Turizm sahəsində xarici
əlaqələr genişlənir
Bu sahədə 57 dövlətlə
saziş imzalanıb
Azərbaycan
turizm sahəsində dünya ölkələri ilə 60-a
yaxın saziş və saziş layihəsi imzalayıb. Azərbaycan
Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən
məlumata görə, turizm sahəsində Azərbaycan 57
ölkə ilə 31 saziş və 28 saziş layihəsi
imzalayıb. Bu ölkələrin 27-si Avropa, 23-ü Asiya,
4-ü Afrika, 2-si Cənubi Amerika, 1-i isə Şimali Amerika
ölkələri olub. Belə ki, Avropa regionunda Azərbaycan
Andorra, Avstriya, Belarus, Bolqarıstan, Böyük Britaniya,
İspaniya, İsveçrə, İtaliya, Yunanıstan,
Latviya, Litva, Makedoniya, Malta, Macarıstan, Moldova, Monteneqro,
Polşa, Rumıniya, Rusiya, San-Marino, Serbiya, Türkiyə,
Ukrayna, Fransa, Xorvatiya, Gürcüstan və Çexiya ilə,
Asiya regionunda Birləşmiş Ərəb Əmirlikləri,
Bəhreyn, Bruney, Qazaxıstan, Qətər,
Qırğızıstan, İndoneziya, İordaniya, İraq,
İran, İsrail, Yaponiya, Koreya, Küveyt, Malayziya, Pakistan, Səudiyyə
Ərəbistanı, Suriya, Tacikistan, Filippin, Oman, Özbəkistan
və Çin, Afrika regionundan Mavritaniya, Mərakeş, Misir və
Tunis, Cənubi Amerikadan Argentina və Kuba, Şimali Amerikadan isə
Meksika ilə saziş və saziş layihələri
imzalayıb. Siyahıda elə ölkələr mövcuddur
ki, Azərbaycanla onun arasında turizm sahəsində iki sənəd
imzalanıb.
Turizm
sektorundakı rəqabət Azərbaycandakı turist şirkətlərinin
sayının azalması ilə nəticələnir. Bir
neçə il əvvəl Azərbaycanda turizm şirkətlərinin
sayı 250-300-ə çatmışdı, indi isə bu rəqəm
200 ətrafındadır. Turizm şirkətlərinin normal fəaliyyət
göstərməsi üçün onların maddi
imkanları olmalıdır. Mədəniyyət və Turizm
Nazirliyinin şöbə rəisi Aydın İsmiyevin sözlərinə
görə, bütün dünyada turizm mübadiləsinin
böyük hissəsi qonşu ölkələrin payına
düşür. Belə ki, Azərbaycana gələn turistlərin
50-55%-i ətraf xarici ölkələrdən – Rusiya, Türkiyə,
İran Gürcüstan və s.-dən gəlir. Bu baxımdan
regional turizmin inkişaf etdirilməsi Azərbaycan
üçün çox vacibdir. Bundan başqa, statistika
göstərir ki, uzaq ölkələrdən gələn
turistlər gəldikləri regionda bir yox, bir neçə
ölkəni gəzməkdə maraqlı olurlar: «Məsələn,
əvvəl Azərbaycana gəlirlər, sonra
Gürcüstana, sonra isə Türkiyəyə gedib, oradan
öz vətənlərinə yola düşürlər. Buna
görə də region ölkələri xarici turistlərin
daha da aktiv cəlb olunması üçün birgə layihələrin
reallaşdırılmasında maraqlıdırlar. Bu
baxımdan belə regional marşrutlar çox aktualdır».
Hər
halda hökumət bu il turizm məsələsində daha
çox «Eurovision 2012″ mahnı müsabiqəsinə
ümid edir. Mədəniyyət və Turizm Nazirliyinin turizm
şöbəsinin müdiri Aydın İsmiyev bildirib ki, bu il
Azərbaycana gələn turistlərin sayının 2011-ci ildəkindən
çox olacağı gözlənilir: «Ötən il Azərbaycana
2 mln. əcnəbi gəlib ki, onlardan da 1,8 mln. nəfəri
turist olub. Bakıda keçiriləcək «Eurovision 2012″
mahnı müsabiqəsi ilə əlaqədar və
ümumiyyətlə, son zamanlar Azərbaycana xarici vətəndaşların
marağı artıb. Təkcə «Eurovision» mahnı
müsabiqəsi ilə əlaqədar Azərbaycana 40 ölkədən
çox təmsilçi gələcək. Ümid edirik ki, bu
il ölkəmizə gələn turistlərin sayı ötən
ildəkindən çox olacaq». Ölkədə fəaliyyət
göstərən turizm şirkətləri lazım olan qədər
turistə xidmət göstərməyə hazırdır.
Hotel biznesi özəl sektor olsa da, mehmanxanalara qiymətlərin
sabit saxlanılması tövsiyə olunub. Hazırda ölkədə
178 turizm şirkəti və 312 hotel fəaliyyət göstərir.
Hotellərdə yerlərin sayı 11 mindən artıqdır.
Türkiyə bu il
Azərbaycandan 600 mindən
çox turist gözləyir. Türkiyəyə
hər il
Almaniyadan 4 milyon, Rusiyadan da həmin
sayda turist gəlir. 2011-ci ildə
Azərbaycandan Türkiyəyə
580 min turist gəlib.
Bu il isə
bu say 600 mindən çox ola bilər. Maraqlıdır ki, son illər
ölkəmizdən Türkiyəyə
turist axını artır. Əslində Azərbaycanda turizm
xidmətləri hədsiz
dərəcədə baha
olduğundan azərbaycanlılar
ölkə daxilində
istirahətdən daha
çox qonşu ölkələrə – Türkiyə,
Rusiya və Gürcüstana getməyə
üstünlük verirlər.
Türkiyədə turizm sənayesi
son 30 ildə çox
böyük sürətlə
inkişaf edib. Azərbaycan hökuməti arzulayır
ki, 15-20 ilə Türkiyənin səviyyəsinə
çatsın. Ancaq çətin
ki, biz bu gedişlə Türkiyəyə
çata bilək.
Əslində bizi heç
onlarla müqayisə etmək mümkün deyil. Çünki Türkiyədə dövlət büdcəsinin
gəlirlərinin üçdə
biri turizmin hesabına formalaşır.
Doğrudan da son illər
Azərbaycanda infrastrukturun
yenidən qurulması,
müasirləşdirilməsi turizmin inkişafına təkan verir. Lakin başlıca problem – turizm
xidmətlərinin rəngarəngliyinin,
səviyyəsinin yüksək
olmaması və qiymətlərin çox bahalığı həll
olunmamış qalır.
Ölkədaxili qiymətlər fantastikdir. Azərbaycanın səfalı güşələrində
– Qəbələ, Quba,
Qusar, Şamaxı, Qax və s. bir günlük orta səviyyəli istirahət 100 manata başa gəlir. Bu hesabla ölkəmizdə
bir həftəlik istirahət 800-1000 dollardır.
Hətta
Azərbaycan vətəndaşları
üçün ölkə
daxilində istirahətdən
xarici turlar daha əlverişlidir.
Təsadüfü deyil ki, Azərbaycan özü müalicəvi turizm məkanları (mineral sularla
bol) ilə zəngin olsa da, insanlar Rusiya
kurortlarına üz tuturlar. 500 dollara
yol pulu da daxil Rusiyada
iki-üç həftə
həm istirahət etmək, həm də müalicə almaq mümkündür.
Bütün bunları nəzərə
alsaq, hətta hökumət yerli turistləri əlverişli
qiymətlər və
yüksək xidmət
hesabına ölkə
daxilində saxlaya bilmir.
Hətta Ukrayna da Azərbaycandan
turist gözləyir. Bakıda
Ukraynanın Krım Muxtar Respublikasının turizm imkanlarına həsr olunmuş tədbirdə Krım Muxtar Respublikası kurortlar və turizm nazirinin müavini Nikolay Marinov bildirib ki, Krım ərazisində
3,5 min hotel, pansionat və
sanatoriya fəaliyyət
göstərir, hər
il 100-ə yaxın tibbi-kurortoloji texnologiya tətbiq olunur, yolların təkmilləşdirilməsi
üzrə aktiv işlər aparılır:
«Krımın Kurortlar
və Turizm Nazirliyi Bakını prioritet tərəfdaş
regionlardan sayır. Ona görə də Bakıdan olan turistlərin tələbatına
uyğun olaraq xüsusi tibbi proqramlar və turist ekskursiyaları təşkil etməyə
hazırıq». Ukraynanın
Azərbaycandakı səfiri
Aleksandr Mişenko qeyd edib ki,
«Azərbaycan Hava Yolları»nın (AZAL) hesablamasına əsasən,
2015-ci ildə Bakı-Krım
ikitərəfli turist
axınının həcmi
60 min nəfər təşkil
edəcək. Qeyd edək
ki, Krım nümayəndə heyətinin
Bakıya səfəri
Krım Muxtar Respublikasının baş
naziri Anatoli Mogilyovun göstərişi
ilə baş tutub. Səfər Krımın Kurortlar
və Turizm Nazirliyi və Ukraynanın Azərbaycandakı
səfirliyi tərəfindən
təşkil olunub.
Tərlan
Xalq Cəbhəsi.- 2012.- 2 may.- S.12.