Təsadüfən
varlanmış xanəndənin dilənçi gününə
düşən taleyi
Seyid Mirbabayev 1953-cü ildə 86
yaşında Tehran şəhərində kasıb xanəndə
kimi dünyasını dəyişib
(əvvəli ötən sayımızda)
Hacının münasibətindən razı qalan Seyid Mirbabayev dedi:
- Hacı, Sizin mülklərinizdə gözüm yoxdur.
Hacı Zeynalabdin Tağıyev bir az düşünüb-daşındıqdan sonra cavab verdi:
- Seyid, gəl sənə məktub verim, Tiflisə get. Erməni milyonçusu Aramyan dəniz qırağındakı
mülkünü satmaq
istəyirdi. Bildiyimə görə
elə də baha satmır. İstəsən ala bilərsən. Çox qəşəng memarlıq
üslubunda tikilib.
Mənim
imarətimdən heç
nəyi ilə geri qalmaz. Çox da ruzulu evdir.
Evim hazır olanadək mən də o mülkdə yaşamışam.
Sonra dostum Ağa Musa Nağıyev də neçə illər elə mənim yaşadığım otaqlarda
yaşayıb.
- Nə deyirəm, Hacı. Məsləhət gördüyün kimi edərəm.
Hacı Zeynalabdin Tağıyev Tiflisdə Aramyanla alış-veriş etmək
üçün kontorunda
hesabdar çalışan
Mirhəbib Seyidməmmədovu
da Seyid Mirbabayevə qoşdu. Bundan əlavə Qafqaz Canişinliyinə də bir məktub yazıb verdi:
- Bu məktubu aparıb verərsən Qafqaz Canişinliyi İdarəsinə.
Deyərsən ki, Qori Seminariyasını hamiliyə
götürürsən. Bax, Seyid, ildə
bir neçə min xərcin çıxsa da, üzün Nikolay padşahın yanında ağ
olacaq, sözün yanında keçəcək.
Gələcəkdə daha artıq
müsəlman uşağını
təhsil almaq üçün göndərə
biləcəyik. Elə buna
görə özüm
də Bakı Texniki Məktəbinin xərcini çəkib, himayəmə aldım.
Binanın bir neçə min manatın
ucbatından üç
il idi
tikintisi yarımçıq
qalmışdı. Altmış
beş min manat verdim və
binanın tikintisini başa çatdırdım.
Sonra da oldum hamisi.
«Kommerçeskaya» gimnaziyasına da doxsan min manat xərc çəkdim.
Ağa
Musa da «Realnaya gimnaziya» məktəbinə
himayədarlıq edir.
İndi orada oxuyanların yarısı müsəlman
balalarıdır. Di çox
düşünmə, gördüyün
işin savabı qazandığın pulların
miqdarından çox
olacaq…
Seyid Mirbabayev
Hacının məsləhətinə
əməl etdi. Tiflisə gedib,
Qori Seminariyasını
hamiliyə götürmək
üçün Qafqaz
Canişinliyi İdarəsinə
müraciət etdi.
Tiflis şəhərində
keçmiş xanəndənin
atdığı addım
böyük bir hadisəyə çevrildi.
Yerli qəzetlər Bakı milyonçusunun əliaçıqlığından xeyli yazdı, hamı ondan danışdı: «Varşavada
səsi qrammofon valına yazılan ilk azərbaycanlı, təsadüf
nəticəsində neft
milyonçusuna çevrilmiş
Seyid Mirbabayev elmin tərəqqisi üçün yüksək
məbləğli ianə
verdi…» Haqqında yazılanlardan
fərəhlənsə də,
«xanəndə» sözü
Seyidi yamanca dilxor etdi.
Qafqaz Canişinliyində
işini bitirən Mirbabayev Hacının verdiyi ikinci məktubu da götürüb Aramyanın
evinə getdi. Aramyan qonaqları çox hörmətlə qarşılayıb
nökərlərini yolladı
ki, onların yükünü mehmanxanadan
öz evinə gətirsin:
- Təkcə Hacı
Zeynalabdin Tağıyevin
Qafqaz xalqlarının
uşaqlarına etdikləri
bütün erməni
milyonçularının öz
millətinin balalarına
etdiklərindən çoxdur. Hacının göndərdiyi adamların
Tiflisdə mehmanxanaya düşməsini özüm
üçün ayıb
və təhqir hesab edirəm. Nəinki sizin kimi hörmətli
adamların, Hacının
nökərinin də
evimin yuxarı başında yeri vardır.
Aramyan qonaqpərvərlik
göstərib Bakıdan
gələn müsafirləri
bir neçə gün evində saxladı. Onların şərəfinə ziyafətlər verib məclislər qurdu.
Qonaqları Tiflis şəhərinin görməli yerlərinə
aparıb gəzdirdi.
Gələnlərin məramını
biləndə isə dedi:
- Bir vaxtlar həmin
mülkü satmaq istəyirdim. Sonra fikrimdən daşındım.
Çünki bir neçə
dəfə qumarda hər şeyimi uduzandan sonra bu evi ortaya
qoymuşam, bütün
var-yoxumu artıqlaması
ilə geri qaytarıb. Bir halda ki, sizi Hacı bu məqsədlə göndərib, mülkü
satmağa razıyam.
Əvvəllər satış qiymətini
üç yüz min
manat məbləğində
qoymuşdum. Hacının xatirinə qiymətdə əlli min manat endirim edirəm. Halal xoşun olsun.
Seyidin əliaçıqlığı
dillər əzbər
oldu. O, aprel inqilabınadək
Aramyandan aldığı
mülkdə yaşadı.
1920-ci il inqilabı zamanı isə digər milyonçular kimi Seyid Mirbabayev də Vətəni tərk etmək məcburiyyətində qaldı
və dövlətinin
bir hissəsini götürüb Parisə
yollandı. Gətirdiyi
sərvəti bir neçə il
sonra əlindən çıxaran Seyid 1929-cu
ildən tamamilə müflisləşdi.
…Bir gün keçmiş
xanəndə-milyonçu səfil
halda Parisin küçələrini dolaşırdı.
Birdən gözünə «Patterqrammofon» şirkətinin
elanı sataşdı.
Şirkət iqilabaqədərki azərbaycanlı müğənnilərin
səsi yazılmış
köhnə valları
satın aldığını
elan edirdi. Əyin-başı tökülən
Seyid cəld özünü şirkətə
saldı və qarşısına çıxan
ilk adama müraciət
etdi:
- Müsyö, mən elanla bağlı gəlmişəm. Sizə səsi
Varşavada qrammofon valına yazılmış,
tanınmış azərbaycanlı
xanəndə Seyid Mirbabayevin valını gətirə bilərəm.
Yeganə nüsxədir. Kiminlə danışa bilərəm?
Şirkətin işçisi nimdaş paltarlı kişini şübhəylə süzüb
gözləməsini xahiş
etdi və pərdənin arxasında
yox oldu. Az keçməmiş
o, geri döndü və dedi:
- Müsyö, şərtləriniz
necədir?
- Yenidən istehsal edilən valların satışından əldə
ediləcək pulun 50
faizi mənə çatacaq.
Həmin
an işçinin üzündə
yaranan təəccübdolu
ifadəni görüb
cəld əlavə etdi:
- Çünki o səsin sahibi mənəm.
İşçinin gözləri böyüdü. O, bir neçə saniyə susub, sakitcə dilləndi:
- O zaman Sizi gözləyirik…
Seyid sevincək
şirkətdən çıxıb
yaşadığı yoxsul
pansiona qaçdı. İllərboyu keçmişindən xatirətək
saxladığı valı
əşyalarının arasından
çıxardı. Əzizləyib o üz-bu üzünün tozunu sildi. Sonra pencəyinin ətəyi ilə yaşarmış gözlərini quruladı.
Valı astaca bağrına basdı. Bir vaxt ayaqlarının
altında xıncım-xıncım
edib əzdiyi səs indi onu
həyata qaytaracaqdı.
Gözlərinin qarşısına ümid elədiyi gələcəyini gətirdi.
Ətək-ətək pullar,
cah-cəlal, mülklər,
bahalı geyimlər, azad, qayğısız həyat… Valı cəld pencəyinin
altına soxub yenidən həmin şirkətə qayıtdı.
İndi
o, yalnız şirkətin
sahibi ilə danışmalıydı. Təmkinlə içəri keçdi.
Axı onun həyəcanlı olmasını
heç kim
duymamalı idi. Dərindən köks ötürdü.
Valı aramla sinəsindən ayırdı və şirkətin sahibinə uzatdı. Şirkətin sahibi vala baxdı. Həmin an onun gözlərində də qəribə bir işıltı yarandı, əlini irəli uzatdı və… Müsafirin əli əsdi.
Uzatdığı val bir an içərisində titrəyən
barmaqları arasından
sürüşdü, havada
dövrə vurub yerə düşdü və çilik-çilik
oldu. Gözlərinə inanmayan Seyidin
sinəsindən dəhşətli
inilti qopdu. Sonra xanəndə heç bir söz deməyib
yerə çökdü
və bir müddət beləcə
oturdu. Özü də bilmədi
ki, bu çömbəlmiş
vəziyyətdə nə
qədər qaldı.
Bircə onu hiss etdi ki, sanki
kimsə onu yuxudan oyadıb səslədi:
- Seyid, qalx ayağa,
ayıbdır. Sənə
ağlamaq yaraşmır!
Qulaqlarına inanmadı, təmiz Azərbaycan dilindəydi müraciət.
Başını qaldırıdı. Qarşısında
Bakının tanınmış
milyonçularından Teymur
bəy Aşurbəyov
dayanmışdı…
…Qucaqlaşıb öpüşdülər.
Məlum
oldu ki, Teymur bəy Tehranda yaşayır, Parisə də alış-verişə gəlib.
Daha sonra Teymur bəy
Seyidi özüylə
geyim əşyaları
satılan mağazaya apardı. Burada onun əyin-başın
tamamilə təzələdi
və qoluna girib yaşadığı
mehmanxanaya apardı.
Həmin
günün ertəsi
onlar birlikdə Tehrana yollandılar.
Bundan sonra Seyid Mirbabayev
həmişəlik Tehrana
köçdü və
bu şəhərdə
məskunlaşan bakılıların
çayxanasında xanəndəlik
etdi… «Subaylıq
sultanlıqdır», – deyən
Mirbabayev ömrünün
sonunadək evlənmədiyindən
özündən sonra
da övlad qoymadı.
Milyonçu kimi Vətənini tərk edən Seyid Mirbabayev 1953-cü ildə 86 yaşında
Tehran şəhərində kasıb xanəndə kimi dünyasını dəyişdi.
Oktay
Xalq Cəbhəsi.-
2012.- 26 may.- S.15.