Uşaqlara qarşı zorakılıq
halları artıb
Bahar Muradova: «Biz uşaqlara qarşı zorakılıq
hallarının mövcudluğunu qəbul
edirik»
Sevinc Fətəliyeva: «Uşaqlara
qarşı zorakılıq hallarının artmasında yeni
texnologiyaların, yazılı və şifahi KİV-in də
dırnaqarası rolu var»
Gülər Əhmədova:
«Uşaqları cinsi istismara məruz qoymuş şəxslər
sonradan əvvəlki iş yerlərinə bərpa olunurlar»
Dünən
Milli Məclisdə «Uşaqlara qarşı zorakılıq: səbəblər
və onların aradan qaldırılması» mövzusunda beynəlxalq
konfrans keçirilib. Konfransda çıxışında
parlamentin vitse-spikeri Bahar Muradova bəyanlayıb ki, Azərbaycanda
uşaqlara qarşı zorakılıqla bağlı ciddi
işlər görülür, bu yöndə Avropa
Şurası ilə bir sıra layihələr həyata
keçirilir. Onun bildirdiyinə görə, Azərbaycan
uşaqlara qarşı zorakılıq hallarının
mövcudluğunu qəbul edir, lakin buna qarşı mübarizənin
vacibliyini də vurğulayır: «Bu gün biz dünya, Avropa
Şurası ilə birlikdə uşaqlara qarşı
zorakılığa yox deyirik. Bugünkü tədbir də
görülən işlərin davamıdır. Hələ
ötən il Avropa Şurası ilə birlikdə «Biz
uşaqlara qarşı zorakılığa yox deyirik» adlı
böyük tədbir keçirdik və bu tədbir zamanı
çağırış etdik ki, uşaqlara qarşı
zorakılıqla mübarizə yönündə işlər
daha da sürətləndirilməlidir. Bundan sonra, biz sıra təhsil
müəssisələrində, bəzi bölgələrdə
uşaqlara qarşı zorakılıqla bağlı silsilə
tədbirlər keçirdik. Onu da qeyd etmək istəyirəm
ki, Azərbaycanda uşaqlar daim dövlətin diqqəti və
qayğısı altındadır. Bizdə həm dövlət,
həm də ailələr uşaqların daim qayğı ilə
əhatə olunmasına çalışırlar. Çox
sevindirici haldır ki, uşaqlara qarşı zorakılıqla
bağlı həyata keçirilən tədbirlər bir
sıra beynəlxalq təşkilatlar tərəfindən də
etiraf olunmaqda və müsbət qiymətləndirilməkdədir.
Azərbaycanın bu istiqamətdəki təcrübəsi
artıq dünyada bir model kimi qəbul oluna bilər və
olunur».
Azərbaycanın
Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA)
nümayəndə heyəti, sözügedən qurumun
«Uşaqlara qarşı zorakılıq» proqramının Azərbaycan
üzrə əlaqələndiricisi Sevinc Fətəliyeva isə
deyib ki, zorakılıq mövzusu bəşəriyyət
yarandan indiyədək mövcud olub: «Lakin buna qarşı
mübarizə halları da ortadadır. Konkret olaraq, Azərbaycanda
uşaqlara qarşı zorakılıqla bağlı həm
dövlət, həm də ictimaiyyət tərəfindən
ciddi addımlar atılmaqdadır. Çox sevindirici bir məqamdır
ki, bizdə uşaqlar həm dövlətin, həm də cəmiyyətin,
valideynlərin, ailələrin qayğısı ilə əhatə
olunub. Bir sözlə, uşaqlara qarşı diqqət-qayğı
daim əsas məsələlərdən biri kimi gündəmdə
olub». Sevinc Fətəliyeva eyni zamanda bildirib ki, təəssüf
ki, bu gün bəzi səbəblərdən dünyada ailənin
statusu aşağı enməkdə, boşanmaların
sayı artmaqda, uşaqlarla valideynlər arasında problemlər
çoxalmaqda, eləcə də onlara qarşı
zorakılıq halları artır. Millət vəkilinin qeyd
etdiyinə görə, uşaqlara qarşı zorakılıq
hallarının artmasında yeni texnologiyaların, o cümlədən
yazılı və şifahi KİV-in də dırnaqarası
rolu var: «Bu gün mediada, elektron KİV-də yayımlanan bəzi
proqramlar, verilişlər uşaqlar arasında zorakılıq
hallarının çoxalmasına gətirib
çıxarır. Eyni zamanda bu məsələdə
internetin də müəyyən payı var. Düzdür, bu
gün dünyanı internetsiz təsəvvür etmək
mümkün deyil, ancaq çox təəssüflər olsun
ki, yeni texnologiyaların bir vasitəsi kimi
çıxış edən internet bəzi hallarda uşaqlar
arasında zorakılıq hallarının çoxalması ilə
sonuclanır».
Avropa
Şurası (AŞ) baş katibinin Azərbaycandakı
xüsusi nümayəndəsi Konstantin Yerokostopulos bildirdi ki, hər
gün Avropada milyonlarla uşaq zorakılığa məruz
qalır. Onun bildirdiyinə görə, uşaqlara
qarşı zorakılıq həm silahlı münaqişələr
zamanı, həm də müxtəlif istiqamətlərdə
baş verir: «Bu gün uşaqlara qarşı zorakılıq
halları müxtəlif xarakterlidir. Ancaq bunlar arasında daha
çox rast gəlinən və ciddi narahatçılıq
doğuran uşaqların cinsi zorakılığa məruz
qalması hallarıdır. Bu gün uşaqlara qarşı
cinsi istismar daha çox özünü göstərməkdədir».
O bildirib ki, zorakılığa qarşı mübarizə ilə
bağlı regional və beynəlxalq sazişlərin
olmasına baxmayaraq, bu hallar hələ də mövcud olmaqda
və davam etməkdədir: «Ona görə də, bu kimi
hallara qarşı mübarizə çox vacibdir. Biz Avropa
Şurası olaraq bu məsələni çox diqqət mərkəzində
saxlayırıq. Elə bugünkü tədbir də, bunun tərkib
hissəsi sayıla bilər. Biz ümumiyyətlə, Azərbaycanda
belə bir tədbirin keçirilməsini və uşaqlara
qarşı zorakılıq mübarizəsini çox müsbət
qiymətləndiririk. Eyni zamanda bir təşkilat olaraq istəyirik
ki, bu məkana daxil olan hər bir ölkədə uşaqlara
qarşı zorakılıqla bağlı mübarizəyə
həsr olunmuş milli strategiyalar işlənib
hazırlansın. Biz bu məsələdə dövlətlərin
dəstəyinə ciddi ehtiyac duyuruq».
Tədbirdə
çıxış edən Daxili İşlər Nazirliyinin
(DİN) şöbə müdiri Kamal İmamverdiyev isə
çıxışında bildirdi ki, ailə-məişət
zorakılıqlarının 40%-ni uşaqlara qarşı
zorakılıq halları təşkil edir: «Uşaqlara
qarşı zorakılıqla bağlı cinayət
hallarının içərisində cinsi zorakılıq
halları daha çox üstünlük təşkil etməkdədir».
Bununla belə, o deyib ki, ailə-məişət
zorakılıqları zəminində uşaqlara qarşı
zorakılıq halları digər Müstəqil Dövlətlər
Birliyi (MDB) ölkələri ilə müqayisədə Azərbaycanda
2-5 dəfə aşağıdır: «Bunun özü müsbət
bir məqamdır, ancaq bu heç də bizə nikbinlik
üçün əsas vermir, bəraət qazandırmır.
Bu bizdən daha çox bu məsələyə diqqət
yetirməyimizi zəruri və vacib edir. Uşaqlarla
bağlı zorakılıq və cinayət hallarına
qarşı mübarizəyə daha çox diqqət yetirilməsinə
ehtiyac var». Kamran İmamverdiyev söyləyib ki, ötən
müddət ərzində zorakılığın bu və
ya digər hallarına məruz qalmış 500-ə yaxın
uşağa hüquqi yardım edilib: «Eyni zamanda nazirliyin
hüquqi yardım klinikasına 300-ə yaxın uşaq cəlb
etmişik. Həm onların özləri, həm valideynləri
ilə fərdi qaydada işlər aparmışıq və
aparılır».
Respublika
Uşaq Təşkilatının sədri, millət vəkili
Gülər Əhmədova isə bildirib ki, uşaq
hüquqları, eləcə də uşaqlarla bağlı
zorakılıq hallarının aradan qaldırılması
istiqamətində mübarizənin gücləndirilməsi ilə
əlaqədar Cinayət Məcəlləsinə bir sıra dəyişikliklər
edilməlidir. Gülər Əhmədovanın sözlərinə
görə, uşaqlara qarşı zorakılıq
hallarına yol vermiş, xüsusilə onları cinsi istismara
məruz qoymuş şəxslərin yenidən əvvəlki
iş yerlərinə bərpası məsələsinə
qanunvericiliklə qadağa qoyulmalıdır: «Çox təəssüf
olsun ki, uşaqlara qarşı zorakılıq hallarına,
xüsusilə onları cinsi istismara məruz qoymuş şəxslər
sonradan əvvəlki iş yerlərinə bərpa olunurlar.
Ancaq hesab edirəm ki, bu qətiyyən yolverilməzdir. Həmin
şəxslərin yenidən əvvəlki iş yerlərinə
qayıtması və bərpası heç cür
düzgün deyil. Bununla bağlı hesab edirəm ki, Cinayət
Məcəlləsinə bir sıra dəyişikliklər
olunmalıdır. Həmin dəyişikliklərə əsasən,
uşaqlara qarşı zorakılıq hallarına yol
vermiş, xüsusilə onları cinsi istismara məruz
qoymuş şəxslərin yenidən əvvəlki iş
yerlərinə bərpası məsələsinə
qanunvericiliklə qadağa qoyulmalıdır». Gülər Əhmədova
deyib ki, bu məsələdə, qardaş Türkiyənin və
ya digər dövlətlərin təcrübəsindən də
istifadə etmək olar: «Artıq Türkiyədə bununla
bağlı qanunvericilik istiqamətində çox ciddi
addımlar atılır, biz də onların bu təcrübəsindən
istifadə edə bilərik».
Cahangir
Xalq Cəbhəsi.-
2012.- 2 may.- S.3.