı qızıl
zəncirdən sallanan
brilyant və zümrüd medalyonlar işıq altında bərq vurur, dayının imkanının
əmininkindən daha
artıq olduğunu göstərirdi. Ağayana
toy mağarının ortasında
dayanan təzəbəyin
dayısı da tərifdən özünü
göyün yeddinci qatında hiss edirdi:
- Seyid, ana
babamdan mənə miras qalmış «Bala şoranlıq»da qazdırdığım yeni
quyunu sənə xələt olaraq verirəm. Nə çıxsa, sənin
bəxtinə. Quyu hasilə
gələnədək lazım
olacaq xərclər də mənim boynuma. Amma səndən bir xahişim var: cəddinə qurban olum, oxu yetərincə,
«Segah» üstündə
təriflə məni….
Belə hədiyyədən sonra
Seyid Mirbabayev daha da həvəslə
oxumağa başladı. Qavalı atıb-tutduqca etdiyi tərif göylərə
ucaldı. Xanəndəni müşayiət edən
çalğıçılar havanı dəyişib «Vağzalı»ya keçdilər.
Təzəbəyin dostları onu
toy mağarının ortasına
çəkib başından
şabaş tökdülər.
Bu hadisədən
sonra təzəbəyin
əmisi yaman dilxor oldu. Qardaşının qaynının belə
əliaçıqlığı sanki onu namdan
saldı. Qaşqabağı
yer süpürür,
aradabir də yan-yörəsindəkilərə eşitdirirmiş kimi deyirdi:
- Əşşi,
üç aydır «Bala şoranlıq»da qazmadıqları yer yoxdur, bir qətrə
də neft çıxmayıb. İndi özünü
belə göstərməyinə
baxmayın, sözdür
də deyir. Xəsisin biridir, yüz manat çıxarıb verməyin dərdindən
camaatın içərisində
belə deyib namını qaldırmaq istəyir.
Bəytərifi bitər-bitməz təzəbəyin
dayısına «Bala şoranlıq»dan xəbər
gəldi:
- Ağa, muştuluğumu ver, quyu fantan vurdu!..
Hamı ağzını açıb
heyrətlə xəbər
gətirənə baxırdı. İçini çəkib
həsəd aparan kim, bunu
Yaradanın möcüzəsi
sayan kim… Təzəbəyin dayısı
üzünü xanəndə
Seyid Mirbabayevə tutub sakitcə dedi:
- Seyid, sənin
cəddinə qurban olum, buyur min mənim faytonuma, get işinin üstünə!
Neft fontan vurdu, kasıb xanəndə varlandı. Keçmişinə arxa çevirən xanəndə Seyid Mirbabayev də digər milyonçular kimi cah-cəlal yığmağa başladı.
«Xozeyin» Mirbabayev
yaşadığı evi
özünə yaraşdırmayıb,
milyonçulara layiq imarət almaq istədi. Bunun üçün də Hacı Zeynalabdin Tağıyevin yanına gedib məsləhət istədi:
- Hacı, Siz şəhərdə olan bütün mülkləri və imarətləri tanıyırsınız.
Mənə yeni ev almaq
üçün kömək
edin.
Tağıyev onu sakitcə dinləyib dedi:
- Seyid, bilirsən
ki, indi sənin bəyənmədiyin
səsinin vurğunuyam.
Şəhərdə çoxlu
mülküm və imarətlərim var. Doğulduğum
və yaşadığım
evlərdən savayı
hansını istəyirsən
seç, qurbandır sənə!
(Ardı
gələn sayımızda)
Oktay
Xalq Cəbhəsi.- 2012.-S.13.