Türklük türklüyə xas dəyərlərin
yaşadılmasıdır
Dünya özündən
ayrıldığı üçün türkü də
özündən ayırmağa cəhd edir
Türklük bizə niyə gərəklidir? Niyə dünyada türk ruhunun yaşamasına ehtiyac var? Ona görə ki, türklüyün amacı insanlıqdır. Hər bir xalqın öz adıyla bağlı olan keyfiyyətləri bəşəri sərvət olaraq təqdim etməsini qətiyyən pis cəhət saymaq olmaz. Əsas odur ki, təqdim olunanda insanlığa zidd nəsə olmasın. Türklük rəqabət tanımır, xalqlararası savaş yaratmır, əksinə ilahi barış düzənçisidir. Türklük türkə sevgi yaratdığı dərəcədə də başqa millətə sevgi aşılayır, bunu ömürləşdirməyi bacarır. Türklük insanlıq uğrunda mənəvi döyüş olduğu dərəcədə də ciddi, hərtərəfli yaşam tərzidir.
Dünyanın isə insanlığa ehtiyacı özünü bilməzliyə qoysa da, gündən-günə artır. Düzdür, bu gün dünya özündən ayrıldığı üçün türkü də özündən ayırmağa cəhd edir. Anqcaq türksüz dünya mahiyyətcə yox kimi bir şey olardı. Bəşər ruhunun, mədəniyyətinin, adət-ənənələrinin ilahi, insani səviyyədə qoruyucusu, həm də ilkin yaradıcısı olan Türk ona olan bütün qeyri-müəyyən münasibətlərə baxmayaraq ardıcıl şəkildə halını qoruyub saxlamalıdır, deməli, ruhən güclü olmalıdır. Hər il Azərbaycanda türklük mövzusunda keçirilən müxtəlif tədbirlərdə türklə, türkçülüyün problemləri ilə bağlı müəyyən məsələlər təhlil və müzakirə obyektinə çevrilsə də, mahiyyətcə bu problemlərin kökündə duran cəhətlər diqqətlə araşdırılmır, özümüzə və dünyaya xilas kimi təqdim edilmir.
Türk kimdir? Mənası «möhkəm» anlamına gələn bu söz xarakter etibarilə birsifətliyi, dəyişməzliyi, ölümlə öcəşməyi, öldürməyi sevməməyi, fitri döyüşkənliyi, fitri inancıllığı, vətənsevərliyi ilə diqqəti cəlb edir. Deyə bilərlər ki, sadaladığımız bu cəhətlərin müəyyən qismi bu və ya başqa millətdə də var. Təbiidir ki, hər hansı bir millət bu və ya digər dərəcədə bəşərilikdən soraq verir. Ancaq Türkün əsas xarakterik cəhətləri məhz ona məxsusdur və sözün gerçək anlamında bir xilas kimi dünyaya təqdim olunmalıdır. Bu, xüsusi bir söhbətin mövzusudur ki, möhtəşəm fikir, ruh quruculuğuna, idraki və bədii vüsətə qadir olan Türk habelə möhtəşəm dövlətçilik ənənəsi yaratdı. Təbii ki, dövlətçilik ənənəmiz yaranmasaydı, digər keyfiyyətlərimizin qoruyuculuğu da mümkün olmayacaqdı. Türk dövlətçilik ənənəsini minillər boyunca yaşatdı, bu gün də yaşatmaqdadır. Ancaq təəssüf ki, tarixin müxtəlif mərhələlərində Türk özündən ayrıldı, zaman-zaman başqalarına yarıdı. Fitri halın qeyri-adiliyi onu özündən ayrılan məqamlarda belə daxilinə üz tutmağa, özündən güc almağa çağırdı. Türklük həyata daim yaradıcı baxır, ruhunun gözü ilə insanilikdən soraq verən hər bir cəhəti ləyaqətlə dəyərləndirir, bu cəhəti qoruyur, yaşadır və sabaha çatdırır. Bu gün müəyyən məqamlarda Türkün fitrəti dərinliklərə çəkilsə də, bu ilahi cəhət onun daxilində bir potensiya kimi mövcuddur. Türkün təbiətə münasibəti onun dağı, daşı, səmanı, çayı, meşəni, təbiətdəki müxtəlif varlıqları ilahiləşdirməsi demək olub. O, ilkin mifoloji düşüncəsində fitrətən ilahi keyfiyyətlərini ifadə edib. Türkün mifoloji düşüncə sistemi heyrətamiz dərəcədə insana doğma təsir bağışlayır. Türk təbiətdə, onun müxtəlif varlıqlarında daim özünü görür, bu heyrətamizliyi müxtəlif formalarda vəsf edir. Bütün bu cəhətlər qədim Türklərin inanc dünyasında Tanrıya tapınma kultunun ilahi bir ahəngini yaradır. Türk Tanrısına hədsiz doğma idi. Bu doğmalıq onun canına, qanına hopmuşdu. Ana sazımızda ifadə olunan möhtəşəm ruh sədası Türkün uca ruhundan hər məqamda soraq verir. «Qaraçı», «Yanıq Kərəmi», «Misri» və başqa saz havacatlarında bu cəhətlər aydınca görünür, duyulur. Türkün «köçəriliyi» ideyası zaman-zaman türkü sevməyənlərin ona qarşı uydurduğu həqarətli bir yanaşmanın ifadəsidir. Möhtəşəm yaşam sistemi, dünyabaxışı yaradan bir millət necə köçəri ola bilərdi? Ruhunun imkan verdiyi qeyri-adi bir vüsətlə dünyanı lərzəyə gətirən Türk ömrünün qədim çağlarında öz elində-obasında köç edib. Çoxlu zəfər yürüşləri Türkü daim qanadlanmağa, dünyanın müxtəlif bölgələrində öz möhtəşəm ruhunu ifadə etməyə sövq edib. Qədim və orta yüzillərdə möhtəşəm idraki imkanını aşkarlamaqdan daha çox qılınca üz tutan, bənzərsiz dövlətçilik ənənəsi yaradan Türkləri anlamaq olur. Ancaq hər halda Türkün böyük potensiyasını zaman-zaman qılınca sərf etməsi ilə də razılaşmaq olmaz. Əgər qılıncdan yapışmaq, son nəticədə Türklərin Birliyinə, Türk Ruhunun dünyanı xilas kimi saracağına əsaslansaydı, gətirib çıxarsaydı, yenə dərd yarı idi. Ancaq təəssüf ki, Türk böyük dövlətçilik ənənəsi yaratdığı dərəcədə də biri-birini sevmədi. Sözün əsil mənasında Türk öz böyüklüyünü qiymətləndirmədi. Türkü sevməyənlər bu millətin qolları arasındakı didişmələrdən məharətlə istifadə etdilər. İldırım Bəyazidlə Teymurləng, Şah İsmayıl Xətai ilə Sultan Səlim arasındakı döyüş mahiyyətcə Türklərin tarixdə buraxdığı ən böyük xətalardan biri idi. Türklər əgər bir ola bilsəydilər, o zaman dünyanın indiki vəziyyəti tamam başqa cür olacaqdı. Türk özünün dünyabaxışını, ilahi inanclar sistemini qoruyub-saxlaya bilmədi. Bu, dünyaya daha çox Türkü öyrənib ona zərbə vurmaq üçün əsas verdi.
Bir millət
olaraq dərdlərimiz
çoxdur. Ancaq hər halda
dünyanın axırı
da deyil. Başımıza gələnlər bizə onu deyir
ki, bundan sonra çaşmaq, sarsılmaq olmaz. Gerçək vəziyyətimiz bizə onu deyir
ki, zəngin dövlətçilik ənənəmizi
qiymətləndirməli, qədimliyimizlə,
olmuşlarla yanaşı
həm də ömrümüzdə daim
yeni-yeni ümidli üfüqlər yaratmalıyıq.
Bu gün Türklərin
qarşısında duran
ən vacib məsələ onların
biri-birlərini anlaması
məsələsidir. Türk Türkün dərdinə
yanmağı bacarmalıdır.
Özgəçiliyə yarıyan Türkün
sabahı yoxdur. Görəsən, nə vaxta
qədər Türk Dünyası Qarabağ məsələsinə bu
qədər biganə
yanaşacaq? Azərbaycanın
Qarabağ, Güney Azərbaycan dərdi mahiyyətcə bütün
Türk Dünyasının
köklü problemidir.
Türkün ruhunda ideologiya yaratmaq ənənəsi xüsusi yer tutur. Bu mənada XX yüzilin əvvəllərində
Azərbaycanda Əlibəy
Hüseynzadənin, Türkiyədə
Ziya Göyalpın ideya yaratmaq yönündə əməlləri
xüsusi diqqətçəkən
məqamlardandır. Bu,
həmin dövr idi ki, dünya
Türkün hər mənada məhvini gerçəkləşdirməyə çalışırdı. Belə bir zamanda Türkçülük
ideologiyasının meydana
çıxması mahiyyətcə
türklüyün yeni
bir səviyyədə
təqdimi demək oldu. Bu insanlar
gördülər ki,
əgər türkçülük
xüsusi bir ideologiyaya çevrilməsə,
o zaman türkün sabahı üçün
böyük təhlükələr
yaşanacaq. Bu mənada türkçülüyün
yaşarı bir ideya səviyyəsində
meydana çıxması
günü-gündən gərginləşən
dünyada ideoloji mübarizənin, xəttin
yaranmasında əhəmiyyətli
rol oynadı. Az sonra
uzun illərdən bəri ideoloji yöndə vuruşunu dövlət qurmaq səviyyəsində gerçəkləşdirən
Məhəmməd Əmin
Rəsulzadə və
ətrafındakı ləyaqətli
ziyalılar dövlətçilik
tariximizdə hünərli
bir səhifə yazdılar. Bu dövrdə
Türkiyə başına
gələn çoxlu
fəlakətlərdən qurtuldu,
hünər göstərdi.
Bu gün bütün
umacaqlarımıza baxmayaraq
hər halda türk xalqları arasında müəyyən
münasibətlər formalaşıb. Çağdaş dönəmdə mənəvi
sahədə türk xalqları arasında birliyin yaradılmasına daha çox ehtiyac var. Elmi-mədəni
əməkdaşlıq bu
mənəvi bağlılığın
gündən-günə möhkəmləndirilməsinə
xidmət etməlidir.
Ümumtürk əlifbası, ümumtürk
ədəbi dili yönündə daha ciddi düşünməyin
vaxtıdır. Türk xalqlarının
adət-ənənələrinin daha səyli şəkildə öyrənilməsi,
qanadlandırılaraq yaşadılması
vacib şərtdir.
Bu gün görəsən,
dünyada, eləcə
də öz aramızda, daxilimizdə Türk insançılığının,
xilasçılığının bərqərar olması üçün nə edirik? Bu gün
coğrafi Turançılıqdan
daha çox Mənəvi Turançılıq
ideyasının təməl
prinsip səviyyəsində
yaşadılmasına ehtiyac
var. Bu gün türklərin
özgələşməsi onların yeni-yeni fəlakətlərinin yaranmasını
şərtləndirir.
Xalqın ölməzliyinin tam, kamil
ifadəçilərindən biri dildir.
Ancaq dünyanın
gündən-günə daha
da eyniləşməsi,
onlarla beynəlxalq təşkilatların, birliklərin
xalqların, dövlətlərin
ömründə məngənələr
yaratması müxtəlifliyin,
rəngarəngliyin qarşısını
alır, bəşəri
inkişafa zidd olan yeknəsəklik təhlükəsini daha da gücləndirir. Göründüyü kimi, vəziyyət kifayət qədər problemli və ciddidir. Təəssüf ki, tarixin müxtəlif dövrlərində
türklər çox
hallarda özlərinə
məxsus cəhətləri
qoruyub saxlaya və artıra bilmədilər. Acı nəticələr
göz qabağındadır.
Bu gün qədim,
əski türk inanclarına əsaslanan dünyabaxışı ilə
hər mənada yaşayan türk yoxdur. Kökü Şumerdən gələn,
Orxon-Yenisey abidələrində
ruhu yaşayan, bütün dünya alimlərini heyrətə
gətirən türk
əlifbasına sahib çıxa
bilmirik. Ancaq ciddi-cəhdlə, dəfələrlə
əlifba dəyişdirir,
ölü xalq hesab edilən latınların əlifbasını
yaşadır, bunu qabaqcıllıq, dünyadan
geri qalmamaq kimi qəbul edirik…
Uğur
Xalq Cəbhəsi.-
2012.- 3 may.- S.14.