Nəcib Fazil erası
Türk ədəbiyyatının, xüsusən də poeziyanın cümhuriyyət dövrünü Nəcib Fazili nəzərə almadan dəyərləndirmək mümkün deyil. Bu fikirləri teatr səhnəsi üçün də deyə bilərik. Çünki onun şeir dili və mövzu seçimi klassik türk poeziyası ilə yanaşı, «Sərvət-i Fünun» şairləri, eləcə də XX əsrin şeir dilini müəyyənləşdirən Yahya Kəmal kimi şairlərin ənənəsi üzərində qurularaq, özünəməxsus bir üslub meydana gətirmişdir. Belə ki, Abdülhak Hamid və Əhməd Haşim kimi böyük şairlər öz yazı manerası ilə Namiq Kamalın, Tofiq Fikrətin xitabətdən xitabətə qaçan ritorikasını qırmış, amma Mehmet Akifin İstanbulun gündəlik danışıq dilindən güç alan təbiiliyini əldə edə bilməmişdilər. Məhz belə bir mühitdə Nəcib Fazil həm xitabət, həm də gündəlik danışıq dilindən tamamilə fərqli olan yeni bir tərz meydana gətirdi. Bununla da o, şeir dilini xalq və təkkə ədəbiyyatının ab-havası, eyni zamanda modern fransız şeirinin simvolik həssaslığı ilə bəsləyərək onu bir az da poetikləşdirdi. Bu yeni üslubla da Ömər Seyfəddin və Yahya Kamalın İstanbul türkcəsini mənimsəyən şeirsevərlərin və gənc şairlərin könlünü fəth etmiş oldu.
Məşhur türk şairləri ilə yanaşı çağdaşlarını diqqətlə oxuyan bir şairdir Nəcib Fazil. Şeyh Qalib və Abdülhak Hamid və Əhməd Haşimin şeir dünyası ona ilham vermişdir. O da Arif Nihat Asya, Əhməd Muhip Dıranas, Cahit Sıtkı Tarancı, Ziya Osman Saba, Behçət Necatgil, Fazil Hüsnü Dağlarca, Cahit Külebi, Attila İlhan, İlhan Berk, «İkinci yeni şairləri» və Sezai Karakoç kimi Cümhuriyyət dövrünün tanınmış şairlərinin ilk şeirlərinə birbaşa təsir etmişdir. Qəribçilər şeirinin öncüsü olan Orhan Vəli də bu şeir üslubundan yola çıxaraq, özünə fərqli bir dünya qurmuşdu. Yahya Kamalın tarix həsrətini, Mehmet Akifin İslam dəyərlərini, Fikrətlə, Nazimin materialist ideyallarını önə çıxaran şeir üslublarından fərqli olaraq, ruhun və çağdaş həyatın hüznlərini dilə gətirən Nəcib Fazilin şeiri böyük maraqla qarşılandı. Onun «Səkilər», «Otel otaqları» və «Keçən dəqiqələrim» kimi şeirləri şeir həvəskarlarının dəftərlərində və hafizələrındə yer tutdu. Heca vəznində yazan şairlərin kor-koranə bir nikbinliklə bəşəri problemlər və ümidlərini Nəcib Fazilin şeirini təqlid edərək ifadə etmələri ona kölgə saldı və bu üslub tıxandı. Orxan Vəlinin bu şeirə yönələn heyranlığa qarşı etiraz etməsi isə əvvəlcə təəccüblə qarşılandı, amma sonra rəğbət gördü. Asaf Halət və Cəlal Sılay da özünəməxsus bir üslub yaradarkən ən çox Nəcib Fazilin şeirindən təsirlənmiş görünürlər. Çünki hər bir şeir həm məna yükü, həm də estetik gözəlliyi ilə yeni olmağa məcburdur. Elə buna görə də Nəcib Fazilin şeiri özünü yeniləməyə davam etdi. O, «Çilə»dən sonra «Sakarya türküsü» ilə ruhun ve inancın şeirini dilə gətirdi. Elə buna görə də şeir həvəskarı gənclərin dilindən bütün bir millətin qəlbinə yol tapan Nəcib Fazilin şeiri olmadan XX əsr türk ədəbiyyatını dəyərləndirmək mümkün deyil.
Nəcib Fazildəki bu poetik imkan hekayə və nəsr dilində də böyük yeniliklər etdi. Metafizik gərginlik şeirlərindən sonra «Bir yalnızlık gecəsinin vahimələri» adlı hekayəsində olduğu kimi, hekayə və nəsr dilində də göründü. Spirtualist idrakla 50-yə yaxın hekayə, ssenari və pyes yazan Nəcib Fazil, bir ömür boyu bu sahədə əsər verərək, pozitiv dünya görüşünün təhsil müəssisələri vasitəsi ilə ölkəyə yayıldığı bir dövrdə fərqli bir səs oldu. Bu səs onun yalnız şeirlərini deyil, hekayə, ssenari və pyeslərinin də bənzərsiz bir təsirə hədəf etdi. Bu təsirlə meydana çıxan Nəcib Fazilin pyesləri cümhuriyyət dövrü dramaturgiyasında onu əvəzolunmaz hala gətirdi. Şeiriylə çatdığı fərqli bir şüurla vəziyyəti dəyərləndirdi, tarix dissertasiyaları mövzusunu ortaya atdı və «Çölə enən nur» əsəriylə peyğəmbər sevgisini dastanlaşdırdı. Bütün bunlarla Nəcib Fazil gənc istedadları bu millətin dini və milli dəyərləriylə tanış edərək onlara cəsarət verdi.
Mədəniyyət qovğasının şiddətlə yaşandığı bir ortamda, Qərb üstünlüyünə qarşı bitərəfliliyi müdafiə edənlərin belə əslində güclünün yanında olması böyük həqiqətdir. Bu dəyanətsiz davranışı mənimsəyərək türk tarix və ənənələrindən təsirlənən şeir, hekayə-roman və pyes yazanların qəribə bir mövqeləri var. Öz tarix və mədəniyyətimizə bütün dəyərlərdən orientalist şübhələr daşıyır, amma orijinal görünmək üçün yerli və milli olmanın vacib sayıldığını bilir. Bir mənada inanc köklərinə əhəmiyyət vermir, amma mədəniyyət dəyərlərini bəzək kimi mənimsəyir. Bu da onların müstəmləkə ziyalısı olaraq türk və İslam dünyasına Qərbi Avropanın həqarətli münasibətini təbii görməsinə səbəb olur. Məhz bu baxışı mənimsəyən pozitivist və materialist dünyagörüşünə üsyan edən Nəcib Fazil «Ağaç» dərgisində mənəvi dəyərləri önə çıxaran bir ədəbiyyat anlayışını müdafiə etdi, daha sonra «Bir adam yaratmaq» adlı pyesində bütün bunları, düşünən bir sənətçinin dramını anlatdı, «Çilə» şeiriylə isə böyük əks-səda doğurdu. Bundan sonra «Böyük Şərq» dərgisini yayınlayaraq, təməl düşüncəni siyasət nəzəriyyələrindən ədəbiyyat və tarix araşdırmalarına, gündəlik siyasətdən dini bilgilərə qədər çox geniş bir sahədə meydana qoymağa çalışdı və tənqidləriylə CHP iqtidarını silkələdi. Böyük Şərq ideologiyası çərçivəsindəki yazılar da burada işıq üzü gördü və hər mərhələdə bir az daha inkişaf etdirilərək «İdeologiya örgüsü» adlı möhtəşəm bir əsər yarandı. Yeni çap olunmağa başladığı dövrdən etibarən, maraqla qarşılanan bu dərgi aktual siyasətlə bağlı yazılarına və tənqidlərinə görə prokurorlar tərəfindən təqib edildi. Nəcib Fazil mühakimə olundu bəzən də həbsə atıldı. 1943-83-cü illər arasındakı 40 illik bir mübarizə dövründə Böyük Şərq ideologiyasını fikir və sənət həyatının hər sahəsində həyata keçirməyə çalışan Nəcib Fazili dörd ilə yaxın həbsdə saxladılar. O, «Zindandan Mehmedə məktub» adlı şeirini həqiqətən də həbsdə yazıb. Məktub kimi ailəsinə göndərib. Onların daxilindəki saxtalığı və bu cəmiyyətə yad olduqlarını dilə gətirdiyi üçün qərb tərəfdarlarının Nəcip Fazilə bitib-tükənməz nifrətləri vardı. Çünki onlar Monşer məntiqi ilə Qərbi Avropalı və ya Amerikalı siyasətçilərin bizimlə bərabər Orta Şərq insanının siyasi həyatını formalaşdırmalarını çox təbii hesab edir, bizim də onların tabeçiliyində olmağımızı istəyirdilər.
Mehmet Akifin İslam şairi kimliyindən xoşu gəlməyən CHP düşüncəli dövlət idarəçiləri yeni bir İstiqlal Marşı yazdırmaq istədikləri vaxt o dövrün ən önəmli şairi olan Nəcib Fazildən bunu istədilər. Nəcib Fazil də, daha sonra mübarizə yolunun adı olan «Böyük Şərq Marşı» adlı şeirini yazdı. Bir müddət sonra idarəçilər dəyişiklik etmək fikrindən daşındıqları üçün Nəcib Fazil Büyük Şərq Marşına başqa bir missiya yükləyərək Böyük Şərq mübarizəsiylə dərgisinin adına çevirdi.
Nəcip Fazilin ölümündən əvvəl yetişdirdiyi gənclik, ona əməli olaraq böyük dəyər verdi, amma hətta bu gün rəsmi ideologiyanın keşikçiləri Nəcib Fazilin adının anılmasından belə narahat olur. Halbuki onun yetişdirdiyi kadrlar bu gün Türkiyənin idarə edilməsində söz sahibidirlər. Nəcib Fazil Böyük Şərq məfhumu ətrafında siyasi görüşləri genişləndirərək Qərbi Avropanın tarix boyunca bizi istismar etmək istədiyini yazması çox vacib nəticələr verdi. Onun əsərlərindən qidalananlar Qərbçi dairələrin yuxularını kabusa çevirdi və milli-dini kimliyimizi tarixi missiyamıza yaraşan bir formada inkişaf etdirdi. Nəcib Fazilin Böyük Şərq ideologiyası ətrafında yaratdığl fikirlər Türkiyəni dünya miqyasında bir ölkə halına gətirmə idealını bu günkü Türkiyəyə həyatın mənası olaraq mənimsətdi. Onun bu qədər az başa düşülməsi belə ölkəni dünya önündə necə təsirli və şərəfli hala gətirdi, görürük. Dünyagörüşümüz olduğu kimi tətbiq edilə bilsəydi, Asiya-Afrika ölkələri özləri-özlərini idarə edər, AB ilə ABŞ da öz qitələrinə həbs olunar, hamı özüylə bağlı olan xüsuslarda fikir bəyan etmək haqqına sahib sayılar və ədalətli idarəetmə bərqərar olardı. Türkiyə belə bir dünyanın vəkili olduğu zaman Nəcib Fazilə layiq olduğu dəyər verilmiş və Böyük Şərq düşüncələri də həyata keçirilmiş olardı. Bunun üçün universitetlərlə mədəniyyət qurumları bu fəlsəfəyə etibar edən sağlam bir dünyagörüşü əldə etməlidir.
Oktay
Xalq Cəbhəsi.-
2012.- 1 may.- S.13.