«Divanü lüğat-it türk» ilk türk ensiklopediyasıdır»

 

 Ramiz Əsgər: «Xalid Səid Xocayev adlı özbək əsilli dilçi əsərin tərcüməsinə görə məhv edilib»

 

Türk xalqları arasında ortaq türk dilinin yaradılması yönündə kövrək də olsa, addımlar atılmaqdadır. Gözləniləndir ki, belə bir çətin işin araya-ərsəyə gəlməsi birdən-birə olmayacaq, bəhrəsini tədricən verəcək. Bu gərəkli axtarışlar prosesində türk dillərinin mövcud vəziyyətinin müqayisəli şəkildə araşdırılması ilə yanaşı habelə türk dillərinin qədimdə mövcud olmuş durumunu da müqayisəli şəkildə nəzərdən keçirmək yaxşı olar. Professor Ramiz Əsgərin Mahmud Kaşğarlının məşhur «Divanü luğat-it türk» («Türk dillərinin izahlı lüğəti») əsərini ana dilimizə tərcümə edərək nəşrə hazırlaması türkologiyada yaddaqalan ciddi işlərdən oldu.

R.Əsgər deyir ki, ümumtürk ədəbiyyatının ən əski qaynağı VI-VIII əsrlərdə yaradılmış Orxon-Yenisey abidələridir. Daha sonra oğuz, qıpçaq və qarluq qrupları meydana gəlib. Oğuz qrupunun ortaq abidəsi «Kitabi-Dədə Qorqud»dur. Onu bütün oğuzlar, yəni Azərbaycan türkləri, türkmənlər, türklər və qaqauzlar rahatlıqla başa düşürlər. Qıpçaq qrupunun ortaq əsəri «Manas» dastanıdır. Qazaxlar, qırğızlar, qaraqalpaqlar və noqaylar bu əsəri yaxşı anlayırlar. Qarluq qrupunun şah əsəri Yusif Balasağunlu tərəfindən qələmə alınmış «Qutadğu bilig» («Xoşbəxtlik haqqında elm») poemasıdır. O, özbək, uyğur, sarı uyğur və bu qrupa daxil olan digər xalqlar üçün ortaq əsərdir. Bütün qrupları əhatə edən ortaq universal abidə isə Mahmud Kaşğarinin məşhur «Divanü lüğat-it türk» əsəridir: «2008-ci ildə 1000 illik yubileyi YUNESKO xəttilə bütün dünyada geniş qeyd edilən Mahmud Kaşğari bizim ilk türkoloqumuz, ilk dilçimiz, ilk mədəniyyətşünasımız, ilk tarixçimiz, ilk folklorçumuz, ilk coğrafiyaşünasımızdır. Onun «Divanü lüğat-it türk» əsəri dünya dilçilik elminin incilərindəndir. «Divan»ın ən mühüm özəlliyi onun sadə bir lüğət deyil, ilk türk ensiklopediyası olmasıdır. Burada min il əvvəlki türk dili, ədəbiyyatı, tarixi, coğrafiyası, mədəniyyəti, türklərin adət-ənənələri, həyat tərzi, sosial münasibətləri, geyimi, mətbəxi, oyunları, bir sözlə, hər şeyi ideal şəkildə əksini tapıb. Mükəmməl məlumat və biliklər toplusu yaratmaq sahəsində Mahmud Kaşğari Qərbi Avropanın Didro, Monteskyö, Russo və Volter kimi maarifçi ensiklopedistlərini 7 əsr qabaqlayıb».

«Divanü lüğat-it türk» əsərində mətnin yarısı ərəb əlifbası ilə qədim türk dilində verilib. Kitabda işlənmiş 8 min sözün hər birinin hansı cilddə, hansı səhifədə, hansı sətirdə getdiyi, mənası, onunla birlikdə işlənmiş şəkilçilər tək-tək verilib. Ramiz Əskər türk, rus, özbək, qazax, uyğur, türkmən, tatar, başqırd, qaqauz dillərindən 40-a yaxın kitabı, o cümlədən Faruq Sümərin «Oğuzlar», Yusif Balasağunlunun «Qutadğu bilig», Bahəddin Ögəlin «Türk mifologiyası» kitablarını, Məxdumqulunun, Nurməhəmməd Əndəlibin, Abdulla Şahbəndənin, Molla Nəfəsin, Zəhirəddin Məhəmməd Baburun, Sultan Hüseyn Bayqaranın, Mehri Xatunun, Abdulla Tukayın, Bəkir Çobanzadənin, Məcid Qafurinin, Qasım Amanjolovun, Əli Ağbaşın, Oraz Yağmurun, Todur Zanetin əsərlərini Azərbaycan dilinə tərcümə edib. Özbək və türkmən poeziyası antologiyalarını, «Türk ədəbiyyatı tarixi»ni (2 cild) ana dilimizə çevirib, çap etdirib.

«Divanü luğat-it türk» əsərini Mahmud Kaşğarlı 1074-cü ildə yazıb. Mahmud Kaşğarlı türk dillərinin «oğuz», «qıpçaq», «karluq» deyə ayrılan yarımqruplarını nəzərə almadan hamısını ehtiva edir, onlardan misallar gətirir: «Lüğətdə 9 mindən çox söz verilir, hansı yarımqrupa aid olduğu göstərilir. Bu, ortaq türkcə ilə bağlı tədqiqatçılara ciddi qənaətlər verir. Bu əsər əlimizdə olmasa, «Dədə Qorqud dastanları»nı, «Kutaqdu-bilik»i və başqalarının yaxşı oxuyub anlaya bilmərik. Bu əsər türk dünyasının ensiklopediyasıdır, min il əvvəlki Türk Dünyasının aynasıdır. Lüğətdəki bütün titullar, ləqəblər, kişi, qadın adları, flora, fauna, silah, parça adları, saray titulları, bir sözlə, hər sahəyə aid adlar orada var».

R.Əsgər bildirir ki, Kaşğarlı öz dövründəki bütün sözləri lüğətinə yazıb: «Bu, elə-belə yox, ensiklopedik lüğətdir. Düzdür, indiki lüğət-ensiklopediyalardan bir qədər zəifdir, amma öz dövrü üçün çox mükəmməldir. Əsərin digər üstünlükləri də var: burada 318 atalar sözü verilib. Bu, o dövrdən soraqvermə baxımından çox böyük xəzinədir. 240 beyt və bənd şeir, 40-a yaxın yemək, içki reseptləri verilib. Bunlar türk mədəniyyəti tarixi üçün əvəzsiz xəzinədir.

Bu əsərin orijinalı 1914-cü ildə tapılıb, 1915-1917-ci illərdə İstanbulda nəşr olunub. 1928-ci ildə məşhur alman alimi, Breslau Universitetinin sami dilləri üzrə professoru, sanskrit, akkad və türk dilləri üzrə görkəmli mütəxəssis, 600-dən artıq elmi əsərin müəllifi İbrani Kokt «Divan»dakı sözləri əlifba sırasına düzür, iri bir cild halında Macarıstan Elmlər Akademiyasının maddi dəstəyi ilə nəşr etdirir. Sonra da divan haqqında 10-a yaxın məqalə yazır. Hələ bu zaman Türkiyədə bu əsər yox idi. Bu dövrdə artıq əsərin Türkiyədə tərcüməsi və çapı məsələsi zərurətə çevrilmişdi. Əsərin tərcüməsi Kilisli Rifətə tapşırılır. Rifət 1915-17-cri illərdə bu əsərin əlyazmasını çap etdirmişdi. Qeyd edim ki, Kaşğarlı əsəri ərəbcə yazıb. Lakin Rifətin çalışmalarından bir şey çıxmır. Sonra Konyalı Atif, Türkiyə Böyük Millət Məclisinin üzvü Tevfiq bəy bu işlə məşğul olurlarsa da bir şey alınmır. Həhayət, əsərin tərcüməsi Türk Dil Qurumunun yaradıcılarından biri olan Bəsim Atalaya həvalə edilir. O, 1939-cu ildə əsərin 530 səhifəlik birinci cildini, 1940-cı ildə 366 səhifəlik ikinci cildini, 1941-ci ildə 452 səhifəlik üçüncü cildini, 1942-ci ildə 320 səhifəlik faksimilesini, 1943-cü ildə isə 866 səhifəlik indeks cildini çap etdirir».

1990-cı ildə indeks cildi yenidən Türk Dil Qurumunun xəttilə Türkiyənin Mədəniyyət Nazirliyi tərəfindən nəşr edilib. 1957-ci ildə Türkiyənin tanınmış dil və mədəniyyət tarixçisi

Dəhri Dilçin əsərin ərəb əlifbası ilə indeks variantını nəşr etdirir: «1930-cu ildə əsərin nəşrilə bağlı təşəbbüs Azərbaycana keçir. O vaxt SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı vardı. «Divan»ın tərcüməsini məşhur dilçi Xalid Səid Xocayev adlı özbək əsilli bir dilçiyə tapşırırlar. Bu şəxs 1935-37-ci illərdə tərcümə işini başa çatdırır. Hazırda həmin tərcümə AMEA-nın Dilçilik İnstitutundadır».

Həmin tərcümə ilə şəxsən tanış olduğunu bildirən R.Əsgər deyir ki, əlyazmanın bəzi vərəqləri saralıb-solub: «Əsər o zaman çap edilməyib, Xocayev bu tərcüməsinə görə bolşevik repressiyasına tuş gəlib, məhv edilib. Əvvəl fikirləşdim ki, elə bu lüğət üzərində işləyib çap edək, sonra gördüm, mümkün deyil. Çünki o dövrdə latın qrafikalı əlifba qəbul olunmuşdu, müəyyən hərf səhvləri vardı. Belə olan halda gərək hər sözün başına ulduz qoyub düzəlişini verəydik. Digər tərəfdən də əsərin tərcüməsinin leksikası köhnədir, o dövrdə dəbdə olan purizmin təsirinə məruz qalmış çoxlu sözlər var. Bəzi sözləri «ura» deyib türkcədən alıblar, amma bunlar dilimizə yatmır. Həmçinin ərəbcə-farsca ibarələr qalırdı. Baxdıq ki, bunun leksikası dilimizin hazırkı vəziyyətinə uymur. Qərara aldım ki, əsəri yenidən tərcümə etmək lazımdır».

Sovet dövründə əsərin özbəkcə nəşrini 1960-67-ci illərdə məşhur şərqşünas-ərəbist, görkəmli tərcüməçi Xalik Mütəllibov həyata keçirib: onun tərtibində bu kitab 3 cild tərcümə, bir cild isə indeksdən ibarətdir: «Ona görə indeks olunur ki, Kaşğarlı «Divan»ı ərəb əlifbası sırasıyla düzülüb. O, indeks cildini Qəni Əbdürrəhmanovla birgə hazırlayıb. Mütəllibova «Divan» sahəsindəki işlərinə görə filologiya elmləri doktoru elmi adı verilib. SSRİ-də bu kitabın nəşri ancaq özbəklərə qismət olub. Mosva fikirləşdi ki, özbəklərə icazə versin, türkoloqlar bu dildən əsəri tədqiq etsinlər. Amma Azərbaycana o dövrdə olmazdı».

Bundan sonra uyğurlar bu lüğətin nəşrinə nail olurlar: «Bu tərcümə tam elmi-filoloji, insani faciə ilə müşaiyət olunur. 1937-ci ildə uyğurların məşhur şairi Qutluğ Şövqi ölüb. Bu şəxs 30-cu illərdə Türkiyədən «Divan»ın Kilisli nəşrini Uyğurustana gətirir. O zaman o, Məhəmmədəli adlı digər şairlə kitabın tərcüməsinə girişirlər, lakin iş başa çatmamış qətl olunurlar. 1944-cü ildə uyğurlar mərkəzi hökumətdən qopurlar, təxminən bir müddət zahirən müstəqil olurlar. Bu dövrdə Şərqi Türküstanın liderləri təlimat verirlər ki, «Divan» uyğur dilinə tərcümə olunsun.

İsmayıl Damollam bu işə başlayır, lakin vəfat etdiyindən iş yarımçıq qalır. 1949-cu ildə Çin Şərqi Türküstanı alır, orada kommunist rejimini qurur. Çin hökuməti deyir ki, əsəri tərcümə edin. Əhməd Ziyai 1952-54-cü illərdə «Divan»ı tərcümə edir. 1957-ci ildə Uyğurlar muxtar rayonu Mədəniyyət Nazirliyi əlyazmanı Pekində nəşr etdirməyə qərar verir, lazımi vəsaiti də ayırır. Lakin yerli millətçiliyə qarşı kompaniya çərçivəsində əsər müsadirə edilərək yandırılır. Ziyai tərcüməçiliyinə görə 20 il ağır həbs cəzasına məhkum olunur. Bir neçə il öncə onun oğlu ilə tanış oldum. Dedi ki, atam inadından dönmədi, bu yolda öldü. 1960-63-cü illərdə uyğur Farani adlı Çin Elmlər Akademiyasının Uyğur filialının direktor müavini əsəri tərcümə edib. 1966-cı ildə Çindəki mədəni inqilab zamanı əlyazma yandırılır. Çin rəhbəri Mao öləndən sonra bu əsərin tərcümə edilərək nəşrinə yenidən maraq yaranır. Pekin bu dəfə könüldən icazə verir. 12 nəfərdən ibarət tərcüməçi heyəti təşkil edilir, məsul redaktoru İbrahim Müti olur. Kitab 1981-84-cü illərdə 10 min nüsxə tirajla çap edilir».

Əsər Robert Dankoff tərəfindən 1982-85-ci illərdə ingilis dilinə tərcümə edilib: «1997-98-ci illərdə Alma-Atada Əsgər Egenbay əsəri qazaxcaya tərcümə edir, 3 min tirajla çap olunur. Qazaxıstanın prezidenti Nursultan Nazarbayev nəşrə ön söz yazır. 2002-ci ildə Kaşğarlının lüğəti Pekində Çin dilində də çıxıb. 2005-ci ildə kitabın İstanbulda yeni bir nəşri çıxdı. Amma bu kitabda ərəb əlifbasında olan sözləri verməyiblər».

R.Əsgər sözügedən lüğətlə ilk dəfə 1996-cı ildən məşğul olmağa başlayıb. 2005-ci ildə tərcümə işini başa çatdırıb. Əsərin dilimizə tərcüməsi asan başa gəlməyib. Bu məqsədlə o, əldə olan bütün nəşrləri tutuşdurub. Fərqli oxunuşlar çox olub. Kitab min nüsxə ilə işıq üzü görüb. Kitabın birinci cildi 512, ikinci, üçüncü cildlərinin hər biri 400, dördüncü cild isə 752 səhifədir. Bütövlükdə isə əsər 2080 səhifədir. Kitab dünyanın məşhur kitabxanalarına göndərilib. Sonda R.Əsgər bildirir ki, bu işi tamamilə təmənnasız görüb.

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012.- 2 may.- S.14.