«Azərbaycan teatr
tarixi»
Kitabın ikinci cildi 1920-ci ildən
1960-cı ilədək olan dövrü əhatə edir
AMEA-nın müxbir üzvü,
professor, mərhum teatrşünas İnqilab Kərimovun «Azərbaycan
teatr tarixi» kitabının II cildi işıq üzü
görüb. Onun «Azərbaycan teatr tarixi» kitabını Azərbaycan
teatrının güzgüsü saymaq olar. İnqilab Kərimov
araşdırmalarında onun zəhmətkeşliyi aydınca
görünür. Artıq yaşı 140-a çatan Azərbaycan
teatr tarixini araşdırmaq
hünərli işdir. Sabahımızda
bu və başqa yönlərdə yeni
araşdırmaçılarımız yaranmalıdır –
ardıcıl olaraq Azərbaycanın milli dəyərlərinə
əsaslanan, bunları ölçü sayan. Milli yöndə
teatr sənətimiz daha da inkişaf etməli, yeni ciddi əsərlər,
aktyorlar, eləcə də teatr
araşdırıcıları olmalıdır. Bu, xəlqi
inkişafın tələbidir.
Kitab 4 fəsildən ibarətdir.
«Teatrın ideya-yaradıcılıq cəhətdən yeniləşməsi.
Mürəkkəb mübarizə şəraitində
teatrın yaradıcılıq axtarışları. Rus
rejissorlarının axtarışları. Rus
rejissorlarının fəaliyyəti. Milli rejissor
kadrlarının yetişməsi» adlanan I fəsildə 1920-ci
illərdəki Azərbaycan teatrının
qayğıları haqqında danışılır. «Azərbaycan
teatrının inkişaf dövrü. Azərbaycan teatrı
inkişaf yollarında» adlı II fəsildə 30-cu illərdəki
teatr həyatının gedişatı təhlil olunur.
III fəsildə 1920-1960-cı illərdə
Haxçıvan, Gəncə, Ağdam, Gənc
Tamaşaçılar, Göyçay və digər
teatrların fəaliyyəti araşdırılır.
«Respublikamızdan kənarda fəaliyyət göstərən
Azərbaycan teatrları» adlı fəsildə isə Tiflis Azərbaycan
teatrı, İrəvan Azərbaycan teatrı, Aşqabad
Dövlət Azərbaycan Teatrı, İranda Azərbaycan
Teatrı kimi mövzular araşdırılır.
İ.Kərimov deyirdi ki, həmişə
qəlbən, ruhən nurlu adamlar teatr sənətinə
aydın, vicdanlı münasibət bəsləyiblər: «Ona
görə ki, onlar teatrın əhəmiyyətini gözəl
dərk ediblər. H.Zərdabi, N.Nərimanov, C.Məmmədquluzadə,
Ə.Haqverdiyev, H.Vəzirov teatrı həmişə müqəddəs
yer sayıblar. Teatr dövrün görən
gözüdür. Bəşəriyyətin,
insanlığın tərəqqisində teatrın rolu əvəzsizdir.
Teatr öyrədən, tərbiyə edən bir əyləncədir.
Onun bu əhəmiyyəti məktəblərdən,
kitablardan, qəzetlərdən də üstündür. Digər
tərəfdən, teatrın ideoloji prinsiplərə uyğun
olaraq dəyişmək məqamları da var. Teatr həmişə
müəyyən mənada dövrünün ideologiyasına
xidmət edib. Sovet dövründə ideya müəyyən məzmun
daxilində insanları sıxırdı. «Vaqif» əsərində
S.Vurğun İbrahim xanı Vaqifin arvadına tamah salan, onun
düşməni kimi təsvir edib. Halbuki tarixdən məlumdur
ki, İbrahim xanla Vaqifin münasibətləri necə olub.
1956-cı ildə S.Vurğun ölüm yatağında ikən
bir məktub yazır, o məktub «Ədəbiyyat» qəzetində
çap olunur. O, etiraf edir ki, «mənim ən böyük
günahlarımdan biri İbrahim xanı elə təsvir etməyim
olub». Ümumiyyətlə, teatr xalqın ruhuna, mənəviyyatına
uyarlıq cəhətdən həmişə öz işini
görüb. Əlbəttə, əsas komponent aktyordur. Əgər
aktyor yoxdursa, teatr da yoxdur. Bir vaxtlar bizdə Ələsgər
Ələkbərov, Sidqi Ruhulla, Mərziyyə Davudova,
Mirzağa Əliyev, Ağasadıq Gəraybəyli və
başqa görkəmli aktyorlar vardı. Rəhmətlik Ədil
İsgəndərov deyirdi ki, bunlarla işləməyə nə
var ki? Ağzını açan kimi nə istədiyini bilirlər.
Adətən bizdə 3 rejissorun adı həmişə
xüsusi çəkilir. Ə.İsgəndərov monumental
tamaşalar yaradıcısı, Mehdi Məmmədov fəlsəfi
dərinliyə varan rejissor idi. T.Kazımov isə psixoloji cəhətlərə
üstünlük verirdi. Hazırda bizdə elə rejissorlar
yetişib ki, hər bir tamaşanın quruluşuna aydın
estetik prinsiplərlə yanaşırlar. Bu, çox gözəl
haldır. Bir var aktyora deyəsən ki, ordan gəl, burdan
çıx, bu sözü burda de; bu, köhnəlmiş bir
üsuldur. Bir də var ki, obrazın xarakterik xüsusiyyətini,
daxili hərəkəti ilə xarici hərəkətinin vəhdətini
yaradırsan, mahiyyətini açırsan. Bu cür
tamaşalarda insan birtərəfli görünmür. İnsan
insandır, onun mənfi və müsbət xüsusiyyətləri
var. Bizdə beləydi ki, bir adamı
ideallaşdırırdıq; bunun heç bir günahı
yoxdur. Ya da birini saldıq çirkabın içinə ki,
bunun da heç bir yaxşı cəhəti yoxdur. Tamaşada
rejissor ideal surətin əksər yaxşı cəhətlərilə
yanaşı onun mənfi xüsusiyyətlərini də
göstərməyi bacarırsa, bu, yaxşı haldır».
Professor İnqilab Kərimov Azərbaycan
teatrı tarixini araşdırarkən bu prosesdə zəhməti
olan hər kəsi sayğıyla dəyərləndirirdi. O,
ilk növbədə yaradıcıya sayğıyla dəyər
verməyi bacarırdı. Azərbaycan teatr tarixinin 140 ilə
yaxın bir dövrü milli tariximizin də ən gərgin,
inkişaflı, qarışıq dönəmidir. Əslində
teatr tariximiz – müxtəlif xarakterli insanların tarixidir.
Bunları araşdırıb ipə-sapa düzmək
yaradıcıdan ürək açıqlığı,
hünər istəyir. Başqaları haqqında
yazmağı hər kəs bacarmır. İnqilab Kərimov
bunu sevə-sevə bacaranlardandır – Azərbaycan teatr
tarixinin yazılması bunun sübutudur. Onun işi teatr
fanatlığıdır.
İ.Kərimov Azərbaycan Dövlət
Teatr İnstitutunun teatrşünaslıq fakültəsində
təhsil almış, 1957-ci ildən taleyini Azərbaycan Milli
Elmlər Akademiyasının Memarlıq və İncəsənət
İnstitutu ilə bağlamışdı. İnstitutda «Teatr,
kino və televiziya» şöbəsinin müdiri vəzifəsində
işləyirdi. Mədəniyyət və İncəsənət
Universitetində teatr tarixi, teatr tənqidi və dram nəzəriyyəsi
fənlərini tədris edirdi. «Azərbaycan teatrının
yaranması, təşəkkülü və inkişafı
problemləri (XIX əsrin sonu, XX əsrin əvvəlləri)
adlı doktorluq dissertasiyasını 1988-ci ildə Moskvada
müdafiə edərək sənətşünaslıq
doktoru alimlik dərəcəsi almışdı.
«Abdulla Şaiq və teatr»,
«Ağadadaş Qurbanov», «Xalq istedadları», «Azərbaycan
Dövlət Dram Teatrı», «Əbdürrəhim bəy
Haqverdiyev və teatr», «Əbdürrəhim bəy Haqverdiyev və
teatr», «Gənclik və gözəllik teatrı», «Sənət
yolu, dostluq yolu», «Azərbaycan teatrının təşəkkülü
və inkişafı», «Türkiyə və Azərbaycan teatr əlaqələri»,
«Şuşa Ağdam teatrı», «Azərbaycan teatrı-125″
və başqa kitabları var. Habelə o, Azərbaycan
teatrının tarixinə və tənqidinə həsr
olunmuş, eyni zamanda teatrın nəzəri məsələləri
ilə bağlı çoxlu elmi əsərlərin müəllifidir.
Araşdırmaçı Elvin Vəliyev
İ.Kərimovun Azərbaycan
teatrşünaslığındakı xidmətləri
haqqında bu qənaətdədir: «Onun onlarla teatr hekayələri
və kitabları, özbək, latış, rus, türkmən,
gürcü, tacik, türk dramaturgiyasından etdiyi tərcümə
bir alimin Azərbaycan incəsənətinə misilsiz töhfəsidir.
Bu yaradıcılıq nümunələri yerli mətbu
orqanları ilə yanaşı keçmiş SSRİ-nin bir
neçə respublikalarında işıq üzü
görüb, elmi dairələr, geniş oxucu kütləsi tərəfindən
maraqla qarşılanıb. Onun əsərləri bu gün də
aktualdır, elm ocaqlarının tədris proqramlarına
salınır və Azərbaycanın, eləcə də bir
çox ölkələrin incəsənət universitetlərinin
tələbələri üçün dəyərli əyani
vəsait rolunu oynayır. Onun elmi araşdırmaları, təhlilləri
və eləcə də tənqidləri teatr mədəniyyətinin
bütün istiqamətlərinə yönəlib ki, bu da nəticə
etibarilə bu sahənin daha da inkişaf etməsinə və
tanınmasına təkan verib. Azərbaycan teatrı mürəkkəb
və çətin bir inkişaf yolu keçib ki, bu prosesdə
də ömrünü teatr sənətinə həsr
etmiş İnqilab Kərimovun rolu danılmazdır».
«Azərbaycan teatr tarixi»nin I cildi 1920-ci
ilədək, II cild 1920-ci ildən 1960-cı ilədək, III
cild isə 1960-cı ildən 2000-ci ilədək olan
dövrü əhatə edir.
Uğur
Xalq Cəbhəsi.- 2012.- 31 may.- S.14.