Müstəqillik uğrunda mübarizənin qəhrəmanları

 

«Sovet hökuməti uzun müddət yaşamayacaq, onun xarabalıqları altından qalxan Şərq xalqları və ən birinci Qafqaz olacaq»

 

1920-ci il iyunun əvvəllərində Nuru paşa Qarabağda hərbçilərin üsyanına rəhbərlik edib

 

94 il qabaq – 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən az sonra Azərbaycan Milli ordusunun yaradılmasına başlanıldı. 1918-ci il dekabrın 27-də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun 34 saylı əmri ilə Azərbaycan türkcəsi orduda dövlət dili kimi tətbiq edildi. Bu dövrdə Azərbaycan ordusunda ana dilini öyrənmək və hətta savadsızlığın ləğvi ilə bağlı kurslar açmağa başladılar. 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti nizami milli ordunun sayını 25 minə çatdırmaq məqsədilə dövlət büdcəsindən 400 milyon manat vəsait ayırdı. Tarixçi-alim Əzizağa Ələkbərov bildirir ki, 1919-cu il yanvarın 11-dən orduda hərbi qulluqçular üçün yeni hərbi geyim forması tətbiq edildi. Türk qoşunlarının Gəncədə olduğu vaxtda fəaliyyət göstərən praporşiklər məktəbinin işi yenidən quruldu. Onun əsasında hərbi məktəb təşkil edildi. Ordunu milli-hərbi kadrlarla təmin edəcək hərbi dəmiryolçular, istehkamçılar və hərbi feldşerlər məktəbləri açıldı. Müttəfiq dövlətlərin hərbi komandanlığı 1919-cu il aprelin əvvəllərində milli qoşun hissələrinin azsaylı kontingentinin Bakıda da yerləşdirilməsinə razılıq verdi. Martın 31-də hərbi nazirin əmri ilə Bakı şəhərində yerləşəcək hərbi hissə və bölmələr müəyyənləşdirildi. Həmin qüvvələrə 1 piyada taboru, 400 nəfərlik süvari və bir topçu batareyası daxil idi. Bütün bu qüvvələrə birinci süvari alayının komandiri polkovnik Fərhad Ağalarov rəhbərlik edirdi. Bakı qarnizonunun rəisi vəzifəsi də ilk dəfə ona həvalə olunmuşdu. 1919-cu il aprelin 15-də hərbi qüvvələr Bakıya daxil oldu və Salyan kazarmalarında yerləşdirildi. İngiltərə hərbi qüvvələri Azərbaycanı tərk etdikdən sonra hərbi nazirliyin rəhbər orqanları iyunun 28-dən iyulun 10-a qədər Bakıya köçürüldü: «1919-cu ilin payızında təşkil edilən əhəmiyyətli hərbi strukturlardan biri Bakının möhkəmləndirilmiş müdafiə rayonunun yaradılması idi. Azərbaycan Xalq Cümhuriyyətinin təşkilatçılıq işləri sayəsində 1919-cu ilin avqustunda ingilis hərbi birləşmələri Azərbaycanı tərk etdikdən sonra hərbi dəniz qüvvələri yaradıldı. Bu donanmanın tərkibində 75, 3 və 120 millimetrlik kalibrli toplarla silahlanmış iki gəmi vardı. Bura digər gəmilər, katerlər də daxil idi. Xəzər hərbi donanmasının şəxsi heyəti 1170 nəfərdən ibarət idi.

1920-ci ilin aprelində Azərbaycan ordusunda 3 piyada diviziyalarında birləşmiş 1-ci Cavanşir, 2-ci Zaqatala, 3-cü Gəncə, 4-cü Quba, 5-ci Bakı, 6-cı Göyçay, 7-ci Şirvan, 8-ci Ağdaş piyada alayları, süvari diviziyasında isə birləşmiş olan olan 1-ci Tatar, 2-ci Qarabağ, 3-cü Şəki süvari alayları və 2 topçu briqadaları vardı».

Yenicə yaranmış olan Milli Ordunun döyüşçülərinin sonrakı taleyi son dərəcə kədərlidir. 1920-ci il aprelin 28-dən 1921-ci ilin avqustunadək olan müddətdə Azərbaycanda 48 min adam qırmızı terrorun qurbanı olmuşdu. Təkcə 1921-ci ilə qədər ancaq Azərbaycan-türk hərbçilərindən 12 general, 27 polkovnikpodpolkovnik, 46 kapitan, 266 nəfər hərbi işçi güllələnmişdi. Suskeviç, Usubov, Haşımbəyov, İmamulla Mirzə Qacar, Kazım Mirzə Qacar, Həmid Qaytabaşı, Həmid bəy Səlimov, Rza bəy Şıxlinski, İsgəndər bəy Seyfulin, Ziyadxanov və digər tanınmış hərbçilər güllələnənlər sırasında idilər. Azərbaycan Milli ordusunun əsgərləri «qırmızıların» gəlişi ilə qətiyyən barışmaq istəmirdilər. Ona görə də Azərbaycanın ayrı-ayrı bölgələrində bolşevizmə qarşı güclü müqavimət göstərirdilər. 1920-ci il mayın 25-26-da Gəncədə Sovet hakimiyyətinə qarşı 10-12 minə qədər şəxsin iştirak etdiyi güclü silahlı çıxış olmuşdu. Üsyanın əsas qüvvəsini yeni hökumətə itaət göstərmək istəməyən Azərbaycan Milli Ordusunun bölmələri təşkil edirdi. Üsyana general Cavad bəy Şıxlinski, general Məmməd Mirzə Qacar, polkovnik Cavanşir bəy Kazımbəyov və başqalarından ibarət Şura rəhbərlik edirdi. Mayın 31-də 11-ci Qızıl Ordu hissələri şəhərə nəzarəti ələ keçirmişdilər. Düz 3 gün Gəncədə terror və qarət həyata keçirildi. Bir məlumata görə, Gəncə döyüşləri zamanı 8800 nəfər «qırmızılardan», üsyançılardan isə 13 min nəfər öldürülmüşdü. Üsyanın yatırılması zamanı Milli Ordunun 6 generalı, o cümlədən general-mayor Cavad bəy Şıxlinski, general-mayor Məhəmməd Mirzə Qacar qətlə yetirilmişdi. 72 nəfər zabit Nargin adasına aparılaraq orada güllələnmişdi. Cavanşir bəy Şəfibəyovun başçılığı ilə hərbçilərdən bir qrupu mühasirədən çıxaraq Qarabağ üsyançılarına qoşulmağa getmişdilər. Onların arasında təqsiri olmayan generallar Səməd bəy Mehmandarov və Əliağa Şıxlinski də vardı. Nəriman Nərimanovun səyilə bu iki general həbsdən azad olunmaqla hərbi xidməti istifadə üçün Moskvaya göndərilmişdilər. Qarabağda hərbçilərin üsyanı 1920-ci il iyunun əvvəllərində başlanmışdı. Üsyana özünü Qarabağın hakimi elan etmiş türk generalı Nuru paşa başçılıq edirdi.

Üsyanın əsas qüvvəsini Milli Ordumuzun Qarabağın müxtəlif yerlərində olan hissələri, Ağdam, Cavanşirbaşqa süvari alayları, Bakı piyada alayı, 2 topçu diviziyası təşkil edirdi. Tərkibində 6 minə yaxın zabit və əsgəri olan bu birləşmələr əslində Qarabağa tam nəzarət edirdilər. Ehsan xan Naxçıvanskinin rəhbərlik etdiyi Şəki alayı Gəncədən Yevlax istiqamətində hərəkət edərkən bir qrup hərbçi ilə 11-ci Qızıl Ordu qərargahında güllələnmişdilər. 32 nəfər üsyançı – döyüşçü düşmənlə vuruşa-vuruşa mühasirədən çıxmışdı. Tarixi mənbələrdə bu məqam hətta «32-lər əfsanəsi» kimi xatırlanır. İyulun 10-da Tərtər, iyulun 11-də Ağdam, iyulun 14-də Xankəndi, iyulun 15-də Şuşa 11-ci Qırmızı Ordu hissələri tərəfindən tutuldu. Yerli dinc əhaliyə də amansız divan tutulurdu. Kəndlər tamamilə qəsb edilir, əhalisi didərgin salınırdı. Üsyançılara qarşı döyüşlərdə ermənilər də ruslara yaxından kömək göstərirdilər: «O zaman rusların mövqeyi və onların müttəfiqlərinin siyasəti, siması bu gün də həmin hadisələrin eyniyyətlə təkrarlandığını əyani şəkildə bizə göstərir. Qarı düşmən yenə də ənənəsini davam etdirir. Bütün bunlar bizə deyir ki, tariximizdən ibrət dərsi götürməliyik. Bu gün Azərbaycan ərazisinin 20 faizi işğal olunub. Ümidimiz yalnız Azərbaycan ordusunadır. Qarabağımızın, itirilən torpaqlarımızın taleyini, müstəqilliyimizin gələcək inkişafını da Milli Ordumuz həll eləyəcək».

Azərbaycan Xalq Cümhuriyyətinin 94-cü ildönümü ərəfəsində 28 aprel işğalından sonra bolşevizmin sonsuz əzablara, qətllərə, sürgünlərə düçar etdiyi soydaşlarımızın xatirəsini yad edirik. O zaman Azərbaycan Xalq Cümhuriyyətinin yenidən bərqərar olunması eşqiylə yaşayan neçə-neçə şəxsləri sovet rejimi ailəlikcə məhv etdi, sürgünlərdə çürütdü. Bu gün həmin şəxslərin nəvə-nəticələri o dövrlərdə soylarının başlarına gələnlər barədə eşitdiklərini ürəklərində yaşadırlar. O dövrdə başına olmazın bəlalar gəlmiş soydaşlarımızdan biri Mirhidayət Seyidov olub. Mirhidayət Seyidov Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü olub. Onun bacısı oğlu Mirhidayət kişinin məlumatına görə, 1924-cü ildə atasını Ordubaddan sürgün ediblər. Atası o bölgədə tanınmış ticarət adamlarından biri olub. Atasını ailəlikcə Sibirə sürgün ediblər. 4 ildən sonra ailəsi Sibirdən azad olunur. Atası məcbur olur ki, Həştərxanda məskunlaşsın. Atasının həbs olumasının əsas səbəbi dayısının Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin deputatı olması idi. Mirhidayət kişinin dayısı Ələsgər Əsgərov – Gəngərlinski isə Azərbaycan Xalq Cümhuriyətinin Türkiyədəki (Ankarada) Azərbaycan səfirliyinin hərbi attaşesi vəzifəsində çalışıb. Onun başına çox işlər gəlib, uzun müddət xəbərləri olmayıb. 1990-cı ildə «Xəzər» jurnalının 3-cü sayında onun barəsində qısa məlumatı və «Azərbaycan faciəsi» əsərini oxuyub. O dövrdən başlayaraq arxivlərə getməyə başlayıb, ancaq xüsusi bir soraq əldə edə bilməyib. İndibilinmir ki, Ələsgər Əsgərov harda, hansı şəraitdə vəfat edib. O da Azərbaycan Xalq Cümhuriyyətinin tərəfdarı olub, sovetləri sevməyib. Onun Türkiyədən Bakıya göndərilməsi tələb olunub, məqsəd də həbs etmək imiş.

Mirhidayət kişinin o biri dayısı Riza Çanaqqala savaşlarında qəhrəmancasına vuruşub, şəhid olub. AXC parlamentinin deputatı Mirhidayət Seyidov İrəvan bəyi Ələsgər bəyin qızı ilə evlənibmiş. Qadını Şövkət xanım rus dili müəlliməsi olub. Mirhidayət Seyidovun iki uşağı olub. Onun sonrakı aqibəti haqqında dəqiq məlumat yoxdur. Haqqında danışılan Ələsgər Əsgərovun-Gəngərlinskinin «Azərbaycan faciəsi» əsərindən parçalarda başına gələnləri müfəssəl təsvir etməsi həmin dövr haqqında oxucuda aydın təsəvvür yaradır: «Qırmızı Rusiyanın siyasətini əvvəllər yarımgizli, indi isə tamamilə açıq və həyasızcasına həyata keçirən, bununla ölkəsinin müstəqilliyini əlindən alan (hanı «xalqların öz müqəddəratını təyinetmə hüququ»?) onun maliyyəsinə son qoyan, zəngin və çoxsahəli xammalını darmadağın edən, bütün dünya ilə yaranmış geniş və hərtərəfli ticarət əlaqələrini heçə endirən, öz neft sərvətlərini idarə etmək hüquqlarını ləğv edən, (hətta o dərəcəyə qədər ki, neft sənayesi mərkəzi olan Bakı əhalisi yanacaq aclığı çəkir), onun on minlərlə ən layiqli oğullarının həyatını əlindən alan və ən rəzil səviyyəyə aparıb çatdıran Azərbaycan hökumətinin başında dayanan adamlardankomissarlardan soruşmaq istərdim: indi onlar nə düşünürlər? Bunların əvəzində bolşeviklər Azərbaycana nə verdi? Bütün bu biabırçı faktlara göz yummağa son qoyulmasının vaxtı çatıb! «Bütün ölkələrin proletarları birləşin!» tipli gurultulu və mənasız ibarələri dinləmək daha yetər! Artıq xatırlamaq vaxtıdır ki, adını qırmızı çirkabla ləkələyənlərin hamısı öz Vətəni və bütün Şərq qarşısında cavab verəcək. Çünki tezliklə ayılıb görəcəklər ki, bu, hiyləgərcəsinə toxunmuş şəbəkədir».

Gəngərlinski bolşevizmin fəhlələrə də heç nə vermədiyini əsaslandırır: «Bolşeviklər fəhlələrə nə verdilər? Axırıncılar maddi və mənəvi cəhətdən «burjuaziya dövrü» ilə müqayisədə daha ağır şəraitə düşdülər və əvvəllər istifadə etdikləri azadlıq payından da əlləri çıxdı…»

Bütün bu qətllərin mahiyyətini Gəngərli belə açır: «Azərbaycanın görkəmli dövlət adamlarına qarşı yönəlmiş bu siyasi qətllər bir məqsəd güdürdü: Azərbaycan xalqını lazımi anlarda böyük ehtiyac duyduğu rəhbərlərdən məhrum etmək. Qoy bütün dünya bilsin ki, azadlığa can atan xalqların hüquqlarını kobudcasına tapdayan sovet hökuməti uzun müddət yaşamayacaq, onun xarabalıqları altından qalxan bədbəxt və məzlum Şərq xalqları və ən birinci Qafqaz olacaq».

 

 

Uğur

 

Xalq Cəbhəsi.-2012.- 26 may.- S.15.