İlk azərbaycanlı
balerina
Tale Qəmərə rahatlıq, bəxtəvərlik
dolu uşaqlıq illəri nəsib etdi. Evdə dolanışıq sarıdan
sıxıntıları yox idi. Atasının qazancı gen-bol
yaşamalarına yetirdi. Hacıağa
evcanlı adam idi. Həddindən
artıq gözəl olan həyat
yoldaşı Məryəmi çox sevirdi. Qəmər ağlı kəsəndən
evlərində mehribanlıq gördü.
Onun ayağı da
düşərli oldu. Qəmərdən sonra bir-birinin ardınca
Adilə adlı bacısı, Ənvər və Əkbər
adlı qardaşları dünyaya gəldi.
Ən gözəl
əyləncələri məhəllədəki uşaqlarla oynamaq
olardı. Qəmər kiçik
yaşlarından ən çox Şura Stepanova adlı qonşu qızla rəfiqəlik eləyərdi.
Onunla həmyaşıd idilər. Qızlar təkcə oyun
oynamazdılar, həm də saatlarla
söhbət edərdilər. Şura tez-tez ona teatrda
orkestr musiqiçisi olan atasının işlərindən
danışardı. Qəmər onun
söhbətlərini dinləməkdən doymazdı. Bir gün də Şura başqa xəbərlə
gəldi: «Gürcü teatrı»nda rəqs
studiyası var. Ora elə
biz yaşda
qızları qəbul eləyirlər». Onda
qızların on yaşı olardı.
Birlikdə indiki Dənizkənarı
parkın yaxınlığındakı «Gürcü
teatrı»na yollandılar. Rəqs müəllimi Sergey Gevorkov studiyaya yazılan uşaqların hərəsindən
altı manat pul
alırdı. Qəmərin isə cəmi beş
manatı vardı. Növbə ona çatanda çəkinə-çəkinə
dilləndi:
- Mənim ancaq beş
manatım var.
Gevorkov diqqətlə
qıza baxdı:
- Sənin soyadın nədir?
- Almaszadə.
- Eybi yoxdur,
sən pulu ver.
Qəmər sonralar bildi ki, ona «güzəşt»ə
getmələrinə soyadı
səbəb olub. Qız balet öyrənməyə
gələn ilk azərbaycanlı
olduğundan, pulu çatmasa da, Gevorkov onu studiyaya
qəbul edib.
Teatrdan qayıdırdılar. Şura sevinc içindəydi.
Qəmər isə qayğılı
görünürdü. Uşaq olsa da, yaxşı
başa düşürdü
ki, körpə, zərif çiyinlərini
çox ağır bir yükün altına verib.
Onun həkim anası
savadlı, dünyagörüşlü
qadın idi. Qəmərin rəqs studiyasına
yazılması onun ürəyincə oldu.
Amma Məryəm bilirdi ki, heç
kim – istər
qonum-qonşular, istərsə
də yadlar buna görə onlara «bərəkallah» deməyəcəklər. Hələ heç
bir azərbaycanlı qızın keçmədiyi
yola qədəm qoyurdu Qəmər. Bütün birincilər kimi, onu da
mümkünsüz görünənin
mümkünlüyünü sübut etmək, cığır salmaq, yol açmaq kimi çətin sınaq gözləyirdi.
Məryəm bunları yaxşı
başa düşürdü.
Ancaq qorxduğu, çəkindiyi
bu deyildi.
Hacıağa bütün fikri,
düşüncələriylə adət-ənənələrə bağlı adamıydı. Məsələni ona açmağın
nə ilə nəticələnə biləcəyini
balaca Qəmərdən
daha yaxşı anlayırdı Məryəm.
Qızının səhnəyə çıxmaq, üstəlik,
balerinalıq etmək
arzusunu eşitsəydi,
Hacıağa dünyanı
onlara dar edərdi. Məryəm həyat yoldaşından
ehtiyat edirdi. Amma qızını da yolundan döndərməyə
ürəyi gəlmirdi.
O, gözüaçıq qadın
idi. Görürdü ki, «təzə
hökumət» adını
hələ də üstündə saxlayan Şura hökuməti oğlanlarla bərabər,
qızların da təhsil almalarına xüsusi diqqət yetirir. Dövran sürətlə dəyişirdi. Beş ildən,
on ildən sonra onları nələrin gözlədiyini demək çətiniydi. Həmişə ən düzgün qərarı zaman verir. Məryəm buna inanırdı.
Odur ki, son hökmü zamana buraxdı. İndilik isə o, Qəmərin balet dərslərinə getdiyini Hacıağadan gizlətməkdən başqa
yol görmürdü.
Amma bu, gözlədiyindən də çətin oldu. Atası Qəməri evdə
görməyəndə onun
harada olduğunu soruşurdı. Məryəm də hər dəfə bir bəhanəylə qızının
balet dərslərinə
getdiyini həyat yoldaşından gizlədirdi.
Anasının həyəcandan
ürəyi əsirdi:
«İlahi, birdən Hacıağa Qəmərin
baletə getdiyindən
xəbər tutdu. Onda bizim halımız
necə olacaq?» Qəmər isə öz
aləmindəydi. Hər gün
rəqs studiyasında
yeni dərslər keçir, öyrəndiyi
təzə oyunları
quş kimi pərvazlana-pərvazlana təkrar
etməkdən yorulmurdu.
1929-cu
ildə Qəmər Almaszadə Azərbaycan Dövlət Opera və Balet Teatrına
balerina kimi işə
qəbul olundu. 1931-ci ildə – on altı yaşında o,
bəstəkar Əfrasiyab Bədəlbəylinin «Qız
qalası» baletində Gülyanaq rolunda böyük səhnədə
də göründü.
Tamaşaçılar o gecə azərbaycanlı bəstəkarın
ilk balet
tamaşasında birinci azərbaycanlı
balerinanın ifasının şahidi olurdular. Qəmər Almaszadə isə səhnə
həyatının ən gözəl anlarını, deyəsən,
elə onda yaşadı. «Qız
qalası» ona təkcə ilk
dillərə düşəcək rolunun
sevincini gətirmədi. Qəmər əsərin
bəstəkarının ona dikilən məhəbbətdolu
baxışlarından odlanan qəlbinin döyüntüsünü dinlədikcə, özünü bambaşqa
bir aləmdə hiss edirdi. Xoşbəxt idi. Sənət
yolunun başlanğıcında ilk məhəbbəti də rastına
çıxmışdı.
Həyatı Qəmərin
arzularından, xəyallarından belə gözəl keçib-gedirdi. Artıq atası da onun balerina
olduğundan xəbərdar idi. Düzdür,
Hacıağa əvvəlcə çox hay-küy salmışdı. «Səni də
öldürəcəyəm, qızını da»,
– deyə Məryəmi hədələmişdi. Ancaq bir gün
gözləmədiyi halda Qəmərə
xəbər gətirdilər: «Atan
buradadır, tamaşaya baxmağa
gəlib». Səhnəyə çıxmağa
hazırlaşan balerinanın həyəcandan dizləri titrədi.
Ona elə
gəldi ki, ən böyük
sənət imtahanını elə o gün, atasının qarşısında verəcək.
Özünü birtəhər ələ
alıb səhnəyə çıxdı. Musiqi
sədaları altında ifasına başladı. Həyəcanı
yavaş-yavaş keçdi.
Hər şeyi unutdu. Bir də tamaşanın sonunda
atasının salonda olduğunu
xatırladı. Ona tərəf baxdı.
Atasının gözlərində şəfqət, məhəbbət
görəndə ürəyinə toxdaqlıq, dizlərinə
qüvvət gəldi. Qrim otağına keçib atasının yolunu
gözlədi. Hacıağa qızını təbrik eləməyə
gəlmədi. Evdə də bu barədə
kəlmə kəsmədi. Elə bil, bir neçə saat qabaq teatra gedən, Qəmərin
oyununa tamaşa edən
o deyildi. Evdəkilər
də cürət edib Hacıağadan heç nə soruşmadılar. Amma Qəmərin ürəyi rahat
idi.
Qəmər
uşaqlıqdan cəsarətliydi. Ağlına bir şey düşdümü,
nəyin bahasına olur-olsun, ona nail olmalıydı. Onda da xeyli
düşünüb, Leninqrada
təhsil almağa getmələrinin yolunu tapdı. Qərar verdi:
başına nə gəlir-gəlsin bunu
etməlidir…
Azərbaycanın
birinci katibi Mircəfər
Bağırov hər gün işdən
evə piyada qayıdırdı. Qəmər
bir gün onun yolunun üstündə
dayanıb, böyük həyəcanla buradan keçəcəyi dəqiqələri
gözlədi.
Bağırov mühafizəçilərinin əhatəsində
küçənin başında görünəndə, yüyürüb bir göz qırpımında özünü
ona yetirdi:
– Yoldaş Bağırov, mən…
Mühafizəçiləri
bu zərif gəlini katibin
yanından uzaqlaşdırmaq istəyəndə, o, əlini yuxarı qaldırdı. Bu o demək idi ki, «Dəyməyin, qoyun sözünü desin». Qəmər tez
danışmağa başladı:
– Yoldaş katib, mən də,
həyat yoldaşım bəstəkar Əfrasiyab Bədəlbəyli
də Leninqradda oxumaq
istəyirik. Ancaq buna
imkanımız yoxdur.
…Hər şey elə Qəmərin ümid
etdiyi kimi oldu. Cavan gəlinin cürətindən
həm heyrətlənən, həm də xoşlanan
Bağırov onun həyat
yoldaşıyla birlikdə Leninqradda təhsil
almalarına köməklik göstərilməsi barədə
göstəriş verdi. Gənclər həmin
il Leninqrada
yollandılar. Qəmər orada Xoreoqrafiya Məktəbinə, Əfrasiyab isə
konservatoriyanın bəstəkarlıq şöbəsinə daxil oldu.
Hər ikisi seçdikləri sənətin sirlərini
daha mükəmməl öyrənməyə
başladılar. Qəmər Leninqradda
tanınmış baletmeyster Romanovadan dərs alırdı. Orada
həm də özlərinə yaxşı dostlar
qazandılar. Təhsil illəri ömürlərinə unudulmaz xatirələr yaza-yaza
ötüb-keçdi. 1936-cı ildə geri qayıdandan sonra həvəslə
işə başladılar. O zaman Qəmərin
iyirmi bir yaşı
vardı.
O burada – Azərbaycanda sənətinin
birincisiydi. İlk azərbaycanlı balerinanın
tanınması, adının
dillərə düşməsi
çətin ola bilməzdi. Qəmər Almaszadə də elə balet tamaşalarında iştirak
etməyə başladığı
gündən məşhurlaşdı.
Azərbaycan Dövlət Opera və Balet Teatrında
səhnələşdirilən balet əsərlərinin əksəriyyətində əsas
surətlərin ifaçısı
olmasıyla işi bitmədi. Bu sənətin yolgöstərəni
kimi onu təbliğ etməli, yeni balerinalar yetişdirməliydi. 1936-cı
ildən Qəmər Almaszadə həm də Bakı Xoreoqrafiya Məktəbində
müəllim işlədi.
Azərbaycan Dövlət Filarmoniyasında
rəqs ansamblının
yaradıcılarından biri
oldu, 1937-38-ci illərdə
ona bədii rəhbərlik etdi. 1937-ci ildə istedadlı
gəncləri toplamaq
üçün o, Arbatovla
birlikdə respublikanın
rayonlarını dolaşdı.
Otaq qaranlıq idi.
Birdən ona elə gəldi ki, portret
işıqlanmağa başladı. Qəmər oradan baxan gənc, gözəl,
vüqarlı balerinanı aydınca görürdü…
Adətən, balerinalığı kəpənək
ömrünə bənzədirlər. Nə qədər əziyyət
çəksən də, şöhrət qazansan
da, fərqi yoxdur, gənc
yaşlarında səhnədən ayrılmalısan. 1951-ci
ildə, 36 yaşında Qəmər də balerinalığa
«əlvida» dedi. Bu
şöhrətli balerinaya heç kəs «get» demirdi. Ancaq özü fikirləşdi ki,
daha bəsdir, sənətdən də
vaxtında getmək lazımdır. Təsəllisi o idi ki,
baletdən uzaq düşməyəcək,
bundan sonra baletmeyster kimi həyatını
gənc balerinalar yetişdirməyə sərf
edəcək. 1953-cü ildən Opera və
Balet Teatrında baş
baletmeyster işlədi. Onun
Azərbaycan balet sənətində
açdığı cığırla tələbələri
Leyla Vəkilova, Çimnaz
Babayeva, Rəfiqə Axundova,
Tamella Şirəliyeva və
başqaları keçdilər. Qəmər
Almaszadənin quruluş verdiyi
milli baletlərdə – Əfrasiyab Bədəlbəylinin
«Qız qalası», Soltan Hacıbəyovun
«Gülşən», Qara Qarayevin
«İldırımlı yollarla», «Yeddi gözəl», Fikrət Əmirovun «Min bir gecə» baletlərində
onun əvəzinə yetirmələri
oynadılar.
…Deyəsən,
mürgüləmişdi. Aradan nə qədər
vaxt keçdiyini deyə
bilməzdi. Ancaq yavaş-yavaş dan yeri sökülürdü.
Səhər açılır, yeni bir gün
başlayırdı. Ev yavaş-yavaş
işıqlanırdı. Qəmərə elə gəldi ki, çarpayısıyla üzbəüz divara vurulan portret indi hər
zamankından daha aydın görünür.
Qəmər orada bambaşqa
bir aləmdə – «Baxçasaray
fontanı»ndaydı.
Oktay
Xalq Cəbhəsi.- 2012.- 31 may.- S.13.