Hüquqi dövlət quruculuğunda Bolonya prosesi

 

Təhsil cəmiyyətin bütün tərəflərini əhatə etdiyinə görə hər bir kəs bu prosesdə maraqlı görünür. Təhsil ilə bağlı hər hansı informasiya cəmiyyətdə ciddi əks-səda yaradır.

Hüquqi dövlət quruculuğunda, siyasi, mədəni, iqtisadi azadlıqların inkişafı təhsillə sıx bağlıdır. Bu gün təhsil sistemində aparılan islahatlar gələcəyin müəyyənləşməsində mühüm rol oynayır. Mətbuatda, televiziyalarda, müxtəlif səviyyəli tədbirlərdə Azərbaycan ali təhsil sistemində Bolonya prosesinin tətbiqi ilə bağlı müzakirələr gedir, lakin bir çox hallarda bu prosesin mahiyyəti dərk olunmur, buna mexaniki şəkildə yanaşılır. Bolonya prosesi Azərbaycanın ali təhsil sisteminin və Azərbaycan cəmiyyətinin Avropaya, inkişaf etmiş dünyaya inteqrasiyasında ən mühüm həlqələrdən biridir.

Bolonya prosesi ali təhsil məktəblərinə aiddir və bu proses Avropa ölkələrində yaranıb. Avropa İttifaqında əvvəlcə valyuta, iqtisadiyyat və kömrüyün yaranması, bunların müasir tələblərə uyğun inkişafından sonra vahid ali təhsil sisteminin yaradılması məsələsi meydana çıxıb.

1988-ci il sentyabrın 18-də Bolonya şəhərində (İtaliya) «Universitetlərin ümumi xartiyası» imzalanıb. Bolonya prosesinə gedilən yol 1998-ci il mayın 25-də Paris Universitetinin 800 illiyinə həsr olunmuş konfransda 4 Avropa ölkəsinin-Böyük Britaniya, Fransa, İtaliya, Almaniyanın təhsil nazirləri «Avropada ali təhsil sisteminin uyğunlaşdırılması haqqında» Sorbona Bəyannaməsini qəbul etdikdən sonra başlayıb. 1999-cu ilin mart ayında Veymarda (Almaniya) ali təhsildə akkreditasiya və qiymətləndirmə problemlərinin müzakirə olunması üçün Avropa İttifaqının baş direktorlarının və Avropa ölkələrinin Rektorlar Şurasının rəhbərliyinin şurası keçirilib.

1999-cu il iyunun 19-da Bolonya şəhərində Avropanın 29 ölkəsinin ali təhsilə cavabdeh olan Avropa nazirlərinin görüşü və imzaları ilə «Bolonya deklarasiya»sının (bəyanatın) qəbulundan sonra rəsmi olaraq «Bolonya prosesi» adını alıb. 2010-ci ilə kimi Boloniya bəyannaməsini 47 ölkəsi imzalayıb.

Bolonya prosesi kompleks məsələləri əhatə edir. Bu məsələlər Avropa ölkələrində biliyin kefiyyətinin qiymətləndirilməsinin üsullarına və təhsil sisteminin yaxşılaşdırılmasına yönəlib. Prosesin məqsədi böyük azad Avropa məkanında təhsil proqramının seçimi, Avropada əmək bazarında işlə təmin olunmanın asanlaşmasından ibarətdir.

Azərbaycan bu prosesə qoşulmaq üçün hələ 2004-cü ildə ilk addımlarını atıb. 17-18 may 2004-cü ildə Avropa Şurasının Baş Direktorluğunun təşəbbüsü ilə Strasburqda Qafqaz ölkələri təhsil nazirlərinin konfransında xüsusi bəyannamə

qəbul olunub. 2004-cü ilin dekabrında «Bolonya prosesinə qoşulmaq üçün Azərbaycan Respublikası Təhsil

Nazirliyinin hesabatı hazırlanaraq son konfransda (19 sentyabr 2003-cü il) seçilmiş növbəti təşkilatçı ölkənin (Norveç) təhsil nazirinə, bir surəti isə Avropa Komisssiyasının sədrinə (Danimarkanın təhsil naziri) təqdim olunub. Nəhayət, 2005-ci il may ayının 19-da Norveçin Berqen şəhərində keçirilən konfransda Azərbaycan Bolonya prosesinin həqiqi üzvü seçilib.

Azərbaycanın bu prosesə qoşulmaqda əsas məqsədi Avropa təhsil məkanına inteqrasiya olunmaqla kredit sisteminə keçməsini, müasir attestasiya və akkreditasiya sisteminin qurulmasının təmin olunmasıdır. Elə mütəxəssislər hazırlamalıyıq ki, onlar Avropanın istənilən universitetinin müvafiq ixtisasında təhsilini davam etdirə bilsinlər.

Bolonya bəyannaməsi aşağıdakı müddəaları əks etdirir: standart diplomların vahid sistemini yaratmaq; ikipilləli ali təhsilə keçid; kredit sisteminə keçid; akademik mobilliyin genişləndirilməsi; təhsilin keyfiyyətinə nəzarətin gücləndirilməsi; kredit sisteminin qiymətləndirilməsi; məzunların işə düzəlməsinin təmin olunması; təhsilin sosial yönümlülüyünün (ömür boyu təhsilin) təmin edilməsindən və s. ibarətdir. Göstərilən bu 6 məqsədə qloballaşan təhsil bazarında Avropa təhsilinin rəqabətliyinin yüksəldilməsi, tələbələrin vəziyyəti və fasiləsiz təhsil problemləri də əlavə olunub.

Bolonya prosesinin parametləri aşağdakılardan ibarətdir: üçpilləli ali təhsil sistemi; vahid Avropa qiymətləndirilməsi -akademik kreditlər; ali məktəblərin inzibati-texniki heyətinin, müəllimlərin və tələbələrin mobilliyi; diploma Avropa əlavəsi; ali təhsilin keyfiyyətinə nəzarət; vahid Avropa axtarışlar mühitinin yaradılması. Bolonya prosesinin parametrləri tələbələrin fəal cəlb edilməsinə, aztəminatlı tələbələrin sosial müdafiəsinə, təhsilin hazırlıq istiqaməti üzrə harmonik təmininə, fasiləsiz təhsilə zəmanət verir. Bolonya prosesinin fakültətiv parametrləri isə müxtəlif istiqamətli (ixtisaslı) təhsildən; kredit-modul sistemindən; distant təhsil, elektron kurslardan; müəllim və tələbələrin akademik reytinqindən ibarətdir. Bolonya prosesində ali təhsilin üç pilləsi həyata keçirilir: 1-ci pillə-bakalavariat («Bakalavr» dərəcəsi), 2-ci pillə-magistratura («Magistr» dərəcəsi), 3-cü pillə-doktorantura («Doktor» dərəcəsi). Bolonya prosesində əsasən iki model qəbul edilir: (bakalavariat+magistratura+doktorantura) təhsil illəri 3+2+3 və 4+1+3. Hazırda Rusiya və MDB-nin bəzi ölkələrinin modeli 4+2+3 kimidir. Lakin buna yenidən baxılır.

Bakalavr birinci pillənin kifayətedici ali təhsilidir. Bolonya prosesində bakalavr dərəjəsindən sonra gələn «mütəxəssis» dərəcəsinə, yəni, 4+1 modelinə baxılmır. Əgər ali məktəbə qəbul zamanı abituriyent gələcəkdə magistr dərəcəsi almaq üçün öhdəlik götürürsə, onda inteqrasiyalı magistraturaya icazə verilir və magistraturaya hazırlıq dövründə bakalavr dərəcəsi (diplomu) ləğv edilir. Texniki peşə məktəblərinə, kollejlərə və texnikumlara bakalavr diplomları verməyə icazə verilmir.

Bolonya prosesində təhsil sisteminin əsasını kredit təşkil edir. Kredit fənnin mənimsənilməsinə ayrılan vaxtın və ona sərf olunan əməyin ölçü vahididir. Başqa sözlə, kredit təhsilin nətijələrini müqayisə etmək üçün Avropa məkanında ali təhsildə qəbul olunmuş vahid ölçüdür. Kreditin iki əsas funksiyası vardır:

- Tələbələrin mobilliyinin təmin edilməsi, yəni digər ali təhsil müəssisəsində ayrı-ayrı fənlərin mənimsənilməsinə şərait yaradılması və onun nəticəsinin təhsil aldıqları ali məktəbdə tanınması.

- Tələbənin öz təhsil alma trayektoriyasını müstəqil müəyyənləşdirməsi. Bir kredit 36 saata bərabərdir. Bu saatlara, mühazirələrə qulaq asmaq, fərdi iş və ms. daxildir. Tələbə krediti ali məktəbdə oxuyarkən qazanır. Kredit sistemi, tələbənin hər hansı bir ölkədə problemsiz olması üçün əla vasitədir.

Yəni hər bir ixtiyar tələbənin özündən asılıdır, məsələn, tələbə istədikdə bir ölkənin universitetindən başqa ölkənin universitetinə keçə bilər. Bu zaman tələbənin əldə etdiyi kredit öz qüvvəsində qalır, heç bir problem ortaya çıxmır və istədikdə tələbə özünə çətinlik çəkmədən iş tapır. Digər tərəfdən, vaxtından əvvəl kreditləri toplayıb bakalavr diplomu almaq olar. Həm də bu prosesdə Avropa İttifaqının istənilən ölkəsində çətinlik çəkmədən iş tapmaq üçün qarantiya verilir. Bakalavr üçün semestr müddətində 30 kredit, tədris ili müddətində isə 60 kreditin yığılması (toplanması) qəbul olunub.

Bakalavr dərəcəsi almaq üçün üçillik təhsildə 180 kredit, dörd illik təhsildə isə 240 kredit toplanmalıdır. Magistr dərəcəsi almaq üçün beş illik təhsildə 300 kredit yığmaq lazımdır.

Kreditlər fənlər üzrə (imtahan, zaçot, sınaq imtahanları və s.) yekun sınağın müvəffəqiyyətlə verilməsindən sonra hesablanır. Fənlər üzrə hesablanan kreditlərin sayı qiymətdən asılı deyil. Tələbələrin dərsə davamiyyəti məktəbin səlahiyyətində nəzərə alınır; əmək sərfinə görə kreditlərin hesablanması zamanı auditoriya üzərinə düşən tələblər, tələbənin fərdi işi, referatlar, kurs və diplom işləri, magistr və doktorluq dissertasiyalarının yazılması, təcrübə, stajkeçmə, imtahanlara hazırlıq, imtahanların verilməsi və s. hesab edilir. Auditoriya saatları və fərdi işlərin saatlarının miqdarı arasındakı münasibət mərkəzləşdirilmiş formada təyin edilmir. Avropada 6 ballı qiymət sistemi istifadə edilir. Məsələn, «əla» (imtahan verənlərin 10 faizi); «çox yaxşı» (imtahan verənlərin 25 faizi); «yaxşı» (imtahan verənlərin 30 faizi); «kafi» (imtahan verənlərin 25 faizi); «orta qiymət» (imtahan verənlərin 10 faizi); «qeyri-kafi». Nizam-intizama görə tələbənin yığdığı kreditdə dəyişiklik olmur.

Bolonya prosesində tələbənin mobilliyi əsasən aşağıdakılardan ibarətdir: tələbə xarici ölkənin ali məktəbində bir semestr və ya bir tədris ili oxumalıdır; o, olduğu öləkənin dilində, yaxud ingilis dilində təhsil almalıdır; bu dillərdə də cari və yekun sınaqları verir; tələbə üçün xariji ölkədə mobillik proqramlarına görə tədris pulsuzdur – qəbul olduğu ali məktəb tədrisə görə pul almır; yol, yaşayış, yemək, tibbi xidmətlər, razılaşdırılmış (standart) proqramdan kənar tədris məşğələlərini (məsələn, olduğu ölkənin dilinin kurslarda öyrənilməsi) tələbə özü ödəyir. Əgər təcrübə (stajirovka) dekanatla razılaşdırılıbsa, baza (tələbənin daxil olduğu) ali məktəbində tələbənin aldığı kreditlər hesablanır. O, xarici ölkədə təhsil aldığı dövr ərzində heç bir fənn üzrə əlavə imtahan vermir; tələbənin başqa ali məktəblərdə dekanatla razılaşdırmadan aldığı akademik kreditləri ali məktəb öz proqramının hesabına daxil etməyə (hesablamaya) bilər. Tələbənin müştərək və ikili diplomlar alması təqdirəlayiqdir.

Diploma Avropa əlavəsi aşağdakı kimidir; tələbənin sorğusuna görə diploma əlavə pulsuz verilir; əlavə baza ali məktəbin mənsub olduğu ölkənin dilində və yayılmış Avropa dillərinin birində (bir qayda olaraq, ingilis dilində) doldurulur; əlavə ciddi reqlamentləşdirilmiş formada və 8 bölmədən ibarət olmalıdır; əlavəni təhsil nazirliyi və ya ali məktəb verir.

Bolonya prosesi çərçivəsində diqqəti cəlb edən məqamlardan biri diplomların ekvivalentliyi və qarşılıqlı tanınmasında mühüm əhəmiyyət kəsb edən diploma əlavənin hazırlanmasıdır. Diploma əlavənin vahid modeli Avropa Komissiyası, Avropa Şurası və YUNESKO-nun ekspertlərinin də daxil olunduğu birgə işçi qrupu işləyib hazırlayıb. Həmin model aşağıdakı bölmələrdən ibarətdir: diplomun sahibi haqqında məlumat, alınmış ixtisası, ixtisas dərəcəsi; proqramın məzmunu və onu mənimsəmə nəticələri; ixtisas haqqında informasiya; əlavə məlumat.

Bolonya prosesində təhsilin keyfiyyətinə nəzarət əsasən aşağıdakılardan ibarətdir: təhsil nazirliyi sertifikasiya sistemindən istifadə edir; ali məktəb tədrisin kefiyyətinə nəzarət edir; ali məktəb kreditlərə, semestr yaxud tədris ili ərzində kreditlərin hesablanması qaydasına, kreditlərin qarşılıqlı hesablanmasına nəzarət edir; ali məktəb diploma Avropa əlavəsinin yazılma kefiyyətinə nəzarət edir; müraciət əsasında keyfiyyətə Avropa nəzarəti.

Bolonya prosesində ali məktəblərin muxtariyyəti isə aşağdakılardan ibarətdir: mövcud şərtlər əsasında dövlət təhsil standartları çərçivəsində ali məktəb, təhsilin uyğun səviyyədə qalmasını təmin edir; ali məktəb özü hər bir fənnin tədrisi metodikasını müəyyənləşdirir; ali məktəb tədris ili müddətində fənlər üzrə kreditlərin sayını müəyyən edir; ali məktəb müxtəlif istiqamətli ixtisaslar üzrə modul kredit sistemini müəyyənləşdirir; distant təhsildən, qiymət cədvəlindən (məsələn 100 ballıq) istifadə etmək qərarı qəbul edir.

P.S. Yazıda M.Mahmudovanın Bolonya prosesinə dair kitabından istifadə olunub.

 

 

Bayram Alı

 

Xalq Cəbhəsi.- 2012.- 1 may.- S.10.